Məhkəmə qərarları › İş №2(106)-1388/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1388/2023

06.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1388/2023 06.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, cavabdeh təşkilatın icra orqanının rəhbəri Nümayəndə1 və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa və əmək haqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2 iyun 2023cü il tarixli 2(050)-1504/2023 saylı qətnaməsindən (hakim C.Quliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa və əmək haqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək,05 yanvar 2023-cü il tarixli əmrin etibarsız hesab edilməsi, “X4” MMC-yə xadimə vəzifəsinə bərpa edilməsi və əmək haqqının cavabdeh təşkilatdan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 5 yanvar 2022-ci il tarixdə qızı “X4” MMC ilə əmək müqaviləsi bağlayaraq xadimə vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddətdə əmək qanunvericiliyinin tələblərinə raiyət etməklə işinin öhdəsindən gəlmiş, heç bir vaxt barəsində intizam tənheh tədbiri tətbiq edilməmişdir. Əmək müqaviləsində nəzərdə tutulmuş bütün vəzifələrini vaxtlı-vaxtında icra etmişdir. Lakin işəgötürən heç bir səbəb olmadan əmək müqaviləsinə xitam verərək, onu işdən azad etmişdir. İşdən azad edildiyi vaxtdan hazırki vaxtadək əmək kitabçası verilməmiş, həmçinin verilməli olan son haqqhesab ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşəgötürən əmək müqaviləsinin xitam olunması ilə bağlı ona heç bir rəsmi məlumat verməmiş və bunu öz qərarında əsaslandırmamışdır. İşəgötürən qanunvericiliyin tələblərini pozaraq 5 yanvar 2023-cü il tarixli əmrində öz adı, soyad və atasının adını qeyd etməmiş, əmək müqavilləsinin ləğv edilməsinin əsasını, Əmək Məcəlləsinin müvafiq maddəsinin hissəsini göstərməmiş, müqavilənin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədləri qeyd etməmişdir. Bundan başqa, cəmiyyətin hüquqi ünvanını dəqiq qeyd etməmişdir. Həmçinin, əmrdə qanunvericiliyin tələbini pozmaqla işçiyə son haqq-hesabın verilməsi işçi Nümayəndə2 həvalə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verib, iddianın təmin olunmasını xahiş etmiş və izahatında əlavə olaraq göstərmişdir ki, 15 ildən çox həmin təşkilatda işləmişdir. İşlədiyi müddətin müəyyən hissəsi rəsmiləşdirilməmişdir. İşlədiyi müddətdə kollektivlə heç bir problemi olmamışdır. 2022-ci ilin dekabr ayında qolu qırıldığı üçün xəbəri olmadan işdən azad olunmuşdur. Qolu işdə qırılmışdır. Hadisə ilə bağlı əvvəl şikayət etməmiş, işdən çıxarıldıqdan sonra şikayət etmişdir. Son haqq-hesab ödənilməmiş, əmək kitabçası verilməmişdir. İddia ərizəsinə əlavə edilmiş mübahisələndirilən 5 yanvar 2023-cü il tarixli əmr medasiya prosesində verilmişdir. Əmək haqqı kartının müddəti bitmişdir. Son haqqhesab üzrə ödənilməli olan pulun alınması üçün əmək haqqı kartının məxsus olduğu "xxxx" ASC-yə müraciət etməmişdir. Birinci instansiya məhkəməsində cavabdeh “X4” MMC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı 2019-cu ildə müddətli əmək müqaviləsi ilə “X4” MMC-yə işə götürülmüşdür. Tərəflər arasında sonuncu əmək müqaviləsi tərəflərin razılığı əsasında müddətli əmək müqaviləsi olmaqla 5 yanvar 2022-ci il tarixdə bağlanmış, müqavilənin müddəti 31 dekabr 2022-ci ilədək müəyyən edilmişdir. Müqavilə müddəti bitmiş, yeni müqavilə bağlanmamış və 5 yanvar 2023-cü il tarixli 03 saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (b) maddəsinə əsasən, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq 5 yanvar 2023-cü il tarixdən xitam verilmişdir. İşçiyə əmək müqaviləsinin müddətinin uzadılmayacağı ilə bağlı şifahi şəkildə əvvəlcədən məlumat verilmişdir. Müddətli əmək müqaviləsində əmək müqaviləsinə xitam verilməsi barədə əvvəlcədən işçiyə xəbərdarlıq edilməsi tələb olunmur. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr və əmək kitabçası işçiyə təqdim edilmiş, lakin o, həmin sənədləri götürməkdən imtina etmişdir. Bu barədə video görüntü var. Digər hər hansı bir problemin olmaması (əmək kitabçasının itirilməsi) səbəbindən əmək kitabçası poçt vasitəsi ilə göndərilməmişdir. İşçiyə ödənilməli olan bütün son haqq-hesab onun kartına ödənilmişdir. Həmkarlar ittifaqları ilə bağlı məsələ ixtiyari məsələdir. Belə ki, müəssisə istəsə həmkarlar ittifaqları təşkilatlarına qoşula bilər, istəsə yox. İddiaçının vəzifəsinə başqa bir işçi işə götürülmüşdür. Masallı Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 2(050)-1504/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin və iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatın yuxarıda şərh olunan mətnləri ilə oxşar məzmunda əsaslandırılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh təşkilatın icra orqanının rəhbəri Nümayəndə1 və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə iştirak etməmişdir və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərə əsasən: “X4” MMC-nin nizamnaməsindən görünür ki, cəmiyyətin balansında ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh olmaq hüququna malikdir. Cəmiyyət müstəqil balansa, təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə istifadəsinə verilmiş Dövlət əmlakına, möhürə, müvafiq ştamplara, blanklara və blanklarda müvafiq hesablara malikdir (bənd 1.2).; Cəmiyyətinin təsisçisi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir (bənd 3.2).; Direktor cəmiyyətin bütün fəaliyyət istiqamətlərinin nəticələrinə görə məsuliyyət daşıyır. O, müəssisə adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərə olan münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, ümumi yığıncağın təsdiqinə dair sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, cəmiyyətin işçilərini vəzifəyə təyin edir, başqa işə keçirir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını müəyyən edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər verir (bənd 4.2.2); 3 dekabr 2019-cu il tarixli 04 saylı, 03 yanvar 2021-ci il tarixli 02 saylı və 05 yanvar 2022-ci il tarixli 01 saylı əmək müqavilələrindən görünür ki, “X4” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqavilələrinə əsasən sonuncu cəmiyyətə xadimə vəzifəsinə qəbul edilmişdir. Əmək müqavilələrində göstərilmişdir ki, bu əmək müqaviləsi müddətli bağlanmışdır. Müvafiq əmək müqavilələrinin müddəti kimi - 03 dekabr 2019-cu ildən 31 dekabr 2020-ci ilədək, 03 yanvar 2021-ci ildən 31 dekabr 2021-ci ilədək və 05 yanvar 2022-ci ildən 31 dekabr 2022-ci ilədək (bənd 2.1); 5 yanvar 2023-cü il tarixli 03 saylı əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (b) maddəsinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq 5 yanvar 2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, bildiriş sistemə 5 yanvar 2023-cü ildə daxil edilmişdir; İddiaçı aid ******* saylı əmək kitabçasında göstərilmişdir ki, o, 1 may 2017-ci ildə Azərbaycan Respublikasının Alternativ və X6 Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki "xxxx" MMC-nin Mərkəzi təchizat və təsərrüfat şöbəsinə xadimə vəzifəsinə təyin edilmiş, 30 sentyabr 2019-cu ildə işdən azad edilmişdir. 3 dekabr 2019-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində xadimə vəzifəsinə qəbul edilmiş, 5 yanvar 2023-cü ildə Əmək Məcəlləsinin 68.2.(b) bəndinə əsasən işdən azad edilmişdir; Haqq-hesab vərəqəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ödənilməli olan ödənişlər ödənilmişdir; Cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş CD diskə baxış keçirilmiş, videogörüntüdən məlum olmuşdur ki, İddiaçı əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə 5 yanvar 2023-cü il tarixli 3 saylı əmr təqdim edilmiş, lakin, o, onları qəbul etməkdən imtina etmişdir. Beləliklə işin müəyyən olunan halları ondan ibarət olmuşdur ki, işəgötürən və işçi arasında müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin müddəti bitdikdən sonra müqavilənin müddəti artırılmamış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin b) yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə 5 yanvar 2023-cü il tarixli 3 saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü 5 maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bölməsinin “b” bəndinə əsasən əmək müqaviləsi müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 79-cu maddəsinin 1 və 2-ci bəndlərinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh təşkilat arasında əmək münasibətlərinə müddətli bağlanmış əmək müqaviləsi müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Aparılmış araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respubliaksının Əmək Məcəlləsinin tələblərinin pozulması ilə həyata keçirilməmişdir. Beləliklə məhkəmə kollegiyası iş materillarını və cavabdehin nümayəndəsinin izahatını nəzərdən keçiriərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 2(050)-1504/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçının apellyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin yalnız formal mülahizələrə görə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 2(050)-1504/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar