Məhkəmə qərarları › İş №2(106)-1418/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1418/2025

18.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1418/2025 18.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Sabirabad Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli 2(056)-50/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli Çıxarışı ilə yaşayış məntəqələri torpaqları üzrə ona məxsus ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona qaytarılması, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sabirabad şəhəri S.Ə.Şirvani küçəsi 1 saylı ev qeydiyyatda olsa da, hal-hazırda 2017-ci ildə alqı-satqı müqaviləsi əsasında aldığı ünvan 1 evdə yaşayır. Adıçəkilən evin torpaq sahəsinin sol yan hissəsi hazırkı iş üzrə Cavabdeh tərəfindən zəbt edilmişdir. Ona saxta sənəd təqdim edərək orada 40 kv.m ərazisi olduğu iddia edərək qərəzli olaraq oradan çıxmır. Onun isə əldə etdiyi çıxarış və evin texniki pasportuna dair torpaq sahəsinin planından da görünür ki, həmin cavabdehin iddia etdiyi yer strukturu rəsmi olaraq ona məxsusdur. O, dəfələrlə ona bu barədə şifahi xəbərdarlıq etməyinə baxmayaraq o, onun sözlərinə məhəl qoymamışdır. Hal-hazırda cavabdeh ona aid həyətyanı torpaq sahəsini qaytarmaqdan imtina edərək həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermə hüquqlarını pozur. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı heç bir məhkəmə qərarı olmadan sökdüyü hasarı bərpa etməklə, əvvəlki cavabdehlər tərəfindən sökülmüş mağazanın yerləşdiyi 0.03 ha. ərazinin boşaltmasına dair onun bu əməli cinayət tərkibi yaratdığı üçün ona cəza verilməsinə, həmçinin İddiaçı təcili olaraq sosial şəbəkələrdə yerləşdirilən elanın təkzib edilməsi, iddianın qaldırıldığı gündən onun hüquqlarının bərpa ediləcəyi günədək hər gün üçün 50 manat mənfəət hesablanaraq onun xeyrinə ödənilməsinə və köçürülən dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsinin qəbul edilməsi üçün əsas olan çıxarışa diqqət etdikdə onun iddia ərizəsində qeyd etdiyi hüququnun pozulmadığı aşkar görünür. O, iddia ərizəsində çıxarış üzrə onun mülkiyyətinə verilən 0.06 ha. torpaq sahəsindən Cavabdeh çıxarılmasını xahiş edir. O, İddiaçı torpağının heç bir hissəsini də zəbt etməmişdir. Hal-hazırda o, 0.147 hektar torpaq sahəsindən istifadə edir. Çıxarışa dair texniki pasportda mülkiyyətində olan 0.06 ha., zəbt etdiyi ərazi 0.087 ha. Və faktiki sahə 0.147 ha. olduğu göstərilib. Qeyd edilən ərazi hal-hazırda iddiaçının istifadəsindədir. Bu hal iddiaçıya aid texniki pasportun situasiya planı bölməsində aydın cizgilərlə göstərilib. Həmin planda boş göstərilən qonşu ərazi Sabirabad RKC-nin mülkiyyətində, onun isə istifadəsində olan ərazidir. Daşınmaz Əmlakın reyestrindən çıxarışa əsasən Sabirabad şəhəri İ.İskəndərov küçəsi 83A ünvanında yerləşən mağazanın mülkiyyət hüququ Sabirabad RKC-yə, alqı-satqı müqaviləsinə əsasən sahiblik və istifadə hüququ ona məxsusdur. Onlara aid olan bu faktı Ali Məhkəmənin 04 iyul 2012-ci il tarixli 2(102)-2094/12 saylı qərarı və Ali Məhkəmənin 23 noyabr 2020-ci il tarixli 2(102)-5715/2020 saylı qərarı ilə qüvvədə saxlanılan Sabirabad Rayon Məhkəməsinin qanunu qüvvəyə minmiş qətnaməsi təsdiq edir. İddaçı mülkiyyətində və istifadəsində olan ərazini X3 alıb. Bu səbəbə görə, mübahisələndirilən ərazinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Çünki mübahisələndirilən ərazini 1-ci dəfə həmin Bağırov Zakir zəbt etmişdir. Ərazini boşaltmasına dair Sabirabad Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışlar. İddiaları təmin edildi, narazı qalan Zakir Bağırov apellyasiya şikayəti vermiş və həmin əraziyə heç bir aidiyyətinin olmadığını bidirmişdi. Apelyasiya şikayəti təmin edilmiş və Ali Məhkəmənin 04 iyul 2012-ci il tarixli 2(102)-2094/12 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Zakir Bağırovun bacısı oğlu X4 ərazinin ona aid olduğuna dair saxta sərəncamla məhkəməyə müraciət etdi. Bu səbəbdən məhkəmə mübahisəsi 2020-ci ilə qədər davam etdi. İddiaçı iddia ərizəsi üçün əsas hesab edilən çıxarış 2018-ci ilə aid olduğu üçün həmin çıxarışın mübahisələndirilən əraziyə aid olması mümkünsüzdür. Çünki 2020-ci ildə həmin əraziyə dair əvvəlki məhkəmə mübahisəsində cavabdeh olan Bayramov Zamiq Apelyasiya Məhkəməsinin onun şikayətini rədd etməsi ilə razılaşmayıb kassasiya şikayəti vermişdir. Həmin şikayətə baxan Ali Məhkəmə xx.xx.2020-ci il tarixli 2(102)-5715/2020 saylı qərarı ilə şikayəti rədd etdi və Sabirabad Rayon Məhkəməsinin cavabdehin ərazini boşaltmasına dair qətnaməsi icraya yönəldildi. Bu fakt təsdiq edir ki, həmin əraziyə dair çıxarış verilməsi mümkün deyildir. Məhkəmə iddia ərizəsini icraata qəbul edən kimi iddiaçı İcra Şöbəsinin 06 noyabr 2023-cü il tarixli Aktı ilə ona təhvil verilən ərazinin hasarını söküb. Bu onun tərəfindən edilən qanunsuzluqdur. Həmçinin İddiaçı Cavabdeh məxsus ərazinin özününki kimi qələmə verərək, ərazinin satılması üçün sosial şəbəkələrdə elan etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Nurəddin Bağırov) İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbi barədə ilkin iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/97 saylı məhkəmə tikinti-mühəndis ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat xərcin 25 manat hissəsinin İddiaçı, digər 25 manat hissəsinin isə Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı zəbt olunmasını istinad etdiyi və boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi Seriya RX ******* nömrəli Çıxarış əsasında İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin sərhədləri hüdudlarında (daxilində) yerləşmir, yəni mübahisəli torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsindən kənarda yerləşir. Sözügedən torpaq sahəsi faktiki olaraq istifadəsizdir və bələdiyyə mülkiyyətindədir. Bu halda birinci instansiya məhkəməsi belə nəticəyə gəlir ki, Seriya RX ******* nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan, məxsus 0.06 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilməməklə zəbt edilməmiş, həmin torpaq sahəsinə Cavabdeh tərəfindən hər hansı formada müdaxilə edilməmişdir. Bundan başqa, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyət hüquqlarının və digər mənafelərinin İddiaçı tərəfindən pozduğunu göstərsə də, hüquq və mənafelərinin pozulması hallarının nədə ifadə olunmasını təqdim edə bilməmiş, qarşılıqlı iddia tələbində istinad etdiyi halları sübut etməmişdir. X12 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və İddiaçı heç bir məhkəmə qərarı olmadan sökdüyü hasarı bərpa etməklə, əvvəlki cavabdehlər tərəfindən sökülmüş mağazanın yerləşdiyi 0.03 ha. ərazinin boşaltmasına dair onun bu əməli cinayət tərkibi yaratdığı üçün ona cəza verilməsinə, həmçinin İddiaçı təcili olaraq sosial şəbəkələrdə yerləşdirilən elanın təkzib edilməsi, iddianın qaldırıldığı gündən onun hüquqlarının bərpa ediləcəyi günədək hər gün üçün 50 manat mənfəət hesablanaraq onun xeyrinə ödənilməsinə və köçürülən dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İŞİNHALLARİ: Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: **********58-10301; qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi: xx.xx.2018-ci il) Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.06 ha. torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025ci il tarixli 3-16-16/2-xx/xx/2025 saylı ekspert rəyindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: **********58- 10301; qeydiyyat nömrəsi: **********) Seriya Rx ******* nömrəli Çıxarış əsasında mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad şəhəri İ.İskəndərov küçəsi 83A ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin sərhədləri və ölçüləri naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. İddiaçının boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi Daşınmaz əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: **********58-10301; qeydiyyat nömrəsi: **********) Seriya RX ******* nömrəli Çıxarış əsasında İddiaçı məxsus deyildir. Yəni yuxarıda qeyd edilən mübahisəli torpaq sahəsi Seriya RX ******* nömrəli Çıxarış əsasında İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin sərhədləri hüdudlarında (daxilində) yerləşmir. Sözügedən torpaq sahəsi faktiki olaraq istifadəsizdir və bələdiyyə mülkiyyətindədir. İddiaçının boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi Cavabdeh istifadəsində və sahibliyində deyildir. İddiaçının boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşmir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qərəzli və qanunsuzdur. Qarşılıqlı iddia üzrə məhkəməyə təqdim edilən yazılı və şifahi sübutlar araşdırılmamış və qiymət verilməmişdir. Məhkəməyə təqdim edilən və məhkəmə sənədlərinə əlavə edilən çıxarışın surəti, alqı-satqı müqaviləsinin surəti, 2011-ci il tarixli məhkəmə qətnaməsinin surəti, yuxarı instansiya məhkəməsində qüvvədə saxlanılan 13 dekabr 2018-ci il tarixli Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, icra vərəqəsinin surəti, ərazinin təhvil verilməsinə dair Aktın surəti, keçmiş cavabdehin hazırda mübahisələndirilən ərazini qeyri-rəsmi satmağına dair izahatı və s. sübutları məhkəmə nəzərə almamışdır. İlk iddiaçının iddia etdiyi əraziyə dair heç bir hüququnun olmadığı məhkəməyə təqdim etdiyi çıxarışa əlavə edilən texniki pasportda aydın şəkildə görünürdü. Bu hal və bir çox başqa sənədlərə əsasən iddianın rədd edilməli olsa da, məhkəmə bunları nəzərə almamışdır. İddiaçı əsas məqsədlərindən biri vaxtı uzatmaqla məqsədinə nail olmaqdır. Çünki həmin mübahisələndirdiyi əraziyə dair 12 illik məhkəmə mübahisəsinin şahididir. 2011-ci ildən 2023-cü ilə qədər davam edən məhkəmədə cavabdeh olan X4 2017ci ildə fürsət tapıb gizli, qanunlara məhəl qoymadan ərazini İddiaçı satıb. Ancaq 2023-cü ilə qədər cavabdeh olaraq şikayətlər edib və məhkəmə baxışına nail olub. Hazırki vəziyyət ilk iddia üzrə iddiaçının işinə yarayır, çünki sosial şəbəkələr üzərindən ərazini satışa çıxarıb və satacağına ümid edir. İndi qeyd edilən faktlar vaxtın süni surətdə uzadılması şübhəsi yaradır: 1 .Ekspertizanın bir aya aparılması tapşırılır. xx.xx.2024-cü il tarixli, 2(056)-2058/2024 saylı qərardadın icrası keçmişə, yəni xx.xx.2024-cü ilə təyin edilir. 2.Buna etiraz edəndən sonra xx.xx.2024-cü ildə yenidən ekspertiza bir ay müddət təyin olundu. 3. İcrası bir aya tapşırılan və xx.xx.2024-cü ildə qəbul edilən qərardad ekspertiza mərkəzinə 08 yanvar 2025-ci ildə daxil olub. Qeyd olunanlara, mütəxəssis qarşısında qoyulan sualların “D” bəndinə və digər əsaslara görə xx.xx.2025- ci il tarixdə hakimə etiraz etmiş, amma etiraz qəbul olunmamışdır. Əsaslandırıcı hissədə yazılan “Sözügedən torpaq sahəsi faktiki olaraq istifadəsizdir və bələdiyyə mülkiyyətindədir” fikri qərəzlidir. Çünki məhkəməyə təqdim olunan yazılı və şifahi sübutlar bu fikrin qərəzli olmasını deməyə əsas verir. Məhkəmə qarşılıqlı iddia əsasında heç bir araşdırma aparmadan bu nəticəyə gəlib. İddiaçı xx.xx.2025-ci il məhkəmə iclasında X7 çəkdiyi hasarı sökdüyünü aydın şəkildə etiraf etmişdir. Bu etiraf həmin ərazinin X7 istifadəsində və sahibliyində olmasını sübut edən faktlardan biridir. Demək, həmin ərazi X1 olub ki, o həmin əraziyə hasar çəkmiş və həmin hasar İddiaçı tərəfindən qanunsuz olaraq, qəsdən sökülmüşdür. Əgər ərazi bələdiyyə mülkiyyəti olsa idi, məhkəmədə iddia qaldıran Bələdiyyə olardı. Ərazinin bələdiyyə mülkiyyəti olduğuna əsaslar yaratmaq fikri ilk iddia məhkəməyə təqdim olunandan başlayıb. Ərazinin hasarını ilk idda üzrə iddiaçının özü söküb və X10 qarşı məhkəmədə iddia qaldırmışdır. X13 həmin ərazidə yerləşmiş mağazanın mülkiyyət hüququnun Sabirabad RKC-yə aid olduğunu bildirmiş və məhkəməyə mülkiyyətə dair çıxarış təqdim etmişdir. Amma mübahisələndirilən ərazinin müayinəsinə dair qərardadda mütəxəssis qarşısında qaldırılan suallarda bu halın aydınlaşdırılmasına dair tapşırıq yer almamışdır. X7 qarşılıqlı iddiası çox sonra, yəni xx.xx.2025-ci ildə icraata qəbul edilmişdir. Mütəxəssis də heç bir araşdırma aparmadan ərazinin onun sahibliyində və istifadəsində olmadığını yazmışdır. Halbuki, başqa sübutlarla yanaşı 06 noyabr 2023-cü ildə tərtib edilmiş aktla həmin ərazini X2 və istifadəsinə verən komissiya üzvlərindən biri də həmin mütəxəssis idi. Məhkəmə də bu rəylə kifayətlənib aşağıda qeyd edilən sübutlara əhəmiyyət vermədən ərazinin X1 və istifadəsində olmadığı və bələdiyyə mülkiyyəti olmasına dair qərar qəbul etmişdir. Qarşılıqlı iddiada mülkiyyət hüququnun X10 aid olduğu yazılmamışdır. Ali Məhkəmənin 04 iyul 2012-ci li tarixli 2(102)-2094/12 saylı qərarı ilə qüvvədə saxlanılan cavabdehin şikayətini təmin etmiş Şirvan Apelyasiya Məhkəsinin 07 fevral 2012-ci tarixli 2(106)-65/2012 saylı qərarında yazılır: "Məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıların ünvan 5 ünvanında yerləşən mağaza binası ilə bağlı hüquqları pozulmuş, bu həmin mağaza binasının özbaşına sökülməsində ifadə olunmuşdur. Sabirabad Rayon Kooperativlər Cəmiyyətinin və Cavabdeh mülkiyyətlərində olan Sabirabad şəhəri İ.İsgəndərov küçəsində istifadədə olan 0,0041 ha torpaq sahəsində yerləşən 83a nömrəli, iki girişli, 32.3 kv.m ümumi, 25.5 kv.m əsas, 6.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının (mağazanın) yerləşdiyi 0.03 ha ərazinin X8 tərəfindən boşaldılması və vurulmuş ziyana görə cavabdehdən 3393.92 manat pulun alınaraq iddiaçılara verilməsi tələbinə dair iddiaları iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldiyi üçün təmin edilməməlidir". Mübahisələndirilən əraziyə dair Sabirabad Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(056)-763/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsində yazılır: "İddia təmin edilsin. Sabirabad şəhəri İ.İsgəndərov küçəsində istifadədə olan 0,0041 ha torpaq sahəsində yerləşən 83 A nömrəli, 2 girişli, 32.3 kv.m ümumi, 25.5 kv.m əsas, 6.8 kv.m köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının yerləşdiyi ərazinin X4 tərəfindən boşaldılsın və iddiaçılara təhvil verilsin". Şirvan Apelyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(106)-122/2020 saylı qətnaməsində yazılır: "Apelyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-763/2019 saylı iş üzrə 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın". İcra məmurunun tərtib etdiyi 06 noyabr 2023cü il tarixli akta əsasən həmin ərazi X10 təhvil verilmişdir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, hüquqi müəyyənlik prinsipi pozulub. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, ilkin olaraq preyudisial faktların tanınması və həmin faktların məhkəmə tərəfindən təkrar araşdırılması təmin edilməlidir. Bu məsələ ilə bağlı mövcud olan qətnamələr və Konstitusiya Məhkəməsinin qərarları vardır. Həmin sənədləri məhkəməyə sübut kimi təqdim etmişdir. Habelə Bələdiyyənin özünün iki müraciəti mövcuddur: biri 2012-ci ilə, digəri isə 2013-cü ilə aiddir. Ona məxsus ev qanunsuz olaraq zəbt edilmişdir. İş materialları içərisində ekspertiza rəyləri mövcuddurş Həmin rəylərdə mülkiyyətin kooperativ cəmiyyətinə və ona aid olduğu qeyd olunur. Birinci instansiya məhkəməsinin ekspert qarşısında sualları düzgün qoymaması barədə fikirlərlə razıdır. Bu səbəbdən yeni ekspertiza təyin edilməsini və məsələnin dəqiqləşdirilməsini xahiş edir. Ancaq mübahisəli torpaq sahəsi üzrə onun adına hər hansı hüquq müəyyənedici sənə olmasa da, alqı-satqı müqaviləsi mövcuddur. İddiaçı məhkəmədə izahatında göstərmişdir ki, qarşı tərəf iddia edir ki, guya torpaq sahəsi 2011-ci ildən ona məxsusdur. Bu iddia həqiqətə uyğun olsaydı, 14 il ərzində mübahisə davam etməzdi. Qarşı tərəf qeyd edir ki, ondan əvvəl də həmin sahə ilə bağlı başqa şəxslərə məhkəmədə qalib gəlmişdir. Lakin onlar heç bir məhkəmə iclaslarında iştirak etməyiblər. Həmin mübahisəli əraziyə ekspert gəlib baxmış və düzgün rəy vermişdir. Cavabdeh məxsus köşk qeyd edilən ərazidə deyil, anbarın arxa hissəsində yerləşmişdir. Hal-hazırda qarşı tərəfin iddia etdiyi ərazi isə birbaşa evinin qarşısıdır və o evinin qarşısında köşk quraşdırılması ilə razı deyildir. Ekspertiza keçirilməsini məsələsinin həllini məhkəmənin mülahizəsinə həvalə edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabirabad şəhər bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 66-cı maddəsinin 2-ci hissəsinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Məhkəmə tərkibi eyni zamanda diqqətə çatdırır ki, MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Bununla yanaşı, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhkəmə tərkibi nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Cavabdeh apellyasiya şikayəti verən tərəf olaraq yenidən ekspertiza təyin edilməsini xahiş etmişdir. Lakin onun mübahisəli torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud deyildir. Beləcə, qətnamənin mübahisələndirilən hissəsi üzrə fərqli yekun qərarın qəbul edilməsini şərtləndirən müvafiq ekspertizanın aparılması zamanı Cavabdeh məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi qeyri-mümkün olacaqdır. Beləliklə, məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-50/2025 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün X13 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. Habelə MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərkibi bildirməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Beləcə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu X7 özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya Məhkəmə tərkibilarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya Məhkəmə tərkibilarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏTETDİ: X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-50/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar