Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1526/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X30 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X35 və Cavabdeh2 qarşı “vərəsə payının müəyyən edilməsi, evdən çıxarılma” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2(036)-926/2024 saylı qətnaməsindən (hakim Z.Pirverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, X35 və Cavabdeh2 qarşı “vərəsə payının müəyyən edilməsi, evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, İmişli şəhəri, Z.Əliyeva küçəsi, 77 ünvanındakı evdə vərəsə payının müəyyən edilməsi, atası Ağalarov Sabir Yəhya oğlu və anası X10 münasibətdə ikinci dərəcəli vərəsə olmaqla, onlardan miras qalan İmişli şəhəri, Z.Əliyeva küçəsi, 77 saylı evdə pasport qeydiyyatında olmayan X23 və Cavabdeh2 evdən çıxarılmaları barədə qətnamə, cavabdeh X23 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qanunsuz yolla xx.xx.2017-ci tarixli, **********10-10301 saylı mövcud olmayan çıxarış əsasında anası X16 və qardaşı X26 tərəfindən xx.xx.2014-cü ildə bağışlama müqaviləsi əsasında faktiki olaraq iddiaçını vərəsəlik hüququndan istifadə etməsinin qarşısını alaraq, həmin evdə ailə üzvləri ilə yaşamasına imkan vermədiyinə görə Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə MPM-in 265-ci maddəsinin tələbinə uyğun olaraq xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İmişli səhəri, M.Əzizbəyov küçəsi 77 ünvanında yerləşən ev atası Ağalarov Sabir Miryəhya oğlu tərəfindən tikilmiş və həmin ünvanda doğulmuş, boya başa çatmışdır. Atası Ağalarov Sabir Miryəhya oğlu xx.xx.1996-cı ildə, anası X17 isə xx.xx.2018-ci ildə vəfat etmişlər. Qardaşı, hazırkı iş üzrə Cavabdeh1 atası və anası vəfat etməzdən xeyli əvvəl, təqribən 7-8 yaşlarında X25 valideynləri tərəfindən faktiki olaraq övladlığa götürülmüş, o gündən bu günədək İmişli səhəri, Z.Əliyeva küçəsi, ev 77 A ünvanında övladları və həyat yoldaşı ilə birlikdə yaşayırlar. Daşınamz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin həmin fərdi yaşayış evinə dair xx.xx.2017 və xx.xx.2020-ci illərdə verilmiş 907013DB3714 reyestr nömrəli texniki pasport, çıxarış Cavabdeh1 adınadır, İmişli səhəri, Z.Əliyeva küçəsi, ev 77 A ünvanında yerləşən 0.004492 ha torpaq sahəsi və 128.23 kv/m sahəli yaşayış evinin hazırda mülkiyyətçisidir. Bundan başqa, Cavabdeh1 və onun vəkili X12 iddiaçının ilkin iddia ərizəsi əsasında İmişli Rayon Məhkəməsinin və Şirvan Apellyaisya Məhkəməsinin Mülki Kolegiyasının iddia tələbinin təmin edilməsi barədə qəbul etdikləri qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına ünvanladıqları kassasiya şikayətinin 4-cü səhifəsində yuxarıdakı faktları təsdiqləyirlər. Daha sonra, Cavabdeh1 və onun vəkili təsdiqləyirlər ki, həmin ünvanda yerləşən torpağa dair sənəd cavabdehin, yəni, Cavabdeh1 adına olsa da, həmin ərazi faktiki olaraq 2009-cu ildə iddiaçının sahibliyi və istifadəsində olmuşdur. Həmin ərazidə Cavabdeh1 İddiaçı üçün əsaslı təmir işləri görərək, ev tikib verib. Bu sənədi Cavabdeh1 iddiaçı qardaşı İddiaçı üçün alıb, lakin o, həmin ərazinin və üzərində təmir edilən ev üçün sənədi öz adına özəlləşdirməsi üçün hər hansı ödəniş etmək istəmir, hüquqdan sui-istifadə edib, tələb edir ki, bütün işləri Cavabdeh1 çəksin. Cavabdeh1 və onun vəkili X3 yuxarıda qeyd etdiyi xx.xx.2021-ci il tarixli kassasiya şikayəti əsasında Ali Məhkəmənin Mülki Kollegiyası cavabdehin kassasiya şikayəti əsasında xx.xx.2021-ci il tarixli, 2(102)5852/2021 saylı qərarın nəticə hissəsində Cavabdeh1 kassasiya şikayəti təmin edilsin, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-1392/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Lakin, Ali Məhkəmənin yuxarıda qeyd etdiyi qərarı aşkar saxta, ədalətsiz olduğundan, Şirvan Apellyasiya Məhkəməsində gizlədilmişdir. İddiaçı olaraq vərəsəlik hüququndan istifadə etməklə hazırki iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi mərhum atası Ağalarov Sabir Miryəhya oğlu xx.xx.1996-cı ildə vəfat edənədək və vəfat etdikdən sonra isə, mərhum anası X17, eləcə də, iki qardaşları Həsən, Cəlal və iki bacıları atasına məxsus evdə, İmişli şəhəri, M.Əzizbəyov, hazırda Z.Əliyeva küçəsi, 77 nömrəli evdə yaşamışlar. Qeyd etdiyi evə İmişli rayon X22 tərəfindən atasının adına 1987-ci ildə texniki pasport verilmişdir. İlk övladı 2008-ci ildə dünyaya gəldikdən sonra, ailə üzvlərinin çoxluğunu və evin darısqal olduğunu nəzərə alıb, 2009-cu ildə həyat yoldaşı və övladı ilə yuxarıda qeyd etdiyi ünvandakı ata evinin yaxınlığında ev heyvanları üçün tikdiyi daxmaya köçməli olmuşdur. Sonralar daha 3 övladı doğulmuşdur ki, bu səbəbdən də 5 nəfər ailə üzvləri ilə birlikdə həmin daxma darısqal olduğundan, orada yaşamaq son dərəcə çətin olmuşdur. Böyük qardaşı Cavabdeh1 X25 ağır xəstə olduğunu, hərəkətlərinin mahiyyətini anlaya bilməməsi faktından istifadə edib, yaxın vaxtlarda vəfat edəcəyini düşünüb xx.xx.2017-ci ildə notarial kontoruna aparıb, onun məlumatı olmadan özünün və oğlu Cavabdeh2 isə qardaşı Ağalarov Cəlalın nümayəndəsi kimi, onların adlarından xx.xx.2017-ci ildə X6 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən atasından, Cavabdeh1 istisna olmaqla, iddiaçıya və digər 4 bacı və qardaşlarına miras qalan İmişli şəhəri, Z.Əliyeva küçəsi, ev 77 ünvanındakı evin anası Ağalarova Şükufə və qardaşı Ağalarov Cəlal tərəfindən ona hədiyyə verildiyi barədə İmişli rayonunun 2 saylı notariat kontorundan “Daşınmaz Əmlakın bağışlanılması müqavilə”sini əldə edir. Bu müqavilənin qanunsuz olduğunu təsdiqləyən fakt ondan ibarətdir ki, anası Ağalarova Şükufədən miras qalan evin xx.xx.2017-ci ildə DƏDRX-dan verilmiş **********10-10301 reyestr nömrəli çıxarışın Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli 2(106)-1392/2021 saylı qətnamədən Cavabdeh1 və onun vəklili X24 tərəfindən Ali Məhkəmənin MK-na ünvanlanan xx.xx.2021ci il tarixli kassasiya şikayətində həmin çıxarışın qüsurlu, mövcud olmadığını özləri də təsdiqləyirlər. X25 adına verilən həmin çıxarışla o, İmişli şəhəri, Z.Əliyeva küçəsi, ev 77 ünvanındakı evin mülkiyyətçisi olduğu təsdiqlənmədiyi halda, qardaşı Ağalarov Cəlal, yalnız, iddiaçının və digər bacı-qardaşları kimi vərəsəlik hüququna malik olduğu halda, o da iddiaçıya və digər bacı-qardaşlarına atalarından miras qalan evin anası Ağalarova Şükufə ilə bərabər digər mülkiyyətçisi hüququna malik şəxs kimi çıxış edərək, həmin evi Cavabdeh1 bağışlanması müqaviləsini imzalayır və bu barədə həmin müqavilənin mətnində əl ilə əlavə qeydiyyat da aparılır. Nəticədə, anası X17 və qardaşı X26 tərəfindən atalarından miras qalan İmişli şəhəri, Z.Əliyeva küçəsi, ev 77 ünvanındakı ev qanunsuz, saxta yolla Cavabdeh1 bağışlanılır. O da, öz növbəsində həm özünün, həm də vəkilinin təsdiqlədikləri qüsurlu, X25 adına mövcud olmayan DƏDRX tərəfindən verilən çıxarış əsasında Daşınmaz Əmlakın Bağışlanılması barədə xx.xx.2017-ci il tarixli müqavilə əsasında mərhum atası Ağalarov Sabir Miryəhya oğluna və anası X11 münasibətdə İİ dərəcəli vərəsələri olduqları halda, övladları X27 və Cavabdeh2 yuxarıda qeyd etdiyi ünvanındakı valideynlərindən miras qalan evə köçürür, iddiaçı isə atasına münasibətdə birinci dərəcəli vərəsə olduğu halda, bu günədək 3 övladı və həyat yoldaşı ilə atası və anasından miras qalan həmin evin yanında ev heyvanları üçün nəzərdə tutulan daxmada yaşamaq, qalmaq məcburiyyətində qalmışdır. Tərəflər, bağışlayanlar mülkiyyətçi X16 və vərəsə X26 digər tərəfindən hədiyyəni alan Cavabdeh1 arasında bağlanan xx.xx.2017-ci il tarixli “Daşınmaz Əmlakın bağışlanılması müqaviləsinin” qanunsuz olduğunu təsdiqləyən digər təkzibedilməz fakt ondan ibarətdir ki, əgər, doğrudan da İmişli şəhəri, Z.Əliyeva küçəsi, ev 77 ünvanındakı ev X7 mülkiyyətindədirsə, belə olan halda, həmin ev MM-in 152-ci maddəsinin tələbinə uyğun olaraq Ağalarov Sabir Rza oğluna onun tərəfindən bağışlanılmalı idi, lakin, həmin evi Cavabdeh1 müqavilədə qeyd edilən hədiyyə verənlərdən biri, yalnız, vərəsəlik hüququna malik olan X13 həmin evi bağışlamaq, satmaq, hədiyyə vermək kimi subyektiv hüquqa malik olmadığı halda, onun adının, soyadının hədiyyə verənlər kimi bağışlama müqaviləsində qeyd edilməsi və onun əvəzinə hədiyyə alan Cavabdeh1 oğlu Cavabdeh2 tərəfindən imzalanması faktı da həmin xx.xx.2017-ci il tarixli müqavilənin qanunsuz olduğunu bir daha təsdiq edir. Bunu bilmək həmin müqaviləni təsdiqləyən İmişli rayon 2 saylı notariat kontorunun xüsusi natariusu X28 vəzifə borcu olsa da o, vəzifə səlahiyyətlərin sui-istifadə etməklə iddiaçıya qarşı cinayət əməli törətmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı tələbini müdafiə edərək, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib, iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehlərdən Cavabdeh1 iddianın əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmiş, izahatında göstərmişdir ki, iddiaçının mübahisə etdiyi ev ona məxsusdur. Həmin həyətdə 3 ədəd ev var. Birini babası, birini atası, birini isə özü tikmişdir. Ev 1992-ci ildə tikilmişdir. Bunu qonşular da təsdiq edə bilər. İddiaçı həmin evdə doğulduğunu iddia edir. 1992-ci ildə tikilmiş evdə 1968-ci ildə necə doğula bilər. Həmin evin sənədləri var. Atasının adına 5 sot torpaq sahəsi olmuşdur. 5 sot torpaq sahəsi 6 uşaq arasında bölünəndə hər birinə 1 sotdan az düşür. Lakin o, qardaşlarının hamısına başqa yerdən torpaq sahəsi almış və hasarını çəkmiş və ev tikmişdir, lakin getməmişlər. İddiaçıya 8 sot torpaq sahəsi almışdır. Ev tikmək üçün daş da almışdır. İddiaçıya ev tikməkdə ona kömək edəcəyini bildirmişdir, lakin iddiaçı razılaşmamışdır. İddiaçının mübahisə etdiyi ev onun mülkiyyətindədir. Anası sağ olanda 2017-ci ildə bağışlama yolu ilə həmin evi ona bağışlamışdır və çıxarışı vardır. Birinci instansiya məhkəməsində cavabdehlərdən Cavabdeh2 iddianın əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmiş, izahatında göstərmişdir ki, iddiaçı uzun illər Rusiya Federasiyasında yaşamışdır. İddiaçının qeyd etdikləri yalandır. İmişli Rayon Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2(036)-926/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1134.1, 1151.1, 1151.2-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının vərəsəlik payının müəyyən olunmasını tələb etdiyi fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən iddiaçının anası tərəfindən Cavabdeh1 bağışlanmış və həmin ev RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir. Yəni bu halda mübahisə predmeti olan fərdi yaşayış evinə vərəsəlik hüququ yaranmadığından iddiaçının həmin evdən payı müəyyən edilə bilməz. Bundan başqa, iddiaçı iddia ərizəsində bağışlanma müqaviləsinin və reyestrdən çıxarışın qanunsuz olduğunu bildirsə də, sözügedən sənədlər iddiaçı tərəfindən mübahisələndirilməmiş və hazırda qüvvədədirlər. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində iddia ərizəsinin yuxarıda sadalanan məzmununa istinad edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, İmişli Rayon Məhkəməsinin həmin qətnaməsi ilə hüquqları pozulmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq, ailə üzvləri ilə birlikdə hazırda mübahisə predmeti olan İmişli şəhəri Z.Əliyeva (keçmiş M.Əzizbəyov) küçəsi 77 saylı evə köçürülmələri, cavabdeh tərəfindən onlara qarşı edilən maneçiliklərin aradan qaldırılması qət edilmişdi. Hazirki iş üzrə hakim həmin məhkəmə aktını nəzərə almamışdır. Məhkəmə düzgün nəticəyə gəlməmişdir. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə Mülki Məcəlləsinin 1134.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Həmin normaya əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş uşaqları ola bilərlər. Məhkəmə həmin maddənin tələblərini düzgün tətbiq etməmiş, Cavabdeh1 mirası özbaşına qanunsuz olaraq adına keçirtdirməsi, onu miras payından qanunsuz məhrum etməsini araşdırmamış və hüquqi qiymət verməmişdir. Valideynlərindən miras qalmış evdən məhrum edilmişdir. Qeyd olunanlarla İmişli rayon məhkəməsinin məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)- 926/2024 saylı qətnaməsi qanunsuz və əsassız olması sübuta yetirilir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətini müdafiə edib, iddia ərizəsinin və apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlərdən X35 məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qatnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında mübahisəli fərdi yaşayış evinə dair hüquqların ilkin qeydiyyata alınması daxil olmaqla, aparılmış sonrakı qeydiyyat hərəkətləri barədə rəsmi sənədlərdən aşağıdakılar müəyyən olunur: Torpağın mülkiyyətə verilməsinə dair JN-1312A nömrəli Kod 90701004 Şəhadətnaməyə əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli 01 saylı qərar ilə İmişli şəhər sakinləri X17, X14 və X8 cizgidə göstərilən sərhədlər daxilində 0.05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır, ayrılan torpaq sahəsində 151.4 kv.metr sahədən ibarət fərdi yaşayış evi, 72.1 kv.metr sahədən ibarət başqa tikililər mövcud olmuşdur; İmişli rayon İcra Hakimiyyəti Başçısının 13 yanvar 2017-ci il tarixli arayışına əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-1312A nömrəli Kod 90701004 Şəhadətnamədə mülkiyyətçilərin adları səhvən X18, X14 və X1 göstərilmişdir. Əslində onların adları X18, Cavabdeh1 və X4 oxunmalıdır. Arayış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim etmək üçün verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 yanvar 2017-ci ildə verilmiş **********10-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İmişli şəhəri, Zərifə Əliyeva küçəsi, ev 77 ünvanında yerləşən 0.04992 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X18, Cavabdeh1 və X13 ümumi birgə, üzərində inşa olunmuş 128.2 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam olaraq X9 mülkiyyətindədir; 18 aprel 2017-ci il tarixli "daşınmaz əmlakın bağışlanması müqaviləsi"ndən görünür ki, hədiyyə verənlər X18, Cavabdeh1 İmişli şəhəri, Zərifə Əliyeva küçəsi, ev 77 ünvanında yerləşən 0.04992 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 128.2 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini hədiyyə alan Cavabdeh1 mülkiyyətinə vermişlər; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 may 2017-ci ildə verilmiş **********10-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İmişli şəhəri, Zərifə Əliyeva küçəsi, ev 77 ünvanında yerləşən 0.04992 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 128.2 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam pay üzrə Cavabdeh1 xüsusi mülkiyyətindədir. 22 oktyabr 2018-ci ildə İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X18 10 oktyabr 2018-ci ildə İmişli şəhərində ölmüşdür. İddiaçı Cavabdeh1 qarşı "yaşayış sahəsinə istifadə hüququ tanınaraq, mənzilə köçürülmə" tələbinə dair iddiası üzrə İmişli Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli 2(036)-1952/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı İmişli şəhəri, M.Əzizbəyov küçəsi 77-də yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüquqları tanınaraq, uşaqları ilə birlikdə köçürülmələri, qarşı tərəfə onların mənzil hüquqlarının həyata keçirilməsinə törətdikləri maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə iddia təmin olunaraq İddiaçı İmişli şəhəri, Z.Əliyeva (M.Əzizbəyov) küçəsi, 77-də yerləşən fərdi yaşayış evinin (reyestr nömrəsi : **********10-10301) yaşayış sahəsindən istifadə hüququ tanınaraq, X2 törəmiş xx.xx.2008 təvəllüdlü X29, xx.xx.2010 təvəllüdlü X19, xx.xx.2011 təvəllüdlü X20 və xx.xx.2019 təvəllüdlü X21 ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülmələri, onların həmin evdə mənzil hüquqlarının həyata keçirilməsinə törədilən maneçiliyin Cavabdeh1 tərəfindən aradan qaldırılması qət edilmişdir; Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 may 2021-ci il tarixli 2(106)- 1392/2021 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli 2(036)-1952/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 29 noyabr 2021-ci il tarixli 2(102)-5852/2021 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 may 2021-ci il tarixli 2(106)-1392/2021 saylı qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası "Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 iyun 2013cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında formalaşan hüquqi mövqedən çıxış edərək hesab etmişdir ki, iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və özünün saxlanmasını tələb etmək hüququnun olub-olmamasına qiymət veriilmədən, onun cavabdehin mülkiyyətində olan evə köçürülməsi düzgün olmamışdır; Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2022-ci il tarixli 2(106)- 664/2022 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli 2(036)-1952/2020 saylı qətnaməsi ləğv olunaraq, İddiaçı Cavabdeh1 qarşı "yaşayış sahəsinə istifadə hüququ tanınaraq, mənzilə köçürülmə" tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsi kassasiya qaydasında mübahisələndirilməmiş, qanuni qüvvəyə minmişdir. Beləliklə işin müəyyən olunan hallarına əsasən mübahisənin obyektini təşkil edən fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsi İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə İmişli şəhər sakinləri X17, Cavabdeh1 (Seyidrza) Sabir oğlu və Ağalarov Cəlal (Mircəlal) Sabir oğluna (Torpağın mülkiyyətə verilməsinə dair JN-1312A nömrəli Kod 90701004 Şəhadətnamə) verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən 18 yanvar 2017-ci ildə verilmiş çıxarışa əsasən İmişli şəhəri, Zərifə Əliyeva küçəsi, ev 77 ünvanında yerləşən 0.04992 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X18, Cavabdeh1 və X13 ümumi birgə mülkiyyəti, torpaq sahəsinin üzərində inşa olunmuş 128.2 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin isə tam olaraq X9 mülkiyyəti dövlət qeydiyyatına alınmışdır. 18 aprel 2017-ci il tarixli "daşınmaz əmlakın bağışlanması müqaviləsi"nə əsasən X18 və Cavabdeh1 qeyd olunan daşınmaz əmlakdakı paylarını Cavabdeh1 bağışlamışlar. Cavabdeh1 qeyd olunan daşınmaz əmlak üzərində tam pay üzrə xüsusi mülkiyyət hüququ 12 may 2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, müvafiq çıxarış verilmişdir. X18 10 oktyabr 2018-ci ildə ölmüşdür. İddiaçı Cavabdeh1 qarşı "yaşayış sahəsinə istifadə hüququ tanınaraq, mənzilə köçürülmə" tələbinə dair iddiası qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2022-ci il tarixli 2(106)-664/2022 saylı qətnaməsi ilə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və özünün saxlanmasını tələb etmək hüququnun olmaması əsasında rədd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mərhum anası tərəfindən cavabdehə bağışlanan daşınmaz əmlakdan məcburi payının tamamlanması tələbini irəli sürmək hüququna malik şəxs olaraq bağışlama müqaviləsini məcburi payına aid hissədə mübahisələndirmədiyindən, ümumiyyətlə məcburi payının tamamlanması kimi tələb irəli sürmədiyindən, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla onlara münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2(036)-926/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1526/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1526/2024
30.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver