Məhkəmə qərarları › İş №2(106)-1460/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1460/2025

22.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1460/2025 22.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(049)-2263/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan AZ-İİ seriyalı 616438 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında rəsmi nikah qeydi Lənkəran regional "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınaraq bu barədə xx.xx.2024-cü il tarixdə 268 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan arvada Axundova soyadı verilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2024cü il tarixdə Lənkəran regional "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsində 268 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1985-ci ildə Lənkəran şəhərində anadan olmuş, iş uzrə cavabdeh olan Cavabdeh ilə 2024-cü ilin avqust ayında tanış olublar. İddaçı cavabdeh ilə tanış olanda Rasim, Ayselə bildirmişdir ki, o, Bakı şəhərində ofis işi ilə məşğul olur və Bakı şəhərində Abşeron rayonunun Xırdalan qəsəbəsində fərdi yaşayış evi vardır. Ailə qurandan sonra Bakı şəhərində yaşayıblar. Lakın sonradan 1 ay keçəndən sonra Cavabdeh Ayselə bildirib ki, atası Bakı şəhərinə köçməyilərinə icazə vermir. Əgər cavabdeh ona desəydi ki, onlar ailə qurandan sonra yaşamaq uçun Bakı şəhərinə getmirlər, onda o, cavabdehlə evlənməyə razılıq verməzdi. Sonradan ona məlum olub ki, cavabdehin Bakı şəhərində ofis işi və evi də yox imiş. Hansısa çayxanada köməkçi işləyirmiş. Onu aldatmağı uzə çıxıb, bu barədə Rasimdən soruşanda ona bildirmişdir kı, o, həm də xəstədir, zəifliyi var, həkimlər ailə qurmağına icəzə vermirlər. Cavabdeh iddaçını məcbur edirmiş ki, iddaçı toyu tez etsin, sonra cavabdeh öz toyunu etsin. Toy etməmişlər, həmin vaxtdan cavabdehlə ayrılmışlar. Cavabdehin marağı iddaçın aldatmaq olub ki, toyunu edib, toyun pulunu alıb, toyun səhəri aradan qaçsın. İddaçının valideynləri cavabdehin ailəsinə deyiblər ki, bəs deyirdiniz ki, oğlan Bakı şəhərində ofis işində işləyir və Bakı şəhərində evi vardır. Bundan sonra Ayselin ailəsi bilib ki, cavabdeh və onun atası onları aldadırmışlar. Məqsədləri də odur ki, onu alsınlar, beləliklə də, bundan sonra cavabdehin yalanlarının hamısı üzə çıxıb. Cavabdeh yalanları üzə çıxdıqdan sonra daha ona zəng etməmiş və heç bir əlaqə saxlamamışlar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə əlavə olaraq bildirmişdir ki, o, Cavabdeh ilə bir tanışlarının vasitəsilə tanış olmuşdur. Onlar ailə qurmağı planlaşdırmışlar. Bu məqsədlə də birgə Lənkəran “ASAN Xidmət” mərkəzində yerləşən qeydiyyat şöbəsinə gedərək rəsmi nikah qeyd etdirmək üçün ərizə təqdim etmişlər. Ərizə verdikdən bir ay sonra yenidən qeydiyyat şöbəsinə gedərək, aralarında rəsmi nikah qeyd etdirmişlər. Bundan sonra Cavabdeh valideynlərinə məxsus olan Lənkəran rayonu, Separadi kəndində yerləşən evə gəlin köçmüşdür. Həmin evdə Cavabdehla ailə münasibətində yaşamışlar. Birgə yaşadıqları dövrdə onların arasında mübahisələr yaranmağa başlamışdır. Nəhayət münasibətləri dözülməz həddə çatmışdır və o, Rasimin evindən çıxaraq valideynlərinin Xarxatan kəndində yerləşən evinə qayıtmışdır. Onların birgə nikahdan övladları yoxdur, o, hamilə deyildir. Odur ki, iddanın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(049)-2263/2025 saylı qətnaməsi ilə (hakim Anar Pənahov) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4, 25, 26.1.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 185.5, 52.2, 52.5-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Nikah yaşı” adlanan 10cu, “Nikahın bağlanma şərtləri” adlanan 11-ci, “Nikahın bağlanmasına mane olan hallar” adlanan 12-ci və “Nikaha daxil olan şəxslərin tibbi müayinəsi” adlanan 13-cü maddələrinin (yəni, AM-in 13.3-cü maddəsinin) şərtlərinin pozulması halı müəyyən olunmadı. Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, o cümlədən, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Eyni zamanda, iddiaçı və cavabdeh bu evliliyin öz iradə ifadələri ilə qurulduğunu, ailə qurmaq niyyətlərinin olduğunu bildirmişlər. Tərəflər niyyətlərini bildirməklə ərizə ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmuş, bir müddət keçdikdən sonra xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pozulmuşdur. İddiaçı nikahın etibarsızlığını isə faktiki nikah münasibətlərinə girməməklə əsaslandırır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən qanunvericiliyin qeyd olunan normalarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, onun Cavabdeh ilə əvvəlcədən ailə qurmaq niyyəti olmamışdır. O, Cavabdeh ilə nikaha daxil olması bəzi zəruri sənədləşmə işlərini həyata keçirmək olmuşdur. Heç Cavabdeh da onun ilə ailə qurmaq niyyəti olmamışdır. Bu onları aralarında olan yaş fərqində də aydın görünür. O, Cavabdeh ilə hansı niyyətlə nikaha daxil olmaması bəzi hallarını iddia ərizəsində ifadə etsə də, bəzi hallarını da məhkəmə iclasında ifadə etmişdir. Lakin məhkəmə onun iddia tələbini rədd etmək üçün qəbul etdiyi qətnaməsində bu halı əsaslandırmaq üçün onun məhkəmə iclasında verdiyi izahatını dəyişərək özünə sərf edən məzmunda izahat yazmışdır. Hansı ki, o, məhkəmənin qətnaməsində qeyd etdiyi məzmunda izahat verməmişdir. Beləliklə də, məhkəmə qeyd etmiş olduğu bu hallara düzgün qiymət verməmiş və sonda qanunsuz olaraq onun iddia tələbinin rədd edilməsi barədə bir qətnamənin çıxarılmasına nail olmuşdur. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmiş, bildirmişdir ki, cavabdeh tərəfindən ona verilmiş bütün vədlər yalan olmuş, buna görə də ayrılmışlar. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada apellyasiya baxışı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçı tərəf qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin Maddə 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Maddə 25.1. Bu məcəllənin 10–12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2015-ci il tarixli Qərarı Nikahın könüllülüyü, nikaha daxil olan şəxslərin iradə ifadəsinin sərbəstliyi, ailənin möhkəmləndirilməsi zəruriyyəti, ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və onların bu hüquqlarının məhkəmədə müdafiəsi imkanları, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması və s. prinsiplər nikahın bütün mərhələlərini (nikaha daxil olma, nikahda olma və nikaha xitam verilməsini) əhatə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, təqdim olunmuş apellyasiya şikayətinin dəlilləri əsassızdır, göstərilən dəlillər iş üzrə qəbul olunmuş hüquqi nəticəni dəyişmək gücündə deyildir və ona görə də apellyasiya şikayətinin təmin olunması üçün hüquqi və qanuni əsas mövcud deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Bu norma nikah institutunun mahiyyətini, yəni ailə həyatının könüllü əsasda, qarşılıqlı razılıqla və ailə qurmaq niyyəti ilə formalaşan sosial hüquqi münasibət olduğunu təsbit edir. Ailə qanunvericiliyi nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini də dəqiq müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: - nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; pozulmamış əvvəlki nikah üzrə ər (arvad); - saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad). Qnunvericinin mövqeyindən göründüyü kimi, nikah, digər hallarla yanaşı, həm də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Çünkü saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb ola bilər. İşin hallarından aydın olur ki, tərəflər könüllülük əsasında sərbəst iradə sərbəstliyini nümayiş etdirməklə rəsmi nikah bağlayaraq qeydə aldırmış və ailə qurmuş, iddiaçı isə nikahın qeydə alındığı vaxtdan sonra cavabdehin vədlərinə əməl etməməsinə, bununla da ailə qurmaq niyyətinin olmamasının aşkara çıxmasına əsaslanmaqla nikahın etibarsız sayılmasını istəmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh nikahın bağlanması üçün qanunla nəzərdə tutulmuş qaydada Lənkəran regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, nikah xx.xx.2024-cü il tarixdə 268 nömrəli aktla qeydə alınmışdır. Hər iki tərəf nikahın bağlanması barədə iradəsini sərbəst şəkildə ifadə etmiş, nikah qeydiyyatı zamanı hər hansı məcburiyyət, aldatma, yanılma və ya iradə azadlığını məhdudlaşdıran digər hallar müəyyən edilməmişdir. Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, nikah ailə qurmaq niyyəti ilə bağlanmış, lakin sonradan tərəflərin xarakterlərinin uyğun gəlməməsi səbəbindən münasibətləri pozulmuşdur. Göstərilən hallar isə nikahın etibarsızlığının deyil, nikahın pozulmasının əsaslarını təşkil edir. Çünkü qanunverici, nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir, hazırkı işin hallarından isə nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olduğu aydın olur. . Məhkəmə kollegiyası tərəfindən Ailə Məcəlləsinin 10 (“Nikah yaşı”), 11 (“Nikahın bağlanma şərtləri”), 12 (“Nikahın bağlanmasına mane olan hallar”) və 13 (“Nikaha daxil olan şəxslərin tibbi müayinəsi”) maddələri baxımından da hər hansı pozuntu aşkar edilməmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi “ailə qurmaq niyyətinin olmaması” və “aldatma yolu ilə nikaha cəlb edilməsi” barədə dəlillər iş üzrə təqdim olunan sübutlarla təsdiqini tapmamışdır. İddiaçı bu iddiasını yalnız şəxsi izahatları ilə əsaslandırmış, lakin bu izahatları təsdiqləyən obyektiv sübutlar (yazılı sənəd, şahid ifadəsi və s.) təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verir, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu baxımdan, iddiaçının sadəcə subyektiv dəyərləndirmələri hüquqi cəhətdən nikahın etibarsız sayılması üçün yetərli əsas hesab oluna bilməz. Həmçinin, tərəflər nikahdan sonra faktiki olaraq birgə ailə həyatı yaşamış, müəyyən müddət sonra münasibətlərin pozulması ilə ayrılmışlar. Bu fakt ailə münasibətinin faktiki mövcudluğunu təsdiqləyir və həmçinin nikahın saxta olmadığını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, ailədaxili ziddiyyətlər, qarşılıqlı anlaşılmazlıqlar və ya münasibətlərin sonradan pozulması nikahın etibarsızlığı üçün deyil, nikaha xitam verilməsi (boşanma) üçün hüquqi əsas ola bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin iddianı etiraf mahiyyətindəki mövqeyinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu səbəbdən, apellyasiya şikayətində göstərilən birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini ləğv etmək üçün yetərli hüquqi əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(049)-2263/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(049)-2263/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar