Məhkəmə qərarları › İş №2(106)-151/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-151/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-151/2025 15.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K.X2, Cavabdehin proessual hüquqi varisi X1 nümayəndəsi və vəkil Nümayəndə3 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-61/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 hüquqi varisi X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 129264,94 manat əsas, müqavilə müddəti üçün hesablanmış 9351,4 manat faiz, 20825,63 manat cərimə, müqavilənin bitdiyi tarixdən 02 oktyabr 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 18865,45 manat borc, ümumilikdə 178307,42 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun əmlakın satışından əldə olunan vəsait hesabına LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay sonra Cavabdeh1 və həmin evdə qeydiyyatda olan və yaşayış digər şəxslərin fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin evdən çıxarılması, evin boşaldılması və LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 14 dekabr 2020-ci ildə ölmüşdür. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cəmi 166503,02 manat – bundan 129264,94 manat əsas, 8177,03 manat faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 29061,05 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh2 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 28 noyabr 2011-ci il tarixli, KT/KR-58 saylı kredit müqaviləsi üzrə borca yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X5 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(049)-1372/2022 saylı qərardadı ilə X14 hazırkı iş üzrə Cavabdeh1 hüquqi varisi kimi tanınmışdır. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cəmi 172426,52 manat – bundan 129264,94 manat əsas, 8177,03 manat faiz, Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 34984,55 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh2 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 28 noyabr 2011-ci il tarixli, KT/KR-58 saylı kredit müqaviləsi üzrə borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanmasına kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X5 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və LPO İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X14 07 fevral 2022-ci ildə ölmüşdür. İddiaçı sonradan Cavabdeh2 MMC-yə və ipoteka qoyanın hüquqi varislərinə qarşı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cəmi 180252,72 manat – bundan 129264,94 manat əsas, 8177,03 manat faiz, Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 42810,75 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X5 vərəsələri olan X7, X11, X8 və X3 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 28 noyabr 2011-ci il tarixli, KT/KR-58 saylı kredit müqaviləsi üzrə borca yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(049)-61/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə yaranmış 129264,94 manat əsas, 8177,03 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmaqla 19238,73 faiz borcu olmaqla, cəmi 156680,7 manatın, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın Cavabdeh2 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş mərhum X9 mülkiyyətində olmuş və hazırda onun vərəsələri X7, X12, X10, X4 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satışa çıxarılması və ipoteka predmeti olan qeyd edilən əmlakın ilkin satış qiyməti 598500,00 manat məbləğində müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 hüquqi varisi X7 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 630000 manat, likvid qiyməti 598500 manat təşkil edir. Məhkəmə Ekpertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə razı deyil. Hesab edir ki, ekspert rəyi natamam və düzgün deyildir. Belə ki, rəydə tədqiqat obyektinə baxış keçirildiyi qeyd edilsə də, qiymətləndirilən əmlakın şəkilləri rəyə əlavə edilməmiş, ümumi məlumat verilmişdir. Bu da ekspertin qiymətləndirilən əmlakı digər əmlaklarla müqayisəsinin düzgün aparılıbaparılmaması şübhə doğurur. Belə ki, müqayisə üçün nəzərə alınan əmlakların təmiri yüksək keyfiyyətli və yeni inşa edilmiş tikililər olduğu görsənir, lakin mübahisələndirilən əmlakın təmirinin və tikintisinin 15 il bundan qabaq aparıldığı nəzərə alınmamışdır. Ekspert rəyinin sadəcə nəticə hissəsində əmlakın dəyəri qeyd edilmiş, əsaslandırıcı hissəsində torpaq sahəsinin, tikintidə istifadə edilmiş materialların, çoxillik əkmələrin qiymətləri qeyd edilməmiş, həmçinin daşınmaz əmlakın köhnəlməyə məruz qalması, əmlakın istismar müddəti və s. məsələlərinə toxunulub qiymət verilməmişdir. Həmçinin tikinti-təmir sahəsində daha keyfiyyətli və daha funksional materialların istehsal edilməsi və yeni tikililərdə müasir tikinti və təmir üsullarından istifadə edilməsi də nəzərə alınmalıdır. Ekspert rəyində uyğun satışların müqayisəsi yanaşması metodunu tətbiq etmişdir, bu metoda əsasən sövdələşmə qiymətləri məlum olan analoji obyektlə qiymətləndirmə obyektinin müqayisəsinə əsaslanaraq qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirilməsi məcmusudur. Belə ki, müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən bağ evinin yerləşdiyi yaxın ərazilərdə analoji fərdi yaşayış evlərinin hazırda mövcud olan orta bazar qiyməti təqribən aşağıdakı məbləğlərdə müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir): 300 kv.metr - 12 sotda - 450000 manat; 480 kv.metr -11 sotda - 950000 manat; 260 kv.metr - 12 sotda - 490000 manat. Əmlakın orta bazar qiymətlərinə uyğun ümumi dəyərini müəyyən etmək üçün yuxarıda qeyd edilmiş 3 əmlakın qiyməti toplanılaraq, 3-ə bölünmüşdür. Bildirir ki, tədqiqat obyekti olan əmlak 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.metr yaşayış, 156,6 kv.metr köməkçi sahədən ibarətdir. Əvvəla, müqayisə obyekti olan əmlaklar eyni həcmli torpaq sahəsində yerləşsə də, mənzillərin sahələrində fərqlər vardır. Belə ki, ekspertin rəy verdiyi metoda əsaslanıb qeyd oluna bilər ki, ortalama 346,7 kv.metr əmlak üçün rəy vermişdir. (300+480+260):3=346,7 kv.metr. Tədqiqat obyekti olan əmlak isə köməkçi sahələr də nəzərə alınmaqla, ümumilikdə 230,8 kv.metrdir. Necə ola bilər ki, orta bazar dəyəri hesablanan mənzil sahəsi 230,8 kv.metr olan tədqiqat obyekti 300 kv.metr və 260 kv.metr olan müqayisə üçün əlavə edilmiş əmlaklardan daha baha olur? Başqa üsulu nəzərə alıb hər kv.metr üçün qiymət müəyyən etsək, hər bir əmlakın kv.metrini müəyyən etmək üçün 450000:300=1500 manat, 950000:480=1979 manat, 490000:260=1885 manat. Hər kv.metr üçün ortalama bazar dəyəri (1500+1979+1885):3=1788 manat. Qiymətləndirilməli əmlakın ortalama dəyəri 1788×230,8=412670,4 manat təşkil edir. Odur ki, qeyd edilən dəlillər nəzərə alınmalı, obyektiv nəticənin əldə edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalı və qiymətləndirmənin keçirilməsi başqa ekspertə həvalə edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsində bazar dəyəri 400000 manat, likvid dəyəri 340000 manat müəyyən edilmişdir. Ekspert əmlaka baxış keçirmədən, onun köhnəlməsini nəzərə almadan rəy tərtib etmişdir. X7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə rəy verərkən yalnız analoji fərdi yaşayış evlərinin hazırda mövcud olan orta bazar qiyməti (internet saytlarından götürülmüş elanlar üzrə) nəzərə alınmaqla fərdi yaşayış evinin bazar qiymətini müəyyən etmişdir. Lakin fərdi yaşayış evinin aşağıdakı göstəriciləri nəzərə alınmamışdır: Nəqliyyat cəhətdən əlverişliliyi- orta, sosial infrastruktura malik obyektlər ilə təmin olunması - orta, bazar satışının aktivliyi - yaxşı, alıcılıq qabiliyyəti - yaxşı, tələbat - yaxşı, ümumi tendensiya dəyəri - yaxşı, yerləşdiyi yer - yaxşı, infrastrukturanın inkişafı - yaxşı, ekoloji vəziyyət - yaxşı, yaxşılaşması - yaxşı. Həmçinin, ekspertizası aparılan fərdi yaşayış evinə sərf edilmiş materiallar xüsusi keyfiyyətli və qiymətli materiallar olmuşdur. Məsələn: evin xaricdən örtüyü bahalı fasaddan olmuşdur, örtüyün üzərində xüsusi işləmələr olmuşdur, evin balkonlarından Xəzər dənizi birbaşa görünür. Ekspertiza zamanı analoji evlərin qiymətləri üzrə orta bazar qiyməti çıxarılmışdır. Hansı ki, orada olan anoloji evlərdən ******* manat dəyərində qiymətləndirilən ev də olmuşdur, lakin həmin ev bilərəkdən və ya bilməyərəkdən müqayisəli tədqiqat üçün anoloji evlərin siyahısına daxil edilməmişdir. Siyahıya daxil edilən evlərdən birinin qiyməti 950000 manat olaraq göstərilmişdir. Hansı ki, həmin evlə ekspertizada mübahisələndirilən evin arasında yalnız kvadratura fərqi olmuşdur. Eyni zamanda qiymətləndirmə aparılarkən mübahisəli evin arxitektura tələblərinə tam cavab verməsi də nəzərə alınmamışdır. İnternet resurslarından əldə edilən çıxarışa görə mübahisəli evin yerləşdiyi ərazi üzrə ümumi sahəsi 550 kv.m olan analoji ev ******* manat olaraq qiymətləndirilmişdir (həmin çıxarış məhkəməyə təqdim edilmişdir). Bu cür neçə-neçə evləri sadalamaq mümkündür. Hansı ki, həm qeyd etdiyi ev, həm də hazırda mübahisələndirilən ev aqlay örtüklü olmuşdur. "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə 23 oktyabr 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi arasında kifayət qədər böyük fərqin olması hazırda təkrar ekspertizanın keçirilməsini zəruri edən ən əhəmiyyətli xüsusatdır. Belə ki, 1-ci rəydə evin orta bazar qiyməti 940000 manat, likvid dəyəri 860000 manat, 2-ci rəydə isə orta bazar qiyməti 630000 manat, likvid dəyəri isə 598500 manat müəyyən edilmişdir. Buradan aydın olur ki, rəylər arasında orta bazar qiyməti ilə bağlı fərq 310000 manat, likvid qiyməti ilə bağlı fərq isə 261500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Buna baxmayaraq 29 noyabr 2023-cü il tarixdə “təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və keçirilməsi” haqqında cavabdehin hüquqi varisinin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatət əsassız olaraq təmin edilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi K.X13 hazırda ipoteka predmeti olan əmlakın ekspert rəyi ilə müəyyən olunmuş likvid dəyərlə razı olmadığını, məbləğin şişirdilmiş olmasını qeyd etmiş, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən X1 nümayəndəsi və vəkil Nümayəndə3 bildirdi ki, ipoteka predmetinin ekspert rəyi ilə müəyyən olunmuş likvid dəyəri ilə razılaşır, iş üzrə verdikləri apellyasiya şikayətini müdafiə edir, onun təmin olunmasını xahiş edir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. İşdə olan borcverən İddiaçı ASC, borcalan Cavabdeh2 MMC arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli, KT/KR-58 saylı kredit müqaviləsinə əsasən 200000 manat məbləğində 60 ay müddətinə kredit verilmiş, həmin kredit müqaviləsinin 2.2-ci bəndinə əsaəsən, borcverən «feyxua və kivi bağının salınmasına, təbii bulaq suyunun istehsalı və satışını həyata keçirmək məqsədi ilə» istifadə etmək üçün borcalana 200 000 AZN (iki yüz min) manat məbləğində kredit verməyi öhdəsinə götürür. Hazırkı mülki iş üzrə kredit müqaviləsi bağlamış tərəflər (borcverən İddiaçı ASC, borc alan Cavabdeh2 MMC) hüquqi şəxlər olmaqla onları arasında yaranmış mübahisənin mahiyyəti sahibkarlıq münasibətlərindən irəli gəldiyi müəyyən edildiyi üçün birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını, mübahisənin əsasını, predmetini, aidiyyət məsələsini aydınlaşdırmadan və məhkəmə aidiyyəti qaydalarının pozulması ilə iddia tələbinə baxaraq, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmiş, bununla da MPM-in məhkəmə aidiyyəti ilə bağlı müddəalarında nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İş materiallarından da istər işdə iştirak edən şəxslərin subyektiv tərkibi, istər mübahisənin predmeti, istərsə də hüquq münasibətlərinin xarakteri nəzərə alındıqda hazırkı işin kommersiya məhkəməsinə aid olduğu müəyyən olunur. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində qeyd olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın mahiyyətini və mübahisənin xarakterini digər hallarla birlikdə nəzərə alaraq hesab edir ki, iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehlərin qeydiyyat ünvanı Lənkəran şəhəri olduğundan, hazırkı iş aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli Qərarına əsasən, Lənkəran rayonu ərazi vahidi kimi Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, işə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığı üçün apellyasiya şikayətləri qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-61/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 402.2.5-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384.0.4, 385.1.1, 387.2.9, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 hüquqi varisi X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-61/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar