Məhkəmə qərarları › İş №2(106)-1400/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1400/2025

15.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1400/2025 15.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 2(069)-99/2025 saylı, 27 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 sentyabr 2025-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaşı İddiaçı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsi tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq, ödənilməsi və işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsində Maliyyə Xidmətində Mühasib vəzifəsində xidmət etmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək məzuniyyətdə olmuş, məzuniyyəti bitdikdə Şuşa şəhərinə qayıdarkən istifadə üçün siqaret almışdır. Daha sonra N saylı hərbi hissənin şəxsi heyəti ona tələ quraraq, qərəzli şəkildə guya ki, o həmin siqareti satmaq niyyəti ilə əldə etdiyini bildirərək, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işdən azad edilmişdir. Belə ki, qeyd etdiyi məsələyə görə xəbərdarlıq edilməmiş, onun barəsində hər hansı intizam pozuntusuna görə cəza təyin edilməmiş, birbaşa işdən azad edilmişdir. Göründüyü kimi ona qarşı olunan bu hərəkət hərbi hissənin qərəzidir və bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsi tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq, ödənilməsi və işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək əlavə göstərmişdir ki, o, N saylı Hərbi Hissədə Mühasib vəzifəsində işləmiş, onun bundan qabaqkı fəaliyyətində heç bir qüsuru olmamış, daxili nizam intizam qaydalarını pozmamış və bütün qayda qanunlara düzgün riayət etmişdir. Belə ki, onun hərbi hissənin daxilinə hər hansı bir vasitənin keçirib əsgər və ya digər şəxslərə vermək səlahiyyəti olmamışdır. Lakin ona edilmiş xahişə görə siqaret alaraq, hərbi hissənin daxilinə keçirib əsgərə vermiş, bunun qanunsuz olduğunu bilməmiş və o, siqareti satmaq niyyəti ilə keçirib əsgərə verməmişdir. Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd qərarı ona təqdim edilmiş, lakin həmin qərardan narazı olmuş, çünki aparılmış araşdırma zamanı alınan bütün izahatlar düzgün olmamışdır. Həmin qərardan şikayət verilə biləcəyi barədə xəbəri olmamış və cinayət işinin rədd qərarından şikayət verməmişdir. Bundan başqa hərbi hissə komandanlığı ona qarşı qərəzli olmuş, çünki Əmək Məcəlləsinə uyğun olaraq ona xəbərdarlıq, töhmət və ya başqa yüngül cəza verilə bilərdi. Hazırda işdən çıxarılmağı bir sıra çətiklər yaratmış, o, çətin durumda qalmış və iş tapmaqda çox çətinliklər çəkir. Ona görə də, qeyd etdiklərini nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Xocavənd Rayon Məhkəməsinin 2(069)-99/2025 saylı, 27 may 2025-ci il tarixli qətnaməsi ilə (X10) iddianın təmin edilməməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı “əmək mübahisələri işə bərpa” tələbinə dair iddiasının rədd edilməsi, Ağdam 2 saylı Mediasiya Təşkilatına ödənilmiş 50 (əlli) manat rüsumun İddiaçı aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Xocavənd Rayon Məhkəməsinin 2(069)-99/2025 saylı, 27 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflərdən heç biri keçirilən iclasda iştirak etməmiş, iddiaçı teleqram göndərərək iştirak etməməyinin səbəbi kimi Azərbaycan Tibb Universitetinin tədris cərrahiyə klinikasında müalicə almasını göstərmiş, lakin bunu təsdiq edən hər hansı sübutu teleqrama əlavə etməmişdir. Odur ki kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən həm iddiaçının həm də cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Xocavənd Rayon Məhkəməsinin 2(069)-99/2025 saylı, 27 may 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 44-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi yazılı formada bağlanır.Həmin maddənin 2-ci bəndinə görə tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 57-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 70-ci maddəsinin “ç” bəndinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən: Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarınıişəgötürənə təqdim etməlidir. 71-ci maddənin 2-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin e bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Xocavənd Rayon Məhkəməsinin 2(069)-99/2025 saylı, 27 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, N saylı hərbi hissə komandiri ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, Quliyev X5 Xidmətinin Mühasibi vəzifəsinə işə qəbul edilmiş və işçi əmək müqaviləsinin tam məsuliyyətini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 06 dekabr 2024-cü il tarixli raportun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə qərargah bölüyünün pilotsuz uçuş aparatları tagımında kəşfiyyat pilotsuz uçuş aparatları manqasında heyət nəfəri vəzifəsində xidmət edən əsgər X6 dələduzluq edərək, qanunsuz olaraq hərbi hissənin ərazisində əskərlərə nisyə siqaret satmağı aşkar olunmuşdur. Bu faktın araşdırılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 212 nömrəli Hərbi Hissənin Həmkarlar İttifaqı Komitəsinin 09 dekabr 2024-cü il tarixli, 16 saylı protokolundan çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissənin Maliyyə Xidmətinin Mühasibi mülki işçi İddiaçı hərbi hissənin daxilində qanunsuz olaraq siqaret satışı ilə məşğul olması iş prosesini kobud şəkildə pozmuşdur. Həmkarlar İttifaqı Komitəsi mülki işçi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi Komandirinin 10 dekabr 2024-cü il tarixli, 380 saylı əmrinin surətindən görünür ki, mülki işçi İddiaçı N saylı Hərbi Hissənin maliyyə xidmətinin (Q8) mühasibi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək müqaviləsi kobud şəkildə pozulduğu üçün) əsasən, xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan N saylı Hərbi Hissəsinin əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu kitabından görünür ki, İddiaçı əmək kitabçasını xx.xx.2024-cü il tarixdə almışdır. İş materiallarında olan Ağdam Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə kapitanı X1 cinayət işinin başlanmasının rədd olunması barədə 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin sabiq mülki işçisi İddiaçı xx.xx.2024-cü il tarixdə, təxminən saat 10 radələrində Şuşa şəhəri 8 Noyabr küçəsində yerləşən Şuşa xalça muzeyinin qarşısında yol kənarında avtomobil parklanma yerində 0,5 litr ölçülü plastik su qabının içərisində olan yanacağı ətrafına asfalt örtüyünün üzərinə səpərək, özünü yandıracağını bildirməsində hər hansı hərbi qulluqçunun günahı olmadığından qeyd edilən xüsusat üzrə Azərbaycan Rspublikası CM-nin 125-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığı üçün Azərbaycan Rspublikası CM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin sabiq mülki işçisi İddiaçı həmin hərbi hissənin əsgəri X4 tütün məmulatı olan siqareti nisyə satması əməlində Azərbaycan Rspublikası CM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi əlamətləri olmadığından, barəsində Azərbaycan Rspublikası CM-nin 39.1.2- ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin hərbi qulluqçusu əsgər X2 həmin hərbi hissənin hərbi qulluqçularına tütün məmulatı olan siqareti nisyə satması əməlində Azərbaycan Rspublikası CM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi əlamətləri olmadığından, barəsində Azərbaycan Rspublikası CM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin sabiq mülki işçisi İddiaçı xx.xx.2024-cü il tarixdə 181 nömrə Hərbi Hissə komandanlığı tərəfindən işdən azad olunması xüsusatı ilə bağlı mülki icraat qaydasında müvafiq məhkəməyə müraciət edə bilməsi hüququ İddiaçı izah edilmiş, qəbul olunmuş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmiş, qəbul olunmuş qərar barəsində maraqlı tərəflərə məlumat verilməklə qərardan prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Ağdam Hərbi prokuroru ədliyyə müşaviri Elnur Kərimovun qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırıması barədə təqdimatından görünür ki, təqdimat N nömrəli Hərbi Hissənin bütün vəzifəli şəxslərin, zabit və gizirlərin iştirakı ilə müzakirə edilib, qeyd edilən hadisənin törədilməsinə şərait yaradan halların aradan qaldırılması, N nömrəli hərbi hissənin qərargah bölüyünün pilotsuz uçuş aparatları tagımının 1ci pilortsuz uçuş aparatları qrupunun heyət nəfəri vəzifəsində xidmət edən hərbi qulluqçusu əsgər X2 intizam qaydasında cəzalandırılması məsələsinə baxılması və gələcəkdə bu kimi halların qarşısının alınması istiqamətində ciddi tədbirlərin görülməsi təklif edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya mübahisəyə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və başa düşülən qaydada müəyyən edilməsi üçün həm iddiaçı tərəfin həm də cavabdeh tərəfin təqdim etdiyi sübutları məhkəmənin müəyyən etdiyi işin həqiqi halları iiə müqayisəli tədqiq edərək aşağıdakıları müəyyən edir. İddiaçının iddia tələbinin əsasını 10 dekabr 2024-cü il tarixli, 380 saylı əmrin ləğvi və işə bərpa təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin Maliyyə xidmətinin mühasibi vəzifəsində işləmiş sabiq mülki işçisi İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək məzuniyyətdə olmuş, o, Şuşa şəhərinə qayıdarkən siqaret alaraq, özü ilə Şuşa şəhərində yaşadığı evə gətirmiş, həmin siqaretləri N saylı hərbi hissənin qərargah bölüyünün pilotsuz uçuş aparatları taqımının 1-ci pilotsuz uçuş aparatları qrupunun heyət nəfəri vəzifəsində xidmət edən hərbi qulluqçusu, əsgər X4 nisyə satmışdır. Bundan sonra qərargah bölüyünün pilotsuz uçuş aparatları tagımında kəşfiyyat pilotsuz uçuş aparatları manqasında heyət nəfəri vəzifəsində xidmət edən əsgər X2 qanunsuz olaraq hərbi hissənin ərazisində əskərlərə nisyə siqaret satmağı aşkar olunmuş və bu faktın araşdırılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. Bununla əlaqədar raport tərtib edilmiş və müvafiq araşdırma aparılmışdır. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi tərəfindən İddiaçı işdən azad olunması məsələsinə baxılaraq təklifin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 212 saylı Hərbi Hissənin Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 212 saylı Hərbi Hissənin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 09 dekabr 2024-cü il tarixdə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi Komandirinin 10 dekabr 2024-cü il tarixli, 380 saylı əmri ilə mülki işçi İddiaçı N saylı hərbi hissənin maliyyə xidmətinin (Q8) mühasibi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək müqaviləsi kobud şəkildə pozulduğu üçün) əsasən, xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 57-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. İşçilərlə işəgötürənlər arasında əmək-hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilə bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 212 nömrəli Hərbi Hissənin Həmkarlar İttifaqı Komitəsinin 09 dekabr 2024-cü il tarixli, 16 saylı protokolundan çıxarışın surətindən də görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissənin Maliyyə Xidmətinin Mühasibi mülki işçi İddiaçı hərbi hissənin daxilində qanunsuz olaraq siqaret satışı ilə məşğul olması iş prosesini kobud şəkildə pozmuşdur. Həmkarlar İttifaqı Komitəsi mülki işçi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. Göründüy kimi iddiaçı hərbi hissənin daxilində qanunsuz olaraq siqaret satışı ilə məşğul olaraq əmək müqaviləsi üzrə öhdəliklərini pozmuş, mülki işçi olsa da hərbi hissə daxilində müəyyən edilmiş daxili intizam qaydalarından kənara çıxmış, nəticə də əmək hüquqlarının kobud şəkildə pozuntusuna yol verməklə işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. İşəgötürən haqlı olaraq iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozması, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi əsası ilə qabaqcadan həmkarlar ittifaqı təşkilatının razılığını almaqla əmək müqaviləsini ləğv etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməməklə yanaşı, cavabdehin təqdim etdiyi sübutların mötəbərliliyini mübahisələndirməmiş, cavabdeh isə öz etirazının əsası kini istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissənin Komandirinin 10 dekabr 2024- cü il tarixli, 380 saylı əmrinin qanunsuz olmasını, hərbi hissədə tərəfindən siqaret satılmasının qanunsuz olmasını bilmədiyini və onun barəsində hər hansı intizam pozuntusuna görə yüngül cəza verilməsini bildirməklə kifayətlənmişdir. Kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi Əmək Məcəlləsinin tələblərinə uyğundur. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Xocavənd Rayon Məhkəməsinin 2(069)-99/2025 saylı, 27 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xocavənd Rayon Məhkəməsinin 2(069)-99/2025 saylı, 27 may 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar