Məhkəmə qərarları › İş №2(106)-1411/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1411/2025

11.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1411/2025 11.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası X6 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Biləsuvar rayon Xırmandalı 1 saylı tam orta məktəbinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)- 1259/2025 saylı qərardadından İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə baxıb MÜƏYYƏNETDİ: İddiaçın Biləsuvar rayon Xırmandalı 1 saylı tam orta məktəbinə qarşı iddia ərizəsi ilə 08 iyul 2025-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək 30 iyun 2025ci il tarixli əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi, eləcə də məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Mədinə Rəsulova) İddiaçı Biləsuvar rayon Xırmandalı 1 saylı tam orta məktəbinə qarşı işə bərpa tələbinə dair mülki iş icraat Şirvan İnzibati Məhkəməsində iddiaçı tərəfindən irəli sürülmüş əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş sertifikasiya imtahanının nəticələrinin etibarsız sayılmasına dair inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın etibarsız hesab edilməsi ilə bağlı baxılan tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qət edilmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə qərardaddan şikayət verərək, ləğv edilməsini və iddia üzrə məhkəmə baxışının təyin olunmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: BB-İİ № 058126 nömrəli diplomun surətindən görünür ki, İddiaçı əsas təhsil pilləsi üçün ingilis dili müəllimi ixtisası verilmişdir. Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Həsənov X3 rayon Xırmanlı kəndində yaşayır. X5 tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2007-ci il tarixdə X4 bitirmişdir və ona 9-cu sinifə qədər ingilis dili fənnindən dərs keçmək hüququ verilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Şikayət onunla əsaslandırılmışdır ki, 2007-ci ildən ingilis dili müəllim kimi Xırmandalı kənd məktəbində fəaliyyətə başlamışdır. 2025-ci ilin iyun ayının 20-də sertifikasiyada iştirak etmiş və 27 bal toplamışdır. Çünki bəzi suallarda düzgünlük yox idi. İyun ayının 21-də sertifikasiyanın nəticəsindən “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövclət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.22-ci bəndinə əsasən inzibati qaydada Təhsil Nazirliyinə şikayət etmişdir. İXırmandalı 1 saylı tam orta məktəbin direktoru onu çağırıb bildirmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə onu işdən çıxarır. İddiaçı bildirmişdir ki, qanunun tələbinə görə sertifikatlaşdırma Qaydasının 3.22-ci bəndinə əsasən inzibati qaydada Təhsil Nazirliyinə şikayət etmişdir. Şikayətin nəticəsini gözləmək qanundur. Lakin direktor bildirmişdir ki, “yuxarı”dan məcbur edirlər və onu işdən çıxarmalıdır, yoxsa direktorun özünü işdən çıxaracaqlar. İddiaçı onunla razılaşmamışdır. Bu günlərdə məlum olmuşdur ki, direktor artıq onu 2025-ci ilin iyun ayının 30-da işdən çıxarıb. İddiaçı hazırkı iddia ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında hakim ondan sertifikasiyanın nəticəsi ilə bağlı inzibati məhkəməyə müraciət edib-etmədiyini soruşmuşdur. Məhkəmə bununla bağlı MPM-in 254.1.4-cü maddəsinə istinad edir. Həmin maddəyə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa. Lakin həmin normaya istinad edilməklə iddia üzrə icraatın dayandırılması qanunsuzdur. Çünki iddiada konkret olaraq əmək hüququnun işəgötürən tərəfindən pozulması göstərilmiş və məhz bu məsələ mübahisələndirilmişdir, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulmasına istinad edilmişdir. Məhkəmə iddiaya baxıb müvafiq qətnamə qəbul etməli idi. İnzibati məhkəmənin icraatındakı iddia isə inzibati icraat qanunvericiliyinin pozulması ilə bağlıdır. Həmin iddianın baxılıb və ya baxılmamasının bu işə aidiyyəti yoxdur və işdən çıxarılmasına dair əmri mübahisələndirir. Məhkəmə Qərardadda daha sonra “MPM-in 254.1.4-cü maddəsinin şərh edilməsinəı dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına istinad edir. Halbuki, həmin qərarda qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-in 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-in 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Göründüyü kimi, qərarda Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. İddiaçı iddiası ilə bağlı Konstitusiya Məhkəməsinin icraatında mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş yoxdur. Məhkəmə Konstitusiya ilə təsbit edilmiş məhkəmə müdafiəsinə təminat verməməklə iddia icraatını əsassızcasına dayandırmışdır. Halbuki, qanunvericiliyin tələbinə görə mülki iş üzrə başlanılmış məhkəmə prosesi mübahisə öz həllini tapanadək, təxirə salınmadan davam etdirilməlidir. Məhkəmənin qərardadına əsasən iddianın baxışına süni maneələr yaradılaraq İddiaçı işə bərpa işinə baxılmır. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş materialları yenidən baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Habelə MPM-in 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı Biləsuvar rayon Xırmandalı 1 saylı tam orta məktəbinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə icraata Şirvan İnzibati Məhkəməsində iddiaçı tərəfindən irəli sürülmüş əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş sertifikasiya imtahanının nəticələrinin etibarsız sayılmasına dair inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın etibarsız hesab edilməsi ilə bağlı baxılan tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması ilə bağlı mövqeyi barədə məhkəmə tərkibi hesab edir ki, hazırkı iş materiallarından mübahisələndirilən 30 iyun 2025-ci il tarixli əmrin, İddiaçı Şirvan İnzibati Məhkəməsində irəli sürdüyü tələb üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əldə edilməsi müəyyən edilmir. Belə ki, məhkəmə hazırkı mülki iş üzrə icraatı dayandırmaq məsələsinə qiymət verərəkən ilk öncə İddiaçı mübahisələndirdiyi 30 iyun 2025-ci il tarixli əmrin hansı əsasla verilməsi, inzibati məhkəmədəki mübahisənin xarakteri müvafiq sənədlər tələb edilməklə araşdırılmalı və yekun olaraq adıçəkilən işlər arasında asılılığın mövcudluğu müəyyən edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda göstərilən hallar araşdırılmadan verilmiş hüquqi dəyər əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunan əsasla iş üzrə icraatın dayandırılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Bunlarla bərabər, iddiaçı tərəfindən daxil olan müraciətdə inzibati məhkəmədəki mübahisənin sonlandırılması da qeyd edilmişdir ki, bu hal üzrə də müvafiq məhkəmədən zəruri məlumatlar əldə edilməlidir. MPM-in 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla, mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (“X1rşı” iş üzrə 28 may 1985-ci il tarixli və “Bellet Fransaya qarşı” iş üzrə 04 dekabr 1995-ci il tarixli qərarlar). MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARVERDİ: Şikayət qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli 2(022)-1259/2025 saylı qərardadı ləğv edilsin və mülki iş materialları yenidən baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar