Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-139/2024 16.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, istifadə hüququna xitam verilməsi, tikililərin sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi, icarə haqqının ödənilməsi, hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz dayanıqsızlıq haqqının alınıb verilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(017)-1541/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı başçısının xx.xx.2011-ci il tarixli 52 saylı sərəncamı əsasında Aşağı Avşar sakini Cavabdeh verilmiş, torpaqdan istifadə hüququna dair icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, torpaq üzərində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə gətirilməsi, ödənilməmiş 1094 manat icarə haqqı da daxil olmaqla hesablama günündən başlayaraq hər gün üçün 0,2 % dayanıqsızlıq icarə haqqının dövlət büdcəsinə ödənilməsi və torpaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən 102 saylı “Xantəpə” adlı qış otlaq sahəsindən İddiaçı başçısının 07 aprel 2011-ci il tarixli 52 saylı sərəncamı ilə Cavabdeh 40 ha qış otlaq sahəsi icarə qaydasında verilmişdir. Bununla əlaqədar həmin sərəncam əsasında tərəflər arasında 07 aprel 2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. İddiaçı aparatının məsul şəxsləri, Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi İdarəsinin mütəxəssisi və X4 İnkişaf Mərkəzinin əməkdaşları ilə birgə Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarının və digər hüquqi-normativ aktların tələbinə uyğun olaraq Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid olan qış otlaq sahələrində fiziki və hüquqi şəxslərin icarəsinə verilmiş qış otlaq sahələrinin istifadə vəziyyəti yoxlanılan zaman müəyyən olunmuşdur ki, İddiaçı başçısının 07 aprel 2011-ci il tarixli 52 saylı sərəncamı ilə Cavabdeh “Xantəpə” adlanan 102 saylı qış otlağından qoyunçuluğun inkişafı məqsədi ilə icarəsinə verilmiş 40 ha qış otlaq sahəsinin təyinatı özbaşına dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarının və digər hüquqi-normativ aktların tələbinə uyğun olaraq cavabdehin icarəyə götürdüyü qış otlağının ümumi sahəsinin 3 faizdən çox olmayan hissəsini yaşıl yem üçün xəsil əkməli olduğu halda, yuxarıda qeyd olunan qaydaların tələblərini kobud surətdə pozaraq ərazidə özbaşına əkin apararaq taxıl, soğan və digər kənd təsərrüfatı bitkilərini əkərək torpaqdan təyinatına görə istifadə qaydalarını kobud surətdə pozmuş, torpağın üst münbit qatını məhv edərək qanunsuz olaraq mişar daşından 250 kv.m çoban evi və heyvanların saxlanması üçün tövlə tikmişdir. Bundan başqa, cavabdeh onunla bağlanmış icarə müqaviləsinin şərtlərinə görə icarə haqqını hər il üçün hər rübün axırıncı ayının 25dən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilədə nəzərdə tutulmuşdur ki, göstərilmiş müddətdə icarəçi icarə haqqını ödəməzsə hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz dayanıqsızlıq ödəməlidir. Lakin 07 aprel 2011ci il tarixdən 07 aprel 2023-cü il tarixədək keçən müddət üçün 1094 manat məbləğində icarə haqqını ödəməyərək, davamlı olaraq 12 il müddətinə müqavilədən irəli gələn öhdəlikləri pozmaqda davam etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(017)-1541/2023 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2011-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, Cavabdeh hesabına torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və üzərində tikilmiş qanunsuz tikililərin sökülməsi, 1094 manat icarə haqqının Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, Cavabdeh Ağcabədi rayonunun inzibati ərazisində yerləşən 102 saylı “Xantəpə” adlı 40 ha qış otlaq sahəsindən çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, onun ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil izahat verərək onun apellyasiya şikayətinin təmin edilməsini və Ağcabədi Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(017)- 1541/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(017)-1541/2023 saylı qətnaməsi qanunidir və apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası tərəfindən işə baxılarkən müəyyən edilmişdir ki, Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən İddiaçı vergi ödəyici olan hüquqi şəxsdir, vergi ödəyicisi kimi 8 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır (VÖEN: **********). Eyni zamanda həmin məlumatlardan müəyyən edilir ki, Cavabdeh vergi ödəyicisi olan fiziki şəxsdir və 8 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır (VÖEN: **********). Beləcə, hazırkı iş üzrə mübahisə cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan başqa, mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi MPM-in 31-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 387.2-ci maddəsinə tələbinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Beləliklə, kollegiya hesab edir ki, hazırkı iş kommersiya mübahisəsi hesab olunduğundan aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mahiyyəti üzrə baxılması üçün iş materialları məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 31, 32, 385.1, 387.2.1, 387.2.9-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(017)-1541/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, istifadə hüququna xitam verilməsi, tikililərin sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi, icarə haqqının ödənilməsi, hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz dayanıqsızlıq haqqının alınıb verilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya qaydasında şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-139/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-139/2024
16.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver