Məhkəmə qərarları › İş №2(106)-1549/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1549/2025

04.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1549/2025 04.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Tofiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 2(049)-94/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında JN-721 KOD 80200048 sayla ona və ailə üzvlərinə verilmiş sahədən Cavabdeh çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandılmışdır ki, Lənkəran rayonu Viravul kəndində atası X2 və ailə üzvlərinə 16 noyabr 1998-ci ildə Prezidentin Fərmanı əsasında 0,49 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini uzun illər əkib becərmişlər. Son illər ərzində cavabdeh onlara mənsub olan torpaq sahəsinin 10 ha zəbt etmişdir. Bu haqda dəfələrlə ona xəbərdarlıq etmiş, Lənkəran rayon polis şöbəsinə şikayət etsə də, Cavabdeh torpaq sahəsini azad etmir. Bundan sonra DƏDRX-nin 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmişdir. Həmin yerə mütəxəsislər gəlsələr də, cavabdehin zəbt edilmiş hissəsinə daxil olunmadan ona bildirmişlər ki, bu haqda məhkəməyə müraciət edilsin. Eyni zamanda Lənkəran Şəhər İcra hakimiyyəti də bu mövzuda eyni cavabı vermişdir. üzrə Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim Murad Aslanov) iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yenidən ekspertiza keçirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: JN-721 kod 80200048 nömrəli Dövlət Aktıından görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə Lənkəran rayonun Veravul kəndində yerləşən 0.78 ha torpaq sahəsi X4, X13, X5, İddiaçı, X3 mülkiyyətinə verilmişdir. JN-720 kod 80200048 nömrəli Dövlət Aktından görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə Lənkəran rayonun Veravul kəndində yerləşən 0.14 ha torpaq sahəsi X10 və X6 mülkiyyətinə verilmişdir. xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında Azərmaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh müraciəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. 30 aprel 2025-cü il tarixli 10/1936 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3- 21-3-43/2-144/2025 saylı mütəxəssis rəyinə əsasən Torpaq islahatı zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə Lənkəran rayonu Veravul kəndi ərazisində 0.78 ha (2 yerdə 0,4272 ha və 0,3544 ha olmaqla) kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin verilməsinə dair JN-721 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədinin işlənilməsi müəyyən olunmuşdur. Araşdırma zamanı həmin 0.78 ha torpaq sahəsinin 0.3544 ha hissəsinin hazırda məhkəmə predmeti olması müəyyən olunmuşdur. Sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun, ümumi ölçüsü saxlanılmaqla öz əksini tapmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qəran əsasında JN-721 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,78 ha torpaq sahəsinin mübahisə predmeti olan 0,3544 ha hissəsinin koordinatları ilə iddiaçının naturada göstərdiyi (iddia etdiyi) torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi, konfiqurasiya fərqinin mövcud olmaması müəyyən olunmuşdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı əsasında JN-721 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.78 ha torpaq sahəsinin mübahisə predmeti olan 0,3544 ha hissəsinə gediş-gəliş yolunun Veravul bələdiyyəsinin xəritəsinə əsasən cənub-şərq istiqamətindən nəzərdə tutulması müəyyən olunmuşdur. Faktiki vəziyyətdə isə həmin yerdən gediş gəliş yolunun mövcud olmaması müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən qeyd olunan torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli,10 saylı qərarı əsasında JN-721 (KOD ********) Torpağa mülkiyyət huququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,3544 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Həmin 0.3544 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,106 ha hissəsinin Cavabdeh tərəfindən çəpərə alınaraq istifadə edilməsi müəyyən edilmişdir. Araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı əsasında JN-721 (KOD ********) nömrəli Torpağa mülkiyyət huququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,3544 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Həmin 0.3544 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,106 ha hissəsinin üzərində çoxillik meyvə ağaclarının mövcud olması müəyyən olunmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinə İddiaçı müraciət edərək, ona məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini bildirmişdir. İddiaçı iddia tələbini öz adından qoysa da, mülkiyyətə verilən və JN- 721 KOD 80200048 nömrəli Dövlət Aktından görünür ki, həmin torpaq sahəsi təkcə Mirzəmməd Yusobuvon deyil, həmçinin onun ailə üzvlərinə məxsusdur. İddia tələbinə məhkəmə zamanı etiraz bildirmiş və öz etirazını onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsi bir ailənin mülkiyyətindədirsə, naturada bölünməyən (hətta miras əmlakın sahiblərindən biri vəfat etmişdir. Lakin vəsələlik də bu haqda açılmamışdır), öz yerini müəyyənləşdirməyən Yusubov bu iş üzrə necə iddia qaldıra bilər? İllər öncə Mirzəmmədin atası, Rusiya Federasiyasının vətənaşı olan Mirzərəhim cavabdehlə torpaq dəyişməsi etmişdir. Torpaq dəyişdikdən sonra ora çoxlu meyvə ağacları əkmiş, həmin ağaclardan meyvə satmaqla, ailəsinin dolanacağını yaxşılaşdırırdı. Özü pedaqoq olsa da, ürəkdən iki dəfə açıq əməliyyat olunmuşdur. Sözügedən torpaq sahəsinə ekspert göndərilən zaman ekspert təyin olunmuş vaxtdan daha tez gəlib iştirak etmiş və beləcə, bilərəkdən onun da iştirakına maneələr yaratmışlar. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə heç bir qohumluq əlaqələri yoxdur. Mübahisə edilən torpaq sahəsi 0.39 ha-dır və cavabdeh onun 0.15 ha hissəsini zəbt etmişdir. Atası ilə Cavabdeh atası müvəqqəti istifadə ilə bağlı 0.11 ha torpaq sahələrini dəyişməklə razılığa gəlmişlər. Həmçinin cavabdeh tərəfə yaxın olsun deyə özlərinə məxsus olan 0.11 ha torpaq sahəsini də onlara vermişlər. 0.78 ha torpaq sahəsi ailə tərkibinə aiddir. 2019-cu ildə məlum olmuşdur ki, qarşı tərəfin onlara verdiyi 0.11 ha torpaq sahəsi özlərinə məxsus olmamışdır. Həmin torpaq sahəsi İsaqov Xankişi adlı bir nəfər şəxsin adına olmuşdur. Nəticədə 2019-cu ildə İsaqov Xankişi adlı şəxs həmin torpaq sahəsini onların istifadəsindən almışdır. Lakin cavabdeh tərəf onların torpaq sahəsini qaytarmamış və istifadə etməyə davam etmişdir. Zəbt olunan torpaq sahəsində tikili yoxdur. Pay torpaq sahəsidir. 0.3544 ha torpaq sahəsi onun mülkiyyətindədir və həmin torpaq sahəsindən 0.11 ha olan hissə cavabdehin həyətinə düşdüyünə görə 2019-cu ilə qədər istifadə etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir (təmsil olunmamışdır). Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 66-cı maddəsinin 2-ci hissəsinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Məhkəmə tərkibi eyni zamanda diqqətə çatdırır ki, MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Bununla yanaşı, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhkəmə tərkibi nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus olan mülkiyyətdən tam istifadə edə bilmir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən istifadə edir və orada ağaclar əkmişdir. Göstərilən hallar iddiaçının izahat və məhkəməyə təqdim etdiyi sübut siyahısı ilə yanaşı, məhkəmə araşdırmasını zamanı əldə edilmiş məhkəmə ekspertiza rəyi ilə də tam sübuta yetirilir. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etməklə orada ağaclar əkməsi məhkəmədə tam sübuta yetirildiyindən iddia təmin edilməlidir. Habelə nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, hazırkı iş üzrə apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Qeyd edilməlidir ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 2(049)-94/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar