Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-14/2023 01.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-2517/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması və həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Əlqulular kəndində yaşayır və xx.xx.2020-ci il tarixdə X5 ailə üzvlərinin xüsusi mülkiyyətində olan İmişli rayonu Əlqulular kəndində yerləşən 2,8252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alğı-satqı yolu ilə əldə etmişdir. Torpaq sahəsinin yeri A490190 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilmiş koordinatlar üzrə xəritəyə köçürülmüş və yer üzərində naturada ayrıldıqda Cavabdeh istifadəsində olduğu aşkara çıxmışdır. Cavabdeh ona məxsus olan torpaq sahəsini qaytarmaqdan imtina etdiyi üçün onun İmişli rayonu Əlqulular kəndində yerləşən 2,8252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması haqqında iddia qaldırmışdır. İmişli Rayon Məhkəməsinin 2(036)-2517/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia təmin edilərək, İddiaçı məxsus olan A 490190 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilmiş planda yeri təyin edilən İmişli rayonu Əlqulular kəndi ərazisində yerləşən 2,8252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (reyestr nömrəsi: **********78) Cavabdeh çıxarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Əlqulular kəndində yaşayır. Torpaq islahatı nəticəsində adam başına düşən torpaq normasına uyğun olaraq ailə üzvlərinin ümumi mülkiyyətinə 5,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN-312 saylı Dövlət aktında qeyd olunmuş plan əsasında ona təhkim edilmişdir. Həmin torpaq sahəsi ötən 22 il müddətində onun sahibliyində olmuş və təyinatına uyğun şəkildə istifadə edilmişdir. İddiaçı öz torpaq sahəsinin yerini bilmədiyi üçün ona qarşı iddia qaldırmışdır. Məhkəmə işə onun iştirakı olmadan, ekspertiza keçirmədən, torpaq sahəsinə onun və mütəxəssis tərəfindən baxış keçirilmədən, tərəflərin torpaq sahələrinin sərhədlərinin yerini və koordinatlarını müəyyən etmədən, sadalamaqla kifayətləndiyi sübutları əsaslandırmadan qanunsuz qətnamə çıxarmışdır. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdehin tərəfində üçüncü şəxslər X3, X9, X7, X8, X6, X10 və X11 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Apellyasiya məhkəməsinin iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası, tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdəki hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İmişli rayonu, Əlqulular kəndində yerləşən 2,8252 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 31 saylı reyestr kitabının 31 saylı vərəqində qeydiyyata alınmışdır. İşdəki Torpağa mülkiyyət hüququna dair JN-312, kod 90700048 saylı Dövlət aktının surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarına əsasən 5,97 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün İmişli rayonu, Əlqulular kənd sakinləri Cavabdeh, X3, X9, X7, X8, X6, X10 və X4 mülkiyyətinə verilmişdir. İşdəki "xxxx" MMC-nin 361/Mİ/21 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində Cavabdeh ona sənəd üzrə məxsus olan torpaq sahəsini deyil, İddiaçı çıxarış üzrə məxsus olan 2,8252 hektar torpaq sahəsinin 2,20 hektar hissəsini istifadə etdiyi göstərilir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********79 saylı məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində göstərilir ki, İddiaçı xüsusi mülkiyyətində olan 2,8252 hektar torpaq sahəsinin 2,38 hektar hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İşdəki "xxxx" ASC-nin İmişli filialının K0167012 nömrəli terminalı üzrə xx.xx.2022-ci il tarixli, 15054 saylı qəbzindən görünür ki, İddiaçı mütəxəssis tədqiqatının dəyəri üzrə 113,2 manat pulu 6 saylı Ərazi İdarəsinin hesabına ödəmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/6832 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərilir ki, İddiaçı xüsusi mülkiyyətində olan 2,8252 hektar torpaq sahəsinin 2,38 hektar hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı tələbini cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin onun mülkiyyətində olması ilə əsaslandırmışdır. Cavabdeh torpaq sahəsinin onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olması əsası ilə iddiaya etiraz etmişdir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etməyi zəruri sayır ki, "xxxx" MMC-nin 361/Mİ/21 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi kifayət qədər aydın və tam olmadığına görə, həmin rəy mübahisənin həllində mötəbər sübut sayıla bilməz. Belə ki, MPM-in 102.1-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/6832 saylı, xx.xx.2022-ci il tarixli rəyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********79 saylı məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi ilə iddiaçının xüsusi mülkiyyətində olan 2,8252 hektar torpaq sahəsinin 2,38 hektar hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, iddiaçının mülkiyyətində olan 2,8252 hektar torpaq sahəsinin 2,38 hektar hissəsinin cavabdehin istifadəsində olmasına dair xx.xx.2022-ci il tarixli, **********79 saylı məktubla təqdim olunmuş mütəxəssis və 10/6832 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyləri ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Məhkəmə kollegiyası cavabdehin, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənməsi barədə sübut təqdim etmədiyini, əksinə həmin sahənin özünə və ailəsinə aid olması əsası ilə iddiaya etiraz etməsini nəzərə alaraq, onun torpaq sahəsinin 2,38 hektar hissəsini zəbt etməsi və bu sahənin onun qanunsuz sahibliyində olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Bundan sonra TM-in) 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan həmin faktiki halların aydınlaşdırılması üçün müvafiq ekspertiza keçirmədiyindən gəldiyi nəticə işin hallarına uyğun olmamış, prosessual hüquq normaları pozularaq tələbin torpağın qanunsuz istifadəsinin dayandırılması hissəsi üzrə qətnamə çıxarılmamışdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya məxsus 2,8252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız 2,38 hektar hissəsini zəbt etməsinin təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qətnamə tamamilə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilərək, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 2,38 hektar hissəsindən çıxarılmalı, cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması onun tərəfindən torpağın qanunsuz istifadəsini dayandırmasını da özündə ehtiva etdiyindən, iddianın təkrar xarakter daşıyan həmin hissəsi rədd edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə tikinti-texniki ekspertizasının 10/6832 saylı, xx.xx.2022-ci il tarixli rəyi üzrə ekspertə verilməli olan məbləğ cavabdehdən tutulmalı, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş xərc isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-2517/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus İmişli rayonunun Əlqulular kəndində yerləşən 2,8252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,38 hektar hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh ekspertə verilməli məbləğ üzrə 50 manat tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyi üzrə İddiaçı tərəfindən ödənilmiş 113,20 manat məbləğində xərc onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-14/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-14/2023
01.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver