Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1549/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-510/2024 saylı, 02 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı 15 mart 2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Biləsuvar rayon Günəşli kənd ümumi orta məktəbinin 155 saylı, 15 sentyabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun – İddiaçı Biləsuvar rayon Günəşli kənd ümumi orta məktəbində xadimə işinə bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bağlanmış əmək müqaviləsi əsasında Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə xadimə işinə qəbul edilmiş, 15 sentyabr 2023-cü il tarixli, 155 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Həmin tarixdən onu işə buraxmamışlar. O, bu əmrlə razılaşmadığı üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Şirvan-Salyan regional şöbəsinə şikayət etmişdir. Həmin şöbə tərəfindən onun şikayəti üzrə araşdırma aparılmış və cavabdeh tərəfindən yol verilmiş qanun pozuntusu aşkar edilmişdir. Məktəbin direktoru Nümayəndə barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 196.6-cı maddələrinə uyğun olaraq 11 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə inzibati icraat başladılmışdır. İnzibati xəta haqqında işə baxılmış və Biləsuvar rayon Günəşli kənd ümumi orta məktəbinin direktoru Nümayəndə barəsində İXM-in 192.6-cı və 116-cı maddələrinə uyğun olaraq 22 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilərək, 2000 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Cavabdehin qəbul etmiş olduğu əmrin qanunsuz olması təsdiq edilmiş olsa da, onu işə bərpa etməmişdir. İddiaçı işə bərpa tələbi ilə bağlı mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiyaya gəlməmişdir. Mediasiya bu haqda ona arayış vermiş, mediasiya xərcləri onun tərəfindən ödənilmişdir. İddiaçı evlidir, üç övladı var: 03 oktyabr 2008-ci il təvəllüdlü X5, 09 fevral 2012-ci il təvəllüdlü X15 və 12 dekabr 2022-ci il təvəllüdlü X13. Ailədə yeganə qazanc gətirən odur, əri heç bir yerdə işləmir. Göründüyü kimi, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaq var. 09 fevral 2012-ci il təvəllüdlü X15 3cü dərəcəli əlildir. X1 Vətən müharibəsində 11 oktyabr 2020-ci ildə şəhid olmuşdur. Əmrdə əsas kimi orta məktəbdə uşaqların sayının azalması göstərilmişdir. Maraqlıdır, məktəb binasının sahəsi ki azalmamışdır. Məgər digər otaqlar təmiz saxlanılmamalıdır? Ora da təmizlənməlidir. Şagird sayının azalması, yəqin ki, müəllim kollektivinə aiddir. İddiaçı xadimə işləyir, onun təmizlik apardığı sahə yerindədir. Əmrdə yazılır ki, sayların azaldılmasına zərurət var. Amma bu say bir nəfərdən ibarətdir. Bütün bu faktlar təsdiq edir ki, məktəb direktorunun ona qarşı qərəzli mövqeyi var. Cavabdeh tərəfindən qəbul edilmiş bu əmr qanunsuz və Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinin tələblərinə ziddir. Qeyd olunanlar təsdiq edir ki, cavabdeh tərəf ona qarşı qərəzli mövqedə olmaqla, qanunsuz əmr vermişdir. Həmin qanunsuz əmrin ləğv edilməsini və işə bərpa olunmasını istəyir. İddiaçı iddia ərizəsinə həm də müddətin bərpası barədə ərizə əlavə edərək, işə bərpa ilə bağlı buraxılmış iddia müddətinin üzrlü hesab edilməsini, həmin müddətin bərpa edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək baxılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ona işdən çıxarıldıqdan iki ay sonra əmrin surəti verilmişdir. Sonra o, X14 Xidmətinə şikayətlər etmiş, cavab gözləmişdir. Cavabında direktoru qanunsuzluğa görə cərimə etmişlər və ona vəd etmişlər ki, işə bərpa edəcəklər. Lakin bu yalan olduqdan sonra mediasiyaya müraciət etmiş, mediasiyada iştirak etmişdir. Bundan başqa, bu ərəfələrdə əlil uşağının xəstəliyi daha da şiddətləndiyindən onun müalicəsinə də vaxt sərf etmişdir. Qeyd olunan səbəblərdən iddia müddəti buraxılmışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-510/2024 saylı, 02 iyul 2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Nüsrət Mirzəyev) iddia təmin edilmiş, Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbinin 15 sentyabr 2023-cü il tarixli, 155 saylı əmrinin ləğv edilməsi, İddiaçı Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbində kiçik xidmətedici (xadimə) işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 2(022)-510/2024 saylı, 02 iyul 2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələbinə görə, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbələrdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericiliklə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Əmək Məcəlləsinin 8-ci maddəsinin 2-ci bəndinə görə, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. İşin hallarından görünür ki, iddiaçı 15 sentyabr 2023-cü il tarixdə işdən azad edilmiş və bu barədə məlumatlı olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin tarixdən onu işə buraxmamışlar. Bu isə onu göstərir ki, müddətin axımı həmin vaxtdan başlanılmışdır. Mülki iş materiallarından görünür ki, cavabdehin direktoru Əmək Müəfəttişliyi tərəfindən 22 dekabr 2023-cü il tarixdə cərimələnmişdir. İddiaçı əmək müfəttişliyinin qəbul etdiyi qərardan beş ay sonra məhkəməyə müraciət etmişdir. Əgər mediasiya prosesinin maksimum bir ay çəkdiyini nəzərə alsaq, iddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş müddətləri pozduğu mübahisə predmeti ola bilməz. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Qanun mediasiya prosesinin keçirilməsi üçün bir aylıq müddət təyin edir. X8 22 dekabr 2023-cü il tarixdə cərimələyibsə, deməli, mediasiya prosesi nəzərə alınmaqla, iddiaçı ən geci 01 fevral 2024-cü il tarixdə məhkəməyə müraciət etməli idi. Birinci instansiya məhkəməsində o, iddiaçının işdən azad edildikdən 8 ay sonra məhkəməyə müraciət etməsini, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddətini üzrsüz buraxmasını əsas götürərək, iddia müddətinin tətbiq edilməsinə və iddia tələbinin rədd edilməsinə dair ərizəni məhkəməyə təqdim etmişdir. İddiaçı məhkəməyə müddətin üzrlü buraxılmasına dair ərizə yazaraq müddəti üzrlü buraxdığını bildirmiş və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bu ərizənin özü də onu təsdiq edir ki, iddiaçı müddəti buraxmışdır. Bu isə müddətin buraxılmasına dair mübahisəyə yer qoymur. Lakin həmin ərizədə Əmək Məcəlləsinin 296.6-cı maddəsində nəzərdə tutulmuş, müddətin üzrlü səbəbdən buraxılmasına dair dəlil mövcud deyil. Həmin ərizədən bəlli olur ki, guya əmr ona iki aydan sonra verilib və o, işdən azad olunma barədə iki aydan sonra məlumatlanıb. Bu dəlilə münasibətdə qeyd edir ki, iddiaçı işdən azad edildikdən qısa bir müddət sonra rayonun Ağayrı kənd orta məktəbində texniki işçi kimi işə qəbul edilmiş və hər gün həmin məktəbdə işə çıxmışdır. Eləcə də, iddiaçı özünün və yaxud da yaxınlarından kiminsə xəstələnməsinə dair məhkəməyə heç bir dəlil təqdim etməmiş, ümumi söz yığını ilə kifayətlənmişdir. Apellyasiya şikayətinə əlavə edilən sənəddən görünür ki, iddiaçı işdən azad edildikdən sonra əmək kitabçasının ona verilməsinə dair 18 sentyabr 2023-cü il tarixdə müvafiq kitabda imza etmişdir. Bu da iddiaçının işdən azad olunması barədə məlumatsız olmasına dair dəlilləri təkzib edir. Bütün bunlar iddiaçının müddəti heç bir üzrlü səbəb olmadan buraxdığını və məhkəmənin təqdim edilən iddia müddətinin tətbiqi barədə ərizəni qəbul etməməsinin əsassız olmasını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhkəməyə müraciət üçün müəyyən edilmiş müddəti üzrsüz buraxmasına dair mötəbər sübutlar təqdim etməmiş, məhkəmə isə belə sübutlar olmadan müddətin üzrlü buraxılmasına dair nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddiaçının işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini qət etmiş, lakin məcburi iş buraxmanın hansı dövrlər və müddət üçün həyata keçirilməli olduğunu qeyd etməmişdir. Bu isə məhkəmənin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi deməkdir. Belə ki, iddiaçı cavabdeh məktəbdə işdən azad edildikdən qısa müddət sonra 18 oktyabr 2023-cü il tarixdə rayonun Ağayrıkənd orta məktəbində işə qəbul olunmuşdur. Belə olan təqdirdə iddiaçıya hansı müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir? Bu məhkəmə qətnaməsindən bəlli olmur. Hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının yeni işə qəbul edilməsinə dair müvafiq sənədlər əldə etməli və iddiaçının işsiz qalması dövrünü dəqiq müəyyən etməli idi. Birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən, müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı olduğu halda alınmamışdır. Məhkəmə növbəti abzasda isə Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərinə istinad edir. Birinci instansiya məhkəməsində cavabdehin direktoru məhkəməyə iddiaçının həmkarlar ittifaqının üzvü olmamasını bildirmiş və bunu təsdiq edən dəlilləri məhkəməyə təqdim etmişdir. Belə olan halda həmkarlar təşkilatının üzvü olmayan işçinin işdən çıxarılması üçün həmkarlar təşkilatının razılığının alınmasına dair əmək qanunvericiliyinin tələbi yoxdur. Həmin tələb həmkarlar təşkilatının üzvü olan işçilərə şamil edilir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh məktəbin vəkili Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun çıxış edərək bildirdi ki, iddiaçı hazırkı iddia ərizəsini iddia müddətini ötürməklə vermişdir. Bununla bağlı birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə verilsə də, məhkəmə həmin ərizəni nəzərə almamış, bununla da qanunvericiliyin tələbini pozmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, cavabdeh məktəbdə 8 nəfər xadimə işçisi var. O qədər işçi olmasına baxmayaraq, bilmir ki, məhz niyə onu ixtisar edirlər. Özü şəhid bacısıdır. Eyni zamanda, himayəsində yetkinlik yaşına çatmayan 3 uşağı var. Onlardan biri əlildir, birinin isə hələ 3 yaşı tamam olmamışdır. Ona görə də onun işdən çıxarılması qanunsuz olmuşdur. Biləsuvar Rayon Məhkəməsi isə onun iddiasını təmin etməklə düzgün nəticəyə gəlmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddiaçının bildirdikləri ilə razılaşaraq qeyd etdi ki, əmək qanunvericiliyinə əsasən iddiaçının işdən ixtisar olunma səbəbilə azad edilməsi qanunsuz olmuşdur. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, məhkəmə iclasında onun vəkili iştirak etmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçı tərəfi və cavabdehin vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəb üzrə 15 sentyabr 2023-cü il tarixli, 155 nömrəli əmrdən çıxarışdan görünür ki, həmin əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 2023/2024-cü tədris ilində məktəbdə sinif komplektlərinin sayının azalması nəticəsində məktəbin kiçik xidmətedici (xadimənin) işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 15 sentyabr 2023-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq orta aylıq əmək haqqının 1,4 misli həcmində işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. İşdə surəti olan AZ-T 264963 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 03 oktyabr 2008-ci il təvəllüdlü X3 atası X9, anası İddiaçıdır. İşdə surəti olan AZ-T 264964 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 09 fevral 2012-ci il təvəllüdlü X6 atası X9, anası İddiaçıdır. İşdə surəti olan AZ-T 264965 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 12 dekabr 2022-ci il təvəllüdlü X4 atası X16, anası İddiaçıdır. İşdəki Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş məlumatdan görünür ki, 09 fevral 2012-ci il təvəllüdlü X10 “Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, Ətrafların varus deformasiyası xondrodisplaziya əzələlərin atrofiyası, funksiya pozğunluğu” diaqnozu ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İşdə surəti olan AZ-İİ 398514 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 11 oktyabr 2020-ci ildə “Hərbi əməliyyatlar zamanı odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” nəticəsində Füzuli rayonunda ölmüşdür. İş materiallarının 11-ci vərəqində olan 10 mart 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflərə bildiriş 04 fevral 2024-cü il tarixində göndərilmişdir. İşdə surəti olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı əmək müqaviləsinə 15 sentyabr 2023-cü il tarixli, 155 nömrəli əmrlə xitam verilməsinə dair bildiriş 09 oktyabr 2023-cü ildə imzalanmışdır. İşdə surəti olan Biləsuvar Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 3(022)- 42/2024 saylı qərarından görünür ki, həmin qərarla Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şirvan-X12 MN 22 dekabr 2023-cü il tarixli, ******* saylı qərarı dəyişdirilməklə Nümayəndə barəsində İXM-in 192.6-cı maddəsinə əsasən 1500 manat cərimə cəzası saxlanılmışdır. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 3(106)- 83/2024 saylı qərarından görünür ki, həmin qərarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə və X14 Xidmətinin Şirvan-X12 rəisi Anar Xıdırov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 3(022)-42/2024 saylı, 02 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdəki Biləsuvar rayon Ağayrı kənd ümumi orta məktəbinin 41 nömrəli, 02 iyul 2024cü il tarixli arayışından görünür ki, İddiaçı 18 noyabr 2023-cü il tarixdən etibarən Biləsuvar rayon Ağayrı kənd ümumi orta məktəbində kiçik xidmətçi vəzifəsində müddətli müqavilə ilə fəaliyyət göstərir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-510/2024 saylı, 02 iyul 2024-cü il tarixli qətnaməsindən görünür ki, məhkəmə iddiaçının ərizəsində göstərdiyi iddia müddətinin ötürülməsi səbəblərini məhkəmə iclasında araşdıraraq belə hesab etmişdir ki, iddiaçının məhkəməyə işə bərpa tələbi ilə bağlı vaxtında müraciət etməməsinə dair istinad etdiyi hallar üzrlü hesab edilməli və onun pozulmuş hüquqları müdafiə edilməlidir. Apellyasiya şikayətinə əlavə olunmuş Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəb üzrə əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu kitabının surətində İddiaçı əmək kitabçasının 18 sentyabr 2023-cü ildə verildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması əsasları qeyd olunmuşdur. Həmin maddənin “b” bəndinə əsasən bu əsaslardan biri də işçilərinin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə iddiaçının da əmək müqaviləsi 15 sentyabr 2023-cü il tarixli, 155 saylı əmrlə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Əmək Məcəlləsində işçilərin ixtisarı zamanı işdə saxlamağa üstünlük hüququ olan şəxslər və əmək müqaviləsinin ləğv olunmasının qadağan edildiyi işçilərin siyahısı xüsusilə göstərilmişdir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində üç yaşınadək uşağı olan qadınların, eləcə də, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağan edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının üç yaşınadək uşağı var (12 dekabr 2022ci il təvəllüdlü X13). Eyni zamanda, onun öhdəsində əlilliyi müəyyən edilmiş uşağı var (09 fevral 2012-ci il təvəllüdlü X15). Qeyd edilən hallar işəgötürənə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsini qadağan edən əsaslar kimi təsbit olunsa da, həmin tələbə riayət etməyərək iddiaçının əmək müqaviləsini ləğv etməklə, cavabdeh əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində işəgötürənin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların işdə saxlanılmasına üstünlük verməsinə dair qayda müəyyən olunmuşdur. Qeyd edilən müddəa da işçilərin ixtisarı zamanı iddiaçının işdə saxlanılmasına üstünlük müəyyən edir. Lakin bu hal da cavabdeh məktəb tərəfindən nəzərə alınmamışdır. Qeyd edilən müddəalar iddiaçının hazırkı tələbinin əsaslı olduğunu göstərir. Lakin hazırda mübahisəli məqam iddiaçı tərəfindən iddia müddətinin ötürülməklə verilibverilməməsi ilə bağlıdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırda iş materiallarından görünür ki, iddiaçıya onun əmək kitabçası 18 sentyabr 2023-cü ildə verilmişdir. Bu səbəbdən də iddiaçının hazırkı tələbi ilə bağlı iddia müddətinin axımı həmin tarixdən etibarən başlamışdır. İddiaçı 04 fevral 2024-cü ildə mediasiya orqanına müraciət etmiş, 15 mart 2024-cü ildə isə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərmişdir. Göründüyü kimi, iddiaçı həqiqətən də hazırkı iddianı iddia müddətini ötürməklə vermişdir. Bununla yanaşı, iddiaçı buraxılmış müddətin bərpasına dair ərizə də təqdim etmiş, ərizəsini əmrin surətinin işdən çıxarıldıqdan iki ay sonra verilməsi, X14 Xidmətinə şikayətlər etməsi və müvafiq cavablar gözləməsi, əlil uşağının xəstəliyi daha da şiddətləndiyindən onun müalicəsinə də vaxt sərf etməsi ilə əsaslandırmışdır. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi məsələsini müzakirə edərək, iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsini qəbul etmişdir. Məhkəmə kollegiyası da işin hallarını, iddiaçının himayəsində yetkinlik yaşına çatmayan üç uşağının, onlardan birinin hələ 2 yaşının da tamam olmamasını, birinin isə üçüncü dərəcəli əlillikdən əziyyət çəkdiyini, iddiaçının X14 Xidmətinə şikayət etməsini və s. nəzərə alaraq bildirir ki, iddiaçı tərəfindən iddia müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir. Buna görə də birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməməkdə, əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi hissəsində iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələbini nəzərə alaraq bildirir ki, cavabdeh tərəfindən verilmiş 15 sentyabr 2023-cü il tarixli, 155 saylı əmrin ləğv edilərək iddiaçının əvvəlki işinə bərpa edilməsi nəticəsinə gəlməklə əmək mübahisəsini həll edən birinci instansiya məhkəməsi məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-510/2024 saylı, 02 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1549/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1549/2024
02.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver