Məhkəmə qərarları › İş №2(106)-1467/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1467/2024

19.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1467/2024 19.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Lerik Rayon Mərkəzəzi X1rşı əmrin ləğv edilməsi və əvvəlki işlədiyi Lerik Rayon Mərkəzi xəstəxanasının təsərrüfat heyətinin paltaryuyan vəzifəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Açar sözlər: əmrin ləğvi və işə bərpa tələbi. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Lerik Rayon Mərkəzəzi X1rşı 18 oktyabr 2022-ci il tarixli əmək fəaliyyətinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və əvvəlki işlədiyi Lerik Rayon Mərkəzi xəstəxanasının təsərrüfat heyətinin paltaryuyan vəzifəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(048)-236/2023 saylı qətnaməsindən (hakim Atabəy Kiçibəyov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik Rayon Mərkəzi Xəstəxanasının "Publik Hüquqi şəxsin” direktorunun 18 oktyabr 2022-ci il tarixli əmək fəaliyyətinə xitam verilməsi barəsində əmrin ləğv edilməsi və onun əmək vetranı Ali dövlət mükafatı ordenli, uzun illər ictimai əməklə məşğul olduğunu nəzərə alaraq əmək faliyyətinin əvvəllər işlədiyi Lerik rayon Mərkəzi xəstəxanasının təsərrüfat heyətində paltaryutan vəzifəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ali dövlət mükafatı olan ordenli qəhraman anadır. Lerik Rayon X2 Maqsud Ağayev onun 65 yaşı tamam olduğu üçün 18 oktyabr 2022-ci il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Lakin o, 30 dekabr 2022-ci il tarixdə X6 ərizə ilə müraciət etsədə baş həkim buna heç bir məhəl qoymamışdır.Ona görə də hazırkı iddia tələbi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Lerik Rayon X2 Maqsud Ağayev məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının 65 yaşı tamam olduğu üçün Az Res əmək məcəlləsinin 70-ci maddəsinin "e” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə tam olaraq qanuni şəkildə xitam verilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilmsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(048)-236/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, Ali dövlət mükafatı olan ordenli qəhrəman anadır. Lerik Rayon Mərkəzi Xəstəxanasının direktoru Maqsud Ağayev onun 65 yaşı tamam olduğu üçün 18 oktyabr 2022-ci il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin 0, 30 dekabr 2022-ci il tarixdə direktor Maqsud Ağayevə ərizə ilə müraciət etsə də, baş həkim buna heç bir məhəl qoymamışdır. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müfafiə etmiş və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi məhkəməyə yazılı izahatını təqdim etmişdir. Əlavə olaraq göstərmişdir ki, həyat yoldaşı Raziyyə 12 il olar ki, Mərkəzi Xəstəxanada işləmişdir. Həyat yoldaşına İ və İİ dərəcəli analıq ordeni və İİİ dərəcəli analıq şöhrəti ordeni verilmişdir. Lakin Xəstəxananın direktoru bütün bunları nəzərə almamış, iddiaçı ilə əmək müqaviləsini artırmamışdır. Əksinə direktor onlarla saymazyana rəftar etmiş, verilən ordenlərin dəmir parçası olmasını demişdir. Cavabdehə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayatin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7.2-ci maddəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 10-1.1-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3-cü maddəsinə əsasən Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.5-ci maddəsinə əsasən Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanılır. 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1 -ci hissəsində göstərilir ki, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 11-ci maddəsinə görə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqları sırasında qeyd edilmişdir. Məcəllənin 68-ci maddəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda olarla bağlanmış əmək müqaviləsina xitam verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 512-K nömrəli, 18 oktyabr 2022-ci il tarixli əmrinə əsasən “Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Təsərrüfat heyətinin paltar yuyanı İddiaçı ilə bağlanmış 211 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən çalışmanın yaş həddinə çatmasına görə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, ali dövlət mükafatı olan ordenli qəhrəman anadır. Buna görə də, o işdən çıxarılmamalı idi. Kollegiya apellyasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Buna əsasən də,birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası iş materiallarını və izahatı nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(048)-236/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması, faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin yalnız formal mülahizələrə görə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(048)-236/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar