Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1488/2024 08.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı «istifadə hüquqlarını müəyyən etməklə mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, 5 saylı evin 5 saylı mənzilinə istifadə hüququ müəyyən edilməklə həmin evə köçürülməsini xahiş etmişdir. İddiaçı ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: ünvan 1 ünvanında yerləşən mənzil DƏDRX Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarış əsasında Cavabdeh mülkiyyətindədir. O, cavabdehin qızı X1 əri olmuşdur. Nikahda olduqları müddətdə yaşayış sahəsi əldə etmək məqsədilə bacısı Şərqiyyə ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilin əvvəlki mülkiyyətçisi X7 ilə razılaşaraq, həmin mənzili almaq üçün qayınatası Rəfailin vasitəsilə İradəyə 17 sentyabr tarixində beh olaraq 10000 manat əvvəlcə vermiş, qalan məbləğ isə xx.xx.2012-ci il tarixdə təqdim edilmişdir. Lakin şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən alqı-satqı müqaviləsi qayınanası Cavabdeh ilə bağlanmış və mənzil qayınanası, hazırki iş üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir. Sabirabad Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə cavabdehin qızı ilə aralarında olan rəsmi nikah pozulmuş, xx.xx.2020-ci ildə bu barədə müvafiq qeyd aparılmışdır. Cavabdehin qızı ilə faktiki olaraq 4 ilə yaxındır ki, ayrılmışdır və birlikdə yaşamırlar. Belə ki, 2019-cu ildə evdən polis sahə rəisinin əli ilə çıxarılmış, bir müddət bacısının evində yaşamış, 2020-ci ildən isə H.Həmidov küçəsi 11 saylı ünvanda kirayədə yaşayır. Hesa edir ki, ünvan 1 ünvanında yerləşən mənzil onun maddi vəsaiti hesabına əldə edildiyindən cavabdehin onu yaşadığı evdən çıxartmağa haqqı yoxdur. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi məhkəməyə ərizə göndərərək iddia tələbinə etiraz etmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) 15 may 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «istifadə hüquqlarını müəyyən etməklə mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, həmin mülki iş üzrə Cavabdeh məhkəməyə akt təqdim etmişdir. Həmin aktı imza edənlər Sabirabad şəhəri A.Məmmədov (İ.İsgəndərov) küçəsi bina 5, mənzil 5-də kirayə yaşayan X9, Sabirabad şəhəri A.Məmmədov (İ.İsgəndərov) küçəsi bina 5,mənzil 2-də yaşayan X3, Sabirabad şəhəri A.Məmmədov (İ.İsgəndərov) küçəsi bina 5,mənzil, mənzil 3-də yaşayan X8, Sabirabad şəhəri A.Məmmədov (İ.İsgəndərov) küçəsi bina 5, mənzil 4-də yaşayan X10 imzaları ilə təsdiq etmişlər ki, X13 və o, ünvan 3 ünvanında qeydiyyatda olsa, bu ünvanda yaşamır, formal olaraq qeydiyyatda olmuşdur. Sonradan məlum olmuşdur ki, X9, X3, X8 və X11 belə bir aktı imzalamayıblar, imzalar saxtadır. Bununla bağlı, Sabirabad rayon Prokurorluğuna şikayət olunmuş və məhkəməyə vəsatət təqdim edilmişdir ki, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5 ünvanında yaşamadığı barədə Sabirabad rayon MİS-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktda adları qeyd edilən şəxslərin etdikləri imzaların saxtalığı barədə cinayət işi barəsində yekun akt qəbul edilənədək onun hazırki tələbinə dair mülki işin icraatı dayandırıması barədə qərardad qəbul edilməsini xahiş etmiş, lakin hakim vəsatətə hüquqi qiymət verməmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçının qızı ilə 2008-ci ildə nikaha girmişdir. 2012-ci ilin sentyabr ayında İ.İsgəndərov küçəsində sözügedən mənzili almışdır. Əvvəlcə 10000 manat , sonradan yenidən 10000 manat pul verilib.14 iyulda məktub gəlib ki, evdən köçməlidir. O, evdə yaşamaq hüququ istəyir. Ailə quranda evi yox idi. Evi İradə adlı şəxsdən almışdır. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırki iş ilə eyni vaxtda Bakı və Sumqayıt Apellyasiya Məhkəməsində qabaqcadan təyin olunmuş məhkəmə iclasları olduğundan prosesdə iştirak edə bilmir. Nümayəndə həmçinin bildirmişdir ki, İddiaçı sözgedən ünvandan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(120)-2759/2024 saylı qərarı əsasında qeydiyyatdan çıxarılmışdır. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından görünür ki, İddiaçı cavabdehin qızı Ələsgərova Gülnarə ilə 2008-ci ildən nikahda olmuşlar. Onların arasında olan nikah iddiaçının bildirdiyinə görə xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, 5 saylı evin 5 saylı mənzili İddiaçı keçmiş qayınanası Cavabdeh mülkiyyətindədir. Onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. İddiaçı cavabdehə məxsus Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, 5 saylı evin 5 saylı mənzili yaşayış evinə istifadə hüququnun tanınmasını və evə köçürülməsini xahiş etmişdir. İddiaçı mənzilə istifadə hüquqlarının mövcudluğuna və ona görə də həmin mənzilə köçürülməli olduğuna dair tələbinin əsası kimi həmin mənzilin məhz onun maliyyə vəsaiti hesabına alındığı və alqı-satqı zamanı onun şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi səbəbindən mənzilin alıcı tərəfi kimi formal olaraq onun keçmiş qayınanası Cavabdeh göstərilməsi ilə əsaslanmışdır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin göstərilən normalarına əsaslanaraq Kollegiya qeyd edir ki, mülkiyyətdə olan tikiliyə köçürülmək və istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə bağlanan yazılı razılaşma tələb olunur ki, hazırkı halda belə razılığın olması müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin, 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında hüquqi mövqeyinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, İddiaçı mübahisəli Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, 5 saylı evin 5 saylı mənzilinə 2017-ci ildən yaşayış yeri üzrə qeydiyyata alınmaqla köçüb yaşamasına baxmayaraq, qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından onun mübahisəli mənzilə hər hansı hüquqları yaranmamışdır. Bundan başqa, müəyyən edilir ki, tərəflər arasında sözügedən mənzilə dair başqa məhkəmə mübahisələri də olmuşdur. Belə ki, iddiaçı Cavabdeh İddiaçı qarşı Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, 5 saylı evin 5 saylı mənzilinə istifadə hüququnun itirilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)- 1854/2023-cü saylı qətnaməsi qüvvədədir və həmin qətnamə hazırki iş iddia üzrə də preyudisial əhəmiyyətə malikdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, hazırkı iddia tələbi üzrə istifadə hüquqlarının mövcudluğu iddia edilən və köçürülməsi tələb olunan mənzil xx.xx.2017-ci il tarixdən İddiaçı keçmiş qayınanası Cavabdeh mülkiyyətindədir. Cavabdeh qızı Gülnarə Əliyeva ilə İddiaçı 2008-ci ildə nikaha daxil olmuş, onlar əvvəllər kirayədə, sonradan isə Cavabdeh xx.xx.2017-ci il tarixdən mülkiyyətində olan Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, 5 saylı evin 5 saylı mənzilində yaşamışlar; İddiaçı 2017-ci ildə həmin evə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. 2020-ci ildə Gülnarə Əliyeva ilə İddiaçı arasındakı nikah pozulmuş, həmin vaxtdan İddiaçı başqa ünvana köçmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində müəyyən edilmişdir ki, İddiaçı Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, 5 saylı evin 5 saylı mənzilinə istifadə hüququ olmamışdır. MPM-in 82.3-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlr onu deməyə əsas verir ki, iddia əsassızdır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qıtnaməni ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(056)-464/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1488/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1488/2024
08.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver