Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1568/2025 09.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Yardımlı Rayon Məhkəməsinin e-2(038)-379/2025 saylı, 19 may 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Kərimov X1 Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, Yardımlı Rayon İcra Hakimiyyətinin onunla 20 il müddətinə kənd təsərrüfatı məsulları istehsalı üçün 130,60 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanması barədə xx.xx.2023-cü il tarixli, 62 nömrəli sərəncamında dəyişiklik edilməsi, elektron uçot xəritəsi işlənərkən səhvən Zevin bələdiyyəsinin ərazisi kimi götürülmüş 5,50 ha torpaq sahəsinin və yüksək gərginlik elektrik xəttinin mühafizə zonasına düşməsi barədə həqiqətə uyğun olmayan məlumatlara əsasən icarə müqavilə bağlanmasından əsassız şəkildə imtina edilmiş torpaq sahəsinin (cəmi 21,88 ha) İddiaçı ilə 20 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün bağlanmış icarə müqaviləsinə daxil edilməsi barədə Yardımlı Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(038)-379/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbulundan imtina edilmişdir. İddiaçının nümayəndəsi Ələsgərov X2 Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(038)-379/2025 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2(038)-379/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı Yardımlı Rayon İcra Hakimiyyətinə qarşı «torpaq icarə müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(038)- 379/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1171/2025 №-li, xx.xx.2025-ci il tarixli qərardadı ilə, Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(038)-379/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə Çərkəz oğlu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilərək, iş materialı şikayətin prosessual məcəllənin tələblərinə uyğun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Yardımlı Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə şikayət verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin iddiaçı tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, məhz kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bu isə onu deməyə əsas verir ki, şikayət elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmalıdır. Çünki qanunun bu tələbinə əməl edilməməsi şikayətin geri qaytarılması üçün əsasdır. Yardımlı Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli qərardadı ilə, apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyi nəzərə alınaraq şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi Ələsgərov X2 Rayon Məhkəməsinin e-2(038)-379/2025 saylı 19 may 2025-ci il tarixli qərardadından yenidən şikayət verərək qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslanmışdır ki, məhkəmə bu nəticəyə gələrkən fərqinə varmamışdır ki, iddiaçı eyni ərizə ilə ilkin olaraq Şirvan inzibati məhkəməsinə müraciət etmiş və iddianın mümkünlüyü məsələsinə baxılarkən inzibati məhkəmənin hakimi iddiaya ümumi məhkəmələrdə baxılmalı olmasını, ərizənin geri götürülməsini, aidiyyəti üzrə Yardımlı rayon məhkəməsinə müraciət edilməli olmasını izah etmiş və iddiaçı bu əsasla iddia ərizəsini geri götürərək Yardımlı rayon məhkəməsinə göndərmişdir. Yardımlı Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli qərardadı ilə, İddiaçı nümayəndəsi Nümayəndə Çərkəz oğlu tərəfindən verilmiş şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1379/2025 №-li, xx.xx.2025-ci il tarixli qərardadı ilə, Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(038)-379/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə Çərkəz oğlu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilərək, iş materialı şikayətin prosessual məcəllənin tələblərinə uyğun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Yardımlı Rayon Məhkəməsinə qaytarılmışdır. Yardımlı Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli qərardadı ilə, vəsatətin təmin edilməsi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Çərkəz oğlunun vəsatətinə əsasən Yardımlı Rayon Məhkəməsinin 2(038)-379/2025 saylı, 19 may 2025-ci il tarixli qərardadından apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət İddiaçı münasibətdə üzrlü hesab olunaraq bərpa edilməsi qərara alınmışdır. Yardımlı Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli qərardadı ilə, İddiaçı Yardımlı rayon İcra Hakimiyyətinə qarşı «torpaq icarə müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyuması» tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Yardımlı Rayon Məhkəməsinin e- 2(038)-379/2025 saylı, 19 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin halları göstərir ki, iddiaçı Kərimov X1 Rayon İcra Hakimiyyətinin xx.xx.2023 tarixli, 62 nömrəli sərəncamında dəyişiklik edilməsini, elektron uçot xəritəsinin işlənməsi zamanı Zevin bələdiyyəsinə aid edildiyi bildirilən 5,50 ha sahə və yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonası ilə əlaqəli təqdim olunmuş məlumatlara istinadla icarəyə daxil edilməyən ümumilikdə 21,88 ha torpaq sahəsinin onunla 20 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün bağlanmış icarə müqaviləsinə daxil edilməsini və bunun icrası öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Bu tələblərin məzmunu açıq şəkildə inzibati orqanın qəbul etdiyi inzibati aktın (62 saylı sərəncam) dəyişdirilməsinə və həmin orqanın üzərinə yeni inzibati aktın qəbul edilməsi və bu akt əsasında hüquqi nəticənin, yəni icarə münasibətinin adekvat həcmdə rəsmiləşdirilməsinin məcburi qaydada təmin edilməsinə yönəlmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3.-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən başqa aidiyyət qaydası nəzərdə tutulmadıqda, inzibati mübahisələr üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kolegiyalar tərəfindən həyata keçirilir. 2.2.-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İddiaçının tələbləri bu hüquqi çərçivəyə tam uyğun gəlir, belə ki, o, həm inzibati aktın məzmununa dəyişiklik (torpaq sahəsinin həcminin icarəyə daxil edilməklə “düzəldilməsi”), həm də inzibati orqanın müvafiq hərəkət etməsi, yəni öhdəliyin icrası tələbini irəli sürmüşdür. Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» qərarının 3 və 5.1ci bəndlərində publik (ümumi) hüquq münasibətlərində inzibati orqanın hakimiyyət səlahiyyətləri çərçivəsində qəbul etdiyi aktlara, onların ləğvi, dəyişdirilməsi, qəbulundan imtinası və hərəkətsizliyinə dair iddiaların inzibati məhkəmə icraatında baxılmalı olduğu, 6.1-ci bəndində isə xüsusilə vurğulanmışdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilməsi barədə qərarlar inzibati orqanların aktlarıdır və belə qərarlardan, hərəkətlərdən (hərəkətsizlikdən) irəli gələn mübahisələr inzibati məhkəmə icraatına aiddir. Məhz bu hüquqi mövqe hazırkı işin aidiyyətinin müəyyən edilməsində həlledicidir. İddiaçı torpaq icarə münasibətinin “müqavilə” forması ilə rəsmiləşdirilməsinə istinad etsə də, torpağın icarəyə verilməsinin hüquqi başlanğıcı və həcminin müəyyən edilməsi inzibati orqanın sərəncamı ilə həyata keçirilir, müqavilə isə həmin publik səlahiyyətin həyata keçirilməsinin nəticəsi kimi texniki-hüquqi rəsmiləşdirmə vasitəsidir. Bu mənada iddiaçının tələb etdiyi nəticə, yəni icarə predmeti olan sahənin inzibati akt əsasında genişləndirilməsi və bu əsasa uyğun rəsmiləşdirilmə isə mülki məhkəmə icraatının deyil, inzibati məhkəmə icraatının predmetini təşkil edir. Birinci instansiya məhkəməsi məhz bu hüquqi çərçivədən çıxış edərək Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın mülki məhkəmə icraatında baxılmasının yolverilməz olduğu qənaətinə gəlmiş və icraata qəbulundan imtina etmişdir. Həmin Məcəllənin 153.3-cü maddəsinin tələbinə uyğun olaraq ərizənin hansı məhkəmə qaydasında baxıla biləcəyi iddiaçıya izah edilməli, aidiyyəti göstərilməlidir ki, birinci instansiya məhkəməsi bu öhdəliyi də yerinə yetirmişdir. Apellyasiya instansiyası bu prosessual hərəkətlərin qanuniliyində hər hansı pozuntu aşkar etmir. Şikayətçinin “ilk müraciətin Şirvan İnzibati Məhkəməsinə edildiyi, həmin məhkəmənin hakimi tərəfindən ümumi məhkəməyə yönləndirmə izahı verildiyi üçün hazırkı iddianın mülki icraatda baxılmalı olduğu” yönündə arqumentləri hüquqi cəhətdən əsaslı sayılmır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1892/2025 saylı qərardadından görünən odur ki, iddiaçı öz iradəsi ilə iddiasını geri götürmüş və məhkəmə bu səbəblə icraata xitam vermişdir, həmin qərardadda aidiyyət üzrə ümumi məhkəməyə göndərmə və ya işin mülki icraatda baxılmalı olması barədə hüquqi nəticə və əsaslandırma yoxdur. Hakimin izahat xarakterli qeyri-prosessual açıqlamaları (əgər belə olubsa) nə prosessual, nə də maddi hüquqi baxımdan aidiyyəti dəyişdirmir və məhkəməni hüquqi mövqeyinə bağlamır, aidiyyət məsələsi məhkəmə tərəfindən qanuna əsasən müstəqil həll olunur. Bu səbəbdən iddiaçının əvvəlki müraciəti ilə bağlı istinadları hazırkı iş üzrə aidiyyəti mübahisənin həllində əhəmiyyət kəsb etmir. Şikayətdə elektron uçot xəritəsinin işlənməsi zamanı bələdiyyə sərhədlərinin səhv götürüldüyü, habelə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası barədə məlumatların həqiqətə uyğun olmadığı qeyd edilməklə, 21,88 ha sahənin icarəyə daxil edilməməsinin əsassızlığı irəli sürülür. Lakin bu iddialar mübahisənin mahiyyəti üzrə dəlillər olub, yalnız aidiyyət düzgün müəyyən edildikdən sonra, yəni inzibati məhkəmə icraatında sübutetmə predmeti çərçivəsində araşdırıla bilər, mülki məhkəmə icraatının vəzifəsi aidiyyət mərhələsində inzibati məhkəmə yurisdiksiyasına aid olan mübahisəni öz icraatına qəbul etməməkdən ibarətdir. Birinci instansiya məhkəməsi də məhz bu sərhədləri qoruyaraq maddi-hüquqi mahiyyətə girmədən aidiyyət məsələsini həll etmişdir ki, bu, prosessual baxımdan doğrudur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “effektiv məhkəmə müdafiəsi” hüququnun təminatı aidiyyət qaydalarının gözlənilməsini istisna etmir, əksinə, iddianın səlahiyyətli məhkəməyə təqdim olunması mübahisənin mahiyyəti üzrə səmərəli araşdırılmasının ilkin şərtidir. Mülki Prosessual Məcəllənin 153.5-ci maddəsinin tələblərinə uyğun izahat verilməsi iddiaçıya öz tələblərini inzibati məhkəmə icraatında irəli sürmək imkanı saxlayır və bu qərardad iddiaçını məhkəməyə müraciət hüququndan məhrum etmir. Göstərilən hüquqi əsaslara görə birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək iddianın mülki məhkəmə icraatında baxılmasının yolverilməz olduğunu müəyyən etmiş, MPM-in 153.2.1 və 153.3-cü maddələrinə uyğun olaraq icraata qəbuldan imtina etmiş və aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edilməsini izah etmişdir. Şikayətçinin arqumentləri inzibati-mülki aidiyyət sərhədlərini dəyişdirən tutarlı hüquqi dəlillərlə əsaslandırılmamış, əvvəlki inzibati məhkəməyə müraciət faktı isə aidiyyətin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etməmişdir. Bu səbəbdən Məhkəmə Kollegiyası hesab edir ki, Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(038)-379/2025 nömrəli qərardadı qanuna və Ali Məhkəmə Plenumunun hüquqi mövqelərinə uyğundur, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır, iddiaçıya isə mübahisə predmeti üzrə iddialarını İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə təqdim etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin e-2(038)-379/2025 saylı, 19 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1568/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1568/2025
09.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver