Məhkəmə qərarları › İş №2(106)-1390/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1390/2022

29.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1390/2022 29.07.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, İrzayev Hüseyn Valeh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə1, cavabdeh X7 nümayəndəsi, həmçinin Cavabdeh1, onun nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-750/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X16, X17 (Cavabdeh3 qanuni nümayəndəsi) və Maraqlı şəxsna qarşı “miras əmlakın faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2ndan ona, yəni İddiaçı miras qalmış Lənkəran şəhəri, B.O.Abbasov (indiki Zərifə Əliyeva) küçəsi, bina 78/19, mənzil 69-da yerləşən beşmərtəbəli binada 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzilin onun, yəni İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. X2 xx.xx.1970-ci il tarixdə mərhum atası X26 ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Rəsmi nikahlarından valideynlərinin iki övladı, yəni o, İddiaçı və X22 doğulmuşlar. xx.xx.1995-ci il tarixdə atası X26, xx.xx.1996-cı il tarixdə isə X2 vəfat etmişlər. Valideynlərinin vəfatından sonra X5 xx.xx.1999-cu il tarixdə X20 ilə nikaha daxil olub evlənmişdir. Birgə nikahlarından xx.xx.2002-ci il tarixdə Mirrafiq adlı övladları doğulmuşdur, sonradan aralarında olan nikah pozulmuş və qardaşı Hüseyn Yardımlı rayon sakini Gülnarə adlı qadınla faktiki nikaha daxil olmuş və birgə münasibətlərindən Cavabdeh3 adlı uşaqları olmuş, uşağın atalığı müəyyən edilmişdir. X5 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, ailə qurandan sonra isə ailəsi ilə birlikdə mərhum X2na məxsus Lənkəran şəhəri, B.O.Abbasov (indiki Zərifə Əliyeva) küçəsi 78/19, mənzil 69-da yerləşən mənzildə yaşayır. Valideynləri vəfat etdikdən sonra onların yas mərasimlərini yaşadıqları, anasına məxsus evdə keçirtmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Lənkəran rayon Notariat kontoruna müraciət etmiş və notariat kontoru tərəfindən xx.xx.2022-ci il tarixli, 169 saylı məktubla ona imtina verilərək digər vərəsələr arasında mübahisə olduğundan vərəsəliyin müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Mərhum anası sağlığında uşaqlarının yanında bütün əmlaklarını ona şifahi vəsiyyət etmişdir. Ona görə də, bütün digər vərəsələr mirası qəbul etmək üçün heç vaxt müraciət etməmişlər. Atasının və anasının hüzn mərasimlərini özü keçirtmiş və bütün xərcləri özü ödəmişdir. Anası vəfat etdikdən sonra anasından qalan miras əmlakı özü istifadə edir. Beləliklə, mərhum X2ndan miras qalmış yuxarıda sadaladığı miras əmlakı bir varis kimi o, faktiki qəbul etmişdir, ona tamamilə özü sahiblik edir və onun istifadəsindədir. O, Lənkəran rayonu 1 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək mərhum X2ndan miras qalmış yuxarıda göstərdiyi ünvanda yerləşən əmlaka dair ona vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etsə də, notarius onu anasının varisi olduğunu bildirsə də, həmin şəhadətnaməni verməkdən imtina etmişdir. Ona görə də hesab edir ki, mərhum X2ndan ona miras qalmış yuxarıda göstərdiyi ünvanda yerləşən mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və bu barədə ona notarius tərəfindən vərəsəlik şəhadətnaməsi verilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-750/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Toğrul Məmmədov) iddia təmin edilmiş, mərhum X8 mülkiyyət hüququ əsasında məxsus olan miras qalmış əmlakın - Lənkəran şəhəri, Zərifə Əliyeva (B.O.Abbasov) küçəsi, bina 78/19, mənzil 69-da yerləşən beşmərtəbəli binada 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzilin vərəsə İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət olunmuşdur. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər miras mənzildə qeydiyyatda olsalar da, iddiaçının qeydiyyatı ünvan 1 ünvanınadır. Cavabdeh1 1998-ci ildə Hüseyn Əbülfətov ilə ailə qurmuş, xx.xx.1999-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirmişlər. Aralarındakı nikah 2004-cü ildə pozulsa da, xx.xx.2012-ci il tarixdə yenidən nikah bağlamışlar. 2021-ci ildə vəfat etmiş Hüseyn Əbülfətovla 1998-ci ildən 2004-cü ilədək miras mülkdə yaşamış, sonradan həmin evə məhkəmənin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən köçürülmüşdür. Lənkəran şəhər İHB-nin xx.xx.2011-ci il tarixli sərəncamına əsasən İ qrup əlil olan Hüseyn Əbülfətovun qəyyumu təyin edilmiş və buna görə xx.xx.2019-cu il tarixdən onun ölümünə qədər təqaüd almışdır. Hüseyn Əbülfətovun ölümündən sonra ondan qalmış mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə xx.xx.2021-ci il tarixdə notariat ofisinə müraciət etmişdir. İddiaçı ailə qurduğu və miras mənzildə yaşadığı dövrü göstərməmiş, notariat ofisinə mirasın açıldığı vaxtdan 26 il sonra və qardaşının ölümündən sonra müraciət etməsinin, miras əmlakdan payını qardaşının sağlığında tələb etməməsinin səbəbini göstərməmişdir. İddiaçı notariat ofisinə ondan sonra müraciət etmiş və kimdən qalmış mirasdan çatmalı paya dair vərəsəliyi qəbul etdiyini göstərə bilməmişdir. Vəsiyyətnamənin şifahi formada verilməsi yolverilməzdir. Eyni zamanda vəsiyyətnamənin olması halında iddiaçı notariat orqanına və məhkəməyə hazırkı tələblə müraciətinin səbəbini izah edə bilməmişdir. İddiaçı mirası qəbul etdiyi barədə sübut təqdim etməmiş, iddia ərizəsində yaşayış ünvanını başqa ünvan göstərmişdir. İddiaçının notariat ofisinə anasından qalmış mirası qəbul etməsi ilə bağlı müraciət etməsi barədə sübut yoxdur. İddiada cavabdeh olaraq qeyd edilmiş Cavabdeh3 mirası faktiki qəbul etmədiyindən və bununla bağlı notariat orqanına müraciət etmədiyindən miras əmlakda payı yoxdur. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmamış, prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iddia müddətinin ötürüldüyünü nəzərə almamış, iki vərəsədən hansının mirası qəbul etdiyini aydınlaşdırmamışdır. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş X17 (Cavabdeh3 qanuni nümayəndəsi) və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Apellyasiya məhkəməsinin iclasında cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iddiaçı apellyasiya şikayətinə etirazını onunla əsaslandırdı ki, anasının ölümündən sonra ruhi xəstəlikdən əziyyət çəkən qardaşını himayəsinə götürüb, Arif Bağırov küçəsi, ev 20 ünvanında qulluq etmiş, miras evi isə qardaşı evləndiyi vaxtadək mütəmadi kirayəyə vermiş, pulunu özünün və qardaşının ehtiyaclarına xərcləmişdir. Miras evdə yaşamamış, yalnız kirayədə olduğu üçün vəziyyətini yoxlamaq üçün arada bir gedib-gəlmişdir. Eyni zamanda bildirdi ki, mərhum X2 mübahisəli mənzili şifahi vəsiyyatnamə əsasında ona miras qoymuş, bu səbəbdən də o, mənzilin yalnız ona qalmış miras olaraq tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mərhum X11 mübahisəli mənzili şifahi vəsiyyatnamə əsasında iddiaçıya miras qoyduğundan birinci instansiya məhkəməsi mənzilin yalnız iddiaçıya qalmış miras olaraq onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. O, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdəki nigahın bağlanması haqqında İİ-JQ 296976 saylı, xx.xx.1980-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X26 ilə X9 xx.xx.1970-ci ildə 85 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikahdan sonra arvada Əbülfətova soyadı verilmişdir. İşdəki Lənkəran rayon Qeydiyyat şöbəsinin 2964 saylı, xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, xx.xx.1971-ci ildə Lənkəran şəhərində doğulmuş X18 atası X26, X2dır. İşdəki Lənkəran rayon Qeydiyyat şöbəsinin 2963 saylı, xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, xx.xx.1974-cü ildə Lənkəran şəhərində doğulmuş X19 atası X26, X2dır. İşdəki Lənkəran rayon Qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydindən 2965 saylı, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, X26 xx.xx.1995-ci ildə ölmüşdür. İşdəki 1/252 saylı, xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Lənkəran şəhəri, B.O.Abbasov (indiki Zərifə Əliyeva) küçəsi, 78/19 saylı beş mərtəbəli binada yerləşən 2 otaqlı yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzil X8 məxsusdur. İşdəki ölüm haqqında AZ-İİ 245081 saylı, xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1996-cı ildə Lənkəran şəhərində ölmüşdür. İşdəki nikah haqqında AZ-İ 759386 saylı, xx.xx.2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X22 ilə Cavabdeh1 xx.xx.2012-ci il tarixdə 196 saylı akt qeydi ilə nikah bağlamışlar. İşdəki ölüm haqqında AZ-İİ 228481 saylı, xx.xx.2021-ci il tarixli təkrar şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2021-ci ildə ölmüşdür. İşdəki Lənkəran şəhər Mİ və KMİ-nin xx.xx.2012-ci il tarixli arayışında Cavabdeh1 Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/19, mənzil 69/1-də qeydiyyatda olduğu göstərilir. İşdəki doğum haqqında xx.xx.2002-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci ildə Lənkəran şəhərində doğulmuş X7 atası X22, anası X12r. İşdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-1292/2011 saylı, xx.xx.2011ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyata alınması Lənkəran ŞRPŞ-nin şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsinə həvalə edilmişdir. Həmin mübahisə həll edilərkən iddiaçı Cavabdeh1 X22 ilə nikahlarını xx.xx.1999-cu il tarixdə qeyd etdirməklə ailə qurduqlarını, toylarından sonra ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçdüyünü, X19 1996-cı ildən hal-hazıradək Lənkəran rayonlararası Psixatriya xəstəxanasında rəsmi qeydiyyatda olmaqla şizofreniya paranoid forma diaqnozu altında olduğunu göstərmişdir. İşdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 2-99-2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 bir azyaşlı uşağı ilə birlikdə ünvan 4 ünvanında yerləşən mərhum X6 adına olan iki otaqlı mənzilin günbatan tərəfindəki otağa köçürülməsi qət edilmişdir. İşdəki Lənkəran şəhər İHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 12-5/002 saylı arayışında, ünvan 5 ünvanında qeydiyyatda olmuş mərhum X6 vərəsələri, həyat yoldaşı - X26 (ölüb), oğlu - X22 (ölüb), qızı - X23 ilə birlikdə yaşadığı, digər vərəsələrinin olmadığı göstərilir. İşdəki notariat ofisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində Cavabdeh1, xx.xx.2021-ci ildə vəfat etmiş X13 qalan mirası qəbul etdiyini qeyd edərək, adına vərəsəlik hüququ barədə şəhadətnamə verilməsini xahiş etmişdir. İşdəki notariat ofisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində İddiaçı, xx.xx.1996-cı ildə vəfat etmiş anası İddiaçı qalan mirası, o cümlədən ona çatan paya vərəsəliyi qəbul etdiyini qeyd edərək, adına vərəsəlik hüququ barədə şəhadətnamə verilməsini xahiş etmişdir. İşdəki Lənkəran rayon 1 saylı notariat ofisinin 169 saylı, xx.xx.2022-ci il tarixli məktubda, onunla digər vərəsələr arasında mübahisə olduğundan mübahisənin həlli ilə bağlı müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu İddiaçı izah edilmişdir. İşdəki Lənkəran şəhər İHB–nin O.Mirzəyev adına qarışıq tipli uşaq evinin arayışından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh3 Mirhüseyn qızı xx.xx.2011-ci ildən xx.xx.2012-ci il tarixədək Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli uşaq evində yaşamışdır. Birinci instansiya məhkəməsində dinlənilmiş şahidlərdən X24, iddiaçının miras evdə yaşamasını görmədiyini, iddiaçının Hüseyn xəstə olanda və anası rəhmətə gedəndən sonra gəldiyini, iddiaçının həmin vaxta qədər Rusiya Federasiyasında yaşamasını eşitdiyini, onların evinə daimi gediş-gəlişinin olmadığını göstərmişdir. X3 iddiaçını mübahisə olunan evdə cəmi 1 dəfə gördüyünü, onların evinə daimi gediş-gəlişinin olmadığını göstərmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır. Belə ki, məyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, X26 ilə X11 xx.xx.1970-ci ildə nikah bağlamışlar. Həmin nikahdan xx.xx.1971-ci il təvəllüdlü X23 və xx.xx.1974-cü il təvəllüdlü X22 doğulmuşdur. X26 xx.xx.1995-ci ildə ölmüşdür. Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən 78/19 saylı evin 69 saylı mənzili X8 məxsus olmuş və onun xx.xx.1996-cı ildə Lənkəran şəhərində ölümündən sonra miras qalmışdır. Mirasın açıldığı vaxt onun birinci növbədə bərabər pay hüquqlu vərəsələri X23 və X22 olmuşlar. Miras açıldığı vaxtdan sonra iddiaçı miras mənzildə yaşamamışdır. Məhkəmə kollegiyası iddiaçının miras əmlakın şifahi vəsiyyətnamə əsasında ona vəsiyyət edilməsi barədə bildirdikləri üzrə onu qeyd etməyi zəruri sayır ki, istənilən halda miras əmlak mirasqoyan tərəfindən ona vəsiyyət edilmiş sayılmır. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasına əsasən mərhum X11 mənzili iddiaçıya vəsiyyət etməsi üçün yazılı formada tərtib edilmiş, onun tərəfindən imzalanmış, notariatda və ya notariat qaydasına bərabər tutulan səlahiyyətli şəxslər tərəfindən təsdiq edilmiş vəsiyyətnamə verməli idi. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1965-ci ildən xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, cavabdehlər Cavabdeh1 və Mirrafiq Əbulfətlinin miras mənzildə, iddiaçının isə başqa ünvanda qeydiyyatda olmaları və yaşamaları, iddiaçının notariat ofisinə mirasın açıldığı vaxtdan 26 il sonra və qardaşının ölümündən sonra müraciət etməsi hazırkı iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, həmin halların mövcudluğu iddiaçının mirası faktiki qəbul etməsini istisna etmir. Bundan başqa, Cavabdeh1 Hüseyn Əbülfətov ilə 1998-ci ildə ailə qurması və Hüseyn Əbülfətovla 1998-ci ildən 2004-cü ilədək miras mülkdə yaşamasına dair apellyasiya şikayətində göstərilənlər, onun yanaşı yoxlanılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-1292/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsində əks olunmuş izahatı ilə təkzib edilmişdir. Belə ki, həmin mübahisə həll edilərkən Cavabdeh1 Hüseyn Əbülfətov ilə nikahlarını xx.xx.1999-cu il tarixdə qeyd etdirməklə ailə qurduqlarını, toylarından sonra ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçdüyünü qeyd etmişdir. Bununla da, Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərin əksinə olaraq Hüseyn Əbülfətov ilə nikahlarını xx.xx.1999-cu il tarixdə qeyd etdirməklə ailə qurduqdan və mirasın açılmasından üç ildən artıq müddət keçdikdən sonra miras mənzilə gəlin köçdüyü təsdiq edilmişdir. Cavabdeh1 həmin mübahisə həll edilərkən verdiyi izahatda, eyni zamanda Hüseyn Əbülfətovun 1996-cı ildən şizofreniya paranoid forma xəstəliyindən əziyyət çəkdiyini bildirmiş, iddiaçı həmin halı təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Hüseyn Əbülfətovun 1996-cı ildən ruhi xəstəlikdən əziyyət çəkməsini də işin müəyyənləşdirilmiş mübahisəsiz halı sayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, miras əmlak mərhum Zərifə Əbülfətovadan miras qalsa da, Cavabdeh1, notariat ofisinə ondan deyil, Hüseyn Əbülfətovdan qalmış mirasın qəbulu üçün müraciət etmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, Cavabdeh1 miras mənzilə məhkəmənin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən köçürülməsi, Lənkəran şəhər İHB-nin xx.xx.2011-ci il tarixli sərəncamına əsasən İ qrup əlil olan Hüseyn Əbülfətovun qəyyumu təyin edilməsi və buna görə xx.xx.2019-cu il tarixdən təqaüd alması iddianın rədd edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, notariat ofisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində İddiaçı, xx.xx.1996-cı ildə vəfat etmiş anası İddiaçı qalan mirası, o cümlədən ona çatan paya vərəsəliyi qəbul etdiyini qeyd edərək, adına vərəsəlik hüququ barədə şəhadətnamə verilməsini xahiş etsə də, onun ərizəsində miras qoyan olaraq təkrar öz adını qeyd etməsi iddianın rədd edilməsinə əsas ola bilməz. İlk öncə iddiaçının anasının mərhum Zərifə Əbülfətova olması, xx.xx.1996-cı ildə onun ölməsi və mirasın ondan qalması işin müəyyənləşdirilmiş mübahisəsiz halıdır. Belə olan halda iddiaçının ərizəsində anasının adı əvəzinə öz adını qeyd etməsi onun ərizəsinin anasından qalmış mirasın qəbulu barədə olmaması olaraq dəyərləndirilə bilməz. Eyni zamanda notariat ofisi də imtinasını həmin əsasla etməmişdir. Ümumiyyətlə, notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizənin verilməməsi, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etməyi istisna etmir. İddiaçı mirasın açıldığı vaxtdan ruhi xəstəlikdən əziyyət çəkən qardaşını himayəsinə götürüb, Arif Bağırov küçəsi ev 20 ünvanında qulluq etdiyini, miras mənzili kirayə verdiyini, pulunu özünün və qardaşının ehtiyaclarına xərclədiyini, miras evdə yaşamadığını, yalnız kirayədə olduğu üçün vəziyyətini yoxlamaq üçün arada bir gedib-gəldiyini qeyd etmişdir. Məhkəmə kollegiyası Hüseyn Əbülfətovun 1996-cı ildən ruhi xəstəlikdən əziyyət çəkməsinin işin müəyyənləşdirilmiş mübahisəsiz halı olduğunu, xəstənin isə kənar şəxsin qulluq və qayğısına ehtiyacının olmasını nəzərə alaraq, onun qardaşını cavabdehlə evləndiyi vaxtadək himayəsinə götürüb, Arif Bağırov küçəsi ev 20 ünvanında qulluq etməsinə dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Birinci instansiya məhkəməsində dinlənilmiş şahidlərdən Təxminə Əkbərova iddiaçının miras evdə yaşamasını görmədiyini qeyd etsə də, onun Hüseyn xəstə olanda və anası rəhmətə gedəndən sonra gəldiyini təsdiq etmişdir. Eyni zamanda onların evinə daimi gediş-gəlişi olmayan şahidlərin iddiaçını kirayədə olan miras mənzilə vəziyyətini yoxlamaq üçün arada bir gedib-gəldiyini görməmələri mümkündür. X37 eyni zamanda, iddiaçının miras açıldıqdan sonra deyil, miras açılanadək (Hüseyn xəstə olana və anası rəhmətə gedənə qədər) Rusiya Federasiyasında yaşamasını qeyd etsə də, həmin məlumatın alınma mənbəyini göstərə bilmədiyindən şahidin iddiaçının nə vaxtsa Rusiya Federasiyasında yaşaması barədə verdiyi məlumat sübut sayıla bilməz. Belə ki, MPM-in 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, X6 xx.xx.1996-cı ildə Lənkəran şəhərində ölümündən sonra miras qalmış Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən 78/19 saylı evin 69 saylı mənzili iddiaçı tərəfindən faktiki surətdə idarə olunaraq kirayəyə verilmiş, bununla da miras iddiaçı, eləcə də kirayə haqqından faydalanan X22 tərəfindən qəbul edilmişdir. Miras qoyanın bərabər pay hüquqlu iki vərəsəsi olsa da, iddiaçı mənzilin yalnız ona qalmış miras olaraq tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi də iddianı təmin etməklə, mirasın bütövlükdə iddiaçı tərəfindən qəbul edilməsi nəticəsinə gəlmişdir. xx.xx.1965-ci ildən xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianın tam təmin edilməsinin digər vərəsənin varislərinin hüquqlarına toxunmasını nəzərə almamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qətnamə tamamilə ləğv edilməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçının mərhum anasından qalmış mirasdan yalnız özünə çatası paya qanun üzrə vərəsəlik hüququ olduğundan, onun yalnız mirasdan özünə çatası payını qəbul edilməsi faktı müəyyən edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. MPM-in 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-750/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. X1 qalmış, Lənkəran şəhəri, Zərifə Əliyeva (B.O.Abbasov) küçəsi, bina 78/19-da yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzildən ibarət mirasdakı payının İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər Tofiq Heydərov Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar