Məhkəmə qərarları › İş №2(106)-1477/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1477/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1477/2024 23.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-16/2024 saylı, 03 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 08 avqust 2018-ci il tarixli, 61 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə 06 may 2019-cu il tarixli 1 saylı Əlavə üzrə ödənilməmiş qonorarın əvəzi qismində 6000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 80 manat, cəmi 6080 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iş üzrə ekspertiza tədqiqatının dəyərinin əvəzi qismində 125 manat məbləğində pul vəsaitinin Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. 18 aprel 2024-cü ildə Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qətnaməsinin surətinin ona təqdim olunmasını xahiş etmişdir. İş materiallarının 194-cü vərəqində olan qətnamənin tərəflərə göndərilməsinə dair məktubun üzərində Cavabdeh2 qətnamənin surətini 18 aprel 2024-cü ildə almasına dair qeyd edilməklə imza icra olunmuşdur. 22 may 2024-cü ildə Cavabdeh2 yenidən ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qətnaməsinin surətinin ona rəsmi qaydada verilməsini xahiş etmişdir. İşdəki Biləsuvar Rayon Məhkəməsi tərəfindən Cavabdeh2 ünvanlanmış 23 may 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qətnaməsi 18 aprel 2024-cü ildə təliqəyə imza etməklə rəsmi qaydada ona təqdim edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qətnaməsinin surətinin təkrar əldə edilməsi üçün müvafiq dövlət rüsumu ödənilməlidir. Bundan sonra 12 iyun 2024-cü ildə cavabdeh Bədirov X4 Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Cavabdeh2 ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 6000 manat məbləğində pul vəsaitinin və 80 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(022)-16/2024 saylı qətnaməsi ilə iddia tələbləri ona münasibətdə təmin edilmişdir. Ona poçt vasitəsilə göndərilən qətnamə sonradan geri qaytarılmışdır. Qətnamənin elan edilməsindən məlumatı olmamışdır. Eləcə də, nə “ASAN imza”sı, nə də ki elektron kabineti olmamışdır. Yalnız Biləsuvar Rayon Məhkəməsində işləyən icra məmuru onu çağırmış, o, icra məmurundan 18 apreldə məhkəmə qətnaməsini almışdır. O, tanıdığı hüquqdan məlumatı olan bir şəxsdən bu barədə köməklik göstərməsini xahiş etmiş, həmin şəxs ondan qətnaməni kimdən aldığını soruşmuşdur. Cavabdeh2 isə ona səhvən icra məmurundan qətnaməni aldığını bildirmişdir. Ona dedilər ki, bəlkə bu səhvdir, rəsmi qaydada məhkəməyə müraciət edib qətnaməni alsın və şikayət eləsin. O da bu barədə rəsmi qaydada ərizə ilə məhkəməyə müraciət eləmişdir. Məhkəmənin 23 may 2024-cü il tarixli məktubu ilə ona bildirilmişdir ki, qətnamə birinci dəfə ona 18 apreldə verilmişdir, ikinci dəfə verilməsi üçün dövlət rüsumu ödəməlidir. O, həmin məktubu ona kömək etmək istəyən şəxsə göstərəndə, o, cavabdehə izah eləmişdir ki, cavabdeh onu səhv başa salmışdır, bu qətnaməni məhkəmədən götürdüyü halda, təkrar istəməməli idi. Cavabdeh2 hüquqdan və şikayətdən başı çıxmır. Bildiyinə görə, şikayəti elektron qaydada və “ASAN imza” aldıqdan sonra, ya da vəkil vasitəsi ilə vermək lazımdır. Hesab edir ki, yuxarıda qeyd olunanlarla əlaqədar hazırkı vəziyyətdə şikayəti üzrlü səbəbdən qətnamə rəsmi qaydada veriləndən 1 ay müddət keçəndən sonra vermişdir. Məhz bu səbəblərə görə qətnamədən şikayət vermə müddətinin səbəbləri üzrlü hesab edilməklə bərpa edilməlidir. O, ərizəsində Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024cü il tarixli, e-2(022)-16/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini və həmin qətnamədən onun tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Rəfayil Əliyev) Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi haqqında Cavabdeh2 xahişi təmin edilməmişdir. Qərardaddan narazı qalan Cavabdeh2 şikayət vermiş, şikayətində Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qərardadının ləğv edilməsini, müddətin bərpası barədə ərizənin təmin edilərək, onun tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi 03 iyul 2024-cü il tarixli qərardadla ərizəni təmin etməmiş, göstərmişdir ki, Cavabdeh2 Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qətnaməsindən həmin qətnaməni rəsmi qaydada aldığı vaxtdan, yəni 18 aprel 2024-cü il tarixdən 1 ay 26 gün sonra, yəni qanunla müəyyən edilmiş müddət keçdikdən 26 gün sonra apellyasiya şikayəti verdiyinə, lakin qanunla müəyyən edilmiş 1 aylıq müddətin buraxılmasına heç bir üzrlü səbəb göstərmədiyinə görə qətnamədən apellyasiya şikayəti verilməsi müddəti üzrlü səbəblərdən buraxılmış sayıla bilməz. Cavabdeh hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur, ona görə ki, onun iddiaçı və ya məhkəmənin hakimi olaraq hüquqi savadı yoxdur, apellyasiya şikayətini hansı formada və hansı müddətdə verməli olduğunu bilmir. Bundan əlavə, qeyd olunan qətnamənin verildiyi vaxtdan elə də uzun müddət keçməmişdir. Məhkəmənin MPM-in 133.1-ci maddəsinə istinad etməklə ərizəni rədd etməsi əsassız olmuşdur. Belə ki, cavabdehin hüquqi savadı yoxdur, tutduğu vəkil də onu aldatmışdır. Məhkəmənin deməsinə görə, cəmi 26 gün müddəti gecikdirmişdir. Məhkəmə özü də görür ki, o, bilmədən səhvən yenidən qətnamə almaq üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə də 23 may 2024-cü il tarixli məktubla ona cavab vermişdir. O, həmin məktubu tanıdığı hüquqşünaslara göstərəndən sonra ona başa salmışlar ki, o, elə əvvəlcədən məhkəmədən qətnaməni götürmüşdür. Məhkəmə nəzərə almır ki, bu şikayətin verilməsi üçün hələ 09 iyunda “ASAN imza” almışdır. “ASAN imza” olmadan şikayətin verilməsi mümkün deyil. Məhkəmə humanist yanaşaraq qarşı tərəfin yüksək səviyyədə vəkillə təmsil olunmasını, cavabdehin isə savadsız olmaqla vəkilsiz məhkəmədə iştirak etdiyini və onun şikayət vermək üçün tələb olunan adi “ASAN imza”sının olmadığını, bu imzanın hələ 09 iyun 2024-cü ildə alındığını nəzərə almamışdır. Hesab edir ki, yuxarı məhkəmə tərəfindən qısa müddət ərzində apellyasiya şikayətinə obyektiv baxılması üçün məhkəmə ərizəni təmin eləsə, MPM-də nəzərdə tutulan çəkişmə prinsipinə tam əməl edilər. Yuxarı məhkəmələr də hesab etsə ki, iddiaçı düzgün tələb edir, onda qanun qarşısında boynu qıldan incədir. Biləsuvar Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Nüsrət Mirzəyev) buraxılmış müddətin bərpa edilməsindən imtina olunması haqqında Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qərardadından Cavabdeh2 verdiyi şikayət təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, Cavabdeh2 verdiyi şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından da müəyyən edildiyi kimi, Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qətnaməsi 18 aprel 2024-cü ildə rəsmi qaydada Cavabdeh2 təqdim edilmişdir. Sonuncu tərəfindən həmin qətnamədən apellyasiya şikayəti isə 1 aylıq prosessual müddət ötürülməklə 12 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilmiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Lakin Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Hazırda Cavabdeh2 həmin qərardadı mübahisələndirir və müddətin buraxılmasının üzrlü səbəbi kimi hüquqi savadının olmamasına istinad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X1 şikayəti ilə əlaqədar qəbul etdiyi 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası bildirir ki, Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh2 ərizəsində Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilmiş Qərarında qeyd edilən hüquqi mövqeyinə uyğun səbəblər aşkar edilmir. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası bildirir ki, Cavabdeh2 hüquqi savadının olmaması ilə bağlı bildirdikləri apellyasiya şikayətinin verilməsinə görə müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas təşkil etmir. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qətnaməsinin nəticə hissəsində qeyd olunmuşdur ki, həmin qətnamə təqdim olunan gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər və qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minəcəkdir. Bu isə Cavabdeh2 qətnamədən 1 ay ərzində apellyasiya şikayəti verməli olmasından ən azı 18 aprel 2024-cü ildə məlumatlı olduğunu göstərir. Cavabdeh2 elektron imzanı 09 iyun 2024-cü ildə alması da buraxılmış prosessual müddətin üzrlü hesab olunmasına əsas vermir. Belə ki, qətnaməni aldıqdan sonra uzun müddət ərzində cavabdeh elektron imza almağa imkanı olsa da, onun hüququna laqeyd münasibəti və ya keyfiyyətli hüquqi yardım almaq imkanından istifadə etməməsi iddiaçının qətnamənin qanuni qüvvəyə minərək icra olunmasına dair qanuni gözləntilərinin yubadılmasına səbəb ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Bu baxımdan şəxsin apellyasiya şikayəti vermək yolu ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməsi də müəyyən edilmiş prosessual müddətlər çərçivəsində həyata keçirilməlidir, bunun əksi həmin iş üzrə digər tərəfin prosessual hüquqlarının pozulması ilə nəticələnir. Ona görə də Cavabdeh2 şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Biləsuvar Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e- 2(022)-16/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh2 ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e- 2(022)-16/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2(022)-16/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar