Məhkəmə qərarları › İş №2(106)-1377/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1377/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1377/2024 17.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı İsmayil oğlunun və onun nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-744/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Əzimov X8 Adəm Mürsəl oğluna qarşı pul tələbinə dair məhkəməyə müraciət edərək Cəlilabad şəhəri Cavadxan küçəsində 0,6 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair tərəfindən çəkilmiş 14664 manat xərcin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı Rəqsanə Əzimova Cavabdeh ilə 2011-ci ildə faktiki olaraq evlənmiş, nikahlarını isə 22 fevral 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 16 mart 2012-ci ildə Leyla və 04 may 2013-cü ildə Mirhasil adlı uşaqları doğulmuşdur. Əvvəllər onlar mehriban yaşasalar da, sonradan cavabdeh onun qızını evdən qovaraq uşaqları qızından almışdır. Qızı cavabdehlə birgə yaşadığı dövrdə ona yaşamaq üçün Cəlilabad şəhəri Cavadxan küçəsində 0,6 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi üzərində artezian su quyusu qazdırmış, daha sonra orada fərdi yaşayış evi tikdirmişdir. Evin bütün kommunal xətlərini çəkdirmişdir. Torpaq sahəsini də Cəlilabad şəhər sakinindən almış, lakin öz adına sənədləşdirməmişdir. Qızının istəyi üzərinə həmin evi tikmişdir ki, ailəsi ilə birlikdə rahat və firavan yaşasınlar. Torpaq sahəsini almaq üçün 10000 manat məbləğdə xərc çəkmişdir. Artezian quyusunun qazdırılması və evin tikintisi üçün 3400 manat, qaz sayğacının və qaz xəttinin çəkilməsi üçün 270 manat, işıq sayğacının və xəttinin çəkilməsi üçün 185 manat, torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün 200 manat, torpaq vergisi olaraq 55 manat olmaqla, cəmi 14664 manat xərc çəkmiş və həmin xərcin cavabdehdən tutulmasını istəyir. Hazırda qızı Rəqsanənin yaşamağa başqa evi yoxdur və buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi faktiki olaraq mövcuddur və iddiaçının mənzil ehtiyacını qarşılayan tikili kimi ailənin yaşaması üçün nəzərdə tutulmuşdur. Bu baxımdan iddiaçı ilə cavabdehin mənzillə bağlı formalaşmış maraqları da eynidir. Ümumiyyətlə, mülki qanunvericilik baxımından mülkiyyət və mülkiyyət hüququ fərqli anlayışlardır. Mülkiyyət iqtisadi kateqoriya olmaqla maddi dəyər kəsb edən əşyaya malik olmaq, mülkiyyət hüququ isə həmin əşyaya malik olmanın hüquqi təminatı anlamını verir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması onun ümumi mülkiyyətdə olmasını müvafiq olaraq çəkilən xərcin tələb edilməsini istisna etmir. Lakin həmin əmlak üzərində sərəncam verilməsini məhdludlaşdırır. Həmin evi qızı Rəqsanə Əzimova ilə cavabdehin birgə nikahı dövründə qızı Rəqsanə üçün tikmişdir. Sonradan qızı uşağı ilə yaşadığı evdə cavabdeh tərəfindən mütəmadi olaraq məişət zorakılıqlarına məruz qaldığına görə himayəsində olan bir uşağı ilə birlikdə həmin evdən çıxıb getməyə məcbur qalmış və onunla yaşayır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalan norma və müddəaları anoloji olaraq hazırkı mübahisəyə tətbiq edilməklə həmin evin tikintisinə sərf olunmuş vəsaitdən öz payını, yəni evin tikintisinə çəkilmiş xərcin dəyərinin yarısını tələb etmək üçün subyektiv hüququ vardır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-744/2024 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iş üzrə ödənilmiş 134 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının qızı Rəqsanə Əzimova Cavabdeh ilə 2011-ci ildə faktiki olaraq evlənmiş, nikahlarını isə 22 fevral 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 16 mart 2012-ci ildə Leyla və 04 may 2013-cü ildə Mirhasil adlı uşaqları doğulmuşdur. Əvvəllər onlar mehriban yaşasalar da, sonradan cavabdeh iddiaçının qızını evdən qovmuşdur. Cavabdehla İddiaçı qızının arasında olan olan nikah 2016-cı ildə pozulmuş və iddiaçının qızının yanında yaşayan uşaqların saxlanılması üçün Cavabdeh alimentin tutulması qət edilmişdir. Bir müddət sonra aliment borcunu ödəyə bilməcəyini görən Cavabdeh iddiaçının qızı ilə barışmaq qərarına gəlmişdir. Bundan sonra onlar barışaraq təkrar bir yerdə yaşamağa başlamışlar. İddiaçının qızı cavabdehlə təkrar barışaraq birgə yaşadığı həmin dövrdə, İddiaçı yaşamaq üçün ünvan 1 ünvanında) 0,6 ha torpaq sahəsini Şərqiyyə Quliyevadan almışdır. Daha sonra həmin torpaq sahəsi üzərində artezian su quyusu qazdırmış, daha sonra orada fərdi yaşayış evi tikdirmişdir. Evin bütün kommunal xətlərini çəkdirmişdir. Torpaq sahəsini də Cəlilabad şəhər sakini Şərqiyyə Quliyevadan almış, lakin öz adına sənədləşdirməmişdir. Belə ki, Şərqiyyə Quliyeva həmin torpaq sahəsini şifahi alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmış və sonradan iddiaçının həmin torpaq sahəsini öz adına sənədləşdirməsi üçün ona etibarnamə vermişdir. İddiaçı isə qızının istəyi üzərinə həmin torpaq sahəsində ev tikmişdir ki, qızı Rəqsanə ailəsi ilə birlikdə rahat və firavan yaşasınlar. Torpaq sahəsini almaq üçün 10000 manat xərc çəkmişdir. Artezian su quyusunun qazdırılması və evin tikintisi üçün 3400 manat, qaz sayğacının və qaz xəttinin çəkilməsi üçün 270 manat, işıq sayğacının və xəttinin çəkilməsi üçün 185 manat, torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün 200 manat, torpaq vergisi olaraq 55 manat olmaqla, cəmi 14664 manat xərc çəkmişdir. Ev tikildikdən sonra iddiaçının qızı Rəqsanə və Cavabdeh orada yaşamışlar. Həmin vaxtlarda uşaqlarının doğum günlərini və bayram günlərini bir yerdə qeyd etmişlər. Daha sonra iddiaçı qızının firavan yaşaması xatirinə öz vəsaiti hesabına tikdiyi mübahisəli evin yerləşdiyi torpaq sahəsini qızının adına sənədləşdirmək qərarına gəlmiş, lakin cavabdehin etirazına görə qızının ailəsi dağılmasın deyə həmin torpaq sahəsini Cavabdeh adına sənədləşdirməsinə razılıq vermişdir. Torpaq sahəsinin sənədləşməsi Cavabdeh adına rəsmiləşdirildikdən sonra Cavabdeh iddiaçını qızını evdən qovaraq uşaqları da, ondan almışdır. Mübahisəli torpaq sahəsi Cavabdeh adına sənədləşdirilən zaman torpağın üzərində İddiaçı vəsaiti hesabına tikilmiş 2 metr hündürlüyündə 1 otaq, 1 eyvandan ibarət yaşayış evi inşa edilmişdir. Sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi faktiki olaraq mövcuddur və iddiaçının mənzil ehtiyacını qarşılayan tikili kimi ailənin yaşaması üçün nəzərdə tutulmuşdur. Məhkəmə həmin evin inşasında onun əməyinin olmamasını əsas gətirərək mübahisəli torpaq sahəsinin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə X4 tərəfindən 5000 manata Cavabdeh satıldığını göstərmişdir. Halbuki torpaq sahəsi ilk öncə Şərqiyyə Quliyeva tərəfindən ona satılmış, lakin aralarında rəsmi alqı-satqı baş tutmamışdır. Buna görə də, həmin torpaq sahəsi üzərində bütün hüquq müəyyənedici hərəkətlərin həyata keçirilməsi üçün Şərqiyyə tərəfindən ona etibarnamə verilmişdir. Məhkəmə iclasında həmin halı şahidlər də təsdiq etdilər. Ona görə də, həmin evin təmirinə sərf etdiyi vəsaitin cavabdehdən alınıb mənə verilməsini tələb edir. İddia etdiyi evin əsaslı təmirinə sərf olunmuş vəsait keçmiş kürəkəni Cavabdehla qızının nikahları dövründə sərf edildiyindən və hal-hazırda da olduğu kimi cavabdeh həmin evdə daimi yaşamaqla, həmin ev vasitəsilə mənzil ehtiyacını təmin etdiyindən onun tərəfindən iddianın ona qarşı verilməsi də tamamilə düzgündür. Məhkəmə həmin evin inşasında mənim əməyimin olmamasını əsas gətirərək mübahisəli torpaq sahəsinin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqımüqaviləsinə X4 tərəfindən 5000 manata Cavabdeh satıldığını göstərmişdir. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı Cəlilabad şəhəri Cavadxan Massivində (Süleyman Ələsgərov 15 ünvanında) yerləşən mübahisəli 0,06 ha torpaq sahəsi üzərində olan tikiliyə çəkilən xərclər barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, vəsatət əsasında məhkəmə iclasında dindirilmiş şahidlərdən X10 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçını 4-5 ildir ki, tanıyır. Özü ustaılqla məşğul olur. 2021-ci ilin payız aylarında İddiaçı onu (şahidi) usta olaraq çağırmış, torpaq sahəsi aldığını və qızı üçün ev tikmək istədiyini bildirmişdir. İddiaçı ona iki kamaz daşının oldğunu bildirmiş və ondan evdə hörgü işləri görməsini xahiş etmişdir. O da özü ilə fəhlə gətirmiş, 3 gün müddətində iki otaq və yanında hamam tikmişlər. İddiaçı zəhmət haqqı olaraq ona (şahidə) 220 manat, fəhləyə isə 70 manat pul vermişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçını 2008-ci ildən tanıyır və onunla dostdurlar. 2016-cı ildə İddiaçı qızı boşanmış, 2018-ci ildə isə ilə əri ilə barışmışdır. 2021-ci ildə iddiaçı ona torpaq aldığını və ev tikdirmək istədiyini bildirmişdir. 2022-ci ilin payız aylarında isə iddiaçı ona uşaqları tikdirdiyi evə köçürdüyünü demişdir. Onlar həmin evdə 1 ildən artıq yaşamışlar. Bir müddət sonra isə Rəfail ona torpaq sahəsini cavabdehin adına keçirdiyini bildirmişdir. Həmin ev tikilən müddətdə və tikildikdən sonra həmin evdə olmamışdır. İddiaçı bəzi hallarda evin tikintisi ilə əlaqədar ondan borc da almışdır. İddiaçı ona (şahidə) evin tikintisinə 10000-15 000 manat arası xərc çəkidiyini demişdir. Bundan başqa, məhkəmə iclasında dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun atasıdır. O (şahid) 2016-cı ildə cavabdehlə boşanmış, 2018-cil ildə isə barışmışdır. Atası 2019-cu ildə mübahisəli torpaq sahəsini almışdır. Mübahisəli evi 2021-ci ildə atası ilə o (şahid) birlikdə tikməyə başlamışlar. 2022-ci ilin avqust ayında həmin evə köçmüş və 1 il həmin evdə yaşamışlar. Sonra cavabdehlə aralarında yaranmış narazılaqlara görə 2023-cü ilin sentyabr ayında həmin evdən çıxmaq məcburiyyətində qalmışdır. Hər gün səhər saat 9-dan axşama qədər orada olmuş, ustaların yeməklərini bişirmişdir. Bundan əlavə, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərmişdir ki, X11 onu (şahidi) usta olaraq çağırmış və o (şahid) Rəfailin göstərdiyi evə qaz xətti çəkmiş, həmçinin bir otağın divarlarını ağartmışdır. Rəfail ona (şahidə) qaz çəkilişi üçün 20 manat, divarların ağardılması üçün isə 60 manat pul vermişdir. Əlavə olaraq, Cəlilabad şəhəri Cavadxan Massivində (Süleyman Ələsgərov 15 ünvanında) yerləşən mübahisəli 0,06 ha torpaq sahəsinin Şərqiyyə Quliyeva tərəfindən İddiaçı satılması, İddiaçı həmin torpaq sahəsində ev inşa etməsi barədə torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Şərqiyyə Quliyevanın məhkəmə iclasında şahid qismində dindirilməsi barədə vəsatət verilsə də, hakim vəsatətin əsassız olduğunu bildirmişdir. Halbuki, Şərqiyyə Quliyeva ifadəsində həqiqətən torpaq sahəsini Rəfal Əzimova satdığını təsdiq edəcək mötəbər ifadə verəcəkdir. Bundan başqa, sübut kimi məhkəməyə təqdim edilmiş və tarixi göstəriməklə çəkilmiş fotoşəkillərdən də görünür ki, iddiaçının qızı Rəqsanə Əzimova həqiqətən də 2018-ci ldən evdən qovulduğu 2023-cü ilin sentyabr ayına kimi keçmiş əri Cavabdeh və uşaqları ilə birlikdə həmin mübahisəli torpaq sahəsi üzərində yerləşən evdə yaşamışdır. Hakim göstərilən vəzifəsini də yerinə yetirməyərək, tamamilə formal yanaşma nümayiş etdirmiş, qətnamə çıxararkən qeyd edilən maddənin tələbinə uyğun olaraq həll etməli olduğu məsələləri həll etməmişdir. İddiaçı İsmayil oğlu məhkəmə iclasında bildirmişdir ki, qızı kirayələrdə qaldığına görə evi qızına pay kimi yaşaması üçün vermişdir. Həmin evin tikintisinə müvafiq icazələr almış, kommunal xətlərin çəkilməsini təmin etmişdir. Cavabdehə mübahisə predmeti olan torpaq sahəsinin olduğunu o demişdir. Cavabdeh həmin vaxtı Şərqiyyə adlı xanım tanımamışdır. Həmin vaxt qızının övladları azyaşlı olduğundan notariat orqanında evi onların adına keçirmək üçün icazə verməmişlər. Ona görə də, cavabdehin düzgün xarakterli insan olmadığını bilə-bilə o yenə də onun adına evi keçirmişdir. İddiaçı İsmayil oğlunun nümayəndəsi vəkil Nümayəndə iddiaçını izahatı ilə eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə hal-hazırda heç bir qohumluq münasibətləri qalmamışdır. Keçmiş arvadı Rəqsanə ilə tam olaraq ayrılmışdır. Evin tikintisi zamanı bütün xərcləri o özü çəkmişdir. İddiaçı evin tikintisində heç bir xərc çəkməmişdir. Evi qohumlarının vasitəsilə Şərqiyyə adlı xanımdan almışdır. Qohumları ona Cəlilabad rayonu Cavadxan massivində (Süleyman Ələsgərov küçəsi) boş torpaq sahəsinin olduğunu bildirmiş, o da həmin torpaq sahəsinin Cəlilabad rayonunda özəl tibb müəssisəsi olan “X22”ndə həkim-terapevt kimi çalışan Şərqiyyə adlı şəxsə məxsus olduğunu öyrənmişdir. Bundan sonra o, Şərqiyyə ilə aralarında həmin torpaq sahəsini alması ilə bağlı razılığa gəlmişdir. Həmin vaxt Şərqiyyə adlı şəxs ona alqı-satqını ailəsində olan problemlər bitdikdən sonra reallaşdıracağını demişdir. Həmin torpaq sahəsini alan zaman torpaq sahəsi bələdiyyə sənədi əsasında verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazi Cavadxan küçəsi ilə Süleyman Ələsgərov küçəsi eyni ünvandır. 2021-ci ildən sonra ev tikilməyə başlanmış, bütün xərclərini o qarşılamaq şərtilə artezian quyusu qazdırılmışdır. İddiaçı həmin quyunun qazılmasında heç bir əziyyəti olmamışdır. Torpaq sahəsini aldığı vaxt iş rejimi ağır olduğundan iddiaçıya, torpaq sahəsi ilə əlaqədar bütün xərcləri onun adından həyata keçirməsi üçün pul vermişdir. Keçmiş arvadı, yəni iddiaçının qızı ilə aralarında münasibət pozulduqdan sonra iddiaçı qisas məqsədilə belə bir iddia ilə müraciət etmişdir. 2023-cü ildə torpaq sahəsinin alq-satqısını rəsmiləşdirən zaman çıxarış tələb olunduğundan həmin çıxarışın əldə olunması və ümumiyyətlə digər prosedurları iddiaçı özü həyata keçirmişdir. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirmişdir ki, Şərqiyyənin əri polis əməkdaşı olduğundan torpaq sahəsinin alqı-satqısı zamanı adının hallanmasını istəməmişdir. Ona görə də, torpaq sahəsi ilə bağlı hərəkətlərin həyata keçirilməsi üçün iddiaçıya etibarnamə vermişdir. İddiaçının cavabdehə qərəzli münasibətinin səbəbi iddiaçının qızı ilə cavabdeh arasında münasibətlər pozulduqdan sonra cavabdehə zərər vurmaqdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-744/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçını 4-5 ildir ki, tanıyır. Özü ustalıqla məşğul olur. 2021-ci ilin payız aylarında İddiaçı onu (şahidi) usta olaraq çağırmış, torpaq sahəsi aldığını və qızı üçün ev tikmək istədiyini bildirmişdir. İddiaçı ona iki kamaz daşının oldğunu bildirmiş və ondan evdə hörgü işləri görməsini xahiş etmişdir. O da özü ilə fəhlə gətirmiş, 3 gün müddətində iki otaq və yanında hamam tikmişlər. İddiaçı zəhmət haqqı olaraq ona (şahidə) 220 manat, fəhləyə isə 70 manat pul vermişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçını 2008-ci ildən tanıyır və onunla dostdurlar. 2016-cı ildə İddiaçı qızı boşanmış, 2018-cil ildə isə həyat yoldaşı ilə barışmışdır. 2021-ci ildə iddiaçı ona torpaq aldığını və ev tikdirmək istədiyini bildirmişdir. 2022-ci ilin payız aylarında isə iddiaçı ona uşaqları tikdirdiyi evə köçürdüyünü demişdir. Onlar həmin evdə 1 ildən artıq yaşamışlar. Bir müddət sonra isə Rəfail ona torpaq sahəsini cavabdehin adına keçirdiyini bildirmişdir. Həmin ev tikilən müddətdə və tikildikdən sonra həmin evdə olmamışdır. İddiaçı bəzi hallarda evin tikintisi ilə əlaqədar ondan borc da almışdır. İddiaçı ona (şahidə) evin tikintisinə 10000-15000 manat arası xərc çəkidiyini demişdir. Birinci instansiya məhkəməsində iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun atasıdır. O (şahid) 2016-cı ildə cavabdehlə boşanmış, 2018-cil ildə isə barışmışdır. Atası 2019-cu ildə mübahisəli torpaq sahəsini almışdır. Mübahisəli evi 2021-ci ildə atası ilə o (şahid) birlikdə tikməyə başlamışlar. 2022-ci ilin avqust ayında həmin evə köçmüşlər və 1 il həmin evdə yaşamışlar. Sonra cavabdehlə aralarında yaranmış narazılıqlara görə 2023-cü ilin sentyabr ayında həmin evdən çıxmaq məcburiyyətində qalmışdır. Həmin ev məscidin yanında yerləşir. Hər gün səhər saat 9-dan axşama qədər orada olmuş, ustaların yeməklərini bişirmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı X11 onu (şahidi) usta olaraq çağırmış və o (şahid) Rəfailin göstərdiyi evə qaz xətti çəkmiş, həmçinin bir otağın divarlarını ağartmışdır. Rəfail ona (şahidə) qaz çəkilişi üçün 20 manat, divarların ağardılması üçün isə 60 manat pul vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İşdə olan Cəlilabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cəlilabad şəhəri Cavadxan küçəsi yeni massivdə yaşayan İddiaçı 600 kv.m həyətyanı torpaq sahəsində 60 kv. m-də evi vardır və birmərtəbəli yaşadığı ev ona aiddir. İşdə olan abonentin saldosundan görünür ki, Cavabdeh olunun təbii qazdan istifadəyə görə 2024-cü ilin yanvar ayına olan borcu 0.60 manat təşkil edir və abonent kimi 2022-ci ilin iyun ayında qeydiyyata alınmışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında məlumatdan görünür ki, Cavabdeh obonent kimi 2022-ci ilin may ayında qeydiyyata alınmışdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi 0.06 ha torpaq sahəsini Cavabdeh xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 5000 manat ödəməklə almışdır. İş materiallarından müəyyən edilir ki, həmin torpaq sahəsi cavabdeh Adəm Mürsəlova satılanadək Şərqiyyə Quliyevanın mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinin əvvəllər İddiaçı istifadəsində olması və ya onun mülkiyyətində olması müəyyən edilməmişdir. Həmin torpaq sahəsinin iddiaçı tərəfindən alınması öz təsdiqini tapmamışdır. iddiaçı mübahisəli torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirdiyini, həmin torpaq sahəsində öz vəsaiti hesabına artezian quyusu qazdırdığını, kommunal xətlər çəkdirdiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan “Azəriqaz” İB və "xxxx" ASC tərəfindən verilmiş abonentin saldosundan və abunə haqqında məlumatdan müəyyən edilir ki, qaz və işıq sayğacı Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və həmin torpaq sahəsində hər hansı tikili DƏDRX-də qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçının qızı Rəqsanə Adəmlə birgə yaşadığı dövrdə iddiaçı tərəfindən X3 şəhəri Cavadxan Massivində (Süleyman Ələsgərov küçəsi 15 ünvanında) 0,6 ha torpaq sahəsini 10000 manat məbləğə alınması, iddiaçının həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirməsi, artezian su quyusu qazdırması, evin bütün kommunal xətlərini çəkdirməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə, işdə olan şahid ifadələrinə münasibətdə kollegiya diqqətə çatdırır ki, həmin şahidlər iddiaçının dostu, qızı və digər yaxınları olmaqla onların verdikləri məlumat digər mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün iddianın təmin edilməsi istiqamətində hər hansı faktın müəyyən edilərək aşkara çıxarılması üçün əsas sayıla bilməz. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2023-cü il tarixli qərarında qeyd etməyi vacib hesab etmişdir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Həmin qərarda, habelə göstərilmişdir ki, ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə bağlı tələblərin təmin edilməsi üçün belə əqdlərin mövcudluğu əyani sübutlarla (yazılı müqavilə və s.) təsdiqlənməlidir. Qeyd edilənlərlə yanaşı, diqqətə çatdırılmalıdır ki, iddiaçının qızı Rəqsanə Əzimova cavabdehlə birgə tikiliyə hər hansı xərc çəkməsini təsdiq edən sübutlarla aidiyyəti məhkəməyə müraciə etdiyi təqdirdə həmin halların araşdırılması və bu barədə fərqli qərarın qəbul edilməsi mümkünüyü istisna edilmir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-744/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-744/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar