Məhkəmə qərarları › İş №2(106)-1406/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1406/2023

21.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1406/2023 21.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkilləri Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı "mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(032)-98/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. a) İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı "mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətlərində olan Şirvan şəhər, Tİsmayılov küçəsi 11 saylı evin 47 saylı mənzilindən (Yeni qaydalarla: AZ1800, Şirvan şəhər T İsmayılov küçəsi 157, M4, mənzil 1) çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhər məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(032)-136/2020 saylı qətnaməsi ilə onlar cavabdehlər Cavabdeh və X7 qarşı Şirvan şəhəri, Tİsmayılov küçəsi,ev 11,mənzil 47 ünvanında yerləşən ümumi sahəsi 78,2 kv.m-dən ibarət 4 otaqlı mənzilin Şirvan şəhər Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(032)-142/2019 saylı qətnaməsində göstərilmiş qaydada bölünməklə Cavabdeh 1/3 hissə, özlərinə 1/3 hissə olmaqla, ikisinə 2/3 hissədə payların naturada bölgüsünün aparılması, belə bölgü mümkün olmadığı halda onların paylarına düşən dəyərə uyğun məbləğdə nəğd şəkildə Cavabdeh tərəfindən ödənilməsi, bu mümkün olmadığı halda həmin daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin müvafiq olaraq cavabdehə 1/3 hissə, onlara ümumilikdə 2/3 hissə olaraq ödəniməsi və digər cavabdeh X7 iddiaçılar tərəfindən 2000 manat ödənilməklə onun da istifadə hüququna xitam verilməsi barədə ərizələri təmin edilmiş, Şirvan şəhəri Tİsmayılov küçəsi ev 11, mənzil 47-nin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər və Cavabdeh arasında onların paylarına uyğun mütənasib şəkildə bölüşdürülməsi, cavabdeh X7 6000 manat ödənilməsi və onun Şirvan şəhər,T İsmayılov küçəsi 157,M4,m1-dən istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh və X4 müştərək qaydada keçirilmiş məhkəmə-likinti ekspertizasının tədqiqatının dəyəri 100 manat dövlət nəfinə və daşınmaz əmlakın qiymətləndirilməsinin aparılması məqsədi ilə keçirilmiş ekspertizanın dəyərinin 150 manat alınaraq”UNİPRİCE”MMC-yə ödənilməsi qət edilmişdir. 11 04.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Şirvan şəhəri,T. İsmayılov küçəsində yerləşən, 11 saylı evin, 47 saylı mənzili (Yeni qaydalarla Tİsmayılov küçəsi 157,M 4 mənzil 1) onlar tərəfindən "Capitals Auction”MMC X5 Protokol №39, xx.xx.2022-ci il tarixli, 39 nömrəli Protokola əsasən keçirilmiş hərracın qalibi olaraq əmlak onlar almış, dəyəri olan 36400 manat pul nəğd şəkildə Hərrac mərkəzinə ödənilmişdir. Hərrac keçirildikdən sonra cavabdeh olan X7 onlar 6000 manat pul ödənilmiş və onun istifadə hüququna xitam verilmişdir. Lakin cavabdeh X6 əmlakın satışından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ona düşən payı götürməkdən imtina edərək, bu günədək də evdən çıxmaq istəmir. Cavabdehin payına düşən məbləğ ‘‘Kapital Bankın” Şirvan şəhər şöbəsində Şirvan İcra və Probasiya Şöbəsinin depozit hesabındadır.Cavabdehin mülkiyyətində olan evdən çıxmaması onların mülkiyyət hüquqlarını pozur, mülkiyyətdən sərbəst istifadə etməyə imkan vermir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: b) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Şirvan Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(032)-98/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən 47 saylı mənzilindən (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi 157, m 4, m 1) çıxarılması, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manatın alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: c) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehin yaşamağa mənzili yoxdur. Mənzil hərraca çıxarılan zaman cavabdehə məlumat verilməmiş, mənzil dəyərindən iki dəfə az qiymətə iddiaçılar tərəfindın alınmışdır. Cavabdehə təklif edilən 12134 manat pulu da götürməmişdir. Birinci insansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə istinad etsə də, cavabdehin qeyd edilən mənzilə istifadə hüququnun xitam edilməsi barədə məhkəmə qərarı mövcud deyildir. O, doğulduğu andan bu günə kimi həmin mənzildə yaşamışdır və mənzildən çatası payı kiməsə satmamışdır. Keçirilmiş qanunsuz hərracdan məlumatı olmamışdır. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək, düzgün olmayan nəticəyə gəlmişdir. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçılardan İddiaçı2 onun analığı, İddiaçı1 isə onun atabir bacısıdır. Bildirmişdir ki, mübahisəli mənzil 80-ci illərdə alınmış və o ailəsi ilə birlikdə həmin mənzilə 1985-ci ildə köçmuşlər. Anası 1988-ci ildə vəfat etmiş və bundan sonra atası Milkicanla ailə qurmuşdur. Hələ sağlığında atası həmin evin bir otağını ona ayırmışdır. Atası 2016-ci ildə vəfat etmiş, bundan sonra iddiaçılarla aralarında hazırkı mübahisə yaranmışdır. Mübahisəli mənzillə bağlı Şirvan şəhər məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(032)-136/2020 saylı qətnaməsi ilə onlar cavabdehlər Cavabdeh və X7 qarşı Şirvan şəhəri, Tİsmayılov küçəsi,ev 11,mənzil 47 ünvanında yerləşən ümumi sahəsi 78,2 kv.m-dən ibarət 4 otaqlı mənzilin Şirvan şəhər Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(032)-142/2019 saylı qətnaməsində göstərilmiş qaydada bölünməklə Cavabdeh 1/3 hissə, özlərinə 1/3 hissə olmaqla, ikisinə 2/3 hissədə payların naturada bölgüsünün aparılması, belə bölgü mümkün olmadığı halda onların paylarına düşən dəyərə uyğun məbləğdə nəğd şəkildə Cavabdeh tərəfindən ödənilməsi, bu mümkün olmadığı halda həmin daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin müvafiq olaraq cavabdehə 1/3 hissə, onlara ümumilikdə 2/3 hissə olaraq ödəniməsi və digər cavabdeh X7 iddiaçılar tərəfindən 2000 manat ödənilməklə onun da istifadə hüququna xitam verilməsi barədə ərizələri təmin edilmiş, Şirvan şəhəri Tİsmayılov küçəsi ev 11, mənzil 47-nin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər və Cavabdeh arasında onların paylarına uyğun mütənasib şəkildə bölüşdürülməsi qərara alınmışdır. Bildirmişdir ki, mənzil ilkin olaraq 52000 manat məbləğində qiymətləndirmiş, lakin açıq hərracdan 36400 manata satılmışdır. Ona təklif edilən 12134 manat pulu icra şöbəsinin bankdakı depozit hesabına ödənilmişdir. Lakin o həmin pulu götürməmişdir. Pul istəmir iddiaçılar tərəfindən ona 1 otaqlı evin alınıb verilməsini tələb edir. Həmçinin göstərmişdir ki, evin açıq hərracdan satılması ilə bağlı hərrac protokolunu, alqı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirməmişdir. Sonda apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkilləri Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini əsassız hesab edərək onun təmin edilməməsini xahiş etmişlər. e) Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(032)- 142/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şirvan şəhəri, Tİsmayılov küçəsi, ev 11,mənzil 47-ə dair Əzimova Mülkican Həsən qızı, İddiaçı1 və Cavabdeh hər birinə 1/3 pay müəyyən edilsin və onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(032)- 136/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Şirvan şəhəri, T.İsmayılov küçəsi ev 11, mənzil 47 açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti mülkiyyətçilər və Cavabdeh arasında onların paylarına uyğun mütənasib şəkildə bölüşdürülməsi, cavabdeh X7 6000 manat ödənilməsi və onun Şirvan şəhəri, Tİsmayılov küçəs 157, M4, m 1-də istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh və X4 müştərək qaydada iş üzrə keçirilmiş məhkəmə tikini-texniki ekspertizanın tədqiqatının dəyəri 100 manat dövlət nəfinə və daşınmaz əmlakın qiymətləndirilməsinin aparılması məqsədi ilə keçirilmiş ekspertizanın dəyəri 150 manat alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 11 04.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləyə əsasən Şirvan şəhəri,T. İsmayılov küçəsində yerləşən, 11 saylı evin, 47 saylı mənzili (Yeni qaydalarla Tİsmayılov küçəsi 157,M 4 mənzil 1) iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən "Capitals Auction”MMC X5 Protokol №39, xx.xx.2022-ci il tarixli, 39 nömrəli Protokola əsasən keçirilmiş hərracın qalibi olaraq əmlakı almışlar, dəyəri olan 36400 manat pul nəğd şəkildə Hərrac mərkəzinə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin Cavabdeh ünvanlanmış 04 may 2022-ci il tarixli, 774/10-11 saylı məktubdan görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-136/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şirvan şəhəri, Tİsmayılov küçəsi, ev 11, mənzil 47 açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaiti mülkiyyətçilər və Cavabdeh arasında onların paylarına uyğun mütənasib şəkildə bölüşdürülməlidir. X2 6000 manat ödənilməli və onun Şirvan şəhəri, T.İsmayılov küçəsi 157, M4, m 1-də istifadə hüququna xitam verilməlidir. İcra tədbirləri zamanı Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən 11 saylı evin 47 nömrəli mənzili qiymətləndirici ekspert tərəfindən 52.000 (əlli iki min) manat məbləğində qiymətləndirilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq sözü gedən mənzil satılması üçün hərraca çıxarılmış və 11 aprel 2022-ci il tarixdə İddiaçı2 və İddiaçı1 tərəfindən 36400 (otuz altı min dörd yüz) manata əldə edilmişdir. Qətnaməyə uyğun olaraq evin satışınan əldə edilmiş pul vəsaitidən Sizə çatacaq 1/3 pay, yəni 12134 (on iki min yüz otuz dörd) manat məbləğində pul vəsaiti şöbənin depozit hesabına köçürülmüşdür. Ona görə də pul vəsaitinin ödənilməsi üçün cavabdehə məxsus bank hesabının şöbəyə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan 27 oktyabr 2022-ci il tarixli "icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərardan görünür ki, Şirvan şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(032)-136/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Reyestr nömrəsi **********03-**********0, Qeydiyyat nömrəsi ********** olan ünvan 3 ünvanında yerləşən 47 saylı mənzil, (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi 157, m 4, m 1) 1/2 hissəsi İddiaçı2, 1/2 hissəsi İddiaçı1 daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. f) Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, mübahisəli mənzil məhkəmə qətnaməsi əsasında hərrac keçirilərək, satılmış və iddiaçılar həmin mənzilə mülkiyyət hüququnu əldə etmişlər. Bu barədə onların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişlər. Hazırda iddiaçılar mülkiyyətlərindən cavabdehin çıxarılmasını tələb edirlər. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, doğru qənaətə gəlmiş, iddiaçıların mənzilini özgənin qanunsuz sahibliyindən azad edərək, onların çıxarımasını qət etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, yaşamağa mənzili yoxdur, mənzil hərraca çıxarılan zaman cavabdehə məlumat verilməmiş, mənzil dəyərindən iki dəfə az qiymətə iddiaçılar tərəfindın alınmışdır. Cavabdehə təklif edilən 12134 manat pulu da götürməmişdir. Birinci insansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə istinad etsə də, cavabdehin qeyd edilən mənzilə istifadə hüququnun xitam edilməsi barədə məhkəmə qərarı mövcud deyildir. O, doğulduğu andan bu günə kimi həmin mənzildə yaşamışdır və mənzildən çatası payı kiməsə satmamışdır. Keçirilmiş qanunsuz hərracdan məlumatı olmamışdır. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək, düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh ilk öncə evin hərracda satılmasından və ya bölünməsindən narazı qaldığı halda, hərracın nəticələri ilə bağlı məhkəmədə iddia qaldıra, bunu mübahisələndirə bilərdi. Lakin cavabdeh kollegiyanın iclasında da dediyi kimi hərracın nəticələrini məhkəmə qaydasında mübahisələndirməmişdir. Buna görə də, hazırda apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi və yaxud da ləğv edilməsi üçün əsas ola bilməz, qətnamə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassızdır və şikayətlərdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(032)-98/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar