Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1582/2023 11.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X18 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçıın nümayəndəsi Nümayəndə2, cavabdehlədən X6 nümayəndəsi Nümayəndə1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər X11, Cavabdeh3 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(032)1633/2022 saylı qətnaməsindən (hakim E.Qurbanov) cavabdehlərdən X11 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departameni cavabdehlər X11, Cavabdeh3 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X11 ilə Şirvan şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 9-da yerləşən 27 nömrəli mənzilə dair bağlanmış 06 fevral 2020-ci il tarixli 9/27 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər X11, Cavabdeh3 və azyaşlı X2 mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Sərəncamlarına və Dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı uzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 06 fevral 2020-ci il tarixli 9/27 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün X11 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət proqramı çərçivəsində Şirvan şəhər, F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində 9 nömrəli binada 27 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Departamentin Şirvan şəhər Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı X11, Cavabdeh3 və X2 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən X8 və Cavabdeh3 mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə, nəticəsi olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Cavabdehlərdən X6 nümayəndəsi Nümayəndə1 iddiaya tqarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X11 təhsil almaq məqsədi ilə 24 dekabr 2019-cu il tarixindən Türkiyə Respublikasının Kayseri şəhərində yerləşən Erciyes Universitetinin Göz xəstəlikləri şöbəsinin xarici milliyətli tədqiqatçısı vəzifəsini icra etməyə başlamışdır. Adı qeyd olunan mütəxəssislik sahəsi üzrə təhsil müddəti 4 ildir. 29 dekabr 2023-cü il tarixində mütəxəssis olacağı ehtimal edilir. X11 rezidentura tələbəsidir və buna aid müvafiq arayış mövcuddur. Həmçinin ailənin digər üzvləri olan Cavabdeh3 da təhsil almaq məqsədi ilə Türkiyə Respublikasının Kahramanmaraş şəhərinin X16 Universitetinin tibb fakültəsinə 2018-ci ildə daxil olmuş, 2022-ci ilin sentyabr ayında bitirmişdir. X1 olduğu üçün valideynlərinin təhsil aldığı şəhərdədi və birinci sinif şagirdidir. Müqavilədə göstərildiyi kimi mənzildə yaşamama səbəbi üzrsüz deyildir. Şirvan Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(032)1633/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə cavabdeh X11 arasında Şirvan şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 9-da yerləşən 27 nömrəli mənzilə dair bağlanmış 06 fevral 2020-ci il tarixli 9/27 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər X11, Cavabdeh3 və X2 həmin mənzildən çıxarılmaları qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3, 102.1-ci, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qaydalarının 3.7-ci bəndinə istinad edərək gəldiyi hüquqi nəticəni cavabdehlərin faktiki olaraq mübahisəli mənzildə yaşamamaları ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən X11 apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nümayəndəsi olduğu X11 digər cavabdehlərlə birlikdə hazırda mübahisə predmeti olan mənzildə yaşamır və həmin ünvanda yaşamaması üzürlü səbəblə bağlıdır. Belə ki, X10 24 dekabr 2019-cu il tarixindən təhsil almaq məqsədi ilə Türkiyə Respublikasının Kayseri şəhərində yerləşən Erciyes Universitetinin Göz xəstəlikləri şöbəsinin xarici milliyyətli tədqiqatçısı vəzifəsini icra etməyə başlamışdır. Adı qeyd olunan mütəxəsislik sahəsi üzrə təhsil müddəti 4 ildir. 29 dekabr 2023-cü il tarixində mütəxəssis olacağı ehtimal edilir. X12 rezidentura tələbəsidir və buna aid müvafiq sübutlar iş materialları arasında mövcuddur. Belə ki, işə əlavə edilmiş Türkiyə Respublikası Erciyes Universiteti Rektorluğu Müalicə işi fakültəsi dekanlığının kadrlar şöbəsinin 11 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, fakültənin Göz Xəstəlikləri şöbəsinin xarici milliyyətli tədqiqatçısı Dr.Kamran Qəhrəmanov 24 dekabr 2019-cu il tarixində vəzifəsini icra etməyə başlamış, hal-hazırda vəzifəsini icra etməyə davam edir. Adı qeyd olunan mütəxəssislik sahəsi üzrə təhsil müddəti 4 ildir. Aidiyyəti şəxsin 29 dekabr 2023-cü il tarixində mütəxəssis olacağı ehtimal edilir. Dr.Kamran Qəhrəmanov rezidentur tələbəsidir. Həmçinin, digər Cavabdeh3 da işə əlavə edilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 rəsmi nikaha girməklə ailə həyatı qurmuş və 3 saylı Bakı "Asan xidmət" mərkəzinin qeydiyyat şöbəsində 24 fevral 2015-ci il tarixdə nikahlarını bağlanmışdır. Cavabdeh3 da hazırda Türkiyə Respublikasının Kahramanmaraş şəhərinin X16 Universitetinin Tibb fakültəsində təhsil alır. Eyni zamanda digər cavabdeh olan X7 da kiçik olduğu üçün valideynlərinin himayəsində yaşayır və birinci sinif şagirdidir. Göründüyü kimi cavabdehlər mübahisə predmeti olan mənzildə üzürlü səbəbdən müvəqqəti olaraq yaşamadıqlarından, həmin mənzilə dair bağlanmış 06 fevral 2020-ci il tarixli 9/27 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq adı çəkilən mənzil üzrə istifadə hüquqlarını itirməmişlər. Lakin buna baxmayaraq məhkəmə iddia tələbini təmin edərkən əsassız olaraq nümayəndəsi olduğu şəxsin və onun ailə üzvlərinin mübahisə predmeti olan mənzildə yaşamamaları və mənzilin istifadəsiz qalması faktına istinad etmişdir. Qətnamə Mənzil Məcəlləsinin 152.3-cü maddəsi üzrə cavabdehlərin mənzil üzərində istifadə hüquqlarının pozulması deməkdir. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının müvaliq tövsiyələrinə əməl etməmiş və nəticədə Qərarın 2.4, 6.2, 6.3-cü bəndlərinin tələblərinin pozuntusuna yol vermişdir. Məhkəmənin iş üzrə qəbul edilmiş qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, iş obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələblərini kobud şəkildə pozan əsassız qətnamə qəbul edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış və bununla da pozuntuya yol verilmişdir. Məhkəmə iddia tələbini təmin edərkən cavabdehin hal-hazırda mübahisə predmeti olan mənzildə üzürlü səbəbdən yaşamadıqlarını və ona görədə hazırda mənzilin istifadəsiz qalması faktı üzrə araşdırma aparmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) apellyasiya instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2023-cü il tarixli 2(106)- 483/2023 saylı qətnaməsi ilə (hakimlər T.Heydərov, İ.Əsədov və S.Mayılovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin ediləmiş, Şirvan Şəhər Məhkəməsinin 28 noyabr 2022ci il tarixli 2(032)1633/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanlmışdır. d) kasasiya instansiya məhkəməsində icraat. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2023-cü il tarixli 2(106)- 483/2023 saylı qətnaməsi cavabdehlədən X6 nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2023-cü il tarixli 2(102)-2946/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. e) kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri aşağıdakılardan ibarət olmuşdur; Cavabdeh Kamran Qəhrəmanov 29 dekabr 2023-cü il tarixədək rezidentura mərhələsində ali tibbi təhsil alır və bu təhsilini ölkədən kənarda həyata keçirir. Belə olan halda aşkar olaraq müəyyən olunur ki, cavabdehin təhsil aldığı müddətdə mübahisəli evdə yaşaması mümkünsüzdür. Lakin müvəqqəti olaraq mənzildə üzrlü səbəbdən yaşamaması onun müqavilə əsasında əldə etmiş olduğu sahiblik və istifadə hüququnun itirilməsinə səbəb olmur. Təhsil müddətinin başa çatmasından sonra onun müqavildə nəzərdə tutulmuş şərtlərə əməl etməməsi (mənzildə yaşamaması, başqa şəxsin istifadəsinə verməsi və müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməməsi) halında müqavilənin istinad olunan norması baxımından öhdəliyin pozulması kimi qiymətləndirilə bilər. Apellyasiya instansiya məhkəməsinin cavabdehlərin uşaqlarının Türkiyə Respublikasında birinci sinifdə təhsil alması, digər cavabdehin (Nümayəndə1) təhsilini başa vurmasına əsaslanmaqla cavabdehlərin mübahisəli mənzilə ehtiyaclarının olmaması və zərurətin aradan qalxmasına dair nəticəyə gəlməsi düzgün olmamışdır. Bu zaman işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr ailə baçısı və müqavilə tərəfi olan Kamran Qəhərmanovun təhsilini başa vurmadığı və 29 dekabr 2023-cü il tarixədək onun mənzildə yaşamamasının üzrlü səbəbdən olmasını nəzərə almamış, bunlarla bağlı cavabdeh tərəfin təqdim etdiyi sübutlara qiymət verməmişdir. Halbuki, iddiaçının istinad etdiyi müqavilənin 5.7.1-ci maddəsində kirayəçi üzrlü səbəb olmadan yaşayış sahəsində yaşamadıqda müqavilənin ləğv edilməsinin mümkün ola biləcəyini tərəflər razılaşdırmışlar. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehlədən X6 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh Kamranın bacısıdır və artıq bir aydır ki, Kamran yoldaşı ilə birlikdə mübahisəli mənzildə yaşayır. Kamran özü də bununla bağlı Qaçqınkoma məlumat vermişdir. Hal-hazırda da Aynur həmin mənzildə yaşayır. Kamran və Aynur Türkiyəyə təhsil almaq üçün getmişdilər. Aynur artıq təhsilini başa vurub qayıdıb, Kamran isə yaxın zamanda təhsilinin bitirib qayıdacaq. Həmin mənzildən başqa yaşayış yerləri yoxdur. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə münasibət bildirməyi məhkəmənin mülahizəsinə buraxaraq izahatında göstərdi ki, yoxlamışlar və cavabdehlər həqiqətən həmin mənzildə yaşayırlar. İddianın verilməsini zəruri edən şərt artıq aradan qalxmışdır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər Cavabdeh3 məhkəmədə iştirak etməmişdir və kollegiya apellyasiya şikayətinə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehərdən X11 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan 06 fevral 2020-ci il tarixli “9/27» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti kirayəçi X11 və onun ailə üzvlərinə Şirvan şəhəri, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 9-da yerləşən 27 nömrəli 2 otaqlı mənzil verilmişdir. İş materiallarında olan 01 dekabr 2021-ci il tarixli, 25 fevral 2022-ci il tarixli, 22 aprel 2022-ci il tarixli “aktlar”dan görünür ki, Mənzil Kommunal istismar Sahəsinin rəisi Nümayəndə2, mühəndisi X9, sahə nəzarətçisi X13, işçiləri X20, X4 şəhəri 685 mənzillik qəsəbədə yerləşən bina 9 mənzil 27-də yaşayışın olmadığını təyin etmişlər. Mənzildə yaşayışın bərpa etməsi üçün dəfələrlə məlumat versələrdə yaşayış hələ də bərpa edilməmişdir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli “akt”dan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X11 xx.xx.2020-ci il tarixindən Mənzil- Kommunal Xidməti üçün olan ödənişi ödəməmişdir. İş materiallarına əlavə edilmiş 20 iyun 2022-ci il tarixli “akt”dan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X3 xx.xx.2021-ci il tarixindən “Liftlərin texniki xidməti haqqı”nda olan ödənişi ödəməmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 ilə X11 3 saylı Bakı “Asanxidmət” mərkəzinin Qeydiyyat şöbəsində 24 fevral 2015-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 dekabr 2015-ci il tarixdə anadan olmuş X2 atası X11, anası Cavabdeh3dır. İş materiallarında olan Türkiyə Respublikası Erciyes Universiteti Rektorluğu Müalicə işi fakultəsi dekanlığının kadrlar şöbəsinin 11 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, fakultənin Göz Xəstəlikləri şöbəsinin xarici milliyyətli tədqiqatçısı Dr.Kamran Qəhrəmanov 24 dekabr 2019-cu il tarixində vəzifəsini icra etməyə başlamış, hal-hazırda vəzifəsini icra etməyə davam edir. Adı qeyd olunan mütəxəssislik sahəsi üzrə təhsil müddəti 4 ildir. Aidiyyatı şəxsin 29 dekabr 2023-cü il tarixində mütəxəssis olacağı ehtimal edilir. X27 rezidentura tələbəsidir. İş materiallarında olan 06 fevral 2020-ci il tarixli “9/27» nömrəlixüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0-ci maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillərlə razılaşaraq hesab edir ki, iddiaçı tələbini sübuta yetirə bilmədiyindən apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddianın tverilməsini şərtləndirən zərurət, yəni cavabdehlərin mübahisəli mənzilə ehtiyaclarının olmaması əsası ilə orada yaşamamalırı iş materialları ilə müəyyən olunmur. Əksinə hazırki apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi cavabdehlərin mübahisəli mənzildə yaşamağa davam etdiklərini təsdiq etmişdir. Odur ki,birinci instansiya məhkəməsi tərəfindən gəlinən cavabdehlərin mənzilə olan ehtiyaclarının aradan qalxmasına dair nəticə düzgün olmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərdən X6 apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(032)1633/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər X11 və Cavabdeh3 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılmaları” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1582/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1582/2023
11.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver