Məhkəmə qərarları › İş №2(106)-1478/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1478/2024

12.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1478/2024 12.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, iddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz zəbt edilmiş perspektiv inkişaf fond torpağından çıxarılma tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün əsaslarını açıq məhkəmə iclasında yoxlayaraq, müəyyənetdi: İddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş 4,5 ha perespektiv inkişaf fond torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin (hakim E.İsmayılov) 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Məmmədov X1 Bələdiyyəsinin mülkiyyətində olan 4,5 ha perespektiv inkişaf fondu torpaq sahəsindən çıxarılması, Cavabdeh ekspertiza xərcinə görə 50 manat tutularaq MEM-in hesabına (AZ34CTRE********************) köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. İddiaçının tələbi torpaqdan çıxarılma ilə bağlı olduğundan qiymətləndirilməyən iddiadır. İş materiallarından görünür ki, Füzuli Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Şikayətə məcburi köçkün vəsiqəsinin surəti əlavə edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi sədrinin 3-36/2- 190/2024 nömrəli, xx.xx.2024-cü il tarixli təmas xəttində yerləşən ərazilərdən olan şəxslərin məcbrui köçkün statusunun və sosial müdafiə tədbirlərinin (güzəşt və imtiyazların) ləğv edilməsi barədə məktubunda qeyd olunur ki, Füzuli rayonunun Əhmədbəyli kəndi işğaldan azad edilmiş, həmin kəndin vətəndaşları yaşadıqları yerə qayıtdıqlarından, 2024-cü il 1 may tarixindən qeyd olunan normativ hüquqi aktların tələblərinə əsasən, onların məcburi köçkün statusu ləğv edilmiş və sosial müdafiə tədbirlərinin verilməsi dayandırılmışdır. Azərbaycan Respublikası MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırki apellyasiya şikayətinə dövlət rüsumunun müəyyən olunmuş miqdarda ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi halda birinci instansiya məhkəməsi bu hala qiymət vermədən işi apellyasiya baxışına göndərmişdir. Bu halda isə işə apellyasiya qaydasında baxılmaq üçün əsas yoxdur. Ona görə apellyasiya qeyri-mümkün hesab edilməli, şikayətin geri qaytarılması üçün mülki iş Füzuli Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Füzuli Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müdətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar