Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-148/2023 19.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qaunsuz qazılmış kanalın doldurulması və zəbt olunmuş torpaq sahəsindən çıxarma tələbinə dair mülki işi üzrə Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(050)-43/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı Çıxarışla mülkiyyətində olan Masallı rayonu Viləş kəndində yerləşən torpaq sahəsində qanunsuz qazdırdıqları kanalın cavabdehlərin hesabına doldurulması və cavabdehlərin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Masallı rayonu Viləş kəndində 0,3738 ha pay torpaq sahəsi vardır. Həmin torpağa dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı Çıxarış verilmişdir. Həmkəndliləri Cavabdeh2 va Cavabdeh1 Masallı rayonu Viləş kəndində yerləşən torpaq sahəsini zəbt edərək oranı əkib-becərirlər. Cavabdehlərə dəfələrlə iradını bildirsə də, heç bir nəticəsi olmamışdır. Ümumiyyətlə cavabdehlərə məxsus orada heç bir torpaq sahəsi yoxdur. Nəticədə mülkiyyətindən məhrum olmaqla öz torpağından istifadə edə bilmir. Qanunvericiliyin tələbinə əsasən cavabdehlər ona məxsus torpaq sahəsini özbaşına tutduğundan həmin torpaq sahəsindən çıxmalıdırlar. Odur ki, məhkəməyə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda qardaşı Elmar ilə istifadə etdikləri sahə onlara valideynlərindən miras qalmışdır. Belə ki, vaxtı ilə onlara torpaq şəhadətnaməsi verilməsə də, həmin torpağın onun anasının adına olmasını təsdiq edən bələdiyyə orqanından verilmiş sənəd olmuşdur. Lakin daha sonra həmin sənədin əsli onlardan alınmış və əvəzində onlara yeni torpaq sənədi veriləcəyi deyilsə də, verilməmişdir. Həmçinin həmin torpaq sahəsi artıq 20 ildir onların istifadəsindədir. İddiaçıya verilmiş çıxarış isə saxtadır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(050)-43/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Masallı rayonu, Kalinovka (Viləş) kəndində yerləşən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli Çıxarış ilə İddiaçı məxsus 0.3738 hektar torpaq sahəsinin 0.1375 hektar hissəsindən çıxarılmasını qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(050)-43/2022 saylı qətnaməsinin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda qardaşı Elmar ilə istifadə etdiyimiz torpaq sahəsi onlara öz valideynlərindən miras qalmışdır. Belə ki, vaxtı ilə onlara torpaq şəhadətnaməsi verilməsə də, həmin torpağın onların adına olmasını təsdiq edən bələdiyyə orqanından verilmiş sənəd olmuşdur. Lakin daha sonra həmin sənədin əsli onlardan alınmış və əvəzində onlara yeni torpaq sənədi verilməmişdir. Həmçinin həmin torpaq sahəsi artıq 20 ildir ki, onların istifadəsindədir. Həmçinin iş materiallarında olan ekspert rəyləri ilə razı deyildir. Belə ki, ekspert rəyində iddiaçıya məxsus torpaq sahəsinin 0,1375 ha hissəsinin cavahdehlərin faktiki istifadə etdiyi torpaq sahəsinə düşdüyü qeyd edilmişdir. Lakin konkret olaraq cavabdehlərdən kimin iddiaçıya məxsus olan torpaq sahəsini hansı hissədə zəbt etdiyini qeyd etməmişdir. Çünki o heç bir torpaq sahəsini zəbt etməmişəm. Özümə məxsus torpaq sahəsini istifadə edir. Məhkəmə qətnamə qəbul edərkən dolğun və hər tərəfli araşdırma aparmamışdır. Eləcə də məhkəmə bir dəfə olsun Dövlət Əmlak Komitəsinə sorğu verərək cavabdehin mülkiyyətində hər hansı bir əmlakın (torpaq sahəsinin) olub-olmamasım araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçı və Cavabdeh1 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Masallı rayonu, Kalinovka kəndində xx.xx.2017-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrə ilə qeydiyyatdan keçmiş İddiaçı mülkiyyətinə 0.3738 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 02 avqust 2022-ci il tarixli, 10/1986 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin texniki parametrləri ilə AN 215865 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsinin texniki parammetrləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, torpaq sahəsinin uzunluğu faktiki vəziyyətdə 228 (241) metr, eni isə 15 (18,2) metr olsa da, AN 215865 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsinin uzunluğu 149,93 (178,98) metr, eni ise 24,44 (30,29) metr nəzərdə tutulmuşdur. Eyni zamanda "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan koordinatlar daxilində yerləşən ərazinin 0,1375 ha hissəsi cavabdehlərin faktiki istifadə etdiyi torpaq sahəsinə, 0,1240 ha hissǝsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinə, 0,1123 ha hissəsi digər mülkiyyətçilərin istifadə etdiyi torpaq sahəsinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, işin müəyyən olunan halları ilə cavabdeh iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinin bir hissəsindən mülkiyyətçinin razılığı olmadan istifadə edir və mülkiyyətçinin tələbi ilə torpaq sahəsini boşaltmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(050)-43/2022 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-148/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-148/2023
19.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver