Məhkəmə qərarları › İş №2(106)-1380/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1380/2023

12.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1380/2023 12.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, Cavabdeh iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı qonşuluq hüququnun pozulması ilə əlaqədar cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, yolun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı həyətyanı torpaq sahəsinin gediş- gəliş yoluna Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və avtomobil yolunun açılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə mülkiyyətinə Ağcabədi rayonunun Hüsülü kəndində 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsində 2009-cu ildə özünə ev tikdirmiş və həmin vaxtdan da orada yaşayır. 2020-ci ildə Cavabdeh onunla qonşu torpaq sahəsində dövlət tərəfindən yaşayış evi tikilmişdir. Cavabdeh həmin evə köçdükdən sonra onun yaşadığı evə gedən yolu qanunsuz olaraq zəbt edərək bağlamışdır. Yolun açılması barədə dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun evinə gedən avtomobil yolunu açmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 2020-ci ildə birinci Qarabağ müharibəsi veteranı olması ilə əlaqədar Ağcabədi rayonunun Hüsülü kəndində ona torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində dövlət tərəfindən ona yaşayış evi tikilmişdir. İddiaçının evinə gedən avtomobil yolu onun tərəfindən zəbt edilməmişdir. İddiaçının iddia etdiyi yol bələdiyyə tərəfindən ona verilən torpaq sahəsində yerləşir və onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olduğu üçün torpaq sahəsinin ətrafına məftil torla hasar çəkmişdir. İddiaçının evinə başqa yerdən yol vardır. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin (R.Nuriyev) 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən JN 316A saylı, KOD 60807018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş və Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinin gedən avtomobil yoluna Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və həmin avtomobil yolunun açılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün 95 manat rüsum, cəmi 195 (bir yüz doxsan beş) manat pul Cavabdeh alınıb İddiaçı ödənilməsi, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, 0.08 ha torpaq sahəsi Ağcabədi rayon DNK, 4Ə-540, xx.xx.2016 saylı qərarı əsasında 2016-cı ildən onun mülkiyyətinə verilmiş və xx.xx.2020-ci ildən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən onun adına mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilmişdir. O, Vətən Müharibəsi iştirakçısıdır və əlil olduğu üçün 2020-ci ildə dövlətin həmin torpaq sahəsində ona fərdi yaşayış evi tikmiş və ailəsi ilə həmin evdə yaşayır. İddiaçının gediş-gəliş yolu kimi təqdim etdiyi və guya onun tərəfindən zəbt olunduğunu iddia etdiyi 0.08 ha torpaq sahəsi heç bir halda onun tərəfindən zəbt edilməmişdir, gediş gəliş yolu adlanan torpaq sahəsi onun mülkiyyətində olan torpağın tərkib hissəsidir. Həmin torpaq sahəsinə çıxarış verilərkən DƏDRX-nın əməkdaşları dəfələrlə torpaq sahəsini ölçərək həmin sənədi ona vermişlər və orada gediş gəliş yolu olmasına dair heç bir rəsmi sənəd mövcud olmamışdır. Məhkəmə qətnamə qəbul edərkən onun mülkiyyət hüququnu nəzərə almamış və mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq yol məqsədilə açılmasını qət etmişdir. İzahatlar Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İzahatında cavabdeh bildirmişdir ki, həmin torpaq sahəsi ona qazi olduğuna görə dövlət tərəfindən verilmiş, hazırda torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. İddiaçının isə həyətinə başqa yerdən yol vardır. İddiaçı məhkəməyə teleqram göndərərək, səhhəti ilə əlaqədar məhkəmə icladında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 0.17 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə onun adına mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdir. Bundan başqa, Cavabdeh mülkiyyətində də 0,08 ha torpaq sahəsi vardır. Bu barədə onun mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il tarixli çıxarış vardır. İddiaçı tələbində həyətyanı torpaq sahəsinin gediş-gəliş yoluna cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və avtomobil yolunun açılmasını tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı mülkiyyətə edilən maneələrlə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi əsasında iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdeh tərəf etirazında açılması iddia edilən sahənin onun mülkiyyətinə aid olan torpaq sahəsinə aid olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Mülki Məcəllənin 170-ci maddəsinə əsaslanmışdır. Mülki Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisinin arayışı əsasında verilmiş məhkəmə mühəndis texniki ekspertizasının 11 aprel 2023-cü il tarixli, 10/1626 nömrəli rəyinə görə, İddiaçı istifadəsində olan yaşayış evinə gedən avtomobil yolu Hüsülü bələdiyyəsinin mülkiyyətində olmuşdur. Qeyd edilən avtomobil yolu Cavabdeh xüsusi mülkiyyətinə verilsə də, naturada mövcuddur. Həmin yol Cavabdeh tərəfindən məftil tor vasitəsilə bağlandığına görə hal-hazırda İddiaçı naturada olan yoldan istifadə edə bilmir. İş üzrə rəy verən 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisinin iş materiallarına əlavə edilmiş, mübahisəli ərazinin yerquruluşu planından müəyyən edilir ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçı və cavabdehə məxsus olan həyətlər həmsərhəd deyillər. İddiaçının xüsusi mülkiyyətində olan sahədən başqa, onun faktiki istifadəsində olan və bələdiyyə mülkiyyətində olan 0,31 ha torpaq sahəsi də vardır. Bələdiyyə mülkiyyətində olan həmin sahənin bir hissəsi cavabdehin mülkiyyətində olan sahə ilə həmsərhəddir. İddiaçının iddia etdiyi yol, cavabdehin mülkiyyətində olan sahədən və iddiaçının faktiki isifadəsində olan sahədən keçir. Cavabdehin bildirdiyinə görə, iddiaçının sahəsinə digər tərəfdən yol vardır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının açılmasını tələb etdiyi ərazi cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mübahisəli ərazi cavabdehin adına daşınmaz əmakın reyestrin qeydiyyatdan keçmişdir. Onun mülkiyyət hüququnu təsdiq edən sənədin qanuniliyi prezumsiyası vardır. İddiaçı cavabdehin mülkiyyət hüququnu təsdiq edən sənədini hüquqi cəhətdən mübahisələndirməmişlər. Bundan başqa, əgər qonşuların torpaq sahəsinə gedən yol cavabdehin mülkiyyətində olan ərazidən keçirsə, bunun digər hüquqi həlli yolları vardır. Qonşular torpaq sahələrinə yol verilməsini təmin etmək məqsədilə servitut hüquqlarından istifadə edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən servitut- bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər həmin Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut— torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. (255.1). Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. (255.4). Kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətinə gedən avtomobil yolunun cavabdehin mülkiyyətində olan torpaq sahəsi hesabına açılması, cavabdehin mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Bu cür iddia tələbi təmin edilə bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan və düzgün tətbiq edilmədiyindən qətnamə ləğv edilməli, iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, Məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(017)-43/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maneələrə son qoyulması və avtomobil yolunun açılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar