Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1449/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi) torpaq sahəsinin zəbtdən azad edilməsi və digər tələblərinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(018)-29/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz tutulmuş Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun xx.xx.1988-ci il tarixli 661 saylı əmri ilə atası X3 istifadəsində olan həyətyanı torpaq sahəsinin 0.07 hektar torpaq sahəsi ayrılaraq (həmin torpaq sahəsi şimaldan ara yolu ilə, şərqdən və cənubdan atasının həyəti ilə qərbdən ara yolu ilə həmsərhəddir) yeni ev tikməkdən ötrü verilmiş torpaq sahəsinin zəbt azad edilməsi həmin torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsinə, torpaq sahəsinin mövcud texniki vəziyyətinin əks etdirən müayinə aktının tərtib edilməsinə cavabdeh tərəfindən edilən manənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Astara rayonu Azərbaycan Sovet Sosialist Respublikasının 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmri ilə atası X3 istifadəsində olan Astara rayonu Seləkəran kəndi ərazisində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsindən 0.07 hektar torpaq sahəsi ayrılaraq yeni ev tikməkdən ötrü ona verilmişdir. Həmin torpaq sahəsi Astara rayonu ASB-nin baş yerqurluşçusu İsmayıl Salmanovun, Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun baş aqranomu Ramazan Səfərovun, Sovxozun Xalq nəzarəti qrupunun sədri Həsən Əliyevin, mərhum atası Cahangir Məmmədovun və onun işitrakı ilə Suparibağ sovetliyinin Seləkəran kəndində 17 may 1988-ci il tarixdə akt tərtib edilmiş, ayrılmış torpaq sahəsinin qonşu sərhədləri göstərilməklə ona təhkim edilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldırmaqdan ötrü xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 09 mart 2023-cü il tarixli 3-21-3-43/2- 617/2023 nömrəli bildirişləri ilə bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə müvafiq olaraq Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə, habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü Xidmətin 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon şöbəsini aidiyyəti mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməli və sözü gedən daşınmaz əmlakın həmin tarixdə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktının tərtib edilməsi üçün mütəxəssis tərəfindən müayinə keçirilməsinə cavabdeh tərəfindən maneçilik törədildiyindən və tərəflər arasında mübahisə olduğundan çöl-ölçmə işlərinin aparılması mümkün olmadığından mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Astara Rayon Məhkəməsinin 24 iyun 2024- cü il tarixli 2(018)-29/2024 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia qismən təmin edilərək Cavabdeh tərəfindən zəbt edilmiş Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmri ilə mərhum X3 istifadəsində olmuş 0,18 ha həyətyanı torpaq sahəsindən İddiaçı verilmiş 0,06 ha torpaq sahəsinin zəbtdən azad edilib İddiaçı verilməsi və həmin torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsinə, torpaq sahəsinin mövcud texniki vəziyyətini əks etdirən müayinə aktının tərtib edilməsinə Cavabdeh tərəfindən edilən manelərin aradan qaldırılması qət edilmişdir. Cavabdehin apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara Rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Astara rayonu Azərbaycan Sovet Sosialist Respublikasının 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmrindən çıxarışa əsasən Astara rayonu Seləkəran kənd sakini X3 0.18 hektar həyətyanı torpaq sahəsindən 0.07 hektar oğlu İddiaçı yeni ev tikmək məqsədilə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 08 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2354 saylı rəyindən məlum olur ki, Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmri ilə X3 istifadəsinə verilmiş 0,18 hektar həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0,07 ha hissəsinin iddia olunan vəziyyətə əsasən sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İddia olunan torpaq sahəsinin faktiki ölçüsünün 0,06 ha olduğu müəyyən edilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1998-ci il tarixli 18 nömrəli qərarı əsasında **********0116 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü (X8 kitabında xx.xx.2009cu il tarixdə 116 nömrə ilə uçota alınmış) ilə X3 mülkiyyətinə verilmiş, Astara rayonu Seləkəran kəndi ərazisində yerləşən 2559,38 kv.m həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Astara rayonu Azərbaycan SSRnin 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmri ilə X3 istifadəsinə verilmiş 0,18 hektar həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0,07 ha (faktiki iddia olunan vəziyyətdə 0,06 ha) torpaq sahəsi kimi iddia olunan torpaq sahəsinin bütövlüklə Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmri ilə X3 istifadəsinə verilmiş 0,18 hektar həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0,07 ha (faktiki iddia olunan vəziyyətdə 0,06 ha) torpaq sahəsinin faktiki koordinatlarının Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1998-ci il tarixli 18 nömrəli qərarı əsasında **********0116 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə X3 mülkiyyətinə verilmiş 2559,38 kv.m həyətyanı torpac sahəsinin sərhəd hüdudları daxilinə düşməsi müəyyən olunmuşdur. Başqa sözlə, Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmri ilə X3 istifadəsinə verilmiş 0,18 hektar həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0,1.ha (faktiki iddia olunan vəziyyətdə 0,06 ha) torpaq sahəsi kimi iddia olunan torpaq sahəsinin torpaq islahatı zamanı Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1998-ci il tarixli 18 nömrəli qərarı əsasında **********0116 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü ilə X3 mülkiyyətinə verilmiş 2559,38 kv.m ölçüdən ibarət həyətyanı torpaq sahəsinə aid hissə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 23 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Astara rayon Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun xx.xx.1988-ci il tarixli 661 saylı əmrindən çıxarış əsasında X3 və İddiaçı ayrılmış həyətyanı torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd idarənin arxivində aşkarlanmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, atası X1 və ölümündən sonra da o, mübahisəli torpaq sahəsini və fərdi yaşayış evini miras kimi qəbul etmişdir. Orada anası Sona Məmmədova, o və onun ailə üzvləri ilə birlikdə yaşayır. Qardaşı İddiaçı isə təsərrüfatdan ayrı, yəni 1990-cı ildə atasının onun üçün ayırdığı 0,07 hektar torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirməklə ailə üzvləri ilə birlikdə yaşayır. Həmçinin iddiaçı notariat kontoruna ərizə ilə müraciət edərək atasından miras qalmış əmlakdan imtina etmişdir. Lakin buna baxmayaraq, torpaq sahəsi onların mülkiyyətlərində olmalarına baxmayaraq iddiaçının torpaq sahəsinin bir hissəsinin ona məxsus olmasını zənn edərək onu məhkəməyə vermişdir. Belə olan halda, onların mülkiyyət hüququ pozulmuşdur. İddiaçı tərəfindən pozulmuş mülkiyyət hüququ məhkəmə tərəfindən qorunmalı və müdafiə olunmalıdır. Lakin buna baxmayaraq Astara Rayon Məhkəməsi hərtərəfli işi araşdırmadan iddianı qismən təmin etmişdir. Bu halın məhkəmə tərəfindən araşdırılmalı olması məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq məhkəmə nəzərə almayıb. Bundan başqa, məhkəmə öz səlahiyyətlərindən istifadə edərək təkrar ekspertiza keçirilməsi barədə qərardad qəbul etməli idi. Lakin məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini qismən təmin etmişdir. Mərhum atası X6 iddiaçı üçün ev tikdirməkdən ötrü torpaq sahəsi ayırmış və iddiaçı həmin torpaq sahəsinin üzərində özünə ev tikdirmişdir. Mübahisəli torpaq sahəsi onların xüsusi mülkiyyətindədir və o iddiaçının torpaq sahəsini zəbt etməmiş, mülkiyyətində olan torpaq sahəsi koordinatı daxilindən kənar çıxmamışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, İddiaçı atası vəfat etməmişdən əvvəl 0.07 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir. Atası 2010-cu ildə vəfat etmişdir. Həmçinin iddiaçı notariat kontoruna ərizə ilə müraciət edərək atasından miras qalmış əmlakdan imtina etmişdir. Dövlət aktını tapa bilmədiyi üçün hazırda məhkəməyə təqdim edə bilmir. Hazırkı məhkəmə iclasında bildirmişdir ki, onun bütün qardaşları atasının miras əmlakını qəbul etməkdən imtina etmişdir. İddiaçı atası vəfat etməzdən öncə iddiaçıya 10-15 sot torpaq sahəsi ayırmışdır. 2016-cı ildə atası vəfat etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı bildirmişdir ki, o nə notariusa getmiş, nə də mirasdan imtina etmişdir, həmin imzalar da ona məxsus deyil, onun xətti ilə yazılmayıb. İddiaçı ərizə təqdim edib iddianı müdafiə edərək hazırkı məhkəmə iclasında bildirmişdir ki, yaşadığı evi mərhum atasının mülkiyyətində olmayan torpaq sahəsində tikmişdir. Cavabdeh onun 0.6 ha torpaq sahəsini zəbt etmişdir. O, mirasdan imtina edilməsinə dair ərizə yazmamışdır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi ilə təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Astara Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(018)-29/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Kollegiya eyni zamanda diqqətə çatdırır ki, MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Bununla yanaşı, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Kollegiya nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Diqqətə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin MPM-in 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Beləliklə birinci instansiya məhkəməsində iddiaçının təqdim etdiyi məhkəmə tikintitexniki ekspertizasının 08 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2354 saylı rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilməsi sübuta yetirilmişdir. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlillər iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir. Beləcə, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ekspert rəyi ilə müəyyən edilmiş hal qanunsuz zəbtdir və mötəbər sübutlarla da təsdiq olunur. Apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, iddiaçı notariat kontoruna ərizə ilə müraciət edərək atasından miras qalmış əmlakdan imtina etmişdir. Kollegiya diqqətə çatdırır ki, adıçəkilən ərizə 22 oktyabr 2011-ci il tarixdə yazılmış, ancaq işdən mübahisəli torpaq sahəsinin iddiaçıya 1988-ci ildə verilməsi müəyyən edilir. Mülki qanunvericiliyin imperativ tələbindən isə miras əmlaka ölmüş şəxsin öldüyü məqamadək malik olduğu əmlak daxildir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(018)-29/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(018)-29/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1449/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1449/2024
30.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver