Məhkəmə qərarları › İş №2(106)-1502/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1502/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1502/2024 17.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), X2 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X4, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə öhdəlikləri üzrə cəmi 9245,08 manat və ödənilmiş dövlət rüsumuna görə cəmi 113,33 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh, iddiaçı ilə bağladığı əmək müqavilələrinə əsasən əvvəlcə 05 noyabr 2009-cu il tarixdə Bankın Pərakəndə biznes departamentinin Pərakəndə biznesin inkişafı şöbəsinin baş mütəxəssisi vəzifəsinə, 07 mart 2023-cü il tarixdə Strategiya ofisinin meneceri vəzifəsinə təyin edilmişdir. Cavabdeh iddiaçı ilə “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında” 10 yanvar 2022-ci il tarixli (İ müqavilə) və 04 noyabr 2022-ci il tarixli (İİ müqavilə) müqavilələr bağlamışdır; İ müqavilə üzrə “X1” (PMP) sertifikatı əldə etmək üçün keçirilmiş kursda, İİ müqavilə üzrə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Koç Universitetində “Executive Mini-MBA” təhsil proqramına dair keçirilmiş tədrisdə iştirak etmişdir. İddiaçı həmin müqavilələr əsasında üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq, İ müqavilə üzrə kurs haqqı üçün 1250 manat, İİ müqavilə üzrə təhsil haqqı üçün 8050 manat, otel üçün 3333,92 manat, bir dəfə gediş-dönüş aviabilet üçün 1022 manat, digər ezamiyyə xərcləri üçün 681,57 manat və vergi ödənişləri üçün 727,14 manat olmaqla, cəmi 13814,63 manat məbləğində pul xərcləmişdir. İ və İİ müqavilələrin 1.2-ci bəndlərinə əsasən cavabdeh müvafiq olaraq kurs və təhsil proqramlarını müvəffəqiyyətlə tamamladığını təsdiq edən sənədləri əldə etdiyi tarixdən sonrakı 1 il və 2 il ərzində iddiaçı ilə bağladığı əmək müqaviləsinə müəssisənin ləğv edilməsi, işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi istisna olmaqla, digər əsaslar üzrə xitam verilərsə, yuxarıda iddiaçı tərəfindən çəkildiyi göstərilmiş bütün xərcləri (o cümlədən, kurs və təhsil haqları üçün çəkilmiş xərcləri) işlədiyi dövrə proporsional nisbətdə müəyyən olunan həcmdə iddiaçıya ödəmək öhdəliyini üzərinə götürmüşdür. İİ müqavilənin 1.1-ci bəndinin mətnində iddiaçının cavabdehə görə ödəməli olduğu təhsil haqqı əvvəlcə “(bundan sonra– ayrılıqda “təhsil haqqı”)” adlandırılsa da, sonra isə cavabdehin Türkiyə Respublikasının İstanbul şəhərinə ezam edilməsi ilə əlaqədar iddiaçının çəkməli olduğu digər bütün xərclərlə birlikdə “(bundan sonra– birlikdə “Xərclər”)” adlandırılmaqla, müqavilənin məqsədləri üçün ümumi məzmunda işlədilmiş “xərclər” anlayışının tərkibinə daxil edilmişdir. Cavabdehin İ və İİ müqavilələr üzrə tədris proqramlarını müvafiq olaraq 21 oktyabr 2022 və 15 may 2023-cü il tarixlərdə bitirdikdən sonra iddiaçı ilə bağladığı əmək müqaviləsinə 31 may 2023-cü il tarixdə özünün təşəbbüsünə əsasən xitam verilməsi hər iki müqavilənin 1.2-ci bəndlərində göstərilmiş qaydaların tətbiq edilməsi üçün hüquqi əsasın, cavabdehin iddiaçıya İ müqavilə üzrə çəkilmiş 1250 manat məbləğində xərcin işlədiyi dövrə proporsional olan 489,73 manat hissəsini və İİ müqavilə üzrə çəkilmiş cəmi 13814,63 manat məbləğində xərci qaytarmaq vəzifəsinin, iddiaçının isə cavabdehdən həmin xərcləri ona qaytarmasını tələb etmək hüququnun yaranması ilə nəticələnmişdir. Buna görə də iddiaçı cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verdikdən sonra cavabdehə ödəməli olduğu son haqq-hesab məbləğinin 5059,28 manat hissəsini yuxarıda İİ müqavilə üzrə çəkdiyi göstərilmiş xərclərə görə öz xeyrinə tutmuş, cavabdehdən İ müqavilə üzrə çəkdiyi xərcə görə 489,73 manat, İİ müqavilə üzrə çəkdiyi xərclərə görə 8755,35 manat olmaqla, cəmi 9245,08 manat məbləğində pulu ona qaytarmasını dəfələrlə şifahi və yazılı qaydada tələb etmiş, cavabdeh həmin tələbə əməl etməmişdir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə cəmi cəmi 113,33 manat məbləğində pul ödəmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya dair verdiyi yazılı etirazlarında iddianın təmin edilməməsini xahiş etsə də məhkəmədə verdiyi izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində işin faktiki hallarını etiraf etməklə, İİ müqavilənin 1.1-ci bəndinin mətnində işlədilmiş “xərclər” anlayışının tərkibinə iddiaçının cavabdehə ödədiyi təhsil haqqının daxil edilmədiyini, cavabdehin həmin müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçının təhsil haqqı üçün çəkdiyi xərcin qaytarmalı olmadığını bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçının İ müqavilə üzrə kurs haqqı üçün ödədiyi pulun 489,73 manat hissəsini, İİ müqavilə üzrə otel üçün ödədiyi 3333,92 manat, bir dəfə gediş-dönüş aviabilet üçün ödədiyi 1022 manat, digər ezamiyyə xərcləri üçün ödədiyi 681,57 manat və vergi ödənişləri üçün ödədiyi 727,14 manat olmaqla, cəmi 6254,36 məbləğində pulu iddiaçıya sonuncu ilə bağladığı İ və İİ müqavilələrin 1.2-ci bəndlərinə əsasən qaytarmalı olduğunu etiraf edir. İddiaçı həmin məbləğin 5059,28 manat hissəsini onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən sonra ona ödəməli olduğu son haqq-hesab məbləğindən tutduğuna görə iddia ərizəsi üzrə iddiaçıya 1195,08 manat məbləğində pul ödəməli olduğunu hesab edir. Buna görə də iddianın həmin hissədə, yəni qismən təmin edilməsinə etiraz etmir. İİ müqavilənin 1.1-ci bəndində işlədilmiş “xərclər” anlayışına iddiaçının təhsil haqqı üçün ödədiyi 8050 manat məbləğində pul daxil edilmədiyinə görə həmin məbləği müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş hüquqi əsasın mövcud olmasına baxmayaraq, iddiaçıya ödəməli olmadığını hesab etmiş, buna görə də iddianın həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin (hakim A.Musayev) 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilmiş, Cavabdeh 10 yanvar 2022-ci il tarixli müqavilə üzrə 489,73 manat və 04 noyabr 2022-ci il tarixli müqavilə üzrə 8755,35 manat olmaqla, cəmi 9245,08 manat, ödənilmiş dövlət rüsumuna görə cəmi 113,33 manat məbləğində pulun alınıb "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 448.2-ci maddələrinə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia ərizəsinin mübahisələndirilən hissədə tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, onunla bank arasında yaranan hazırki mübahisə əmək münasibətindən törəmişdir. Ona görə də məhkəmə bu mübahisə üzrə işi araşdırarkən əmək qanunvericiliyinin prinsiplərini rəhbər tutmalı, qanunvericilikdə işçi və işəgötürənin təsbit olunan hüquq və vəzifələrini nəzərə almaqla yekun qərar qəbul etməlidir. Apellyasiya şikayətinə görə ABB ilə bağlanan müqavilələr sərbəst seçim olaraq azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlmişdir. ABB işəgötürən olaraq, ona münasibətdə güclü tərəf olmuş, aralarında bağlanılan müqavilənin şərtləri aydın şəkildə qeyd olunmuş, onların razılığı məhz təhsil haqqı istisna olmaqla, xərclərin geri qaytarılması barədə olmuşdur. Şikayətdə göstərilir ki, məhkəmə işə baxarkən, yalnız müqavilənin 1.1-ci bəndində qeyd edilən hala formal qiymət verməklə kifayətlənmiş, müqavilənin 1.2 və 1.3-cü bəndlərinə hüquqi qiymət verməmiş, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərini müəyyən etməmişdir. Halbuki, onun banka təhsil haqqını işdən çıxacağı halda ödəməli olmamasına dair iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin, xüsusən bankın sonrakı hərəkətləri, yəni işdən çıxarkən həmin vəsaiti onun son haqq hesabından tutulmaması, iddia tələbinin tamamilə yalan və məhkəmədə təkzib olunan dəlillərlə əsaslandırılması nəzərə alınmamış, işin hallarına münasibətdə məhkəmənin qətnaməsi ilə müəyyən edilən və təsdiqedilən hal düzgün olmamışdır. Məhkəmə iddianı təmin etməklə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Nəticədə onun qanunla qorunan hüquqları pozulmuşdur. Apellyasiya şikayətinə etiraz İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazında göstərmişdir ki, mübahisənin mahiyyəti heç də Bankın keçmiş əməkdaşı Cavabdeh ilə Bank arasında bağlanmış əmək müqaviləsi üzrə götürdüyü öhdəliklərin pozulmasından qaynaqlanmamışdır. Tərəflər arasında hazırki mübahisənin kökündə duran müqavilə məhz mülki hüquq münasibətləri ilə əlaqəli öhdəlik müqaviləsi olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında müqavilə”lərin hər biri ilə tərəflər öz üzərilərinə mülki hüquq münasibətləri çərçivəsində müvafiq öhdəliklər götürmüş, həmin öhdəliklərin icrası ilə bağlı bir-birilərinin qarşısında məhz qeyd edilən əsasla məsuliyyət daşımışlar. Müqavilə şərtlərinə uyğun olaraq, Bank tərəfindən Cavabdeh qeyd edilən proqramda iştirakı üçün təhsil haqqı üçün 8050 AZN (səkkiz min əlli manat), otel xidmətləri üçün 3333.92 AZN (üç min üç yüz otuz üç manat doxsan iki qəpik), biletin alınması üçün 1022.00 AZN (bir min iyirmi iki manat sıfır qəpik), ezamiyyə xərci kimi 681.57 AZN (altı yüz səksən bir manat əlli yeddi qəpik) və vergi ödənişi olaraq 727.14 AZN (yeddi yüz iyirmi yeddi manat on dörd qəpik), ümumilikdə 13814.63 AZN (on üç min səkkiz yüz on dörd manat altmış üç qəpik) məbləğində vəsait ödənmişdir. Tərəflər arasındakı hazırki münasibət mülki hüquq münasibətləri çərçivəsində bağlanmış və hər iki tərəfin bir- biri qarşısında bərabər hüquq və öhdəliklərini təsbit edən müqavilələrdən irəli gəlmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında müqavilə”nin 1.3-cü bəndinə əsasən İşçi proqramda qəsdən iştirak etmədiyi halda, habelə proqramın tamamlanmasını təsdiq edən sənədin (sertifikatın) surətini, o cümlədən Proqramın tamamlandığını təsdiq edən rəsmi elektron məktubu ABB-yə təqdim etmədiyi halda təhsil haqqı məbləğini tam həcmdə ABB-yə geri ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.1, 1.1.1 və 1.2-ci bəndlərinə əsasən Bank İşçinin “Rəhbərlər üçün Mini- MBA” təhsil proqramı üzrə təhsil haqqının (bundan sonra– ayrılıqda “təhsil haqqı”) tam həcminin, təhsil müddətində tədris proqramının bir hissəsi olan Türkiyə Respublikasının Koç Universitetində keçiriləcək dərslərdə iştirak etmək məqsədilə İşçinin İstanbul şəhərinə getməsi üçün 1 dəfə gediş-dönüş aviabilet xərclərinin, habelə İşçi dərslərdə iştirak etmək məqsədilə İstanbul şəhərində olduğu dövr ezamiyyətdə olduğu dövr kimi qəbul edilir və hüquqi aktların tələbi ilə müəyyən edilmiş normalara uyğun ezamiyyə xərclərinin ödənilməsini, İşçi isə proqramın müvəffəqiyyətlə tamamlanmasını təsdiqləyən sənədin (sertifikatın) surətinin və ya proqramın tamamlandığını təsdiq edən rəsmi elektron məktubun ABB-yə təqdim edildiyi tarixdən etibarən 2 (iki) il ərzində, İşçi ilə Bank və/və ya onun törəmə müəssisələri arasında əmək münasibətlərinə xitam verildiyi təqdirdə (müəssisənin ləğv edilməsi, işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi, işçinin ölümü, əmək qabiliyyətinin 6 aydan artıq müddətə itirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi halları istisna olmaqla), İşçi ABB tərəfindən ödənilən Xərcləri bu bənddə qeyd olunan müddət ərzində işlədiyi dövrə proporsional nisbətdə müəyyən olunan həcmdə geri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən İşçi proqramda qəsdən iştirak etmədiyi halda, habelə proqramın tamamlanmasını təsdiq edən sənədin (sertifikatın) surətini, o cümlədən Proqramın tamamlandığını təsdiq edən rəsmi elektron məktubu ABB-yə təqdim etmədiyi halda təhsil haqqı məbləğini tam həcmdə ABB-yə geri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2ci bəndinə əsasən ABB tərəfindən Proqramda iştiraka görə ödəniləcək təhsil haqqı məbləği bütün vergilər və digər xərclər daxil olmaqla 8050 AZN təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 1.2 və 1.3-cü bəndlərində nəzərdə tutulmuş hallarda, müqavilə şərtlərinə uyğun olaraq ABB tərəfindən ödənilən ümumi iştirak haqqı məbləği İşçi tərəfindən 10 (on) iş günü ərzində Banka geri qaytarılmalıdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş hallarda İştirak haqqı məbləğinin geri ödənilməsini İşçidən tələb etmək Bankın hüququdur. Həmin müqavilənin 2.4.4-cü bəndinə əsasən proqram üzrə sertifikatın surətinin və ya proqramın tamamlandığını təsdiq edən rəsmi elektron məktubun ABB-yə təqdim edildiyi tarixdən 2 (iki) il müddətindən tez Bank və/və ya onun törəmə müəssisələri ilə əmək münasibətlərinə xitam verildiyi təqdirdə iştirak haqqının məbləğini (xərcləri) işlədiyi müddətə proporsional olaraq geri ödəmək İşçinin vəzifəsidir. Etiraza görə, cavabdeh iddiaçıya olan öhdəliyindən yayınmaq və məhkəmə proseslərini lüzumsuz yerə uzatmaq üçün hazırki apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Səbinə İsmayılova izahatında bildirmişdir ki, ümumi “xərc” məfhumu altında müqavilədə təhsil haqqı və ezam xərcləri nəzərdə tutulmuşdur. Ümumi iştirak xərcləri 10 iş günündə banka ödənilməli idi. Müqavilənin 1.1 -ci bəndinə əsasən iştirak haqqı işçidən tələb edilə bilər. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək işin faktiki hallarını, yəni təlim xidmətləri, peşəkarlığın artırılması ilə əlaqədar Türkiyə Respublikasına göndərilməsi ilə bağlı Bank tərəfindən xərclərin cavabdehə ödənilməli olduğunu etiraf etməklə etirazında bildirmişdir ki, iddiaçı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, təhsil haqqı məbləği və digər xərcləri tələb etmişdir; lakin cavabdeh gediş-gəliş və ezamiyyə xərclərinin Banka qaytarmalı olmasını qəbul edir, təhsil haqqını qəbul etmir. Müqavilənin 1.3-cü bəndində proqramda qəsdən iştirak etmədiyi halda pulun qaytarılması qeyd olunmişdur. Burada qəsdən iştirak etməmə halı yoxdur. Təhsil haqqının ödənilməsini qəbul etmirlər. Ezamiyyə xərclərini qaytarmağa razıdır. Belə ki, 06 may 2023-cü il tarixdə təhsili başa çatıb və 31 mayda öz ərizəsi ilə işdən azad olunmuşdur. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh, nümayəndəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəf sonrakı məhkəmə iclasında iştirak etməmiş, məhkəməni onun iştirakı olmadan keçrilməsini xahiş etmiş və apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəf qətnamənin təhsil haqqının tutulmasına dair hissəsini mübahisələndirmişdir. Kollegiya işə cavabdehin apellyasiya şikayəti həddində baxır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin hallarından görünür ki, Cavabdeh 05 noyabr 2009-cu il tarixdən Azərbaycan Beynəlxalq Bankının Pərakəndə biznes departamentinin Pərakəndə biznesin inkişafı şöbəsinin baş mütəxəssisi vəzifəsində, 07 mart 2023-cü il tarixdən Bankın Strategiya ofisinin meneceri vəzifəsində işləmişdir. Cavabdeh 31 may 2023-cü il tarixdən öz ərizəsi ilə işdən azad edilmişdir. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında” 10 yanvar 2022-ci il tarixli (İ müqavilə) və 04 noyabr 2022-ci il tarixli (İİ müqavilə) müqavilələr bağlamışdır. Cavabdeh İ müqavilə üzrə “X1” (PMP) sertifikatı əldə etmək üçün keçirilmiş kursda, İİ müqavilə üzrə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Koç Universitetində “Executive Mini-MBA” təhsil proqramına dair keçirilmiş tədrisdə iştirak etmişdir. İddiaçı Bank həmin müqavilələr əsasında üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq, İ müqavilə üzrə kurs haqqı üçün 1250 manat, İİ müqavilə üzrə təhsil haqqı üçün 8050 manat, otel üçün 3333,92 manat, bir dəfə gediş-dönüş aviabilet üçün 1022 manat, digər ezamiyyə xərcləri üçün 681,57 manat və vergi ödənişləri üçün 727,14 manat olmaqla, cəmi 13814,63 manat məbləğində pul xərcləmişdir. İddiaçının bildirdiyinə görə, İ müqavilə üzrə çəkilmiş 1250 manat məbləğində xərcin işlədiyi dövrə proporsional olaraq bir hissəsi cavabdehdən tutulmuş, 489,73 manat hissəsi cavabdehdən geri ödənilməmiş qalmışdır; Bankın bildirdiyinə görə, İİ müqavilə üzrə çəkilmiş cəmi 13814,63 manat məbləğində xərcdən, son haqq-hesab zamanı 5059,28 manat hissəsini Bank İİ müqavilə üzrə çəkdiyi göstərilmiş xərclərə görə öz xeyrinə tutmuş, 8755,35 manat vəsait qaytarılmamışdır. Bu xərclərin hesablanması, cavabdehə Bank tərəfindən ödənilən məbləğ və cavabdehdən son haqq-hesab zamanı faktiki tutulan xərclərin miqdarı barədə cavabdeh etiraz etməmişdir. Beləliklə, iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən öhdəliyin pozulmasına görə, İ müqavilə üzrə çəkdiyi xərcə görə 489,73 manat, İİ müqavilə üzrə çəkdiyi xərclərə görə 8755,35 manat olmaqla, cəmi 9245,08 manat məbləğində pulun qaytarmasını tələb edir. Cavabdeh iddianı tələb edilən məbləğ üzrə qismən etiraf etmiş, qeyd etmişdir ki, iddiaçının İ müqavilə üzrə kurs haqqı üçün ödədiyi pulun 489,73 manat hissəsini, İİ müqavilə üzrə otel üçün ödədiyi 3333,92 manat, bir dəfə gediş-dönüş aviabilet üçün ödədiyi 1022 manat, digər ezamiyyə xərcləri üçün ödədiyi 681,57 manat və vergi ödənişləri üçün ödədiyi 727,14 manat olmaqla, cəmi 6254,36 manat hissədə qəbul edir. Cavabdeh qalan hissədə- təhsil haqqına görə ödənilmiş 8050 manatın tələb edilməsi hissədə iddianı qəbul etməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia keçərlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443-cü maddəsinə əsasən: 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, onunla Bank arasında yaranan hazırki mübahisə əmək münasibətindən törəmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında yaranış hazırki mübahisə əmək müqaviləsi üzrə öhdəliklərin pozulmasından irəli gəlmir. Hazırki mübahisə tərəflər arasında mövcud olan qarşılıqlı öhdəlik-hüquq münasibətlərindən irəlin gələn mülki hüquq münasibətlərindən törənmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında müqavilə”lərin hər biri ilə tərəflər öz üzərilərinə mülki hüquq münasibətləri çərçivəsində müvafiq öhdəliklər, həmin öhdəliklərin icrası ilə bağlı bir-birilərinin qarşısında qeyd edilən əsasla məsuliyyət götürmüşlər. Müqavilə şərtlərinə uyğun olaraq, Bank tərəfindən Cavabdeh sözügedən proqramda iştirakı məqsədilə təhsil haqqına görə 8050 AZN (səkkiz min əlli manat), otel xidmətləri üçün 3333.92 AZN (üç min üç yüz otuz üç manat doxsan iki qəpik), biletin alınması üçün 1022.00 AZN (bir min iyirmi iki manat sıfır qəpik), ezamiyyə xərci kimi 681.57 AZN (altı yüz səksən bir manat əlli yeddi qəpik) və vergi ödənişi olaraq 727.14 AZN (yeddi yüz iyirmi yeddi manat on dörd qəpik), ümumilikdə 13814.63 AZN (on üç min səkkiz yüz on dörd manat altmış üç qəpik) məbləğində vəsait ödənilmişdir. Bu məbləğ mübahisə obyekti olmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında müqavilə”nin 1.3-cü bəndinə əsasən İşçi proqramda qəsdən iştirak etmədiyi halda, habelə proqramın tamamlanmasını təsdiq edən sənədin (sertifikatın) surətini, o cümlədən Proqramın tamamlandığını təsdiq edən rəsmi elektron məktubu ABB-yə təqdim etmədiyi halda təhsil haqqı məbləğini tam həcmdə ABB-yə geri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ABB tərəfindən Proqramda iştiraka görə ödəniləcək təhsil haqqı məbləği bütün vergilər və digər xərclər daxil olmaqla 8050 AZN təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 1.2 və 1.3-cü bəndlərində nəzərdə tutulmuş hallarda, müqavilə şərtlərinə uyğun olaraq ABB tərəfindən ödənilən ümumi iştirak haqqı məbləği İşçi tərəfindən 10 (on) iş günü ərzində Banka geri qaytarılmalıdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş hallarda İştirak haqqı məbləğinin geri ödənilməsini İşçidən tələb etmək Bankın hüququdur. Həmin müqavilənin 2.4.4cü bəndinə əsasən proqram üzrə sertifikatın surətinin və ya proqramın tamamlandığını təsdiq edən rəsmi elektron məktubun ABB-yə təqdim edildiyi tarixdən 2 (iki) il müddətindən tez Bank və/və ya onun törəmə müəssisələri ilə əmək münasibətlərinə xitam verildiyi təqdirdə iştirak haqqının məbləğini (xərcləri) işlədiyi müddətə proporsional olaraq geri ödəmək İşçinin vəzifəsidir. Cavabdeh ona İ müqavilə üzrə kurs haqqı üçün ödənilən pulun 489,73 manat hissəsini, İİ müqavilə üzrə otel üçün ödənilən 3333,92 manat, bir dəfə gediş-dönüş aviabilet üçün ödənilən 1022 manat, digər ezamiyyə xərcləri üçün ödənilən 681,57 manat və vergi ödənişləri üçün ödənilən 727,14 manat olmaqla, cəmi 6254,36 məbləğində pulunu iddiaçıya qaytarmalı olduğunu etiraf etmişdir. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində təhsil haqqı ilə bağlı 8050 manat hissədə iddianı qəbul etməməsinə dair etirazını belə əsaslandırmışdır ki, həmin məbləğin 5059,28 manat hissəsini onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən sonra ona ödəməli olduğu son haqq-hesab məbləğindən tutduğuna görə iddia ərizəsi üzrə iddiaçıya 1195,08 manat məbləğində pul ödəməlidir, çünki İİ müqavilənin 1.1-ci bəndində işlədilmiş “xərclər” anlayışına iddiaçının təhsil haqqı üçün ödədiyi 8050 manat məbləğində pul daxil edilməmişdir. Kollegiya bu hissədə də apellyasiya şikayətinin dəlilini əsassız sayır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 1.1-ci maddəsinə əsasən, həmin müqavilənin 1.1.1-ci yarımbəndində əks olunan təhsil proqramı üzrə (bundan sonra- “Proqram” adlandırılacaq) İşçinin təhsil haqqının tam həcminin (bundan sonra- ayrılıqda “təhsil haqqı”), təhsil müddətində tədris proqramının bir hissəsi olan Türkiyə Respublikasının Koç Universitetində keçiriləcək dərslərdə iştirak etmək məqsədilə işçinin İstanbul şəhərinə getməsi üçün 1 (bir) dəfə gediş-dönüş aviabilet xərclərinin, habelə işçi dərslərdə iştirak etmək məqsədilə İstanbul şəhərində olduğu dövr ezamiyyətdə olduğu dövr kimi qəbul edilir və hüquqi aktların tələbi ilə müəyyən edilmiş normalara uyğun ezamiyyə xərclərinin (bundan sonrabirlikdə “Xərclər” adlandırılacaq) ödənişlərini həyata keçirir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə “təhsil haqqı” və digər xərclər birlikdə- “Xərclər” məfhumu altında birləşdirilmişdir. Göstərilənlər onu deməyə sas verir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Beləliklə, Məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(064)-714/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar