Məhkəmə qərarları › İş №2(106)-1539/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1539/2024

09.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1539/2024 09.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(053)-7/2024 saylı qərardadından iddiaçı Neftçala rayon Xolqarabucaq bələdiyyəsi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Neftçala rayon Xolqarabucaq bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyənin mülkiyyətində olan 0,26 hektar torpaq sahəsindən məcburi çıxarılmaqla, həmin torpaq sahəsində inşa edilmiş dükanın və qeyriyardımçı tikililərin Cavabdeh hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun tərəfindən Şirvan İnzibati Məhkəməsində Neftçala rayon Xolqarabucaq bələdiyyəsinin mülkiyyətində yerləşən, yaşayış məntəqələri torpaqları kateqoriyalı AR İN ƏMDX DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin verdiyi yerqurluşu planında qeyd olunan 48,72 kv.m torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması üçün sənədləşdirilməsi işlərinin aparılması öhdəliyinin Neftçala rayon Xolqarabucaq bələdiyyəsinin üzərinə qoyulması barədə iddia qaldırılmışdır. İş üzrə Şirvan İnzibati Məhkəməsinin hakimi Hilal Nəcəfov tərəfindən sərəncam qəbul edilmiş və iş hazırda 2-1(120)-4068/2024 nömrə ilə icraatdadır. Hazırkı iş üzrə iddiaçı Neftçala rayon Xolqarabucaq bələdiyyəsi ona qarşı iddia ilə məhkəməyə müraciət edərək, onun Neftçala rayon Xolqarabucaq bələdiyyəsinin mülkiyyətində olan 0,26 ha torpaq sahəsindən məcburi çıxarılmaqla, həmin torpaq sahəsində inşa olunmuş dükanın və qeyri-yardımçı tikililərin cavabdehin hesabına sökülməsinə dair iddia qaldırmışdır. Göründüyü kimi, bu iddialar eyni predmet, eyni tərəflər və eyni tələb üzrədir və onun iddiasına baxılıb qurtarana qədərə dayandırılmalıdır. O, xx.xx.2023-cü il tarixdə artıq iddia qaldırmışdır və bunu görən bələdiyyə də ona qarşı iddia qaldırmışdır. Qeyd olunanlara əsasən hazırkı iş dayandırılmalıdır. Vəsatətdə xahiş olunmuşdur ki, hazırkı iş üzrə icraat, Şirvan İnzibati Məhkəməsində 2-1(120)-4068/2024 saylı iş üzrə Neftçala rayon Xolqarabucaq bələdiyyəsinin mülkiyyətində yerləşən, yaşayış məntəqələri torpaqları kateqoriyalı AR İN ƏMDX DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin verdiyi yerqurluşu planında qeyd olunan 48,72 kv.m torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması üçün sənədləşdirilməsi işlərinin aparılması öhdəliyinin Neftçala rayon Xolqarabucaq bələdiyyəsinin üzərinə qoyulması barədə iddiaya baxılıb qurtarana qədər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 254.1-ci maddəsinə əsasən dayandırılsın. Neftçala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(053)-7/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Ceyhun Qədimov) hazırkı iş üzrə icraat Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-4068/2024 nömrəli iş üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəyə minənədək dayandırılmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət vermiş, şikayətində Neftçala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(053)-7/2024 saylı qərardadının ləğv edilməsini və Cavabdeh hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə icraatın dayandırılması barədə Neftçala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadı əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh Şirvan İnzibati Məhkəməsində Neftçala rayon Xolqarabucaq bələdiyyəsinə qarşı iddia qaldıraraq, Neftçala rayon Xolqarabucaq bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqları kateqoriyalı 48,72 kv.m torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarması üçün sənədləşmə işlərinin aparılması öhdəliyinin Neftçala rayon Xolqarabucaq bələdiyyəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh qeyd edir ki, Şirvan İnzibati Məhkəməsində mübahisələndirdiyi 48,72 kv.m torpaq sahəsi hazırkı iş üzrə bələdiyyə tərəfindən mübahisələndirilən dükanın altındakı torpaq sahəsidir. Bu səbəbdən məhkəmənin vəsatəti təmin edərək, Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddia mahiyyəti üzrə həll edilib yekun məhkəmə qərarı qüvvəyə minənədək hazırkı işə baxılıb nəticə verilməsi mümkün olmaması ilə bağlı qənaəti əsassızdır. Qərardadda və vəsatətdə Neftçala Rayon Məhkəməsi ilə Şirvan İnzibati Məhkəməsinin icraatında olan iş arasında olan bağlılığın nədən ibarət olması, həmin mübahisə predmetinin bir-birlərindən asılılığı və işin dayandırılmasını zəruri edən xüsusatlar əsaslandırılmamış, mübahisənin operativ və obyektiv həll olunmasına mane olan hallar qeyd olunmamış və icraatın dayandırılması zərurəti ehtimal olunmuşdur. Əlavə olaraq, cavabdehin mübahisələndirmiş olduğu torpaq sahəsinin qanuni əsaslarla bələdiyyəyə məxsus olması iş materialları arasında olan sübutlarla təsdiqini tapmışdır. Mübahisəli torpaq sahəsi elektron kadastr məlumat bazasında dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi kimi qeyd edilmişdir. Həmin torpaq sahəsi heç bir şəxsin mülkiyyətində, icarəsində və istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür, faktiki olaraq Babək Hüseynovun istifadəsindədir və sənəd üzrə koordinatları ilə faktiki istifadə etdiyi koordinatlar uyğundur və ya üst-üstə düşür. Torpaq sahəsinin cizgisi və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, mübahisəli torpaq sahəsinin qanuni əsaslarla Neftçala rayon Xolqarabucaq bələdiyyəsinə məxsus olması iş materiallarında olan əsaslı sübutlarla təsdiq olunmasına və qeyd olunmuş əsas üzrə məhkəmə araşdırmasının başa çatmasına, işin dayandırılmasını zəruri edən əsasların olmamasına baxmayaraq, Cavabdeh Xolqarabucaq bələdiyyəsinə qarşı Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-4068/2024 saylı iş üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəyə minənədək icraatın dayandırılması tələbinə dair vəsatəti əsassızdır. Neftçala Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(053)-7/2024 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-7/2024 nömrəli iş üzrə 15 iyul 2024-cü il tarixli qərardadından iddiaçı Neftçala rayon Xolqarabucaq bələdiyyəsinin sədri İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(053)-7/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə surəti olan iddiaçı Cavabdeh Neftçala rayon Xolqarabucaq bələdiyyəsinə qarşı Şirvan İnzibati Məhkəməsində qaldırdığı iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh Neftçala rayon Xolqarabucaq bələdiyyəsinin mülkiyyətində yerləşən, yaşayış məntəqələrinin torpaqları təyinatlı AR İN ƏMDX DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin verdiyi yerquruluşu planında qeyd olunan 48,72 kv.m torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması üçün sənədləşdirilməsi işlərinin aparılması öhdəliyinin Neftçala rayon Xolqarabucaq bələdiyyəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İş materiallarının 210-cu vərəqində olan SMS bildirişdən görünür ki, həmin iş Şirvan İnzibati Məhkəməsində 2-1(120)-4068/2024 nömrəsi ilə qeydə alınmış və iş üzrə növbəti məhkəmə iclası 01 oktyabr 2024-cü ilə təyin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsində aparılan icraat zamanı qeyd etmişdir ki, Şirvan İnzibati Məhkəməsində mübahisələndirdiyi 48,72 kv.m torpaq sahəsi hazırkı iş üzrə bələdiyyə tərəfindən mübahisələndirilən dükanın altındakı torpaq sahəsidir. İş materiallarından da göründüyü kimi, Cavabdeh Şirvan İnzibati Məhkəməsində qaldırdığı iddia ərizəsi ilə o, inşa etdiyi dükanın yerləşdiyi torpaq sahəsini əldə edə bilmək üçün onun yerləşdiyi torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması üçün sənədləşdirmə işlərinin aparılması öhdəliyinin bələdiyyənin üzərinə qoyulmasını tələb edir. Hazırkı iş üzrə bələdiyyə isə Cavabdeh inşa etmiş olduğu dükanın sökülməsini tələb edir. Göründüyü kimi, hər iki işin predmeti eyni dükanla bağlı mübahisələr ilə əlaqədardır və hər iki işin bir-birinə bağlılığı müəyyən edilir. Başqa sözlə, hazırkı iş üzrə tələb təmin edilərək, dükanın sökülməsi halında Cavabdeh inzibati məhkəmə icraatı qaydasında irəli sürdüyü iddianın hər hansı əhəmiyyəti də qalmaz. Bu səbəblə məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi MPM-in 254.1.4-cü maddəsinə əsasən hazırkı iş üzrə icraatın dayandırılması nəticəsinə gəlməkdə haqlı olmuşdur və həmin norma məhkəmə üçün icraatın dayandırılmasını vəzifə kimi müəyyən etmişdir. MPM-in 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. İşin hallarını qeyd edilən müddəalarla qarşılıqlı şəkildə təhlil edən məhkəmə kollegiyası bildirir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddiaya mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı işə baxılıb nəticə verilməsi mümkün deyil. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən 15 iyul 2024-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də məhkəmənin 15 iyul 2024-cü il tarixli, 2(053)-7/2024 saylı qərardadı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(053)-7/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(053)-7/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar