Məhkəmə qərarları › İş №2(106)-1579/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1579/2023

22.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1579/2023 22.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Mayılov Samir İlham oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması və 140318 manat dəymiş ziyanın ödənilməsi, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 qarşı pultələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)46/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək zəbt olunmuş torpaq sahəsinin qaytarılması və həmin torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək zəbt olunmuş torpaq sahəsinin qaytarılması və həmin torpaq sahəsindən cavabdehin çıxarılması, 140318 manat dəymiş ziyanın Cavabdeh alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4.42 hektar torpaq sahəsinin real bazar dəyəri olan 15000 manat pulun, sözügedən torpaq sahəsinin abadlaşdırılması üçün çəkdiyi 5000 manat xərcin ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 alınıb ona verilməsi, həmçinin hər iki iddianın təmin ediləcəyi halda, ilkin iddia ilə qarşılıqlı iddianın eyni vaxtda icra olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)46/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsi (hakim M.Sadıqov) ilə, ilkin iddianın qismən təmin edilməsi, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı əsasında JN 105, KOD 90803028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X2, İddiaçı2, İddiaçı3, İddiaçı1, X4, İddiaçı4 Sahibəli oğlu, X1, X5, X3 və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmiş 8.74 ha torpaq sahəsinin 4.42 ha hissəsindən ilkin iddia üzrə Cavabdeh qanunsuz istifadəsinin dayandırılması və onun həmin torpaq sahəsindən çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə İddiaçı1 tərəfindən ödənilmiş 530,32 manat dövlət rüsumunun 100 manatı ilkin iddia üzrə Cavabdeh alınaraq İddiaçı1 verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 180 manat, İddiaçı3 234 manat və İddiaçı6 80 manat, cəmi 494(dörd yüz doxsan dörd) manat alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun 30 manatı qarşılıqlı iddia üzrə cavabdehlərdən alınıb Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 12 sentyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1579/2023 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 22 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Saatlı Rayon Məhkəməsinin 2(055)46/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 10-1.3-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində apellyasiya şikayətini işdə iştirak edən şəxslər verə bilər. Apellyasiya şikayəti elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilir. Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, apellyasiya şikayəti onun tərəfindən imzalanmış, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilsə də, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu maddənin tələblərinə əməl edilməməsi Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması üçün əsasdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə deyil məhz kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bu isə onu deməyə əsas verir ki, apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmalıdır. Çünki qanunun bu tələbinə əməl edilməməsi apellyasiya şikayətinin geri qaytarılması üçün əsasdır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Saatlı Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Saatlı Rayon Məhkəməsinin 2(055)46/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 357, 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Saatlı rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə ondan Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar