Məhkəmə qərarları › İş №2(106)-1427/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1427/2025

01.10.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1427/2025 01.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Maraqlı şəxs X3 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs qismində Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(022)-1222/2025 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları 13 may 2025-ci il tarixli “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlığın surətindən görünür ki, Səmədabad bələdiyyəsinin məcburi dövlət sosial sığorta haqqı üzrə 3674.39 (üç min altı yüz yetmiş dörd manat otuz doqquz qəpik) manat, işsizlikdən sığorta haqqı üzrə 60.16 (altmış manat on altı qəpik) manat, icbari tibbi sığorta haqqı üzrə 216.22 (iki yüz on altı manat iyirmi iki) manat borcu mövcuddur. 13 fevral 2025-ci il tarixli 13-000088 nömrəli ödəniş tapşırığından görünür ki, Səmədabad bələdiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə X5 2214 (iki min iki yüz on dörd) manat ödəniş edilmişdir. 07 aprel 2025-ci il tarixli 13-000136 nömrəli ödəniş tapşırığından görünür ki, Səmədabad bələdiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə X5 2400 (iki min dörd yüz) manat ödəniş edilmişdir. 30 aprel 2025-ci il tarixli 13-000176 nömrəli ödəniş tapşırığından görünür ki, Səmədabad bələdiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot üzrə mərkəzi filialına 236.79 (iki yüz otuz altı manat yetmiş doqquz qəpik) manat ödəniş edilmişdir. 03 mart 2025-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Səmədabad Bələdiyyəsinin ləğvi ilə əlaqədar kreditor borcları Nərimankənd bələdiyyəsinə təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayon Səmədabad bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2144,41 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan X4 barəsində (doğulduğu tarix – 05 noyabr 1955-ci il, doğulduğu yer – Azərbaycan, Biləsuvar, Səmədabad kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – 3WZPHF8, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA5187362) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 30 may 2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 2144,41 manat olmaqla, ümumilikdə 2144,41 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 21 may 2025-ci il tarixli, **********804200, xx.xx.2023-cü il tarixli, **********980000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1i ünvanında yaşayır. Göstərilənlərə əsasən hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 2144,41 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan X4 oğlu barəsində (doğulduğu tarix – 05 noyabr 1955-ci il, doğulduğu yer – Azərbaycan, Biləsuvar, Səmədabad kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – 3WZPHF8, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA5187362) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X4 öz izahatında qeyd etmişdir ki, bələdiyyələr yerli idarəetmə orqanlarıdır və yerli büdcənin vəsaiti hesabına- yəni, fiziki şəxslərdən əmlak və torpaq vergisi toplamaqla fəaliyyət göstərilir. Biləsuvar rayon Səmədabad bələdiyyəsinin sədri olduğu vaxtdan bu günə qədər yaranmış borclar işsizlikdən sığorta, icbari tibbi sığorta, sosial müdafiə xərcləri, faizlər və maliyyə sanksiyaları üzrə Dövlət Vergi Xidmətinin hesabına bütün ödənişləri edilmişdir. Biləsuvar rayon Səmədabad bələdiyyəsi 03 mart 2025-ci il tarixdə təhvil-tslim aktına əsasən həmin bələdiyyənin ləğvi ilə əlaqədar kreditor borclarını Nərimankənd bələdiyyəsinə təhvil vermişdir. Lakin buna baxmayaraq, Ə.M.Orucov bütün vergi öhdəliklərinə dair borcları icra etmişdir. Bununla əlaqədar 13 fevral 2025-ci il tarixdə 2214 (iki min iki yüz on dörd) manat, Dövlət Sosial Müdafiə Fonduna 07 aprel 2025-ci il tarixdə 2400 (iki min dörd yüz) manat, 30 aprel 2025-ci il tarixdə 236.79 (iki yüz otuz altı manat yetmiş doqquz qəpik) manat ödəniş edilmişdir. Odur ki, məhkəmədən onun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(022)-1222/2025 saylı qətnaməsi ilə (hakim Mədinə Rəsulova) ərizə təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 73-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci, 23.1, 23.1.15-3, 77.1, 77.3, 78.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 305.1, 305.1.12, 355-5.1, 355-5.2, 355-7.1, 355-7.3, 355-7.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, maraqlı şəxs X4 tərəfindən təqdim edilmiş sənədlərə əsasən 2025-ci il tarix üçün Dövlət Sosial Müdafiə Fonduna olan borc 13 fevral, 07 aprel və 30 aprel 2025-ci il tarixlərində ödənildiyi məlum olmuşdur. Odur ki, hazırki ərizənin təmin olunması zərurətinin aradan qalxdığı müəyyənləşdirilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı maraqlı tərəfin təqdim etdiyi 03 mart 2025-ci il tarixli təhviltəslim aktı ilə müəyyən olunmuşdur ki, Səmədabad bələdiyyəsinin ləğvi (17 fevral 2025-ci il tarixdə) ilə əlaqədar kreditor borcları yeni yaradılmış Nərimankənd bələdiyyəsinə təhvil verilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə ərizəni təmin etməməklə X3 dövlət büdcəsinə ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Məhkəmə ərizəni təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan vergi ödəyicisi olan X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi ilə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Göründüyü kimi qanunverici vergi orqanının bu hüququnun realizə olunmasını vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi ilə məhdudlaşdırmışdır. Yəni vergi öhdəliyinin qanunvericiliklə müəyyən olunmuş müddətdə yerinə yetirilməməsi kifayət edir ki, vergi orqanı bu hüququndan istifadə edərək məhkəməyə müraciət etsin. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədən də göründüyü kimi X3 30 may 2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 2144,41 manat olmaqla, ümumilikdə 2144,41 manat borcu olmuşdur. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən göründüyü kimi vergi ödəyicisi tərəfindən xx.xx.2025-ci il tarixə 2.214,00 manat ödəniş etmişdir. Qeyd olunan ödəniş üzrə borc məbləği xx.xx.2025-ci il tarixə qədər hesablanan 4.595,20 manat borc məbləğindən ödəniş olmuşdur. Göründüyü kimi məhkəmə ərizənin hazırlanma tarixinədək olan ödənişləri sonuncu xəbərdarlıqdan sonrakı tarixə ödənilmiş borc öhdəliyi hesab edərək əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə maraqlı şəxsin təqdim etdiyi ödəniş tapşırıqlarını deyil, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə nəzər yetirsə, qeyd olunan ödənişlərin hansı tarixi və hansı borclar üzrə silinməsini tam aydın görə bilərdi. (Şəxsi hesab vərəqəsi yenidən məhkəmə təqdim edilir). Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Belə olan halda vergi ödəyicisi tətbiq edilmiş maliyyə sanksiyasını da ödəməlidir. Göründüyü kimi qəbul edilmiş qərar məhkəmə tərəfindən tətbiq edilməli olan ümumdövlət və ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən publik hüquq sahəsinə aid maddi hüquq normalarının dairəsinin tam və düzgün müəyyən edilməməsinin, işə birtərəfli yanaşılmasının məntiqi nəticəsidir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən maraqlı şəxs X4 izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Belə ki, bələdiyyə müvafiq ödənişlər etmiş, ödənişlər icbari tibbi sığortanın hesabına köçürülmüşdür. Biləsuvar rayonu Səmədabad bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 16 saylı iclas qərarına əsasən bələdiyyə xx.xx.2025-ci il tarixdə ləğv olunmuşdur. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada apellyasiya baxışı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə ərizəçinin nümayəndəsi iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində ərizəçi tərəf qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyisinin vəzifəsidir. 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, təqdim olunmuş apellyasiya şikayətinin dəlilləri əsassızdır, göstərilən dəlillər iş üzrə qəbul olunmuş hüquqi nəticəni dəyişmək gücündə deyildir və ona görə də apellyasiya şikayətinin təmin olunması üçün hüquqi və qanuni əsas mövcud deyildir. Kollegiya apellyasiya şikayətləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Əvvəla, ərizəçi apellyasiya şikayətində iddia etmişdir ki, maraqlı şəxs X3 Dövlət Sosial Müdafiə Fonduna borcu mövcud olmuş və bu səbəbdən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Halbuki iş materiallarında təqdim edilmiş ödəniş tapşırıqları (13 fevral, 07 aprel və 30 aprel 2025-ci il tarixli) təsdiqləyir ki, ərizədə göstərilən 2144,41 manat məbləğində borc tam ödənilmişdir. Vergi Məcəlləsinin 77.3 və 78.1-ci maddələrinə əsasən, vergi öhdəliyi ödənildiyi andan etibarən ləğv edilmiş sayılır. Bu halda öhdəlik faktiki olaraq icra olunmuşdur və məhdudiyyət tədbirinə əsas qalmamışdır. Ərizəçi şikayətində vurğulamışdır ki, birinci instansiya məhkəməsi ödənişlərin hansı tarixə və hansı borclar üzrə silinməsini düzgün qiymətləndirməmişdir. Lakin MPM-in 77.1-ci maddəsinə görə sübutetmə yükü tərəfin üzərinə düşür. Ərizəçi yalnız şəxsi hesab vərəqəsinə istinad etmiş, lakin ödənişlərin borcun bağlanmasına yönəlmədiyini təsdiqləyən heç bir əlavə rəsmi sənəd təqdim etməmişdir. Halbuki şəxsi hesab vərəqəsi yalnız texniki uçot sənədidir və ödənişlərin faktiki həyata keçirilməsini inkar etmir. Əksinə, ödəniş tapşırıqları bank vasitəsilə icra edilmişdir və hüquqi qüvvəyə malik olan sənədlər məhz onlardır. Bundan əlavə, iş materiallarında olan sənəndlərdən, eləcə də Azərbaycan Respublikası Biləsuvar rayonu, Nərimankənd bələdiyyəsinin 24 sentyabr 2025-ci il tarixli arayışından görünür ki, bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərnaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 13s nömrəli Sərəncamın icrası ilə əlaqədar Biləsuvar rayonu Səmədabad bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 16 saylı iclas qərarına əsasən xx.xx.2025-ci il tarixdə ləğv olunmuşdur. Həmçinin 03 mart 2025-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Səmədabad Bələdiyyəsinin ləğvi ilə əlaqədar kreditor borcları Nərimankənd bələdiyyəsinə təhvil verilmişdir. Bu hal göstərir ki, maraqlı şəxsin gələcəkdə həmin borclar üzrə məsuliyyət daşıması hüquqi əsasa malik deyil. Belə şəraitdə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız hüquqi əsassızlıq deyil, həm də faktiki olaraq mənasızdır. Konstitusiyanın 28-ci maddəsi və AİHK 4 saylı Protokolun 2-ci maddəsi hər kəsin sərbəst hərəkət etmək və ölkəni tərk etmək hüququnu təmin edir. Bu hüquq yalnız qanunda nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallarda məhdudlaşdırıla bilər. Borcun ödənildiyi və hüquqi varisliyin başqa bələdiyyəyə keçdiyi halda belə bir məhdudiyyət seçilməsi artıq proporsional və zəruri hesab edilə bilməz. Hüququn məhdudlaşdırılması yalnız müstəsna hallarda tətbiq oluna bilər, lakin burada həmin halların mövcudluğu sübut edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Biləsuvar rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(022)-1222/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(022)-1222/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar