Məhkəmə qərarları › İş №2(106)-1406/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1406/2024

22.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1406/2024 22.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh F (MMC-yə) qarşı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)-218/2024 saylı (hakim Qalib Paşayev) qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsaslanan xx.xx.2023cü tarixli əmrin ləğv edilməsinə, əmək müqaviləsinə 24 avqust 2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən iddiaçının öz xahişi ilə xitam verilməsi, iyun, iyul, avqust ayları üzrə ödənilməmiş əmək haqqlarının ödənilməsinə, məhkəmə qətnaməsi qəbul olunub icra olunanadək işləmədiyi günlərə görə aylıq əmək haqqının, son haqq-hesabın hesablanıb ödənilməsinə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsinə, mediasıya xərci üçün ödədiyi 50 (əlli) manat, nümayəndəyə etibarnamə verilməsi üçün 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğin cavabdehdən alınaraq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)-218/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «ç» bəndi ilə xitam verilməsi barədə cavabdeh "S.S.S.-TTAS” MMC-nin xx.xx.2023-cü tarixli əmri ləğv edilmiş, həmin əmək müqaviləsinə 24 avqust 2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən İddiaçı ərizəsinə əsasən xitam verilmiş hesab edilməsi, cavabdeh "S.S.S.-TTAS” MMC tərəfindən iyun, iyul, avqust ayları üzrə ödənilməmiş əmək haqqları, son haqq-hesab, məhkəmə qətnaməsi icra olunandək işləmədiyi günlərə görə əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc məbləği hesablanaraq İddiaçı ödənilməsi, notariat xidməti üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat pulun və 50 (əlli) manat mediasiya xərcinin cavabdeh "S.S.S.-TTAS” MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. İş apellyasiya şikayətləri əsasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024-cü il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti icraata qəbul edilmişdir. Hazırda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. İşin hallarından müəyyən edilir ki, Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qətnaməsi tərəflərin iş materiallarında olan ünvanlarına göndərilmişdir. Cavabdeh tərəf məhkəməyə müraciət edərək, məhkəmə bildirişləri və məhkəmə qətnamənin cavabdehin hüquqi ünvanına göndərildiyini və həmin ünvanda fəaliyyət göstərməmələri səbəbindən həmin sənədlərin onlara təqdim edilmədiyi bildirilmiş və qətnamənin onlara göndərilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinini surəti təkrarən cavabdeh tərəfə göndərilmiş, 11 iyun 2024-cü il tarixdə qətnamənin surəti qəbul edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 03 iyul 2024-cü il tarixdə məhkəmə apellyasiya şikayəti və şikayət verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir. Müəyyən edilir ki, cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qətnamənin onlara rəsmi qaydada göndərildiyi tarixdən, yəni 07 mart 2024-cü il tarixdən 1 ay müddətində verməli olduğu halda, 3 aya yaxın müddətdən sonra vermişdir. Görüdüyü kimi prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual hərəkətlər Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir və qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Müddət keçdikdən sonra isə həmin prosessual hərəkətin yerinə-yetirilməsindən ötrü, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində nəzərdə tutulan qaydalara riayət edildiyi halda, həmin prosessual hərəkət yerinə yetirilə bilər. Müəyyən edilir ki, cavabdehin nümayəndəsi və vəkili prosessual müddətin bərpasına dair ərizə versə də, birinci instansiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizəyə baxaraq ona hüquqi qiymət verməmiş, müddət ötürüldüyü halda apellyasiya şikayətini işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2(106)-1406/2024 saylı apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməli, Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)-218/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş verilmiş apellyasiya şikayəti baxışdan çıxarılmaqla, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya müddətinin bərpasına dair ərizəsinə baxılması və sonrakı prosessual hərəkətlərin yerinə-yetirilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Qanunvericiliyə əsasən apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəmələrinin qərardadlarından kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 128.1, 363.1.3, 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2(106)-1406/2024 saylı apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilsin. Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)-218/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti baxışdan çıxarılmaqla, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya müddətinin bərpasına dair ərizəsinə baxılması və sonrakı prosessual hərəkətlərin yerinə-yetirilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar