Məhkəmə qərarları › İş №2(106)-14/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-14/2024

09.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-16/2024 09.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpağın qaytarılması tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(056)- 123/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sabirabad Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(056)-123/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpağın qaytarılması tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş (qeydiyyat tarixi -xx.xx.2019, qeydiyyat nömrəsi -**********) Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Sabirabad rayonu Suqovuşan kəndində yerləşən 0,12 ha torpaq sahəsindən Cavabdeh istifadəsinin dayandırılması, həmin torpaq sahəsindən çıxarılması və torpağın iddiaçıya qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir. Cavabdeh Qəfərov X4 Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(056)-123/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, onun ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpağın qaytarılması tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş (qeydiyyat tarixi - xx.xx.2019, qeydiyyat nömrəsi -**********) Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Sabirabad rayonu Suqovuşan kəndində yerləşən 0,12 ha torpaq sahəsindən Cavabdeh istifadəsinin dayandırılması, həmin torpaq sahəsindən çıxarılması və torpağın iddiaçıya qaytarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu Kürkəndi bələdiyyəsi ilə onun arasında Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında qanunun tələblərinə uyğun olaraq DƏDRX tərəfindən bələdiyyənin mülkiyyəti kimi tanınan 0,12 ha torpaq sahəsi notariat orqanında təsdiq olunan rəsmi alqı-satqı müqaviləsinə əsasən ona satılmış və bunun əsasında ona həmin torpaq sahəsinin mülkiyyətçisi kimi DƏDRX-də Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir. 0,12 ha torpaq sahəsi Sabirabad rayonu Suqovuşan kəndində yerləşir. xx.xx.2019-cu ildə tərtib edilmiş AN 406490 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin koordinatları qeyd edilmişdir. DƏDRX 13 saylı Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli **********04 nömrəli məktubda qeyd olunmuşdur ki, ərizəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə Suqovuşan kəndində yerləşən və mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları müasir ölçü cihazları vasitəsilə müəyyənləşdirilərək mərz nişanları qoyulmuş və ona təhvil verilmişdir. Cavabdeh Qəfərov X1 yerləşən, iddiaçıya aid 0,12 ha həyətyanı sahəni tutaraq onun həmin sahəyə daxil olmağına imkan vermir və ona bildirir ki, həmin torpaq sahəsi özünə məxsusdur. Cavabdeh ona aid həyətyanı torpaq sahəsini qaytarmaqdan imtina edərək həmin torpaq sahəsi üzərində onun sahiblik, istifadə və sərəncam vermə hüquqlarını pozur. Cavabdehin qeyriqanuni hərəkətləri nəticəsində o, mülkiyyətində olan həyətyanı sahədən təyinatı üzrə istifadə edə bilmir. Belə ki, həmin həyət fərdi ev tikintisi üçün nəzərdə tutulmuşdur. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onunla Sabirabad rayon Kürkəndi Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona 0,36 ha torpaq sahəsi satılmışdır. Qeyd edilən torpaq sahələrinə Kürkəndi bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş və həmin torpaq sahələri ilkin olaraq onların adına Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən kadastra vurulmuşdur. Lakin onun adına DƏDRX tərəfindən çıxarış verilərkən Çıxarışlar və A № 479625, A № 479625, A 479627 saylı Torpaq sahəsinin planı və ölçüsü Kürkəndi bələdiyyəsi tərəfindən ona ayrılmış torpaqlara deyil, tamam ayrı torpaq sahələrinə verilmişdir. Hazırkı iş üzrə iddiaçı ona Sabirabad rayonu Kürkəndi bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin məhz ona ayrılmış torpaq sahəsindən kənarda olduğunu bilə-bilə sənədlərdə baş vermiş səhvdən sui-istifadə edərək ona qarşı iddia qaldırmışdır. O, halhazırda Şirvan İnzibati Məhkəməsində DƏDRX-a qarşı adına verilmiş A № 479625, A № 479625, A 479627 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki koordinatlarda dəyişiklik edərək torpaq sahələrinin faktiki yerləşdiyi koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirakı təmin edilmədiyi üçün icraatın dayandırılması barədə vəsatət verə bilməmişdir. Cavabdeh məhkəmədə izahat verərək bildirmişdir ki, özünün Şirvan İnzibati Məhkəməsində qaldırdığı iddiası rədd edilmişdir. Sabirabad rayonu Suqovuşan kəndində yerləşən 0,12 ha mübahisəli torpaq sahəsi çıxarış əsasında İddiaçı mülkiyyətində olsa da, faktiki olaraq onun istifadəsində olmuşdur. Sabirabad Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(056)-123/2021 saylı qətnaməsi qəbul edildikdən sonra həmin torpaq sahəsini iddiaçıya təhvil vermişdir. Artıq yenidən ekspertiza təyin edilməsinə zərurət yoxdur, çünki əvvəlki ekspert rəyi ilə razıdır. Belə ki, onun istifadəsində olmuş və iddiaçıya təhvil verdiyi torpaq sahəsi həqiqətən də çıxarış əsasında iddiaçıya məxsusdur. Əlavə olaraq qeyd edilməlidir ki, ona çıxarış əsasında verilən torpaq sahəsi isə başqa bir həmkəndlisi tərəfindən zəbt edilmiş və həmin şəxs orada hazırda özünə fərdi yaşayış evi tikilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Sabirabad Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(056)-123/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan ƏMDK DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Sabirabad rayonu Suqovuşan kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********16 saylı mütəxəssis rəyindən görünür ki, Daşınmaz Əmlakın Reyestrindən (qeydiyyat tarixi – xx.xx.2019, qeydiyyat nömrəsi – **********) verilmiş Çıxarış əsasında İddiaçı mülkiyyəti olan Sabirabad rayonu Suqovuşan kəndində yerləşən 0,12 ha torpaq sahəsinin sərhədləri və ölçüləri naturada GPS-lə müəyyən edilərək sxematik planda əks olunmuşdur. İddiaçı tərəfindən boşaldılması tələb olunan mübahisələdirilən torpaq sahəsi DƏDR-dən (qeydiyyat tarixi – xx.xx.2019, qeydiyyat nömrəsi – **********) verilmiş Çıxarış əsasında iddiaçının mülkiyyəti olan Sabirabad rayonu Suqovuşan kəndində yerləşən 0,12 ha torpaq sahəsi ilə əhatə olunur. Daşınmaz Əmlakın Reyesrtindən (qeydiyyat tarixi – xx.xx.2019, qeydiyyat nömrəsi – **********) verilmiş Çıxarış əsasında mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad rayonu Suqovuşan kəndində yerləşən 0,12 ha torpaq sahəsi iddiaçının dediklərinə əsasən cavabdeh tərəfindən istifadə olunur. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidməti tərəfindən verilmiş 10/16/14 nömrəli Smetadan görünür ki, ekspertiza xərclərinin dəyəri 311 manat məbləğ təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/2117 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Reyestrindən (qeydiyyat tarixi – xx.xx.2019, qeydiyyat nömrəsi – **********) verilmiş Çıxarış əsasında İddiaçı mülkiyyəti olan Sabirabad rayonu Suqovuşan kəndində yerləşən 0,12 ha torpaq sahəsinin sərhədləri və ölçüləri naturada GPS-lə müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda əks olunmuşdur. İddiaçı tərəfindən boşaldılması tələb olunan mübahisələdirilən torpaq sahəsi DƏDR-dən (qeydiyyat tarixi – xx.xx.2019, qeydiyyat nömrəsi – **********) verilmiş Çıxarış əsasında iddiaçının mülkiyyəti olan Sabirabad rayonu Suqovuşan kəndində yerləşən 0,12 ha torpaq sahəsi ilə əhatə olunur. Daşınmaz Əmlakın Reyestrindən (qeydiyyat tarixi – xx.xx.2019, qeydiyyat nömrəsi – **********) verilmiş Çıxarış əsasında mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad rayonu Suqovuşan kəndində yerləşən 0,12 ha torpaq sahəsi iddiaçının dediklərinə əsasən cavabdeh tərəfindən istifadə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərlərinə dair bildirişdən görünür ki, ekspertiza xərclərinin dəyəri 50 manat məbləğ təşkil edir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)- 73/2023 saylı qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı torpaq sahələrinin faktiki yerləşdiyi koordinatlara uyğun çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin iddiaçı Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ22) hesabına köçürülməsi qərara alınmışdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən geri qaytarılmalıdır. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. TM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, MM-in 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Kollegiya nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Beləliklə, Cavabdeh apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlillər İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir. Hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ekspert rəyi ilə müəyyən edilmiş hal qanunsuz zəbtdir və mötəbər sübutlarla da təsdiq olunur. Belə ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. X7 Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-73/2023 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı torpaq sahələrinin faktiki yerləşdiyi koordinatlara uyğun çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməmişdir. Bununla yanaşı, Cavabdeh məhkəmə iclasında Sabirabad rayonu Suqovuşan kəndində yerləşən 0,12 ha mübahisəli torpaq sahəsinin çıxarış əsasında İddiaçı mülkiyyətində olmasını, Sabirabad Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(056)- 123/2021 saylı qətnaməsi qəbul edildikdən sonra həmin torpaq sahəsini iddiaçıya təhvil verməsini, buna görə də yenidən ekspertiza təyin edilməsinə zərurət olmadığını da bildirmişdir. O, bundan başq izahatında göstərmişdir ki, çıxarış əsasında mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsi isə başqa bir həmkəndlisi tərəfindən zəbt edilmiş və həmin şəxs orada hazırda özünə fərdi yaşayış evi tikilmişdir. Qeyd edilənlərə əsasən diqqətə çatdırırlmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Nəzərə alınmalıdır ki, MM-in 140-cı maddəsinin tələbinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(056)-123/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(056)-123/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar