Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1396/2024 13.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı nikah müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(050)-1855/2024 nömrəli qərardadından (hakim Coşqun Abdullayev) iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 03 iyun 2016-cı il tarixli nikah müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə 05 oktyabr 1994-cü il tarixdə Masallı rayonu Banbaşı kəndinin icra nümayəndəliyində rəsmi nikaha daxil olmuşlar. 03 iyun 2016-cı il tarixində X1 şəhərində onunla cavabdeh arasında nikah müqaviləsi bağlanmışdır. Lakin o, tatar və rus dillərini yaxşı bilmədiyi üçün həmin vaxt müqavilənin nədən ibarət olmasını və hansı şərtlərinin olmasını bilməmişdir. Həmin vaxt cavabdeh onu aldadaraq öz maraqlarına uyğun şəkildə nikah müqaviləsi bağlamışdır. Odur ki, hesab edir ki, həmin müqavilə ləğv olunmalıdır. Çünki müqavilə onun hüquqlarını pozur. Cavabdeh bilə-bilə onunla Azərbaycan Respublikasında deyil, xarici ölkədə nikah müqaviləsi bağlamışdır. O, bu addımı düşünərək atmışdır. Çünki o, nə həmin dövlətin dilini nə də ki, qanunlarını bilməmişdir. Odur ki, nikah müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini bildirərək, nikah müqaviləsinin etibarsız edilməsinə razı olduğunu, müqavilənin öz aralarında sülh yolu ilə deyil, məhkəmə qaydasında iddiaçının tələbinə əsasən etibarsız hesab edilməsini tələb etdiyini bildirmişdir. Masallı Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(050)-1855/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı nikah müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun İddiaçı qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işə məhkəmə qaydasında baxılmaması üçün və işin icraatına xitam verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə sadəcə hüquqdan sui-istifadə halları və vicdanlılıq prinsipini əsas gətirmişdir. Lakin işə baxılan zaman iddiaçı və ya cavabdehin hüquqlarının pozulması aşkar olunmamışdır. İddiaçı iddiada qətiyyətli olmuş cavabdehdə iddianı qəbul etmişdir. Əgər iddia tələbi üçüncü şəxslərin hüquqlarına toxunursa o zaman məhkəmə həmin şəxsləri işə cəlb etməli idi. Əks təqdirdə məhkəmə işə baxıb əsaslandırılmış qətnamə qəbul etməli idi. Şikayətə baxılmış, Masallı Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 03 iyun 2016-cı il tarixində X1 şəhərində notariat qaydasında təsdiq edilmiş nikah müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsində, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2016-cı il tarixdə özünün dediyinə görə hazırda birlikdə yaşadığı əri tərəfindən “aldadılaraq” bağladığı müqaviləni 8 il keçdikdən sonra etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edərək mübahisələndirmişdir. O, məhkəmə iclasında cavabdehlə hal-hazırda da birgə nikahda olduqlarını, ailənin gəlirlərini birgə istifadə etdiklərini və təsərrüfatını birlikdə idarə etdiklərini, ərinin nikah müqaviləsi bağlandıqdan sona bir neçə əmlakın üzərində sərbəst şəkildə sərəncam verdiyini bildiyini, ərinin biznes uğursuzluğu nəticəsində bir neçə əmlakın özgəninkiləşdirildiyini qeyd etmişdir. O, hazırkı vəziyyətdə də ərininin adına evin olduğunu, o evi də satacağından ehtiyatlandığı üçün nikah müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Maraqlısı odur ki, iddiaçının “cavabdeh” kimi qeyd etdiyi əri Cavabdeh də izahatında evi gələcəkdə satacağından ehtiyatlandığı üçün iddiaçının müqavilənin etibarsızlığını haqlı olaraq tələb etdiyini, bu səbəbdən də iddia tələbini qəbul etdiyini deyərək, müqavilənin ləğv edilməsini deyil, etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, müqavilənin tərəfləri gələcəkdə arzuolunmaz risqlərdən müdafiə olunmaq üçün öz iradələri ilə nikah müqaviləsini ləğv edə bilərlər. Cavabdehin hələ gələcəkdə özünün iradəsi ilə həyata keçirə biləcəyi evin satılması ilə bağlı hərəkət etməsi birbaşa onun iradəsi ilə bağlı olduğu halda, qeyd edilən hərəkətlə arvadının ziyan çəkəcəyini düşündüyünü, müqaviləni istənilən vaxt arvadı ilə razılaşaraq xitam etmək varinatı olmasına baxmayaraq, bir-biri ilə razılaşaraq nikah müaviləsinin ləğvi etmək əvəzinə, məhkəməyə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı müraciət edilmişdir. Məhkəmə hesab edir ki, həmin şəxslər hüquqdan sui-istifadə etməklə aralarında hər hansı mübahisə olmadığı halda formal olaraq iddiaçı və cavabdeh qismində məhkəmədə iştirak etmişlər. Çünki cavabdeh özü də izahatında Rusiyada olan əmlakları borclarının olması səbəbindən girov qoyulduğunu, həmin əmlaklardan yarısının, yəni arvadının payına düşən hissəsinin geri qaytarılması üçün onlara nikah müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə qətnaməsinin lazım olduğunu, sülh yolu ilə, yəni razılıqla müqavilənin ləğvinin əmlakların geri qaytarılmasına səbəb olmayacağını bildirməklə müavilənin etibarsız hesab edilməsini xahiş etmişdilər. Buradan da aydın olur ki, etibarsızlıq halı müqavilənin bağlandığı andan heç bir hüquqi nəticə yaratmadığından iddiaçı məqsədyönlü şəkildə iddia ərizəsi ilə müraciət edərək müqavilənin etibarsızlığını tələb edir və bu işdə maraqlı olan əri isə cavabdeh olsa da, müqavilənin etibarsız hesab edilməsini istəyir ki, əldə çıxmış əmlakların arvada düşəcək hissədə geri qaytara bilsinlər. Eyni zamanda qeyd ediləmlidir ki, iddiaçı birgə nikah dövründə əldə ediləcək əmlakların kimin adınadırsa onun da mülkiyyəti sayılması ilə bağlı nikah müqaviləsinin şərtini anlamadığını, nəticədə birgə nikah dövründə əldə edilmiş, ona çatacaq əmlakların yarısına mülkiyyət hüququnu itirdiyini qeyd etmiş, lakin cavabdehlə birlikdə yaşayaraq əmlakların ailənin gəlir qazanması üçün sərəncam verilməsindən məlumatı olmuş, bu barədə etiraz etməmişdir. Tərəflər eyni zamanda izahatlarında əmlaklarla bağlı sənədləşmə işlərində iddiaçının hər dəfə müxtəlif orqanlara getməsi imkanının olmadığını, cavabdehin özünün sənədləşmə işlərini tək həyata keçirə bilməsi üçün belə bir müqaviləni bağladıqlarını qeyd etmişlər. Buradan da görünür ki, hər iki tərəf müqaviləni bağlamalarını dərk etmişlər və ümumi niyyətlə qeyd edilən müqaviləni bağlamışdılar. Hazırda isə biznes uğursuzluğu nəticəsində əmlakların əldə çıxdığını görüb, əmlakların yarısını, yəni arvadın payına düşən hissəni əldə etmək üçün bu addıma əl atmışdılar. Məhkəmə qeyd edir ki, məhkəmədə tərəflər arasına mövcud olan real mübahisəyə baxılır. Hazırki vəziyyətdə isə tərəflərin yaratdığı mübahisə süni mübahisədir və hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı nikah müqaviləsini etibarsız hesab edilməsini xahiş etsə də, iddiasının qanuni əsaslarla sübut etməmiş, hüquqdan sui-istifadə edərək, formal olaraq müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Şikayətində iddiaçı qərardadın ləğv edilməsini xahiş etsə də, şikayətini əsaslandırmamış və müvafiq sübutlarını şikayətinə əlavə etməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qanunvericiliyin məğzindən də görünür ki, iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Hazırkı şikayət üzrə də, iş üzrə icraata xitam verilməsi barədə qərardad qüvvədə saxlanıldığından, bu qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(050)-1855/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1396/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1396/2024
13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver