Məhkəmə qərarları › İş №2(106)-1413/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1413/2022

14.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1413/2022 14.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mirzəyev Nüsrət Fətulla oğlundan ibarət tərkibdə, İrzayev Hüseyn Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-492/2022 saylı, 29 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Salyan rayonu, Şorsulu kəndində yerləşən 2,08 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Torpağa mülkiyyət hüququna dair şəhadətnaməsi vardır. Həmin şəhadətnamədə nəzərdə tutulmuş torpaq sahəsini 11 ildir ki, cavabdeh zəbt edərək öz məqsədləri üçün istifadə edir. Dəfələrlə bununla bağlı ona xəbərdarlıq edilsə də, cavabdeh torpaq sahəsini qaytarmır. Cavabdeh qanunsuz olaraq onun torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(057)-492/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ağarza Səmədov) iddia təmin edilmiş, Cavabdeh JN- 0023 saylı şəhadətnamə ilə İddiaçı və ailəsinin mülkiyyətinə verilmiş Salyan rayonu, Şorsulu kəndində yerləşən 2,08 hektar torpaq sahəsindən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu əvəzində 100 manatın Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(057)-492/2022 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onların arasında 15 il müddətinə torpaq sahəsinin cavabdehə verilməsi barədə rəsmi müqavilə olmuşdur. İddiaçının izahatında və qətnamədə bu öz əksini tapmışdır. Bu göstərir ki, 15 il müddətinə 2010-cu ildə torpaq cavabdehə satılmışdır. İddiaçı ilə hər il 250 manat olmaqla, 15 illiyə razılığa gəlmişlər. Cavabdeh MM-in 739-cu maddəsinə istinad edərək, bu razılığın şifahi formada olduğunu və müqavilənin qiyməti 250 manat olduğu üçün yazılı müqavilə bağlanmadığını bildirmişdir. O, bu illər ərzində bütün öhdəliklərini icra etmiş və ödəniş etmişdir. İddiadan da görünür ki, iddiaçı 12 il üçün heç bir vəsait tələb etmir. MM-in 739.1ci maddəsi tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Həmçinin, 1 məhkəmə iclası keçirilmiş və eyni zamanda da qətnamə qəbul edilmişdir. Məhkəmə sözə istinad edərək bir cümlə ilə müqavilə olmadığını əsas gətirməklə cavabdehin əleyhinə qətnamə qəbul etmişdir. Halbuki iddiaçı etiraf etmişdir ki, 15 illiyə torpağı cavabdehə vermişdir. İddiaçı cavabdehin onun torpaq sahəsinə qanunsuz zəbt etməklə daxil olması barədə sübut təqdim etməmişdir. Bir neçə güvənli sübut olmasını qeyd edən məhkəmə iddiaçının ailə üzvlərini işə cəlb etməmişdir. Verilmiş ifadələr sübutların güvənli olmadığını təsdiq edir və ziddiyyət təşkil etmir. Torpağın 15 il müddətinə cavabdehə verilməsini hər iki tərəf göstərir. Odur ki, sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə prosesi zamanı iddiaçı bildirmişdir ki, 15 il müddətinə könüllü razılıq əsasında ildə 250 manat müqabilində torpaq sahəsini cavabdehə icarəyə vermişdir. Cavabdeh iddiaçının torpaq sahəsini zəbt etməmişdir. İddiaçının ailə üzvlərinin də mülkiyyət hüququ olsa da, həmin şəxslərin iştirakı təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 Apellyasiya Məhkəməsinə apellyasiya şikayətindən imtina edilməsinə dair poçt vasitəsilə ərizə təqdim etmiş, ərizədə tərəflərin mübahisəni öz aralarında həll edərək barışıq əldə etdiklərini bildirmişdir. Poçt vasitəsilə təqdim edilmiş ərizədə apellyasiya şikayətinə xitam verilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin nümayəndəsinin adından poçt vasitəsilə göndərilmiş apellyasiya şikayətindən imtina edilməsinə dair ərizə sadə yazılı formada tərtib olunmuş və notarial qaydada təsdiq edilməmişdir. Odur ki, ərizənin, həqiqətən də, səlahiyyətli şəxsdən gəlib-gəlməməsini müəyyən etmək mümkün olmadığından məhkəmə kollegiyası işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(057)- 492/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan JN-0023, 80913018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 2001-ci il tarixli, 02 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı, Salyan rayonunun Şorsulu kəndində yerləşən 2,08 ha torpaq sahəsi X1 və onun ailə üzvlərinin – X4 və İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan 2(057)-492/2022 saylı, 29 mart 2022-ci il tarixli məhkəmə baxış iclasının protokolundan görünür ki, İddiaçı birinci instansiya məhkəməsinin iclasında çıxış edərək ona və ailə üzvlərinə məxsus 2,08 hektar torpaq sahəsini 2010-cu ildə 1500 manat pul qarşılığında Cavabdeh 15 il müddətinə satdığını və lakin aralarında notariatda heç bir sənədləşmə aparılmadığını bildirmişdir. İddiaçı qeyd etmişdir ki, torpaq sahəsini cavabdehə verərkən digər ailə üzvlərinin razılığı olmamışdır və hazırda ailə üzvləri torpağı geri tələb edir. Həmçinin, dolanışığı çətinləşdiyi üçün torpaqdan özü istifadə etmək fikrindədir. Torpağın sənədi cavabdehdədir. Pulu iddiaçıya Namiq vermişdir, lakin cavabdeh tərəf iddiaçıya 4000 manat pul verməmişdir. Həmin məhkəmə iclasında cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 çıxış edərək bildirmişdir ki, cavabdehlə birlikdə yaşayır. 2012-ci ildə iddiaçı onlara gələrək torpağı 15 illik müddətə satdığını bildirmiş, lakin cavabdeh tərəf həmin torpaq sahəsini almamışdır. Həmin hadisədən 2 gün sonra iddiaçı yenə gəlmiş və “Kamaz” almaq istədiyi üçün torpaq sahəsini satdığını demiş, ancaq onlar yenə razılaşmamış və torpağı almamışlar. 3 gün sonra iddiaçı yenə gəlmiş və torpağı ondan almalarını xahiş etmişdir. Ədalət Quliyev məcburiyyət qarşısında qalaraq 50 baş qoyun, 4 inək sataraq 4000 manat pul düzəldib iddiaçıya vermiş və əvəzində 1,40 ha torpaq sahəsini almışdır. İddiaçıya notariusa getmək barədə dedikdə isə iddiaçı “mən kişiyəm” deyərək imtina etmişdir. Torpağı hər il 250 manat vermək şərti ilə 15 illiyə (2025-ci ilə kimi) almışdır. Ancaq müqavilə bağlamamışlar. O, hazırda həmin torpaqda yonca əkmiş və xeyli vəsait sərf etmişdir. Məhkəmə kollegiyası ilk öncə onu bildirməyi zəruri hesab edir ki, cavabdeh tərəf torpaq sahəsinin onlara 15 il müddətinə satıldığını bildirsə də, işin hallarından bəlli olur ki, tərəflər arasında yaranmış faktiki münasibətlər torpaq sahəsinin icarəsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Tərəflər arasındakı mövcud münasibətlərin icarə münasibətləri olduğuna görə, cavabdehin apellyasiya şikayətində MM-in borc müqaviləsi ilə bağlı normalara istinad edərək qanunvericiliyin bu cür razılaşmanın şifahi olmasına da icazə verməsi ilə bağlı bildirdikləri işin hallarına əsasən əsaslı hesab edilə bilməz. Belə ki, qanunverici tərəflər arasındakı faktiki münasibətlərin tənzimlənməsi üçün borc müqaviləsi ilə bağlı deyil, icarə müqaviləsi ilə əlaqədar normaların tətbiqini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.8-ci maddəsinə əsasən, torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. TM-in 67.3-cü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Beləliklə, Torpaq Məcəlləsinin 66.1-ci maddəsindən də göründüyü kimi, torpaq üzərində icarə hüququnun yaranması üçün tərəflər arasında bağlanmış və notarial qaydada təsdiqlənmiş müqavilənin mövcud olması tələb olunur. Lakin bu cür müqavilənin mövcudluğu yeganə şərt deyil. Bununla yanaşı, həmin müqavilə əsasında torpaq üzərində yaranmış hüquq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına da alınmalıdır. Yalnız bu şərtlər yerinə yetirildikdən sonra şəxsin torpaq sahəsi üzərində hüquqlarının qorunmasına dövlət təminatı verilir. Belə ki, TM-in 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Qeyd edilən müddəaları hazırkı işin halları üzrə tətbiq edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tərəflər arasında faktiki icarə münasibətləri mövcud olsa da, həmin münasibətlər qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmədiyindən, yəni notarial qaydada təsdiq edilmiş müqaviləyə və əldə edilmiş hüququn dövlət qeydiyyatına əsaslanmadığından, cavabdehin torpaq sahəsi üzərində hüquqlarının müdafiəsinə dövlət təminatı verilə bilməz və bu qeyd edilən hallar səbəbindən də onun torpaq sahəsindən istifadəsi qanuni əsasa malik olmamaqla qanunsuz xarakter daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biri hesab edilir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 139-1.1.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Qeyd edilən maddələrdən görünür ki, Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Salyan rayonunun Şorsulu kəndi ərazisində yerləşən 2,08 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X1 və onun ailə üzvləri X3, həmçinin İddiaçı birgə mülkiyyətinə verilmişdir. Odur ki, həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ mövcuddur. Sadalananlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, cavabdehin daşınmaz əmlaka dair (torpaq sahəsi) hüquqları dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün öz etirazının əsası kimi istinad etdiyi və işin mübahisəli hallarını əsaslandıra bilməmiş, bununla bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən qanunazidd şəkildə tutulması təsdiq olunduğundan birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməklə iş üzrə düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(057)-492/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(057)-492/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar