Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1508/2024 26.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, e-2(057)-1565/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X2 mülkiyyətində olmuş buraxılış ili 1994-cü il, ban nömrəsi KLV3S11BDRC1463 olan **- BH-*** dövlət qeydiyyat nişanlı, “TİKO-DX minik” markalı avtomobilin 2200 manat ilkin başlanğıc qiyməti qoyulmaqla açıq hərracda satılması və satışdan əldə edilən pulun 1/8 hissəsinin X1, 7/8 hissəsinin İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, e-2(057)-1565/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Adil Vəliyev) İddiaçı Cavabdeh qarşı “**-BH-*** dövlət qeydiyyat nişanlı, “TİKO-DX minik” markalı avtomobilin açıq hərracda satılması və dəyərinin bölünməsi tələbinə dair” iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlərin icraat qəbul edilmədən geri qaytarılması, İddiaçı tərəfindən mülki iş üzrə ödənilmiş 42 manat məbləğində dövlət rüsumunun büdcədən İddiaçı geri qaytarılması qərara alınmış, İddiaçı iddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmiş, əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdə göstərilmiş 42 manat məbləğ iddia qiymətinə uyğun olmamaqla qanunla müəyyən edilmiş məbləğdə deyildir. Belə ki, iddiaçının “avtomobilin açıq hərracda satılması və dəyərinin bölünməsi” tələbinə dair iddiası mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğu üçün qiymətləndirilməyən iddiadır. Buna görə də qanuna əsasən iddiaçı həmin iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödəməli idi. Buna görə də, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Salyan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, e-2(057)-1565/2024 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardadda göstərilmişdir ki, “İddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmiş, əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdə göstərilmiş 42 manat məbləğ iddia qiymətinə uyğun olmamaqla qanunla müəyyən edilmiş məbləğdə deyildir. Belə ki, iddiaçının “avtomobilin açıq hərracda satılması və dəyərinin bölünməsi” tələbinə dair iddiası mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğu üçün qiymətləndirilməyən iddiadır. Buna görə də qanuna əsasən iddiaçı həmin iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödəməli idi. Buna görə də hesab edir ki, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir”. Tələb iddiada göstərildiyi kimi 2200 manat qiymətləndirilməsindən ibarətdir və həmin məbləğin bölünməsinə yönəlmişdir. Buna əsasən də 42 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbinin əsası miras qoyan X2 mülkiyyətində olmuş buraxılış ili 1994-cü il, ban nömrəsi KLV3S11BDrc1463 olan **-BH-*** qeydiyyat nişanlı, “TİKO-DX minik” markalı avtomobilin 2200 manat ilkin başlanğıc olaraq qiymət qoyulmaqla açıq hərracda satılması zamanı maşının satışından əldə ediləcək pulun bölgüsündən ibarətdir. Göründüyü kimi, artıq iddia tələbi üzrə paylar bölünmüşdür və buna görə də həmin əmlakın satılması üçün ilkin olaraq qiymətləndirilməli və həmin dəyər bölünməlidir. Salyan Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(057)-1565/2024 saylı qərardadı ilə Salyan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(057)-1565/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Salyan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(057)-1565/2024 saylı qərardadının qüvvəsində saxlanılması və həmin qərardaddan verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, e-2(057)-1565/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı “avtomobilin 2200 manat ilkin başlanğıc qiyməti qoyulmaqla açıq hərracda satılması və satışdan əldə edilən pulun bölüşdürülməsi tələbinə dair” iddia ərizəsinin verilməsinə görə 42 manat məbləğində dövlət rüsumu ödəmiş, birinci instansiya məhkəməsi isə hazırkı iddianın qiymətləndirilməyən iddialara aid olduğunu, bu cür iddianın qaldırılması üçün isə 100 manat məbləğində dövlət rüsumunun ödənilməli olduğunu bildirərək iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iddia tələbinin qiymətləndirilməyən iddialara aid olmasına dair mövqeyi ilə razılaşır. Belə ki, iddiaçı öz tələbində miras qoyan X2 mülkiyyətində olmuş buraxılış ili 1994cü il, ban nömrəsi KLV3S11BDRC1463 olan **-BH-*** dövlət qeydiyyat nişanlı, “TİKO-DX minik” markalı avtomobilin 2200 manat ilkin başlanğıc qiyməti qoyulmaqla açıq hərracda satılması və satışdan əldə edilən pulun 1/8 hissəsinin X1, 7/8 hissəsinin İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının mövqeyinə görə, iddianın qiyməti avtomobilin ilkin satış qiymətinin dəyəri ilə müəyyənləşdirilməlidir. Lakin bununla razılaşmaq olmaz. Çünki hazırkı halda iddiaçının hüquqi istəyi avtomobilin açıq hərracda satılaraq satışdan əldə olunmuş pulun müəyyən olunmuş paylarda bölüşdürülməsi ilə əlaqədardır. Bu isə mahiyyəti etibarilə qiymətləndirilməyən xarakterli iddiadır. Əks yanaşmanın qəbul edilməsi isə yolverilməzdir. Avtomobilin hərracda ilkin satış qiymətinin 2200 manat məbləğində müəyyən olunması həmin iddianın təmin ediləcəyi halda belə avtomobilin satılacağı real qiyməti müəyyən etməməklə, iddianın qiyməti hesab edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı işdən isə müəyyən olunduğu kimi, iddiaçı iddia ərizəsinin verilməsinə görə 100 manat deyil, 42 manat dövlət rüsumu ödəmiş, beləliklə, onun ödədiyi dövlət rüsumunun məbləği qanunla müəyyən edilmiş dövlət rüsumu məbləğindən 58 manat aşağı olmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi MPM-in 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçıya bildirir ki, göstərilmiş nöqsan aradan qaldırıldıqdan sonra iddiaçının yenidən hazırkı tələblə qanunla müəyyən edilmiş qaydalara uyğun şəkildə iddia ərizəsi vermək hüququ vardır. MPM-in 152.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən 12 iyul 2024-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də məhkəmənin 12 iyul 2024-cü il tarixli, e-2(057)- 1565/2024 saylı qərardadı qanuni və əsaslıdır. Odur ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, e-2(057)- 1565/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, e-2(057)-1565/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1508/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1508/2024
26.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver