Məhkəmə qərarları › İş №2(106)-15/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-15/2023

04.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-15/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Zaur Mirzağa oğlu Allahyarovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, Biləsuvar Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin sərhəd mərzlərinin müəyyən edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə Biləsuvar rayonunun Ağalıkənd kəndində 3,58 ha kənd təsərrüfatı məhsulları əkilməsi üçün torpaq sahəsi ayrılmışdır. Bu barədə mülkiyyət hüququna dair Dövlət aktı vardır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus torpaq sahəsinin sərhəd mərzlərinin müəyyən edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun torpaq sahəsinin bir hissəsindən istifadə edir və həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Biləsuvar Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli (hаkim P.Əhmədov) qətnаməsi ilə İddiaçı Cavabdeh qarşı iddiaçıya məxsus torpaq sahəsinin sərhəd mərzlərinin müəyyən edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması tələbi barədə iddiası rədd edilmiş, iş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğdə pul vəsaitinin İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə tərəfindən onun mülkiyyət hüququ qorunmamışdır. Şikayətə görə, məhkəmənin keçirdiyi ekspertizanın rəyində qarşıya qoyulan suallar tam cavablandırılmamış, ona görə rəy əsassızdır. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonuncu apellyasiya baxışı iclasında iştirak etməmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı ilə İddiaçı və (cəmi 5 nəfərdən ibarət) ailə üzvlərinin birgə mülkiyyətinə Biləsuvar rayonu, Ağalıkənd kəndi ərazisində 3,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Bu barədə mülkiyyət hüququna dair Dövlət aktı vardır. Cavabdeh tərəf torpaq sahəsinə dair hər hansı sənəd təqdim etməmişdir. İddiaçı, özünə məxsus torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini, zəbt edilmiş hissənin qanunsuz sahiblikdən azad edilməsini xahiş etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının 13 yanvar 2021-ci il tarixli, 10/54 nömrəli rəyinə istinad etmişdir. Həmin rəyə görə, Elektron baza məlumatları və Biləsuvar rayonu Ağalıkənd kəndinin keçmiş “Azərbaycan” təsərrüfatının kompleks yerquruluşu layihəsinə əsasən vətəndaşların mülkiyyətlərinə verilmiş torpaqların hüquqmüəyyənedici sənədlərində əks olunan göstəricilərlə faktiki istifadələrindəki məkan göstəriciləri arasında uygunsuzluqlar mövcud olduğu üçün sualları cavablandırmaq mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli, 250s saylı sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi qaydaları” əsasında aparılmış uçot işlərinin yekun nəticəsi olaraq yeni rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra tətbiq olunacaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən sonra qərardadda qeyd olunan sualların cavablandırılması mümkün olacaqdır. Apellyasiya baxışında iş üzrə yenidən məkhəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-819/2023 saylı mütəxəssis arayışı əsasında hazırlanmış məhkəmə tikinti-texniki ekspertizasının 10 may 2023-cü il tarixli, 10/2616 nömrəli rəyinə görə Biləsuvar rayonu, Ağalıkənd kəndi ərazisində JN-608 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Həmin 3,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,39 hektaradək hissəsi iddiaçının və onun ailə üzvlərinin istifadəsində olduğu, cənub-qərb istiqamətində qalan 0,1949 hektaradək hissəsi isə Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Kollegiya iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının 10 may 2023-cü il tarixli rəyini sübut olaraq qəbul edir və belə qənaətə gəlir ki, iddiaçıya məxsus torpaq sahəsinin 0,1949 ha hissəsi cavabdehin faktiki istifadəsində, qanunsuz sahibliyindədir. Ona görə torpaq sahəsinin qanunsuz sahiblikdən tələb edilməsi barədə iddiaçının tələbi haqlıdır. Göstərilənlər onu deməyə əsas verir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 3,58 ha torpaq sahəsinin 0,1949 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. Apellyasiya şikayəti qismən təmin edildiyindən və iddia qismən təmin edildiyindən iddianın və apellyasiya şikayətinin təmin edilmiş hissəsinə uyğun olaraq Cavabdeh 22.50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(022)-5/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 3,58 ha torpaq sahəsinin 0,1949 ha hissəsindən Cavabdeh çıxarılsın. İddianın və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq Cavabdeh 22.50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar