Məhkəmə qərarları › İş №2(106)-1447/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1447/2025

20.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1447/2025 20.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-89/2025 saylı, 22 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 20 oktyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 46 saylı qərarı əsasında verilmiş JN-021A kod 80523038 saylı şəhadətnamə ilə paylı mülkiyyətdə olmuş Masallı rayonu Kubin kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsində mərhum X17 ilə X11 hər birinin 1/9 payının müəyyən edilməsi, həmin mirasın qəbul edilməsi üçün müddətin uzadılması və həmin miras əmlaka paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, valideynləri X17 ilə X18 nikahlarını 08 yanvar 1963-cü ildə rəsmi qeyd etdirməklə evlənmişlər. Onların rəsmi nikahdan əvvəl Nurcahan adlı bacısı, Bahadır, Abidin, Adil və Zakir adlı qardaşları olmuşdur. Rəsmi nikah bağladıqdan sonra ilə onunla yanaşı Hikmət, Rafiq, Sakit və Namik adlı qardaşları, Dilşad, Səbirə, Ağabacı adlı bacıları olmuşdur. Anası xx.xx.2004-cü ildə, atası isə xx.xx.2020-ci ildə vəfat etmişdir. X6 xx.xx.1994-cü ildə, Rafiq Vəliyev xx.xx.1982-ci ildə, Bahadır Əbilov xx.xx.2022-ci ildə vəfat etmişdir. Göründüyü kimi anasına münasibətdə birinci növbəli vərəsə kimi onunla yanaşı Nurcahan, Səbirə, Dilşad, Ağabacı adlı bacıları, Abidin, Adil, Zakir, Sakit və Namik adlı qardaşları, atasına münasibətdə isə birinci növbəli vərəsə kimi onunla yanaşı Səbirə, Dilşad, Ağabacı adlı bacıları, Sakit və Namik adlı qardaşları qalmışdır. Bacılarından Nurcahana, qardaşlarından isə Abidin, Adil və Zakirə münasibətdə atalıq faktı müəyyən edilmədiyindən onlar atasına münasibətdə vərəsə hesab edilmirlər. Vəfat edənədək valideynlərinin mülkiyyətində Torpağın mülkiyyətə verilməsinə dair JN-021A saylı Şəhadətnamə ilə Masallı rayonu Kubin kəndində 0,28 ha həyətyanı torpaq sahəsi olmuşdur. Həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair sənəddə valideynləri ilə yanaşı onun, həyat yoldaşının, 2 övladının, qardaşı Namik və bacıları Səbirə ilə Ağabacının da adları qeyd edilmişdir. Göründüyü kimi miras torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla həmin torpaq sahəsinin 1/9-i anasından, 1/9-i isə atasından miras qalmışdır. Masallı rayonu Kubin kəndində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərində yaşayır. Dəfələrlə həbs edilməklə uzun müddət həbsdə olmuşdur. Həmçinin səhhəti ilə bağlı müalicə almışdır. Bu səbəbdən də mirasın qəbulu ilə bağlı vaxtında ərizə verməmişdir. Bu yaxınlarda Dövlət rüsumunun ödənilməsi haqqında məlumat üçün Notariat Ofisinə müraciət etdikdə isə, mirasın qəbul müddətinin buraxıldığı və vərəsələr arasında mübahisə olması səbəbindən vərəsəlik işinin notarial qaydada sənədləşdirilməsinin mümkün olmaması barədə məktub verilmişdir. Mirası notariat ofisində sənədləşdirmək mümkün olmadığından mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum valideynlərindən miras qalmış torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi verilməsi üçün Notariat Ofisinə müraciət etsə də, mirasın bölüşdürülməsi məsələsində cavabdehlərlə arasında narazılıqlar yaranmışdır. İddiaçı məhkəmə iclasında idddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin əvvəlki məhkəmə iclasında izahatında bildirmişdir ki, atası xx.xx.2020-ci ildə vəfat edib. Həmin vaxt həbsdə olduğundan vərəsəliklə bağlı müraciət edə bilməmişdir. İlk dəfə 1994-cü ildə, daha sonra 2001-ci ildə, 2007-ci ildə, 2008-ci ildə, 2011-ci ildə, sonuncu dəfə isə 2019-cu ilin mart ayında törətdiyi oğurluq əməlinə görə məhkum olunmuşdur. xx.xx.2021-ci ildə həbsdən çıxmışdır. Mərhum atasının ölüm il dönümündə iştirak etmişdir. 2021-ci ildən etibarən qardaşı Namik onu ata həyətinə buraxmır. Dəfələrlə barəsində polisə şikayət edilmişdir. Hazırda bacısıgildə yaşayır. Qalmağa başqa yeri yoxdur. Ata mülkiyyətində onun da payı vardır. Ona düşən payı tələb edir. Atasının rəhmətə getdiyi evdə Namik öz ailəsi ilə qalır. Bu müddət ərzində bütün təsərrüfatdan Namik istifadə edib və oranı Namik idarə edib. Yoldaşı və uşaqları Namikgilə gedib-gəlir. Sonuncu dəfə 1999-cu ildə həmin torpaq sahəsində əkin biçin işləri aparmışdır. Cavabdeh3 məhkəmə iclasında izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin əvvəlki məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, mərhum anası X18 xx.xx.2004-cü il tarixdə, mərhum atası X17 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Anası rəhmətə getdikdən sonra atası ilə o qalmışdır. Bütün bacı qardaşları təsərrüfatdan ayrılıb getmişdir. Bacılarından Dilşad arabir atasına baxmağa gəlmişdir. Lakin davamlı olaraq o və onun ailəsi atasının qulluğunda dayanmışdır. Atası rəhmətə getdikdən sonra da təsərrüfatı təkbaşına idarə etmişdir. Ondan başqa miras əmlakı qəbul edən bacı qardaşı olmamışdır. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs uzun müddət məhkumluq həyatı keçirmiş, həmçinin səhhətində bir sıra problemlər olmuşdur. Həbsdən çıxdıqdan sonra da müalicələr almışdır. Bu səbəbdən vərəsəliklə bağlı vaxtında müraciət edə bilməmişdir. Bundan əlavə hüquqlarını müdafiə etdiyi şəxs torpağın mülkiyyətçilərindən biridir. Həmin şəhadətnamədə İddiaçı, onun həyat yoldaşının və 2 övladının adı qeyd olunmuşdur. Valideynlərindən qalmış miras əmlaka da qanun üzrə vərəsəlik hüququ vardır. Mərhum valideynlərindən qalan torpaq sahəsinin 1/9 hissəsinə tələb hüququ vardır. İddiaçı yalnız özünə düşən torpaq sahəsinə tələb irəli sürür. Digər bacı qardaşların öz paylarına düşən torpaq sahəsindən istifadə etmələrinə heç bir etirazı yoxdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh X23 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Anası rəhmətə getdikdən sonra həmin evdə qardaşı Namik qalmış, atasına da son günə qədər o qulluq etmişdir. Arabir bacısı Dilşad da gedib köməklik göstərmişdir. Miras əmlak qardaşı Namik tərəfindən qəbul edilmişdir. Hazırda da təsərrüfatı Namik idarə edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh8 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Mərhum anası şəkər xəstəsi olduğundan ona yeddi il özü qulluq etmişdir. Anasının vəfatından sonra da atasının qulluğunda durmuşdur. Mərhum atasının gözləri ömrünün son iki ilində tutulmuşdur. Atasının vəfatından sonra ilk bir ildə ata evinə gedib gəlmişdir. Orada qoyun saxlamışdır. Ümumilikdə 13 baş qoyunu olmuşdur. Hesab edir ki, ata mülkündən hər birinin payı ayrılmalıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Mərhum anası rəhmətə gedəndə o hüzrdə iştirak edə bilməmişdir. Anasından sonra atası həmin evdə Namik ailəsi ilə yaşamışdır. Mübahisəli əmlakda tikinti işlərinə köməklik etmişdir. Tikinti materialları göndərmişdir. Atası rəhmətə gedəndən sonra həyət-bacada hər hansı bir iş görməmiş, torpağı əkib becərməmişdir. Lakin qardaşıgilə gəlib getmişdir. Miras əmlakdakı payının müəyyən edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh7 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Anası rəhmətə getdikdən sonra həmin evdə daimi olaraq Namik və atası yaşamışdır. Onun ata həyətində 1 baş inəyi, 10 baş qoyunu olmuşdur. Atası rəhmətə getdikdən sonra Namik torpaq sahəsindən istifadə etməyinə imkan verməmişdir. Miras əmlakdan payının ayrılmasını xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh9 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Atası rəhmətə getdikdən sonra o həmin torpaq sahəsinə getməmişdir. Payıbəlli torpağının bölünməsini tələb edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh5 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Miras əmlakdan payının ayrılmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-89/2025 saylı, 22 may 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Abbasova Ellara) iddianın qismən təmin edilməsi, Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 46 saylı qərarı əsasında verilmiş JN-021A kod 80523038 saylı şəhadətnamə ilə paylı mülkiyyətdə olmuş Masallı rayonu Kubin kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsində X12, X11, X7, İddiaçı, X4, X13, X1, X5, X8 hər birinin 1/9 hissədə paylarının müəyyən edilməsi, iddia tələbinin mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və həmin miras əmlaka paylarının müəyyən edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, kollegiyadan Masallı Rayon Məhkəməsinin 2(050)-89/2025 saylı, 22 may 2025ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, kollegiyadan Masallı Rayon Məhkəməsinin 2(050)-89/2025 saylı, 22 may 2025ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Tərəflər bir-birinin apellyasiya şikayətlərinə qarşı etiraz göndərmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izahatlarında apelyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-89/2025 saylı, 22 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh3 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izhatında apelyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-89/2025 saylı, 22 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya icraatı zamanı miras əmlakdan pay istəmədiklərini bildirdilər. Cavabdeh7 apellyasiya icraatı zamanı izahatında miras əmlakdan pay istədiyini bildirmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada digər cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, Cavabdeh6 teleqram göndərərək qardaşı Cavabdeh3 ona 2500 manat pul verdiyini və vərəsəlik payı istəmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı və Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin 2(050)-89/2025 saylı, 22 may 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın qismən təmin edilməsini, iddiaçının miras əmalkın qəbul edilməsinin müddətinin üzürlü səbəb olmadan ötürülməsi və bu müddətin uzadılması üçün əsasların olmaması ilə əsaslandırmış, həmçinin iddianı qismən təmin edərkən iddia tələbindən kənara çıxaraq Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 46 saylı qərarı əsasında verilmiş JN-021A kod 80523038 saylı şəhadətnamə ilə paylı mülkiyyətdə olmuş Masallı rayonu Kubin kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsində mülkiyyətçilərin hər birinin 1/9 hissədə paylarını müəyyən etmişdir. Qətnamə həm İddiaçı, həm də Cavabdeh3 tərəfindən mübahisələndirilmiş, iddiaçı qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini, cavabdeh isə iddianın ümumiyyətlə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində iş üçün əhəmiyyətli olan halları və mübahisə predmeti üzrə hüquqi nəticəyə gələrkən maddi hüquq normalarını düzgün təfsir etməmiş, iddia tələbində göstərilən xahiş ilə bağlı təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş və yekun olaraq düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 872 №-li məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X9 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsəliyin qəbul müddəti keçdiyi üçün və eyni zamanda qohumluq əlaqələrini təsdiq edən sənədləri tam şəkildə təqdim edə bilmədiyi və vərəsələr arasında mübahisə olduğu səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etməsi xahiş olunur. İş materiallarında olan Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 873 №-li məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş anası X10 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsəliyin qəbul müddəti keçdiyi üçün və eyni zamanda qohumluq əlaqələrini təsdiq edən sənədləri tam şəkildə təqdim edə bilmədiyi və vərəsələr arasında mübahisə olduğu səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etməsi xahiş olunur. İş materiallarında olan Ölüm haqqında arayışdan görünür ki, X18 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ölüm haqqında arayışdan görünür ki, X17 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir İş materiallarında olan Ölüm haqqında arayışdan görünür ki, X19 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ölüm haqqında arayışdan görünür ki, X22 xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2022- ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-210/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 02 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-1451/2024 saylı qərarından görünür ki, məhkum edilmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-210/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Nikah haqqında arayışdan görünür ki, X2 Mərcan Coruq qızı ilə nikahlarını xx.xx.1963-cü il tarixdə Masallı rayon Hişkədərə ərazi nümayəndəliyində rəsmiləşdirmişlər və buna dair 02 saylı qeydiyyat aparılmışdır. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair (JN-021A KOD ********) şəhadətnamədən görünür ki, Masallı rayonu Kubin kəndində yerləşən 0,28 ha torpaq sahəsi X17 və onun ailə üzvləri olan X11, X7, İddiaçı, X4, X13, X1, X5, X8 ümumi istifadəsinə verilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-4391/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1974-cü ildə Masallı rayonu, Kubin kəndində yaşayan, (FİN:xxxxxxx) İddiaçı stasionar müalicə olunması üçün qeyri-könüllü olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”na yerləşdirilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 178/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)- 4391/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-522/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya qeyd edir ki, işin mübahisələndirilməyən hal ondan ibarətdir ki, iddiaçının mərhum valideynləri X17 ilə X18 nikahlarını 08 yanvar 1963-cü ildə rəsmi qeyd etdirməklə evlənmişlər. Onların rəsmi nikahdan əvvəl Nurcahan adlı bacısı, Bahadır, Abidin, Adil və Zakir adlı qardaşları olmuşdur. Rəsmi nikah bağladıqdan sonra Hikmət, Rafiq, Sakit və Namik adlı qardaşları, Dilşad, Səbirə, Ağabacı adlı bacıları olmuşdur. Anası xx.xx.2004-cü ildə, atası isə xx.xx.2020-ci ildə vəfat etmişdir. X6 xx.xx.1994-cü ildə, Rafiq Vəliyev xx.xx.1982-ci ildə, Bahadır Əbilov xx.xx.2022-ci ildə vəfat etmişdir. Anasına münasibətdə birinci növbəli vərəsə kimi onunla yanaşı Nurcahan, Səbirə, Dilşad, Ağabacı adlı bacıları, Abidin, Adil, Zakir, Sakit və Namik adlı qardaşları, atasına münasibətdə isə birinci növbəli vərəsə kimi onunla yanaşı Səbirə, Dilşad, Ağabacı adlı bacıları, Sakit və Namik adlı qardaşları qalmışdır. Bacılarından Nurcahana, qardaşlarından isə Abidin, Adil və Zakirə münasibətdə atalıq faktı müəyyən edilməmişdir. Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 46 saylı qərarı əsasında verilmiş JN-021A kod 80523038 saylı şəhadətnamə ilə paylı mülkiyyətdə olmuş Masallı rayonu Kubin kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsi X17 və onun ailə üzvləri olan X11, X7, İddiaçı, X4, X13, X1, X5, X8 ümumi istifadəsinə verilmişdir. Mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh3 istifadəsindədir. Kollegiya mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və həmin miras əmlaka payların müəyyən edilməsi ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, Əvvəla qeyd olunmalıdır ki, iddiaçı iddia tələbində Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 46 saylı qərarı əsasında verilmiş JN-021A kod 80523038 saylı şəhadətnamə ilə paylı mülkiyyətdə olmuş Masallı rayonu Kubin kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsində mərhum X17 ilə X10 qalan miras əmlakla bağlı vərəsə kimi 1/9 payının müəyyən edilməsi, həmin mirasın qəbul edilməsi üçün müddətin uzadılması və həmin miras əmlaka paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmin torpaq sahəsi üzrə paylı mülkiyyətçi olsa da, onun tələbi atası və anasından miras qalan pay üzrə vərəsəliyin qəbulu ilə bağlıdır. İddiaçının valideynlər-anası 2004-cü ildə, atası isə 2020-ci ildə vəfat etmişdir. Lakin iddiaçı nə anası öləndən sonrakı dövr ərzində nə də atasının vəfatından sonrakı dövr ərzində miras əmlakın faktiki idarəçisi olmamışdır. Belə ki, iddiaçının özü də apellyasiya icraatı zamanı verdiyi izahatında 2004-cü ildə anası vəfat edən sonrakı dövrdə Bakı şəhərində ailə birgə yaşadığını bildirmiş, 2020-ci ildə isə atası vəfat edən zaman cəzaçəkmə müəssisəsində olduğunu, 2021-ci ildə atasının vəfatının 1-ci ilində cəzaçəkmə müəssisəsindən çıxdığını, daha sonra psixiatriya müəssisəsinə yerləşdiyini, 2022-ci ilin yanvar ayında həmin müəssisəsindən çıxdığını və 2024-cü ildə iddia qaldırdığını bildirmişdir. Lakin digər cavabdehlər və iddiaçının özü də inkar etmir ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh3 faktiki idarəçiliyindədir. İkincisi vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Üçüncüsü vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəliyin qəbulu isə iki üsülla yəni miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddətdə notariat orqanına yazılı ərizə ilə müraciət etməsi və miras əmalakı faktiki idarə etməyə başlaması halında mümkün olması müəyyən edilmişdir. Belə ki, Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasə qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında (Mülki Məcəllə maddə 1246;1256) rəsmiləşdirilməlidir. Dördücüsü mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Göründüyü kimi qanunvericilikdə mirasın qəbulu üçün müddət həm də, bu müddətin imtina üçün nəzərdə tutulmuş müddətdən çox ola biləcəyi qeyd olunmuşdur. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiq edən sənəd vərəsəlik haqqında şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. O, da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət etmədən də qəbul edilə bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığnı ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Habelə bu müddət iddia müddətlərinə də, aid edilə bilməz. Odur ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246,1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarı). Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normaları və Konstitusiya Məhkəməsinin qərarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı istər 2004-cü ildə anasının vəfatından sonra onun vərəsəsi kimi notariat orqanına yazılı ərizə ilə müraciət edərək miras əmlakı qəbul etməmiş, həmçinin özünün də izahatında gəstərdiyi kimi faktiki idarəçi kimi həmin evdə yaşamamış, Bakı şəhərində ailəsi ilə birlikdə yaşamışdır. Digər tərəfindən iddiaçı 2020-ci ildə atası vəfat edən zaman cəzaçəkmə müəssisəsində olduğunu, 2021-ci ildə azadlığa buraxıldığını və bundan sonra psixiatriya müəssisəsinə yerləşdiyini, ona görə də miras əmlakı vaxtında qəbul etmək imkanından məhrum olduğunu bildirsə də, məlum olmuşdur ki, iddiaçı 2022-ci ilin yanvar ayında psixiatriya müəssisəsindən çıxmış və çıxdıqdan 2 il yaxın müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Halbuki yuxarıda qeyd olunduğu kimi qanunvericilik mirasın qəbulunu notariat orqanına ərizə verməklə onu qəbul etmək barədə iradə ifadəsi bəyan etməklə və ya miras əmalakı faktiki idarə etməyə başlaması halında mümkün olmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir...Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun Göründüyü kimi Cavabdeh3 atasından və anasından miras qalan əmlakı faktiki qəbul edərək idarə etdiyi halda, digər vərəsələr olan İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Əbilov X16 Şəkər Hüseyn oğlu və X10 miras qalan Masallı rayonu Kubin kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə miras əmlakı qəbul etməmişlər. Əksinə Vəliyev X21 rayonu Kubin kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinə münasibətdə atasından və anasından qalan payı və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini fərdi yaşayış evini faktiki olaraq qəbul etməklə ona yiyələnmiş, miras əmlakı idarə etmişdir. İddiaçı daxil olmaqla yuxarıda adları çəkilən digər vərəsələr həmin mirasa faktiki yiyələnməmişlər, o cümlədən notariat orqanına ərizə verməklə onu qəbul etmək barədə iradə ifadəsi bildirməmişlər. Bundan əlavə kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi hazırki mübahisə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının təsiri altına düşmür. Yəni vərəsəliklə bağlı hüquq münasibəti qeyd olunan qərarın qəbulundan əvvəl yaranmışdır. Kollegiya iddianın təmin edilən hissəsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 46 saylı qərarı əsasında verilmiş JN-021A kod 80523038 saylı şəhadətnamə ilə paylı mülkiyyətdə olmuş Masallı rayonu Kubin kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsində X12, X11, X7, İddiaçı, X4, X13, X1, X5, X8 hər birinin 1/9 hissədə payları müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Kollegiya qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunun qeyd edilən normasında vətəndaşların məhkəmə müdafiəsindən istifadə etmək hüququnun qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, məhkəmə müdafiəsi məhz elə məhkəmələr tərəfindən qüvvədə olan mülki prosessual qanuna əsasən həyata keçirilməlidir. Belə ki, məhkəmə işlərə işə irəli sürülmüş tələb üzrə baxır, həmin tələblər əsaslı olduqda iddianı təmin edir, tələb əsaslı olmadıqda isə iddianı rədd edir. Lakin qanunda bəzi müstəsna hallar nəzərdə tutulmuşdur ki, həmin hallarda məhkəmə irəli sürülmüş iddia tələbindən kənara çıxmaqla, yəni iddiada göstərilmədiyi hallarda da bəzi məsələlər üzrə mütləq şəkildə qərar qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı iş üzrə iddiaçının Masallı rayonu Kubin kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi ilə bağlı tələbi olmadığı halda və tələbdən kənara çıxmaq üçün də hər hansı müstəsna hal olmadığından və birinci instansyia məhkəməsi belə halı əsaslandırmadığından, məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olmayan məsələyə dair qətnamə çıxarmaqla birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq həmin hissədə prosessual pozuntuya yol vermişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)-89/2025 saylı, 22 may 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apelyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür (Mülki Prosessual Məcəllənin 119.1 və 119.5-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385, 392 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-89/2025 saylı, 22 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar