Məhkəmə qərarları › İş №2(106)-1493/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1493/2024

20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1493/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, Ərizəçi Hacağa oğlunun maraqlı şəxs Masallı regional "ASAN xidmət" Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərardadından Ərizəçi Hacağa oğlu tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: Ərizəçi Hacağa oğlu maraqlı şəxs Masallı regional "ASAN xidmət" Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir, Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)-677/2018 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, X4 və X1 miras qalmış Masallı rayonu Ləngan kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN0059 saylı Dövlət Aktında qeyd edilmiş 1,07 ha torpaq sahəsinin 2/3 hissəsinin, yəni 0,714 ha payıbəlli torpaq sahəsinin X5 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)-677/2018 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamənin onun hüquqlarına toxunduğunu hesab edən Maraqlı şəxs2 03 aprel 2024-cü il tarixdə ərizə və apellyasiya şikayəti ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək qətnaməni xx.xx.2024-cü il tarixdə almasını nəzərə alaraq prosessual müddət üzürlü səbəbdən ötürülmüş hesab edilməklə bərpa edilərək apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)-677/2018 saylı qətnaməsindən şikayət verilməsi üçün prosessual müddətin bərpa olunması barədə Maraqlı şəxs2 ərizəsi təmin edilmiş, buraxılmış prosessual müddətin bərpa edilmiş, Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)-677/2018 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sonuncu qərardaddan Ərizəçi Hacağa oğlu şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, Qanunun tələbinə görə, şikayət elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Hazırki halda verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da, şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin ərizəçi tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Beləliklə, Kollegiya hesab edir ki, mülki işin göndərilməsi barədə Masallı Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilməli, Masallı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərardadından Ərizəçi Hacağa oğlu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Masallı Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilsin. Masallı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərardadından Ərizəçi Hacağa oğlu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılsın. X2 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar