Məhkəmə qərarları › İş №2(106)-1477/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1477/2023

29.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1477/2023 29.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvаn Аpеllyаsiyа Məhkəməsinin Mülki Kоllеgiyаsının hаkimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi İmranov Orxan Fərman oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi, evdən və qeyri yaşayış binasından çıxarılma və əmlakların boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(017)1083/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq müəyyən etdi; İŞİN HALLARİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi, evdən və qeyri yaşayış binasından çıxarılma və əmlakların boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)1083/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsi və üzərində yerlşən ümumi sahəsi 333,10 kv.m. olan 108 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsi və üzərində yerlşən ümumi sahəsi 333,10 kv.m. olan 108 nömrəli fərdi yaşayış evi; Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1288,50 kv.m. olan qeyri-yaşayış binası (mebel mağazası); Ağcabədi şəhəri, 20 Yanvar küçəsində 0, 434160 ha torpaq sahəsi üzərində yerləşən. Ümumi sahəsi 903,80 kv.m. olan anbar təyinatlı qeyri-yaşayış binası və Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində 0,07 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 441,70 kv.m. olan qeyri-yaşayış binasından çıxarılmaları, həmin əmlakların boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi qət edilmişdir. Eyni zamanda Ağcabədi Rayon Məhkəməsinin 2(017)1083/2023 saylı, 11 iyul 2023cü il tarixli qərardadı ilə (hakim Etibar Quliyev) Cavabdeh2 mülki işin baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhər, Səbail rayon Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)1083/2023 saylı, 11 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən şikayət verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)1083/2023 saylı, 03 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinə əsasən Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, Cavabdeh2 tərəfindən verilmiş şikayət elektron imza ilə imzalanmamış və elektron kabinet vasitəsilə verilməmişdir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almadan şikayəti mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Göründüyü kimi Ağcabədi Rayon Məhkəməsi (hakim Etibar Quliyev) şikayətin MPM-in 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, şikayətin MPM-in 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363.1.5, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(017)1083/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və işin icraata qəbul edilməsindən imtina edilsin. Mülki iş şikayətin Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar