Məhkəmə qərarları › İş №2(106)-1529/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1529/2024

15.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1529/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Pərviz Vaqif oğlu Hacıyev, Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, iddiaçının, onun vəkili və nümayəndəsi Vəkil1, cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxs X3 iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Masazır kəndində 0,02 ha torpaq sahəsində yerləşən sahəsi 135 kv.m olan evin naturada 2 hissəyə bölünərək sahəsi 76 kv.m olan (mətbəx, 2 yataq otağı, holl, hamam və tualet) hissəsini cavabdeh Ağabalayeva (Quliyeva) İradə Sərdar qızının, sahəsi 46 kv.m olan (yataq otağı 5*4=20 kv.m, holl 8.40*3=46 kvm) hissəsinin isə onun istifadəsində saxlanılması, hissələr arasındakı ara kəsmələrə sərf olunacaq xərclərin tərəflərin birgə vəsaiti hesabına həyata keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh kirayə haqqı olan 10550 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: 2005-ci ildə Abşeron rayonunun Masazır kəndində X2 etibarnamə əsasında 0,02 ha torpaq sahəsini satın almış, həmin torpağın üzərində 2007-ci ildə 135 kv.m-dən ibarət yaşayış evi inşa etmişdir. Ev dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehlə aralarındakı nikah pozulmuşdur. Cavabdeh yaranmış vəziyyətdən sui-istifadə edərək onun inşa etdiyi evdə yaşamasına məhdudiyyətlər yaratmışdır. Hazırda məcburiyyət qarşısında qalaraq kirayədə yaşayır. Evi sataraq əldə olunmuş vəsait hesabına ayrı-ayrılıqda ev almaq barədə təkliflərini cavabdeh qəbul etmir, bu səbəbdən yaranmış vəziyyətə görə evdən istifadə edə bilmir. Ev faktiki olaraq cavabdehin istifadəsindədir. Yaranmış vəziyyətdə mübahisələrə yol verilməsin deyə evdən istifadə qaydasını müəyyən etmək lazımdır. Evin naturada iki yerə bölünməsi mümkündür. Belə ki, sahəsi 76 kv.m olan (mətbəx, iki yataq otağı, holl, hamam və ayaqyolu) hissənin cavabdehin, sahəsi 46 kv.m olan (yataq otağı 5x4=20 kvm, holl 8.40x3=26 kvm=46 kvm) hissəsinin isə onun istifadəsində saxlanılması mümkündür. Göstərilən sahələr ayrılarkən mətbəxin qarşısındakı yataq otağından hola açılan qapı hörgü ilə bağlanmalıdır. Eyni zamanda sahəsi 26 kv.m olan holdan sahəsi 5.52x1.47=9 kv.m olan hola açılan qapı bağlanmalıdır. Evin iki yerə bölünməsi ilə əlaqədar çəkilən xərclərə tərəflər müştərək qaydada məsuliyyət daşımalıdırlar. Bundan əlavə, qeyd etdiyi kimi 2019-cu ildən müxtəlif mənzillərdə kirayadə yaşamışdır. Hər bir mənzilə dair kirayə müqaviləsi olmadığından bütün dövrü əhatə edən sənədləri təqdim edə bilmir. Hesab edir ki, kirayə haqqı kimi xərclədiyi ümumilikdə 10550 manat cavabdehdən tutularaq ona verilməlidir. Çünki cavabdeh onunla razılaşmış olsaydı, o da kirayələrdə yaşamazdı. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçılə el adəti qaydasında toy etməklə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 2005-ci ildə Abşeron rayonunun Masazır kəndində X2 etibarnamə əsasında 0,02 ha torpaq sahəsini əldə edərək həmin torpağın üzərində 2007-ci ildə yaşayış evi inşa etmişlər. Əvvəllər həmin evdə mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş və 2019-cu ildə ayrılmalı olmuşlar. Ayrıldıqdan sonra iddiaçı bir müddət onlarla yaşamış, sonradan qeyri rəsmi münasibətdə olduğu qadına görə başqa yerdə yaşamağa başlamışdır. O, iddiaçının mübahisəli evdə yaşamasına heç bir maneə törətməmiş, sonuncu öz istəyi ilə evdən getmişdir. Hazırda həmin evdə o, uşaqları ilə birlikdə yaşayır. Evə dair heç bir hüquq müəyyənedici sənəd yoxdur. Hesab edir ki, iddiaçının hazırki tələbi tamamilə əsassızdır. Masallı Rayon Məhkəməsinin (hakim F.Əliyev) 01 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının 4.11-ci bəndinə istinad etmişdir. Məhkəmənin qənaətinə görə Mülki Məcəllənin 180.2 maddəsinə əsasən özbaşına tikiliyə mülkiyyət hüququ əldə edilmir və bu səbəbdən də daşınmaz əmlak kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Məhkəmənin gəldiyi nəticə əsassızdır və hüquqi cəhətdən düzgün əsaslandırılmayıb. Belə ki, iddianın predmetini daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi deyil, mövcud tikilidən tərəflərin istifadə qaydasının müəyyən olunması təşkil edir. İstifadə qaydasını müəyyən edərkən 73.91 kv.metr sahənin cavabdehin, 44.3 kv.metr sahənin iddiaçının istifadəsində saxlanılması təklif olunub. Yəni hər hansı bir sahənin mülkiyyətə verilməsi tələb olunmayıb. Məhkəmə iddianı rədd edərkən Mülki Məcəllənin 178.1, 180.1-180.3, 213.1, 215.1, 220.1-220.3 maddələrinə istinad etmişdir ki, həmin normaların iddia tələbi ilə əlaqəsi yoxdur. Göstərilən normal mülkiyyət hüququ ilə əlaqədardır. Məhkəmə iş üzrə alınmış ekspertiza rəyini qətnaməyə köçürsədə onu müzakirə edib sübut növü kimi qiymətləndirməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı birgə nikah dövründə inşa etdikləri evdə yaşaya bilmir. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, mülkiyyət birgə nikah dövründə alınmışdır. Ev iki ailə üçün kifayət edəndir. Evin mülkiyyət hüququnun müəyyən olunmasını istəyirlər ki, işə Abşeron rayon məhkəməsində baxılsın. Burada aidiyyət məsələsi də pozulmuşdur. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdeh onu evə buraxmır, kirayədə yaşamağa məcburdur. Evin bölünməsini istəyir. Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə öz etirazını bildirmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Nümayəndə onu da qeyd etmişdir ki, tikilinin naturada bölgüsü həm də ona görə mümkün deyil ki, torpaq 3-cü şəxsin adındadır. Evin qiymətləndirilməsini, dəyərinin bölünüb verilməsini istəyirlər. Ev bölünsə belə orada cavabdehin yaşaması mümkün deyildir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında bildirmişdir ki, evin hüquq müəyyənedici sənədi yoxdur. Torpağı 20 il əvvəl İddiaçı etibarnamə əsasında satmışdır. Notarial qaydada alqı- satqı olmayıb. Əsaslandırma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər xx.xx.2003-cü il tarixdən nikahda olmuşlar, bu nikahdan bir uşaq- xx.xx.2011-ci il təvəllüdlü Röyal doğulmuşdur. Tərəflər arasındakı nikah xx.xx.2019-cu ildə pozulmuşdur. İddiaçı hazırki tələbində birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində inşa edilmiş tikilinin naturada bölünməsini, bölünmüş hissələrə uyğun olaraq istifadə qaydasının müəyyən edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi, Masazır Bələdiyyəsi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli, 01/01-06/592 saylı arayışdan görünür ki, İddiaçı adına Abşeron rayon, Masazır kəndi ərazisində Masazır bələdiyyəsi tərəfindən (etibarnamə ilə X4) ayrılmış 0.02 ha torpaq sahəsində 0.0135 kv.m. tikili qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Mülki Məcəllənin 223-cü maddəsinə əsasən: 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. İddiaçı tələbində göstərmişdir ki, iddia edilən əmlakın iki hissəyə bölünməsi mümkündür. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, tərəflər 2005ci ildə Abşeron rayonu, Masazır kəndində X2 etibarnamə əsasında (həmin etibarnamənin müddəti 28 avqust 2011-ci ildə bitmişdir) 0,02 ha torpaq sahəsini sahibliyə götürərək 2007-ci ildə həmin torpaq sahəsində 135 kv.m sahəsi olan yaşayış evi inşa etmişlər. Əvvəllər mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və 2019-cu ildə ayrılmışlar. Mübahisəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi hal-hazıradək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. İşin hallarından görünür ki, bölünməsi iddia edilən tikili və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarının 4.11-ci bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Kollegiya qeyd edir ki, iddia edilən torpaq sahəsi, eyni zamanda tikili iddiaçının və ya cavabdehin adına, həm də ümumiyyətlə mülkiyyət kimi qeydə alınmamışdır. Sözügedən özbaşına tikiliyə mülkiyyət hüququ əldə edilmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Ona görə də həmin əmlakın bölünməsi və ondan istifadə qaydasının müəyyən edilməsi barədə iddianı təmin etməməkdə məhkəmə doğru qənaətə gəlimişdir. Bu baxımdan həmin hissədə apellyasiya şikayətini və iddianı təmin etmək üçün əsas yoxdur. Bununla yanaşı, Kollegiya qeyd etməyi zəruri hesab edir ki, sözügedən tikilinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan iddiaçının, tikilinin ümumi əmlak hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini qarşı tərəfdən tələb etmək hüququ vardır. İddiaçı həm də cavabdehdən məcburən kirayədə qaldığına görə 10550 manat pul tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki hissədə iddianı sübut etmək üzrə sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhz iddiaçı tərəf cavabdehin təqsiri nəticəsində mübahisəli fərdi yaşayış evindən istifadə etmək imkanlarından məhrum olduğunu, bu səbəbdən də kirayədə qalaraq 10550 manat kirayə haqqı xərclədiyini sübut etməlidir. Lakin iddiaçı tərəfindən bununla bağlı tələbini təsdiq edən hər-hansı sübut təqdim edilməmişdir. Bununla da iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Göstərilənlər ona dəlalət edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, doğru qənaətə gəlmişdir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətini təmin etmək, qətnaməni ləğv etmək və iddianı təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş, habelə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(050)-107/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar