Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1584/2025 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən tikililər sökülməklə çıxarılması tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı adına ünvan 5 ünvanında olan yaşayış məntəqələri torpaqlarından 0,0505 ha torpaq sahəsi ( reyestr nömrəsi ************, tam paylı qeydiyyat nömrəsi 2322013221, qeydiyyat tarixi ##.##.2022-ci il) mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının * nömrəli vərəqində qeydiyyata alınmışdır. Iş materiallarında olan Biləsuvar rayon prokurorluğunun böyük müstəntiqi R X11 «cinayət işi başlanmasının rədd edilməsi haqqında» ## ###### 2020-ci il tarixli qərarından görünür ki, iddiaçı İddiaçı izahatında göstərmişdir ki, X4 və Cavabdeh yaxın qonşularıdır, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Cavabdeh uzun müddət idi ki, ailəsi ilə birlikdə onların yaşadığı evin yaxınlığında kirayədə yaşamış, məhəllədə təzə olduqlarından, yaşadıqları evin şəraiti olmadığından su lazım olduğu üçün və onlara gəlib-getdiklərindən həmin vaxtdan qonşu kimi münasibətləri yaranmışdır. Bundan sonra onlara tez-tez gəlib-getməyə başlamışlar və hədda Aynur ona ana deyə müraciət etmişdir. Tarixini dəqiq xatırlamadığı vaxtda 2019-cu ilin yay aylarında Cavabdeh ona yaxınlaşaraq onlara torpaq sahəsi satmasını istəmiş, lakin ona o, torpaq satmadığını bildirmişdir. Bundan sonra bir müddət aralarında torpaqla bağlı heç bir söhbət olmamışdır. Tarixini dəqiq xatırlamadığı vaxtda Əliağanın azyaşlı oğlunun kiçik toyu ərəfəsində onların kirayədə yaşadığı evdə olan zaman Əliağa yenidən ona yaxınlaşaraq ondan ev tikməsi üçün öz həyətyanı sahəndən torpaq sahəsi satmasını istəmişdir. Yenə də ona torpaq satmaq fikiri olmadığını bildirmiş, lakin həmin ərəfədə yaşadığı evin təmirinə pul lazım olduğu üçün Əliağaya yaşadığı evin arxasında yerləşən 5 sot torpaq sahəsinin 2,5 sotunu sata biləcəyini demişdir. Əliağa da onunla torpağın 5 sotunu almağa razılaşmış, lakin həmin vaxt torpağın qiymətini bilmədiyi üçün ona heç bir qiymət deməmiş, qiymətləri öyrənəndən sonra deyəcəyini bildirmişdir. Bundan təxminən 3- 4 gün sonra həmin ərazidə yerləşən torpağın 1 sotunun 1500 manata satıldığını öyrənərək bu barədə Əliağaya demiş və ona torpağın sotunu 1400 manata satacağını bildirmişdir. Əliağa da onunla razılaşmış və bu söhbətlərindən təxminən 1 ay sonra Əliağa ona yaxınlaşaraq 1400 manat pul gətirdiyini, ev tikməsi üçün 10 metr eni və 10 metr uzunluğunda ona torpaq sahəsi verməsini, artıq kirayədə qala bilmədiyini, hazırda biri Biləsuvar rayonunda xəstəxananın yaxınlığında və digəri Bakı şəhərində olan evləri satışa qoyduğunu, həmin evlərin biri satılandan sonra 2.5 sot torpağın pulunun hamısını verəcəyini bildirmişdir. Uzun müddətdir ki, qonşu olduqlarından, biri-birinin evinə gedişgəlişləri olduğundan, yaxın münasibətləri olduğu üçün həmin vaxt pulu ondan yarımçıq götürmək istəməmiş, pulun onda qalmasını, sonra hamısını birlikdə verməsini bildirmiş, lakin Əliağa ona bu pulu götürməsini, ona borclu qalmayacağını, qalan hissəsini də tezliklə verəcəyini bildirmişdir. Ona inandığına görə razılaşıb 1400 manat pulu almış və torpağda ev tikməsinə icazə vermişdir. Bundan sonra Əliağa torpaq sahəsində ev tikmiş və həmin evin işıq, qaz və su xətti onların evindən çəkilmişdir. Əliağa yaşadığı evdə istifadə etdikləri suyun, qazın və işığın pulunu onların evinin sayğaclarından istifadə etdiklərinə görə hər ay ona 15 manat pul ödəmiş, dəfələrlə Əliağadan torpağın qalan pulunu nə zaman verəcəyini soruşduqda, o da evlər nə zaman satılsa verəcəyini bildirmişdir. Lakin onlara torpağı verməsindən təxminən 5-6 ay keçməsinə baxmayaraq Əliağanın ona heç bir pul verməyəcəyini hiss etmiş, ondan pulu nə zaman verəcəyini soruşduqda o, söhbətdən yayınmağa çalışmış və bu söhbətlər artdıqca aralarında sözlü şəkildə mübahisələr yaranmağa başlamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Əliağanın əvvəlcədən məqəsədi və fikri ondan 1 sot torpaq sahəsi alıb ev tikmək, qalan torpağa görə pul verməmək olmuşdur. ##.##.2026-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi * saylı Cəlilabad Ərazi Idarəsinin mütəxəssis rəyindən görünür ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən ************ reyestr nömrəli Çıxarışın ANº****** saylı "Torpaq sahəsinin planı və ölçü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən X6 mülkiyyətinə verilmiş 0,0505 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində cavabdeh Cavabdeh istifadəsində olan fərdi yaşayış evinin və günlüyün mövcud olduğu müəyyən edildi. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən ************ reyestr nömrəli Çıxarışın ANº****** saylı "Torpaq sahəsinin planı və ölçü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən X6 mülkiyyətinə verilmiş 0,0505 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində cavabdeh Cavabdeh istifadəsində olan fərdi yaşayış evinin 66,54 kv.m hissəsi və günlüyün 25,74 kv.m hissəsinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən ************ reyestr nömrəli Çıxarışın ANº****** saylı "Torpaq sahəsinin planı və ölçü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən X6 mülkiyyətinə verilmiş 0,0505 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində cavabdeh Cavabdeh tikilialtı sahəsi 92,29 kv.metr təşkil edən torpaq sahəsinin olduğu müəyyənləşdirildi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh mülkiyyətində olan 0,0505 hektar həyətyanı torpaq sahəsindən, tikdiyi tikililər onun hesabına sökülməklə çıxarılması, cavabdehdən dövlət rüsumuna görə ödədiyi 100 manat, vəkilə hüquqi xidmətə görə ödədiyi 200 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonunun Xırmandalı kəndində qeydiyyatdadır. ünvan 3 ünvanda şəxsi mülkiyyətində 0,0505 hektar həyətyanı torpaq sahəsi vardır. Buna dair DƏDRX-nin reyster nömrəsi ************ olan Çıxarışı da vardır. Cavabdeh 2-3 il əvvəl onun mülkiyyətində olan torpaq sahəsini alacağını ona demiş, o da həyətyanı torpaq sahəsini ona göstərmişdir. Daha sonra cavabdeh pul toplayaraq onunla həmin torpaq sahəsinin alqı-satqısı barədə müqavilə bağlayacağını ona bildirmişdir. O, özü başqa rayonda işlədiyindən bir müddət əvvəl ona məlum olmuşdur ki, cavabdeh aralarında heç bir müqavilə olmadan mülkiyyətində olan torpaq sahəsində tikili tikmiş və bir qadınla orada yaşayır. Bunu bilən kimi cavabdehlə görüşmüş və ondan dərhal tikilisini sökməklə mülkiyyətindən çıxmasını tələb etmişdir. O, bir neçə gün ona möhlət verilməsini xahiş etmişdir. Lakin onu aldatdığını görüb bir neçə dəfə 102 xidmətinə məlumat vermişdir. Oradan ona bildirilmişdir ki, mülki mübahisə olduğundan məhkəməyə müraciət etməlidir.Hazırda qanuni əsaslarla mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən faktiki tutulmaqla istifadə olunur və bununla onun mülkiyyət hüququ pozulur. Odur ki, cavabdeh Cavabdeh mülkiyyətində olan 0,0505 hektar həyətyanı torpaq sahəsindən, tikdiyi tikililər onun hesabına sökülməklə çıxarılması, cavabdehdən dövlət rüsumuna görə ödədiyi 100 manat, vəkilə hüquqi xidmətə görə ödədiyi 200 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Rəsmiyyə Rzayevanın iddia ərizəsində göstərdikləri bütünlüklə yalan və böhtandır. Belə ki, İddiaçınin özü ## ###### 2020 cı ildə Biləsuvar rayon prakurorunun böyük müstəntiqi Fəxrəddin Mircavadovun icraatinda olan 172c-20 sayli materialın araşdırılmasında, ## ####### 2020-ci il Biləsuvar RPŞ-nin TB-nin R X5 hk-*/**** saylı icra etdiyi yoxlama materialinda verdiyi ifadələrində 2019-cu ildə ondan şifahi razılaşma yolu ilə 1400 AZN alaraq 1 sot torpaq satmasını bildirməklə təsdiq etmişlər. O, 2019cu ildə şifahi razilaşma ilə 1400 manta İddiaçı aldığı 1 sot torpaqda mənzil inşa edərək, həyat yoldaşi Rüstəmov Aynurə və oğlu X1 oglu ilə birlikdə həmin evdə yaşamışlar, hazırda da həmin ünvanda yaşayır, kommunal xidmətləri ödəməklə sudan və təbii qaz istifadə edirlər. Onun əvvəllər İddiaçı ilə qonşuluq münasibətləri çox yaxşı olmuş, o, İddiaçı həmişə qonşu kimi xidmətində olmuşdur. Iddia ərizəsində başqa rayondakı iş yeri dediyi 15 km məsafədə yerləşən Alar kəndindəki yanacaq doldurma məntəqəsinə İddiaçı səhər saat 8-də aparmış və bəzən də onu işdən evinə gətirmişdir. Onun 2-3 il evində olmadığını iddia ərizəsində qeyd etməsi yalandır. Iddiaçı oglu Nurlan Məmmədzadə ilə bir yerdə yaşayir və mənzillərini heç vaxt uzun müddətə tərk etməmişlər. İddiaçınin ona qarşı soyuq münasibəti onun 1.5 sot torpaq sahəsini almaq təklifini qəbul etməməsi olmuşdur. Iddiaçı ona 1.5 sot torpağin pulunu verdikdən sonra onun torpağını sənədləşdirəcəyini bildirmişdir. Onun buna imkanının olmadığını dedikdən sonra İddiaçınin oglu Nurlan Məmmədzadənin onun ailəsinə qarşi qərəzli, böhtan, yalan, şantaj və təhdid dolu hücumları başlamışdır. O, 2019-cu ildən oğlu və arvadı Rüstəmzadə Aynurə ilə İddiaçı 1400 manata razılaşaraq aldiğı Biləsuvar şəhəri Ə.Cəfərzadə küçəsində inşa etdiyi evdə yaşayır. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Nüsrət Mirzəyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, 29-cu maddəsinin 3-cü bəndin əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 560.1, 560.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2 107, 119-cu maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ünvan 2 ünvanda şəxsi mülkiyyətində olan 0,0505 hektar həyətyanı torpaq sahəsindən 1 sot hissəsini satması barədə şifahi razılaşma əldə etməklə Cavabdeh 1400 manat pul almış və həmin torpaq sahəsində yaşayış evinin inşasına razılıq vermişdir. Iddiaçının razılığı ilə cavabdeh mübahisə olunan torpaq sahəsində 2019-cu ildə yaşayış evi inşa etməklə ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. Lakin iddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisi olmasını əsas gətirməklə cavabdehin torpaq sahəsində inşa etdiyi yaşayış evini sökməklə həmin torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Göründüyü kimi iddiaçının hərəkətləri Mülki Məcəllənin 560.1-560.2, 560.3.4-cü maddərinin tələblərinə uyğun olaraq hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı baxılan mülki iş üzrə ##.##.2025-ci il tarixli Qərarından göründüyü kimi işin qeyd olunan halları mülkiyyət hüququnun pozulması kimi qiymətləndirlə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Biləsuvar rayom məhkəməsinin 19 avqust 2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Cavabdeh Niftula oğluna qarşı tikililər sökülməklə xüsusi mülkiyyətimdə olan həyətyanı torpaq sahəsindən çıxarma tələbinə dair iddia tələbim rədd edilmişdir. Hesab edirəm ki, məhkəmə tərəfindən işin halarını, mübahisənin predmeti olan evin kimə məxsus olması araşdırılmamış, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulmaqla düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki haların aydınlaşdırılmamış. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan haların sübut edilməmiş, sadəcə iddia ərizəsi qətnaməyə köçürülməklə iddia təmin edilmişdir. Birincisi, məhkəmədə mən göstərdim ki, DƏDRX-nin ************ saylı Çıxarışına əsasən, ünvan 1 saylı ünvanda yerləşən 0,0505 hektar həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında mənə məxsusdur. 3 il əvvəl cavabdeh ona bildirdi ki, həyətyanı torpaq sahəsinin 2,5 sotunu almaq istəyir. Razılaşmamıza görə 1 sotu 1400 manata razılaşdıq. Cavabdeh bir neçə gün sonra yanıma gəlib bildirdi ki, 1 sotun pulu olan 1400 manatı düzəltmişəm qalan pulu yəni 2100 manatı Bakıdakı evin satdıqdan sonra verəcəkdir. Münasibətləri normal olduğundan razılaşaraq 1400 manat pulu qəbul etmişdir. Cavabdeh bildirmişdir ki, 2-ci arvadını saxlamağa yeri yoxdur. Odur ki, həyətdə evi tikməklə pulunu ödəyəcəkdir. Bir müddət sonra pulunu tələb etdikdə bu gün sabaha salmış və sonda bildirmişdir ki, 1 sotdan artıq ona lazım deyil. Mən cavabımda bildirdim ki, razılaşmamız 2,5 sota görə olmuşdur. Mən 1 sotu satmıram. Çünki qalanını sata bilməyəcəm. Buna görə aramızda mübahisələr oldu və mən Biləsuvar PŞ-nə şikayətlər etdim. Daha sonra dəfələrlə cavabdehdən həyətimdən çıxmasını tələb etdim. Məhkəmə isə qətnamədə mənim ifadələrimi təhrif edərək göstərir ki, guya mən ona 1 sot satmışam və tikintiyə razılıq vermişəm. Halbuki belə hal olmamışdır. Ikincisi, məhkəmə qətnamədə Ali Məhkəmənin Mülki Kolegiyasının *(***)-****/**** saylı qərarına istinad edərək göstərir ki, guya mən evin tikintisinə cavabdehə razılıq vermişəm və buna görə də ona kompensasiya ödənilmədən onu mülkiyyətimdən çıxara bilmərəm. Hesab edirəm məhkəmə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulmaqla düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməmişdir. Belə ki, mənim cavabdehlə razılaşmam mülkiyyətimdə olan həyətyanı torpaq sahəsinin 2,5 sotu olmuşdur. Çünki mən məhz həyətimin 2,5 sot bildirmişəm və cavabdeh də buna razılaşmışdır. Əgər cavabdeh əvvəldən bildirsəydi ki, 1 sotu almaq istəyir, mən ona həmin torpaq sahəmi satmazdım. Cavabdeh 2,5 sotaya razılaşıb, 1 sotunun dəyərini yəni 1400 manatı verdikdən və mənə qısa müddətə qalan 1,5 sotunun da pulunu verəcəyini vəd etdikdən sonra mən onu həyətimə buraxdım. Digər tərəfdən mənim iş yerim Biləsuvar rayonunda deyil, Fizuli rayonunda olduğundan həyətə nəzarətim tam olmamış və onun tikinti işini bildikdən sonta dərhal 102 xidmətinə məlumat vermişəm. Difgər tərəfdən Biləsuvar rayonuna gələrkən dərhal həyətimdən çıxmasını tələb etmişəm. Mübahisəmiz Biləsuvar PŞ və Biləsuvar Prokurorluğunda araşdırılmışdır. Məhkəmə isə adı şəkilən Ali Məhkəmə Qərarına istinad etməklə göstərir ki, guya mən ona tikinti üçün razılıq vermişəm. Halbuki belə bir hal olmamışdır. Üçüncüsü məhkəmə qətnaməısindən belə qənaətə gəlmək olar ki, cavabdeh tərəfrindən zəbt edilmiş 1 sot torpaq sahəsi cavabdehə məxsusdur və mən guya torpaq sahəmi cavabdehə satmışam. Bununla da mənim mülkiyyət hüququm məhdudlaşdırıla bilər. Buna əsas kimi də Ali Məhkəmənin yuxarıda adı çəkilən qərarına istinad edərək göstərir ki, "mülkiyyət hüququ zəruri olduqda qanunda nəzərdə tutulmuş əsaslarla, qanuni məqsədlərlə mütənasib şəkildə məhdudlaşdırıla bilər." Burada adı çəkilən Qərardadın da görünür ki, mülkiyyətin məhdudlaşdırılması üçün 3 hal göstərilmişdir. 1. mülkiyyət hüququ zəruri olduqda, 2. qanunda nəzərdə tutulmuş əsaslarla. 3. qanuni məqsədlərlə mütənasib şəkildə məhdudlaşdırıla bilər. Mənim mülkiyyət hüququmun məhdudulaşdırmasına isə bu halların heç birinin aidiyyatı yoxdur. Dördüncüsü, Məhkəmə qətmadə Konstitusiyanın 13 və 29-cu maddələrindən bəhs edir. Bu normalar da bildiyiniz kimi mülkiyyət hüququndan bəhs edir. Mənim mülkiyyət hüququm Çıxarışla təsbit olunub. Cavabdehin isə heç bir rəsmi sənədi olmamaqla həyətimi zəbt edib. Məhkəmə də qətnamədə Konstitusiyanın bu normalarını göstərir. Onda belə bir sual çıxır. Ümumiyyətlə mənim Çıxarışıma əsasən mülkiyyət hüququm varmı, varsa bu hüququ kim müdafiə etməlidir. Mən məhkəmə iclasında sübuta yetirdim ki, xüsusi mülkiyyətimdə olan həyətdə cavabdehə ev tikməyə razılıq verməmişəm. Onunla razılaşmam belə olmuşdur ki, həyətimin 2,5 sotunu satıram...”. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat: d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak etmiş iddiaçı İddiaçı izahatında bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Cavabdeh onun mülkiyyətində olan 0.01 torpaq sahəsini dəmirlə hasar çəkərək tam bağlamışdır. 6-7 ildir torpaq sahəsini zəbt edib. Hər il qaytarmasını tələb etsə də, qaytarmır. Cavabdehlə aralarında 0.025 ha torpaq sahəsinin 1 sotu 1600 manat olmaqla alqı-satqı barədə razılaşma olmuşdur. Cavabdeh şifahi müqavilə üzrə 1400 manat ödəniş etmişdir. Qalan məbləği ödəyəcəyini bildirdi, lakin hələ də ödəməmişdir. Torpaq sahəsini qaytarmasını tələb edir, lakin cavabdeh qaytarmır. Həmin torpaq sahəsində ev inşa edib, onun bundan məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətimin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı İddiaçı məxsus torpaq sahəsini şifahi razılaşma yolu ilə 1400 manata alaraq 1 sot torpaq sahəsində ev inşa etmişdir. Iddiaçının bundan məlumatı olub, 2019-ci ildən həmin evdə yaşayır. Iddiaçının əlavə olaraq 1,5 sot torpaq sahəsini də almaq təklifini o qəbul etmədikdə aralarında bu mübahisə yaranmışdır. Torpaq sahəsinə və evə çəkdiyi pulu iddiaçı qaytardığı halda, onun evdən çıxarılma barədə tələbi ilə razılaşa bilər. Hazırda iddiaçı bu təkliflə razı deyil, ona görə də qətnamənin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarı : Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Insan hüquqları üzrə Avropa Məhkəməsinin Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il ## ######## tarixli Qərar, § 62): Şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan suiistifadə etmiş olur . Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də mülki qanunvericiliyin tələblərinə tam uyğundur. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı adına ünvan 4 ünvanında yerləşən 0,0505 ha torpaq sahəsi mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. Eyni zamanda, işdə olan kadastr rəyi həmin torpaq sahəsinin hüdudları daxilində cavabdeh Cavabdeh istifadəsində olan fərdi yaşayış evinin və günlüyün mövcudluğunu, eləcə də tikilialtı sahənin torpaq sahəsi üzərində yerləşməsini təsdiqləyir. Lakin bu texniki və kadastr xarakterli müəyyən etmə özü-özlüyündə iddianın təmininə əsas vermir. Çünki mübahisənin həllində əsas sual yalnız tikilinin torpaq sahəsinin hüdudları daxilində olubolmaması deyil, həmin tikintinin hansı hüquqi münasibət çərçivəsində baş verməsidir. Məhz bu baxımdan işin digər halları həlledici əhəmiyyət daşıyır. Iş materiallarında iddiaçının əvvəlki izahatı xüsusi əhəmiyyət kəsb edir. Biləsuvar rayon prokurorluğunun böyük müstəntiqinin ## ###### 2020-ci il tarixli qərarına əlavə edilmiş izahatdan görünür ki, iddiaçı cavabdehin uzun müddət qonşuluqda yaşadığını, aralarında yaxın münasibətlərin olduğunu, daha sonra cavabdehin ondan torpaq sahəsi istədiyini, onun isə əvvəlcə satmaq istəmədiyini, sonradan isə ev tikməsi üçün torpaq sahəsinin bir hissəsini verməyə razı olduğunu bildirmişdir. Həmin izahatda iddiaçı cavabdehin 1400 manat pul gətirdiyini, torpaq sahəsinin 1 sot hissəsini həmin məbləğə vermək barədə razılaşmadan danışdığını, sonradan torpaqda ev tikməsinə icazə verdiyini və cavabdehin həmin evdə ailəsi ilə birlikdə yaşadığını da qeyd etmişdir. Bu faktlar birbaşa göstərir ki, tərəflər arasında sadə “zəbt” münasibəti deyil, ən azı şifahi razılaşma və onun nəticəsi kimi formalaşmış faktiki istifadə münasibəti mövcud olmuşdur. Bundan başqa, apellyasiya baxışında da iddiaçı mövqeyini dəyişdirərək müxtəlif məzmunlu ifadələr işlətmişdir. Bir tərəfdən, o, cavabdehin torpaq sahəsini zəbt etdiyini, sahəni dəmirlə hasarladığını və illərdir qaytarmadığını bildirir; digər tərəfdən, cavabdehlə aralarında 0,025 ha torpaq sahəsinin 1 sotunun 1600 manat olmaqla alqı-satqısı barədə razılaşma olduğunu, cavabdehin isə 1400 manat ödədiyini etiraf edir. Iddiaçının özünün verdiyi bu izahatda bir tərəfdən satış və ödəniş münasibətlərindən bəhs olunması, digər tərəfdən isə eyni davranışın “zəbt” kimi təqdim edilməsi onun mövqeyində ciddi daxili ziddiyyət yaradır. Məhkəmə də məhz belə ziddiyyətli, qarışıq və bir-birini inkar edən izahatlar fonunda sübutları qarşılıqlı əlaqədə qiymətləndirməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin hüquqi yanaşması mülki hüququn əsas prinsiplərinə söykənir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə və 29-cu maddəsinə uyğun olaraq mülkiyyət toxunulmazdır və hər kəsin mülkiyyət hüququ vardır. Lakin həmin hüquq mütləq deyil; mülkiyyət hüququnun həyata keçirilməsi qanunla müəyyən edilmiş məhdudiyyətlərə, digər şəxslərin hüquq və mənafelərinə, habelə hüquqdan sui-istifadə qadağasına tabe olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsi də məhz bu məzmunu ifadə edir: mülkiyyətçi əmlaka sərbəst sahib ola bilər, ondan istifadə edə bilər, sərəncam verə bilər, lakin bu zaman qanunda və müqavilədə müəyyən edilmiş məhdudiyyətlər, qonşuların və üçüncü şəxslərin hüquqları nəzərə alınmalıdır. Deməli, mülkiyyət hüququnun mövcudluğu avtomatik şəkildə hər hansı tikilinin sökülməsini və ya istifadəçinin dərhal çıxarılmasını əsaslandırmır, konkret münasibətin necə yarandığı, tərəflərin davranışının hansı hüquqi nəticə doğurduğu ayrıca araşdırılmalıdır. Məhz bu mənada MM-in 560.1 və 560.2-ci maddələri bu işdə həlledici hüquqi rol oynayır. Həmin normalara əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməməli, sui-istifadəyə yol verilməməlidir. Birinci instansiya məhkəməsi iddiaçının davranışını məhz bu çərçivədə qiymətləndirmişdir. Çünki iş materiallarından görünən budur ki, iddiaçı öz torpaq sahəsində cavabdehin tikinti aparmasına faktiki razılıq vermiş, bununla da cavabdehdə həmin ərazidə tikinti aparacağına, orada yaşayacağına dair əsaslı etimad yaratmışdır. Sonradan isə həmin davranışa tam zidd olaraq, kompensasiya məsələsini həll etmədən tikilinin sökülməsini və cavabdehin ərazidən çıxarılmasını tələb etmişdir. Belə davranış hüquqi dürüstlük prinsipi ilə uzlaşmır və məhkəmənin onu sui-istifadə kimi qiymətləndirməsi tam əsaslıdır. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı baxılan mülki iş üzrə ##.##.2025-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyi ilə də üst-üstə düşür. Həmin mövqedə göstərilir ki, öz torpaq sahəsində başqasının tikinti aparmasına razılıq vermiş və bununla həmin şəxsin tikintiyə münasibətdə vicdanlı sayılmasına öz davranışı ilə səbəb olmuş mülkiyyətçinin sonradan əvvəlki rəftarına zidd şəkildə, müvafiq kompensasiya vermədən tikilinin sökülməsini tələb etməsi əsassızdır. Bu hüquqi mövqe iki mühüm məqsədə xidmət edir: birincisi, hüquqdan sui-istifadənin qarşısını alır; ikincisi, tikili torpağın tərkib hissəsi kimi qaldığı halda torpaq mülkiyyətçisinin tikili hesabına əsassız varlanmasının qarşısını alır. Birinci instansiya məhkəməsi də işə məhz bu məntiqdən yanaşmış, sübutları həmin hüquqi mövqeyin işıqında dəyərləndirmişdir. Iddiaçının apellyasiya şikayətində irəli sürdüyü əsas etirazlardan biri guya birinci instansiyanın işin hallarını düzgün müəyyən etməməsi və onun izahatlarını təhrif etməsidir. Lakin iş materialları bunun əksini göstərir. Iddiaçı həm prokurorluq araşdırması zamanı, həm də məhkəmədə mübahisəli sahə ilə bağlı razılaşmanın mövcudluğunu, cavabdehdən pul aldığını, cavabdehin həmin sahədə ev tikməsinə icazə verdiyini faktiki şəkildə təsdiqləmişdir. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsi iddiaçının dediklərini təhrif etməmiş, əksinə, məhz onun öz izahatlarının məzmununa uyğun nəticəyə gəlmişdir. Əgər iddiaçı öz ilkin izahatında razılıq, ödəniş və tikintiyə icazə barədə danışırsa, sonradan yalnız formal mülkiyyət hüququna istinad edib söküntü tələb etməsi əvvəlki davranışı ilə ziddiyyət təşkil edir. Burada mühüm məqam ondan ibarətdir ki, iddiaçı müxtəlif mərhələlərdə razılaşmanın həcmi və məzmunu barədə fərqli məlumatlar verir. Bir mərhələdə 1 sotdan, başqa mərhələdə 2,5 sotdan, digər mərhələdə isə 1 sotun 1600 manat olmasından danışır. Bu cür dəyişkən və bir-birinə uyğun gəlməyən məlumatlar onun izahatlarının sabitliyini azaldır və məhkəmənin onları ehtiyatla qiymətləndirməsini zəruri edir. Mülki prosesdə sübutların məhz belə ziddiyyətli və müxtəlif mərhələlərdə dəyişən izahatlara əsasən deyil, onların ümumi məntiqinə, ardıcıllığına və digər sübutlarla uyğunluğuna görə dəyərləndirilməsi tələb olunur. Birinci instansiya məhkəməsi də bu tələbi pozmamışdır. Əksinə, kadastr rəyi, tərəflərin izahatları, prokurorluq materialı və Ali Məhkəmənin hüquqi mövqeyi bir-biri ilə uzlaşdırılaraq vahid nəticə çıxarılmışdır. Iddiaçının “mənim torpağımda rəsmi razılıq olmadan tikinti aparılıb” arqumenti də işin bütün hallarını nəzərə aldıqda qənaətbəxş hesab edilə bilməz. Çünki hüquqi münasibətlər hər zaman yalnız sənədin mövcudluğu ilə məhdudlaşmır; tərəflərin faktiki davranışı, şifahi razılaşmalar, həmin razılaşmalar əsasında yaranmış etimad və uzunmüddətli istifadə münasibətləri də qiymətləndirilməlidir. Bu işdə məhz belə bir vəziyyət yaranmışdır: cavabdeh uzun müddət həmin ərazidə yaşamış, ev tikmiş, iddiaçının ailəsi ilə qonşuluq münasibətlərini saxlamış, kommunal xərclərə görə müəyyən ödənişlər etmiş və iddiaçının verdiyi razılığa əsaslanmışdır. Bu faktlar iddiaçının sonradan heç bir kompensasiya olmadan söküntü tələb etməsini zəiflədən mühüm hallardır. Bununla yanaşı, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin mövqeyi iddiaçının mülkiyyət hüququnu ümumən inkar etmir. Əksinə, məhkəmə həmin hüququ tanıyır, lakin onun konkret vəziyyətdə necə həyata keçirildiyini qiymətləndirir. Məhz hüququn həyata keçirilməsi mərhələsində iddiaçının öz davranışı ilə yaratdığı nəticə nəzərə alınır. Mülki qanunvericiliyin əsas məqsədi yalnız formal hüquqların qorunması deyil, həm də həmin hüquqların vicdanlı, dürüst və ədalətli şəkildə həyata keçirilməsini təmin etməkdir. Bu baxımdan mülkiyyət hüququ mütləq xarakter daşımır və onun həyata keçirilməsi zamanı hüquqi müəyyənlik, legitim gözlənti, vicdanlı davranış və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipləri nəzərə alınmalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı öz davranışı ilə cavabdehdə mübahisəli torpaq sahəsində yaşayış evi inşa etməsinin mümkünlüyünə dair əsaslı inam və etimad formalaşdırmış, cavabdeh isə məhz həmin etimada əsaslanaraq maddi vəsait sərf etmiş, yaşayış evi tikmiş və uzun illər ərzində ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Belə olan halda, iddiaçının uzun müddət ərzində etiraz etmədiyi və faktiki olaraq razılıq verdiyi hüquqi vəziyyətə sonradan zidd mövqe nümayiş etdirərək tikilinin sökülməsini və cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etməsi hüquqi ardıcıllıq, vicdanlılıq və etimadın qorunması prinsipləri ilə uzlaşmır. Bu səbəbdən iddiaçının sonrakı tələbləri hüququn məqsədinə uyğun həyata keçirilməsi kimi deyil, əvvəlki davranışından irəli gələn nəticələri inkar etməyə yönəlmiş mövqe kimi qiymətləndirilməli və həmin tələblər əsaslı hesab edilməməlidir. Bütün sadalanan hallar göstərir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, sübutların hər birinə ayrıca və onların məcmusuna hüquqi qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmənin gəldiyi nəticə nə iş materiallarına, nə də tətbiq olunan hüquq normalarına zidd deyildir. Əksinə, həmin nəticə mülki hüququn əsas prinsipləri olan vicdanlılıq, hüquqi müəyyənlik, etimadın qorunması və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə tam uyğundur. Bu səbəbdən iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməli, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Kollegiya qeyd edir ki, iş üzrə ödənilmiş məhkəmə xərcləri onu ödəmiş tərəfə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Iş üzrə ödənilmiş məhkəmə xərcləri onu ödəmiş tərəfə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1584/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1584/2025
10.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver