Məhkəmə qərarları › İş №2(106)-152/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-152/2024

16.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-152/2024 16.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X13 (sədrlik edən və məruzəçi), X16 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil3, Cavabdeh nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt etmiş olduğu torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması və zəbt olunmuş torpaq sahəsinin naturada ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(049)-63/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etmiş olduğu torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması və zəbt olunmuş torpaq sahəsinin naturada iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırılmışdır ki, onun şəxsi mülkiyyətində 0,1545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Lənkəran rayonu Küvənil kəndi ərazisində yerləşir və DƏDRX-nin 15 oktyabr 2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışı ilə qeydə alınmışdır. Torpaq sahəsi onun mülkiyyətində olsa da, cavabdehin özbaşına hərəkətləri nəticəsində o, faktiki olaraq mülkiyyətindən istifadə etmək hüququndan məhrum edilmişdir. Belə ki, cavabdeh torpaq sahəsini qanunsuz zəbt edərək, qeyri-kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. O, torpaq sahəsinin zəbt olunması barədə hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etmiş və araşdırma zamanı cavabdeh özü də izahatında bunu etiraf etmişdir. Hal-hazırda onun tələblərinə baxmayaraq, cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Lənkəran Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(049)-63/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Toğrul Məmmədov) iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin İddiaçı naturada təhvil verilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etmiş, iddiaçının çıxarışı qanunsuz yolla əldə etdiyini bildirmişdir. 19 fevral 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, lakin cavabdeh öz hərəkətləri ilə dəfələrlə ekspertizanın keçirilməsinə mane olmuş, ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi zəbt edilmişdir. İddiaçı torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması tələbini irəli sürsə də, torpaq sahəsinin əvvəllər hansı vəziyyətdə olmasına dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.5-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 97.5 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh Əliyeva X11 Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(049)-63/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız olduğundan ləğv edilməlidir. Birincisi, məhkəmə iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş, lakin həmin ekspertizanın rəyi işə əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, həmin ekspertizanın keçirilməsinə cavabdeh mane olmuşdur. Lakin bu doğru deyil, o sadəcə torpağına baxış keçirmək istəyən şəxslərdən onların sənədini tələb etmişdir. Belə ki, o, həqiqətən istəyir ki, ekspertiza mərkəzindən ekspert gəlib həmin torpağa baxış keçirsin. Gələn şəxslər isə yerli icra orqanlarının işçiləri olmuşdur. Ona görə o da həmin şəxslərə etirazını bildirərək qeyd etmişdir ki, əgər müvafiq ekspertiza təyin edilmişdirsə, həmin torpağa da ekspertiza mərkəzindən gələn ekspert baxış keçirməklə, bu mübahisəyə aydınlıq gətirsin. Belə ki, hər hansı bir torpaq sahəsinin zəbt olunması faktını müəyyən etmək üçün müvafiq məlumat bazasına, texniki və digər vasitələrə malik təşkilatın rəyi əsaslı ola bilər. Lakin həmin təşkilatın işdə heç bir rəyi yoxdur. Məhkəmənin hansı səbəbdən qeyd olunan təşkilatın rəyini və ya zərurət yaranarsa, müvafiq ekspertizaların rəylərinin alınmasından ötrü tədbir görməməsi qeyri-müəyyən qalmışdır. Bununla bağlı, onun verdiyi vəsatətlər də baxılmamış qalmışdır. İddiaçı qeyd edir ki, guya o məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi onundur. Lakin cavabdeh belə bir çıxış etməmişdir. Bundan başqa, iddiaçının mülkiyyət sənədində qeyd olunan torpaqla onun istifadə etdiyi torpaq sahəsi eyni deyil. O, heç kimin torpağını zəbt etməmiş, özünə məxsus torpaqdan istifadə etmişdir. Ona bu haqda verilmiş sənədi də işə əlavə etmişdir. İddiaçı dəfələrlə eyni tələblə bağlı ayrı-ayrı şəxslərə qarşı məhkəmədə iddialar qaldırmışdır. Həmin işlərin baxılmamış qalma səbəbləri o olmuşdur ki, iddiaçı həmin iddiaları düzgün qaldırmamış və hər dəfə ayrı-ayrı şəxslərə qarşı iddialar qaldırmışdır. Bu barədə sübutlar da məhkəməyə təqdim edilmişdir. Məhkəmənin iddiaçıya məxsus torpağın onun tərəfindən həqiqətən də zəbt olunub-olunmaması faktını müəyyən etmədən, ona məxsus və sahibliyində olan torpaqla iddiaçının torpağı ilə eyni olub-olmamasını müəyyən etmədən belə bir qətnamə qəbul etməsi əsassızdır. Məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini təmin etmişdir. İddiaçı nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, koordinatlar əsasında müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi mübahisə predmeti olan torpaq sahəsi ilə üst-üstə düşür. Mütəxəssis rəyindən iddiaçının iddia etdiyi torpaq sahəsi mübahisəli torpaq sahəsi ilə üst-üstə düşmədiyi və iddiaçının iddia etdiyi torpaq sahəsinin mübahisəli torpaq sahəsindən 185- 190 metr kənarda yerləşdiyi qeyd edilmişdir. İddiaçının nümayəndəsi qeyd edilənlərin nəzərə alınmasını və Lənkəran Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(049)- 63/2020 saylı qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2021-ci il tarixli 2(106)-122/2021 saylı qətnaməsi ilə (hakimlər Z.Zeynalov (sədrlik edən və məruzəçi), Z.Allahyarov və M.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi Aşağı Nüvədi ərazisində yerləşir və ancaq ondan istifadə edir. İddiaçının mülkiyyətində olan torpaq isə Küvənil kəndi ərazisində yerləşir və cavabdehin mülkiyyətində olan torpaq sahəsindən 5-6 km aralı məsafədədir. Bu hal kənd bələdiyyəsi tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən də təsdiq olunmuşdur. Bundan başqa, “Torpaq münasibətlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli 818 saylı Fərmanının yerlərdə icrası ilə əlaqədar dövlət səviyyəsində yaradılmış işçi komissiyası Aşağı Nüvədi ərazi vahidi üzrə torpaq mülkiyyətçilərinin faktiki yerləşmə vəziyyəti elektron kadastr uçotu qaydasında dürüst dəqiqləşmə işi aparmış və bu əsasda elektron baza xəritəsi hazırlanmışdır. Hazırlanmış xəritədə cavabdehin mülkiyyət və istifadəsində olan pay torpaq sahəsi Aşağı Nüvədi ərazisində, iddiaçının mülkiyyətində olan torpaq sahəsi isə Küvənil kəndində yerləşməsi faktı öz əksini tapmışdır. Məhkəmə prosessual qanunvericiliyin tələblərinə zidd olaraq qeyri-mötəbər sübutlar əsasında nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli 2(102)-797/2022 saylı qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), A.Abbasov və E.Şamayev) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası öz qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli (106)-755/2017 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almamışdır. Məhkəmə tərəfindən işdə olan sübutlara istinad edilməklə, cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi qənaətinə gəlinmiş, lakin işdə olan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 103.1-ci maddələrinin tələbləri baxımından qiymət verməmiş və sübutlar arasında olan ziddiyyətlərə aydınlıq gətirməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 10 may 2023- cü il tarixli 2(106)-49/2023 qətnaməsi ilə (hakimlər S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov və T.Heydərov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis Qiyas Quliyevin rəydəki nəticəyə gəlmək üçün əsas götürdüyü faktiki halları (onu Ağazadə Abdullayev kimi təqdim etmiş şəxsin qarşılaması, sonucunun onları qarşılamış olsa da, mübahisəli ərazinin girişində qıfıllı qapı olması, Ağazadə Abdullayevin açarın onda olmadığını bildirməsi, kənarda maşında əyləşmiş Cavabdeh açarı götürərək qıfılı açması) nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Ağazadə Abdullayev mübahisəli torpaq sahəsinin öz istifadəsində olduğunu bildirsə də, açarın onda olmaması onun torpaq sahəsinə faktiki sahiblik etmədiyini, sonuncu dəfə mütəxəssis tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilənədək Cavabdeh özünü torpağın sahibi kimi təqdim etməsi torpaq sahəsinin əslində Cavabdeh sahibliyində və istifadəsində olduğunu göstərir. Bu zaman həm də nəzərə alınmalıdır ki, İddiaçı əvvəllər X2 qarşı torpaq sahəsindən çıxarılma barədə iddiası olmuş, lakin Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 sentyabr 2017-ci il tarixli 2(106)- 755/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi X4 tərəfindən tutulmamışdır. Həmin iş üzrə 28 iyul 2017-ci il tarixli 11127 nömrəli ekspert rəyində mübahisəli torpaq sahəsinin kəndin digər vətəndaşları tərəfindən istifadə edildiyi qeyd olunmuşdur. İddiaçının nümayəndəsi (vəkil) X9 da məhkəmənin iclasında X7 Əliyevanın qohum olduğunu, onlardan birinə qarşı iddia qaldırdıqda torpaq sahəsinin digəri tərəfindən idarə edildiyini bildirdiklərini, bununla da məhkəmənin yanlış yönləndirilməsinə cəhd etdiklərini qeyd etmişdir. Əslində torpaq sahəsi hazırda həqiqətən də Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər müvafiq ekspertiza təyin edilmişdirsə, həmin torpağa ekspertiza mərkəzindən gələn ekspert baxış keçirməklə, bu mübahisəyə aydınlıq gətirməli idi. Belə ki, hər hansı bir torpaq sahəsinin zəbt olunması faktını müəyyən etmək üçün müvafiq məlumat bazasına, texniki və digər vasitələrə malik təşkilatın rəyi əsaslı ola bilər. Lakin həmin təşkilatın işdə heç bir rəyi yoxdur. Məhkəmənin hansı səbəbdən qeyd olunan təşkilatın rəyini və ya zərurət yaranarsa, müvafiq ekspertizaların rəylərinin alınmasından ötrü tədbir görməməsi qeyrimüəyyən qalmışdır. Bununla bağlı, cavabdehin verdiyi vəsatətlər də baxılmamış qalmışdır. Bundan başqa, iddiaçının mülkiyyət sənədində qeyd olunan torpaqla cavabdehin istifadə etdiyi torpaq sahəsi eyni deyil. Cavabdeh heç kimin torpağını zəbt etməmiş, özünə məxsus torpaqdan istifadə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli 2(102)-797/2022 saylı qərarı ilə (hakimlər X10 ((sədrlik edən və məruzəçi), X3 və X23) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-49/2023 nömrəli mülki iş üzrə 10 may 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Həmin qərarda göstərilmişdir ki, hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında verilmiş göstərişlərdən biri ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-755/2017 nömrəli, 25 sentyabr 2017-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almamışdır. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qanuni qüvvəyə minmiş 2(106)-755/2017 nömrəli 25 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının X2 qarşı cavabdehin Lənkəran rayonu Küvənil kəndində yerləşən və ona məxsus 0,1545 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan su quyuları üçün hazırlanmış günlərin götürülməsi, eləcə də torpaq sahəsinə hasarın çəkilməsinə olan maneələrin aradan qaldırılması barədə iddiası təmin edilməmişdir. Məhkəmə tərəfindən işdə olan sübutlar, o cümlədən ekspert rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi dövlət aktına əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi nəinki zəbt olunmamış, həmin torpaq sahəsi cavabdehə daha öncə ayrılmaqla onun mülkiyyətindədir. Beləliklə, iddiaçının tərəf olduğu digər iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin həmin iş üzrə cavabdehin mülkiyyətində olduğu və zəbt edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda hazırkı iş üzrə mübahisə predmeti olan torpaqla həmin torpaq sahələrinin eyni olduğu da işin mübahisəsiz halıdır. Hətta apellyasiya instansiyası məhkəməsi baxılan qətnamədə iddiaçının nümayəndəsinin izahatına istinad edərək, mövqeyini onunla əsaslandırmışdır ki, Ağazadə Abdullayevlə hazırkı iş üzrə cavabdeh qohumdur, onlardan birinə qarşı iddia qaldırdıqda torpaq sahəsinin digəri tərəfindən idarə edildiyini bildirir, bununla da məhkəmənin yanlış yönləndirilməsinə cəhd edirlər. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddiaçının tərəf olduğu başqa iş üzrə müəyyən edilmiş halların MPM-in 82.3-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olub-olmadığı barədə heç bir hüquqi dəyərləndirmə aparmamışdır. Həmin maddənin tələblərinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. Yeni apellyasiya baxışı zamanı təyin edilmiş əlavə ekspertiza üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş rəydə və həmin rəyi təkrarlayan Məhkəmə Ekspertizası Mərkəzinin rəyində qeyd edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********53 reyestr nömrəli çıxarışa (ilkin hüquq müəyyənedici sənəd JN-176 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən İddiaçı mülkiyyətində olan 0,1545 ha mübahisəli torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində Küvənil kəndi ərazisində yerləşməklə iddiaçının iddia etdiyi yerdə deyil, iddia olunan yerdən 185-190 metr aralı faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmışdır. Yəni elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətlərinə uyğun işlənərək sözügedən 0,1545 ha torpaq sahəsinin yerləşdiyi yer isə digər torpaq mülkiyyətçisinin uzunmüddətli faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli 10/7660 saylı ekspert rəyi yuxarıda göstərilən mütəxəssis rəyi müəyyən ixtisarla köçürülməklə tərtib edilmiş və qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan, mübahisəli torpaq sahəsinin kim tərəfindən zəbt edilməsinin, istifadə olunmasının müəyyən olunması hüquqi xarakterli məsələ olmaqla, ekspertizanın predmetinə aid deyil və məhkəmə tərəfindən həll edilə bilər. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin 03 may 2023-cü il tarixli iclasında rəy vermiş ekspert və mütəxəssis dindirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X6 izahatında bildirmişdir ki, o, 24 yanvar 2023-cü il tarixli ekspert rəyini Əmlak Məsələləri Dövlət Xidmətinin “kadastr.az” sistemi ilə, həmçinin iş materialları əsasında araşdırma apararaq vermişdir. Rəyin nəticə hissəsində 1-ci və 5-ci sualların cavabları üzrə 1-ci abzası təqdim edilmiş mütəxəssis rəyində olduğu kimi göstərmişdir. Mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin iddia edilən yerdə deyil, həmin yerdən təxminən 185- 190 metr aralıda yerləşdiyi qeyd olunmuşdur. Lakin onun özü tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi yolun kənarında birinci sırada yerləşən torpaq sahəsidir və həmin torpaq sahəsinin yaxınlığında bir idarənin inzibati binası yerləşir. Ərazinin tərpənməz oriyentirlərinə istinadən onun tərəfindən aşkarlanmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə onun iddia etdiyi torpaq sahəsi üst-üstə düşür. Lakin mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin iddia olunan yerdən 185-190 metr aralıda, yoldan içərilərə doğru yerləşməsinin qeyd olunma səbəbini bilmir. Ekspert qərardadın 6-cı sualı üzrə ekspert rəyində göstərilmiş nəticə, yəni iddiaçının torpaq sahəsinin digər şəxs X4 tərəfindən istifadə olunmasının müşahidə edilməsi ilə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin hissəni yalnız mütəxəssisin verdiyi rəy əsasında yazmışdır. Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi X14 izahatında bildirmişdir ki, ilkin sənədlərdəki koordinatlara görə, həqiqətən də, ekspertin bildirdiyi kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsi yolun kənarında yerləşməli olsa da, hazırkı faktiki istifadə ilə bağlı hazırlanmış elektron xəritələrə görə yolun kənarında yerləşmir. O da mütəxəssis rəyini məhz həmin xəritələrə uyğun vermişdir. İddiaçının ilkin sənədləri ilə işlənmiş sonuncu xəritələr arasındakı ziddiyyətin səbəbi ona məlum deyil. Mübahisəli torpaq sahəsinə baxış keçirilməsi üçün gedərkən onu ilk öncə özünü Ağazadə Abdullayev kimi təqdim edən şəxs qarşılamış, mübahisəli ərazinin girişində qıfıllı qapı olmuş, torpaq sahəsinə baxış keçirilməli olduğu bildirilərkən, özünü Ağazadə Abdullayev kimi təqdim etmiş şəxs açarın onda olmadığını bildirmiş, kənarda maşında əyləşmiş Cavabdeh açarı götürərək qıfılı açmışdır. Lakin torpaq sahəsinin kimin istifadəsində olması soruşulduqda Ağazadə Abdullayev onun öz istifadəsində olduğunu bildirmişdir. Bu səbəbdən də, mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən deyil, X4 tərəfindən istifadə olunduğunun müşahidə edildiyini qeyd etmişdir. Nəzərə alınmalıdır ki, iş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. MPM-in 97.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edə bilər. MPM-in 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır (maddə 1). Ekspert qarşısında qoyulan suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda ekspert məhkəmə ekspertizasının aparılmasından imtina etmək hüququ vardır (maddə 12). Eyni zamanda MPM-in 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Göründüyü kimi ekspert qarşısında yalnız xüsusi bilik tələb edən suallar qoyula və bu suallar ətrafında rəy verilə bilər. Rəy vermiş ekspertin bundan kənar, tədqiqat zamanı müşahidə etdiyi faktlar və hallar əsasında gəldiyi subyektiv qənaət, habelə məhkəmənin səlahiyyətlərinə aid olan hüquqi dəyərləndirməsi ekspertizanın predmetinə aid olmadığı üçün sübut əhəmiyyətinə malik deyildir. Bu mövqe eyni qaydada MPM-in 60-cı maddəsində müəyyən edilmiş dövlət orqanlarının rəylərinə da aiddir. Həmçinin ekspert və ya dövlət orqanları tərəfindən verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər və qeyrimüəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün təqdim olunmuş rəyi tədqiq etməli, zərurət yaranarsa, ekspertin izahatını və mütəxəssisin məsləhət və şərhini dinləməklə həmin məsələlərə aydınlıq gətirməlidr. MPM-in 206-cı maddəsinə müvafiq olaraq zərurət olarsa, məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Lakin nəzərə almaq lazımdır ki, ekspertin və ya dövlət orqanının nümayəndəsinin məhkəmə iclasında dindirilməsi məhz verilmiş rəydə mövcud olan anlaşılmazlıqların (sualların) aradan qaldırmasına yönəldiyi üçün həmin rəyin məzmunun dəqiqləşdirilməsinə yönəlməli, faktiki olaraq rəydə qeyd olunanlardan tam fərqli nəticələr əsasında, yaxud rəydə əhatə olunmamış suallar üzrə yeni (əlavə) rəy verilməsinə səbəb olmamalıdır. Çünki MPM-in 102.1 və 102.2-ci maddələrinə əsasən ekspertin rəyinin kifayət qədər aydın və ya tam olmaması əlavə ekspertiza təyin edilməsi, məhkəmənin fikrinə görə əsassız olması isə təkrar ekspertiza keçirilməsi üçün əsasdır. Lakin baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə zidd olaraq işin hallarını ekspert rəyində xüsusi biliklər tələb edən məsələ üzrə verilmiş nəticələr əsasında deyil, belə rəylərin predmetinə aid olmayan və rəyin məzmunu ilə tam ziddiyyət təşkil edən, rəy vermiş şəxslərin tədqiqat zamanı müşahidə etdiyi faktlar və hallar əsasında gəldiyi subyektiv qənaət əsasında müəyyən etmişdir. Cavabdeh nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək öz izahatında bildirmişdir ki, Cavabdeh İddiaçı torpaq sahəsindən istifadə etmir. İddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi Lənkəran rayonunun Güvənli kəndində, Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan torpaq sahəsi isə Lənkəran Rayonu Aşağı Nüvədi qəsəbəsində yerləşir. Bu fakt ekspertiza rəyində də öz əksini tapır. Habelə İddiaçı X2 qarşı torpaq sahəsindən çıxarılması ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Həmin – hazırda da qüvvədə olan qətnamə ilə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi X4 tərəfindən tutulmamışdır. İddiaçı nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə etiraz edərək öz izahatında göstərmişdir ki, mütəxəssis rəyində göstərilmiş iddiaçıya məxsus torpaq sahəsinin koordinatları ilə çıxarışdakı koordinatlar fərqlidir. Buna görə də rəylər mötəbər hesab edilə bilməz. İddiaçının nümayəndəsi Lənkəran Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(049)-63/2020 saylı qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(049)-63/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, işdə olan Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrəsi ilə qeydiyyata alınmış, bununla bağlı sonuncuya dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bundan əlavə, işə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qanuni qüvvəyə minmiş 25 sentyabr 2017-ci il tarixli 2(106)-755/2017 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının X2 qarşı cavabdehin Lənkəran rayonu Küvənil kəndində yerləşən və ona məxsus 0,1545 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan su quyuları üçün hazırlanmış günlərin götürülməsi, eləcə də torpaq sahəsinə hasarın çəkilməsinə olan maneələrin aradan qaldırılması barədə iddiası təmin edilməmişdir. Məhkəmə tərəfindən işdə olan sübutlar, o cümlədən ekspert rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi dövlət aktına əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi nəinki zəbt olunmamış, həmin torpaq sahəsi cavabdehə daha öncə ayrılmaqla onun mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Buna görə də, MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 239-cu maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kollegiya qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli 2(102)-797/2022 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli 2(102)- 797/2022 saylı qərarlarında inikasını tapan göstərişləri rəhbər tutaraq diqqətə çatdırır ki, MPM-in 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsi işdə olan qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli 2(106)-755/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almamışdır. Belə ki, həmin qətnamə ilə hazırkı iş üzrə İddiaçı X2 qarşı cavabdehin Lənkəran rayonu Küvənil kəndində yerləşən və ona məxsus 0,1545 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan su quyuları üçün hazırlanmış günlərin götürülməsi, eləcə də torpaq sahəsinə hasarın çəkilməsinə olan maneələrin aradan qaldırılması barədə iddiası təmin edilməmişdir. Qeyd edilən qətnmamədə müəyyən olunmuşdur ki, işdə olan sübutlar, o cümlədən ekspert rəyinə əsasən iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi Dövlət aktına əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi nəinki zəbt olunmamış, həmin torpaq sahəsi cavabdehə daha öncə ayrılmaqla onun mülkiyyətindədir. Göründüyü kimi, İddiaçı tərəf olduğu digər iş üzrə hazırda mübahisə predmeti olan torpaq sahəsinin həmin iş üzrə cavabdehin, yəni X1 mülkiyyətində olduğu və zəbt edilmədiyi müəyyən edilmişdir. Kollegiya eyni zamanda, diqqətə çatdırır ki, hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi ilə həmin torpaq sahəsinin eyni olması işin mübahisəsiz halıdır. Buna görə də, iş hazırkı iş üzrə İddiaçı tərəf olduğu başqa iş üzrə qanuni qüvvədə olan Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli 2(106)-755/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş hallar MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən baxılan iş üzrə preyudisial əhəmiyyətə malikdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Habelə preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bununla yanaşı, Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında ehtiva olunmuş Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə kollegiyası əlavə olaraq, qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2023-cü il tarxli rəylərində qeyd edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********53 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,1545 ha mübahisəli torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində Lənkəran rayonunun Küvənil kəndi ərazisində yerləşir və iddia olunan mübahisəli ərazidən 185-190 metr aralı faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmışdır. Bununla yanaşı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi X5 iş materiallarında olan izahatından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi hazırkı faktiki istifadə ilə bağlı hazırlanmış elektron xəritələrə görə yolun kənarında yerləşmir və mütəxəssis rəyi də məhz həmin xəritələrə uyğun vermişdir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin qüvvədə olan 25 sentyabr 2017-ci il tarixli 2(106)-755/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş halların MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından preyudisiallığı üzrə qeyd edilməlidir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Mübahisəli torpaq sahəsi üzrə hazırkı iş üçün əhəmiyyət kəsb edən və yuxarıda adıçəkilən qətnamə ilə müəyyən edilmiş hallar hazırda elektron kadastr uçotu informasiya sistemi əsasında verilmiş mötəbər rəylərlə də təsdiqini tapmışdır. Bundan əlavə, kollegiya nəzərə çatdırır ki , iddiaçının nümayəndəsi Vəkil3 məhkəmədə verdiyi izahatında mütəxəssis rəyində göstərilmiş iddiaçıya məxsus torpaq sahəsinin koordinatları ilə çıxarışdakı koordinatların fərqli olmasını göstərməsinə rəğmən işdəki mövcud rəylərin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də, iş üzrə əlavə yaxud təkrar ekspertizanın təyin edilməsi zərurəti aşkar edilməmişdir. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(049)-63/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt etmiş olduğu torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması və zəbt olunmuş torpaq sahəsinin naturada ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli 10/1502 saylı ekspert rəyinə görə 50 manat və 24 yanvar 2023-cü il tarixli 10/7660 saylı ekspert rəyinə görə isə 100 manat, cəmi 150 manat məbləğində pul vəsaiti İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalı, digər məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(049)-63/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt etmiş olduğu torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması və zəbt olunmuş torpaq sahəsinin naturada ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli 10/1502 saylı ekspert rəyinə görə 50 (əlli) manat və 24 yanvar 2023-cü il tarixli 10/7660 saylı ekspert rəyinə görə 100 (yüz) manat, cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar