Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1495/2024 11.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(072)-209/2024 saylı qətnaməsindən (hakim T.Nüsrətov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 51000 manat əsas borcun, illik 5 faiz dərəcəsi ilə hesablanmaqla son iki il üçün 5100 manat faiz borcunun, ümumilikdə isə 56100 manat borcun və 258.3 manat ödənilmiş dövlət rüsümunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbin həcmini azaldaraq cavabdehdən 51000 manat əsas borcun və 258.3 manat ödənilmiş dövlət rüsümunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə xeyli vaxdır ki, tanışdırlar. Onunla münasibəti əvəllər yaxşı olmuşdur. Azərbaycan Respublikasına gəlib-getdiyi dövrlərdə onunla aralarında yaxşı münasibətləri yaranmış, cavabdeh onun inamını qazanmışdır. Cavabdeh 2018-ci ilin sentyabr ayının əvvəlində ondan 3 ildən sonra geri qaytarmaq şərtilə 30000 ABŞ dolları, yəni 5`1000 manat pul istəmişdir. Razılaşmışlar ki, həmin pulun verilməsini notarial qaydada rəsmiləşdirsinlər. 26 sentyabr 2018-ci ildə Bakı şəhəri 2 saylı notariat kontoruna gedib orada Cavabdeh ilə aralarında kredit müqaviləsi imzalamışlar. Müqaviləyə əsasən Cavabdeh 26 sentyabr 2021-ci il tarixədək ona qaytarmaq şərtilə 51000 manat borc alır. Cavabdeh verdiyi vədə əməl etməyərək bu günə kimi ondan aldığı pulu geri qaytarmır. Ona görə də mülki qaydada pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh onun pulunu mənimsəyərək əsassız varlanaraq qazanc əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş və izahatında əlavə olaraq göstərmişdir ki, iddiaçı borc pul məbləğinin geri qaytarılması barədə dəfələrlə cavabdehə müraciət etmiş, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış və ümumiyyətlə, müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də, iddiaçı cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eyni zamanda bildirir ki, hüquqlarını təmsil etdiyi İddiaçı vergi ödəyicisi deyildir. Bundan başqa, 26 sentyabr 2018-ci il tarixli borc (kredit) müqaviləsinə əlyazma ilə əlavə edilmiş “Qeyd” hissə barədə bildirir ki, tərəflərin qarşılıqlı razılığına əsasən Qəbələ rayonu ərazisində birgə balıqçılıq təsərrüfatının yaradılması üçün İddiaçı Cavabdeh əlavə 10000 (on min) ABŞ dolları məbləğində pul vermişdir. Lakin 10000 (on min) ABŞ dolları məbləğində pulun verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələri 26 sentyabr 2018-ci il tarixli borc (kredit) müqaviləsi ilə tənzimlənməmişdir. Bütün bunları nəzərə alaraq Cavabdeh 51000 (əlli bir min) manat məbləğində pulun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 258.30 (iki yüz əlli səkkiz, otuz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, uzun müddətdir iddiaçını tanıyır və əvvəllər münasibətləri yaxşı olmuşdur. Belə ki, İddiaçı ona Qəbələ rayonunda birgə balıqçılıq təsərrüfatı yaratmaq məqsədi ilə 51000 (əlli bir min) manat məbləğində pul vermişdir. Hətta sonradan 10000 (on min) ABŞ dolları məbləğində əlavə pul vermişdir. Lakin işləri normal getmədiyi üçün iflas olmuşlar. Ümumiyyətlə, İddiaçı 51000 (əlli bir min) manat məbləğində pulu ona borc olaraq deyil, birgə biznes qurmaq məqsədi ilə vermişdir. Hesab edir ki, bu iflas nəticəsində İddiaçılə yanaşı ona da maddi zərər dəymişdir. Cəbrayıl Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(072)-209/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 51000 (əlli bir min) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 234.79 (iki yüz otuz dörd, yetmiş doqquz qəpik) manat hissəsinin tutularaq İddiaçıa ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın yolverizməliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən onunla iddiaçı arasında notariat qaydasında bağlanmış kredit müqaviləsinin olmasını nəzərə almamışdır. İşin məhkəmə qaydasında baxılıbbaxılmaması halı araşdırılmamışdır. İddiaçı ilə aralarında 26 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Hesab edir ki, bu müqavilə məhkəmə icraatı qaydasında baxılmalı iş deyildir. Odur ki, işin halları barədə fikir bildirməyi doğru deyyildir. Məhkəmənin qəbul etdiyi qətnamə Azərbaycan Respublikasının “Notariat haqqında” qanunun tələblərinə ziddir. Belə ki, notariat ofisi tərəfindən bağlanılan kredit müqaviləsi notariat orqanının icra qeydi əsasında mübahisəsiz qaydada həll edilməlidir. Göstərdiyi hallara məhkəmə qiymət verməmiş və işə ümumi məhkəmə icraatı qaydasında baxaraq qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası MPM-in 153-cü maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə iddianın yol verilməzliyinə görə iddiadan imtina edilməsi barədə qərardad qəbul etməli idi. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, iddiaçı ona borc müqaviləsində qeyd edilən pulu illik 12% dərəcəsi ilə vermişdi və həmin pulların faizi onun tərəfindən ödənilmişdir. Pullar isə keçi təsərrüfatının yaradılmasına yönəldilmiş, sonra heyvanları dələduzluq yolu ilə başqası tərəfindən ələ keçirilmişdir. Bununla bağlı polisdə araşdırma aparılır və ona dəyən zərər ödənilməmiş qalır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə müvafiq olaraq işə apellyasiya şikayətinin dəlilləri üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş borc verən (iddiaçı) İddiaçılə borc alan (cavabdeh) Cavabdeh arasında 26 sentyabr 2018-ci il tarixdə bağlanaraq notariat qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, borc verən 51000 (əlli bir min) manat məbləğində pulu faizsiz olaraq borc alana borc kimi verməyi, borc alan isə almış olduğu borcu 26 sentyabr 2021-ci il tarixinədək qaytarmağı öhdələrinə götürmüşlər. Kredit müqaviləsi notariat qaydada təsdiq olunandan sonra tərəflər 26 sentyabr 2018ci il tarixində müqaviləyə rus dilində aşağıdakı məzmunda qeydlər vermiş və həmin qeydləri öz imzaları ilə təsdiq etmişlər: Borca verilmiş 30000 ABŞ dolları məbləğində kreditin 2019-cu ilin yanvar ayından başlayaraq illik faizi 12% təşkil edəcək 2022-ci ilədək; Mən İddiaçı Qəbələ rayonunun Yengicə kəndində yerləşən Səxavət gölünün sahibi Cavabdeh balıq yetişdirilməsi və bu biznesdən əldə edilmiş gəlirin 3 bərəbər hissəyə bölünməsi məqsədilə 10000 ABŞ dolları verirəm. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 427.3-maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir, 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır, 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır, 739.1- ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2- ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçının cavabdehə 51000 manat məbləğində pul verməsi işin mübahisəsiz halıdır. Cavabdeh həmin pulların iddiaçı tərəfindən ona keçi təsərrüfatının yaradılması məqsədilə verildiyini, tərəfindən iddiaçıya bununla bağlı faizlər ödənildiyini bildirsə də, buna dair hər hansı bir sübutunu birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində iddiaçının cavabdehə vermiş olduğu borcun məqsədli təyinatı müəyyən edilməmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmənin qəbul etdiyi qətnamənin Azərbaycan Respublikasının “Notariat haqqında” qanunun tələblərinə zidd olmasını, notariat ofisi tərəfindən bağlanılan kredit müqaviləsinin notariat orqanının icra qeydi əsasında mübahisəsiz qaydada həll edilməli olmasını bildirərək, Azərbaycan Respublikası MPM-in 153-cü maddəsinə müvafiq olaraq iddianın yolverilməzliyinə icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etməli olduğunu bəyan etməklə, həmin əqdin etibarlı, iradə ifadələrini əks etdirən bir əqd olmasını bir daha təsdiq etmiş olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarının 161-ci bəndinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə notarius borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Göründüyü kimi qanunverici icra qeydinin aparılması qaydalarını dəqiq müəyyən etməklə bunların baş verməsini tələbkarın müvafiq müraciətindən asılı etmişdir. Hazırki işin materiallarından tələbkarın icra qeydinin verilməsi məqsədilə notariat ofisinə müraciət etməsi və bununla bağlı icra qeydinin aparılması müəyyən olunmur. Tələbkarın müvafiq icra qeydinin verilməsi məqsədilə notariat ofisinə müraciət etməməsi, onu məhkəməyə müraciət etmək hüququndan məhrum edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(072)-209/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Pərviz Əhmədov Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-1495/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1495/2024
11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver