Məhkəmə qərarları › İş №2(106)-1588/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1588/2025

12.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1588/2025 12.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mülkiyyətdə olan fərdi yaşayış evindən çıxarılma» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2(056)-578/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları İş materiallarına əsasən, Sabirabad şəhəri, Muğan prospekti, döngə 5, ev 19 (yeni qaydalarla: AZ5401, ünvan 1 ünvanında 0.06 ha. torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi İddiaçı ilə X4 arasında bağlanmış və xx.xx.1996-cı il tarixli 3m.1k-01 reyestr nömrəsi ilə Sabirabad rayonu Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş alqı-satqı Müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reystrində İddiaçı mülkiyyəti kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı - Cavabdeh qarşı «mülkiyyətdə olan fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, övladı İlahə Ağamoğlanova ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla mülkiyyət hüquqları adına qeydə alınmış, Sabirabad şəhəri, Muğan prospekti, döngə 5, 19 saylı fərdi yaşayış evindən və onun 0,06 ha həyətyanı sahəsindən (yeni qaydalarla ünvan 1 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad şəhəri, Muğan prospekti, döngə 5-də yerləşən 19 nömrəli fərdi yaşayış evi (yeni qaydalarla ünvan 1 və onun 0,06 ha həyətyanı sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Evin ümumi sahəsi 102,1 kv.metrdir. Ev və həyətyanı sahə barəsində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla qeydə alınmışdır. Ev və həyətyanı sahənin tam mülkiyyətçisidir. Göstərilən ev və həyətyanı sahəni 05 yanvar 1996-cı ildə rəsmi alqı-satqı yolu ilə vətəndaş X1 almışdır. Cavabdeh, onun əri Bəxtiyar Sadıqov və qızları X2 2017-ci ilədək Rusiyada yaşayıblar. Onlar 2017-ci ildə Rusiyadan Azərbaycana, Sabirabad şəhərinə qayıtdılar. Evləri olmadığından qaynı arvadı Minayə Sadıqova ondan xahiş etdi ki, onlara müvəqqəti olaraq mülkiyyətində olan həmin evdə yaşamağa icazə versin. O da razılaşmışdır. 2019-cu ildə cavabdehin əri Bəxtiyar Sadıqov vəfat etmişdir. O, hazırda iki oğlu, onların arvadları və uşaqları ilə birlikdə ünvan 2 ünvanda yerləşən evdə yaşayırlar. Ailə sayı çox olduğundan artıq bu evdə yaşamaq mümkün deyildir. Bu səbəbdən oğlunun birinin ailəsi ilə birlikdə mülkiyyətində olan Sabirabad şəhəri, Muğan prospekti, döngə 5-də yerləşən 19 saylı evə köçmək istəyirlər. Lakin Cavabdeh evindən çıxmaq istəmir. Onun qeydiyyatda olduğu yer və ata evləri Sabirabad rayonu, Qasımbəyli KİN-nin Yuxarı Axtaçı kəndindədir. Cavabdeh və onun 2011-ci ildə anadan olmuş qızı İlahə Ağamoğlanova onun nə keçmiş, nə də indiki ailə üzvləri deyillər. Onlar onun ev üzərində sahiblik və istifadə hüquqlarını pozurlar. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki mübahisələndirilən Sabirabad şəhəri, Muğan prospekti, döngə 5, 19 saylı fərdi yaşayış evində o, övladı xx.xx.2010-cu il təvəllüdlü İlahə Ağamoğlanova ilə birlikdə yaşayırlar. Həmin ev faktiki olaraq onun mərhum ərinə məxsusdur, lakin alqı-satqı rəsmiləşdirilmədiyindən evə dair adlarına sənəd əldə edə bilməmişlər. Qeyd edilənlərə əsaslanaraq iddianın rədd olunmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2(056)-578/2025 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 152, 157.2, 157.4-cü maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 20 mart 1952-ci ildə qəbul olunmuş 1 saylı Protokolunun 1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin dördüncü hissəsinə istinad etməklə əsaslandırmış, hesab etmişdir ki, boşaldılması tələb olunan Sabirabad şəhəri, Muğan prospekti, döngə 5, ev 19 (yeni qaydalarla: AZ5401, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin evə dair qanuni əsaslarla hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan həmin evə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı cavabdeh tərəfindən mülkiyyətçi kimi mülkiyyətinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, cavabdehin iddiaçının mülkiyyətində olan evin boşaldılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, cavabdeh, övladı xx.xx.2010-cu il təvəllüdlü İlahə Ağamoğlanova ilə birlikdə iddiaçıya məxsus evdə heç bir əsas olmadan yaşadıqlarından, iddia tələbi təmin edilməli və cavabdeh övladı ilə birlikdə iddiaçıya məxsus evdən çıxarılmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, mübahisələndirilən Sabirabad şəhəri, Muğan prospekti, döngə 5, 19 saylı fərdi yaşayış evində o, övladı xx.xx.2010-cu il təvəllüdlü İlahə Ağamoğlanova ilə birlikdə yaşayırlar. Həmin ev faktiki olaraq onun mərhum ərinə məxsusdur, lakin alqı-satqı rəsmiləşdirilmədiyindən evə dair adınıza sənəd əldə edə bilməmişlər. Buna baxmayaraq o, evdə fasiləsiz 11 il yaşamışlar. Evi isə mərhum X3 alqı-satqı zamanı almışdır. Lakin, o dövrdə evi İddiaçı adına formal olaraq yazılmışdır. Evin əsil sahibi o və mərhum əri olmuşdur. Ona görə də bu iddia ona qarşı əsassız və qanunsuzdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə ünvanlamış olduğu etirazda bildirmişdir ki, qətnamə may ayında çıxmasına baxmayaraq Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu barədə onun Şirvan Apellyasiya Məhkəməsindən bildiriş daxil olduqdan sonra məlumatı olmuşdur. Qətnamə may ayında çıxmış və qanuni qüvəsini almışdır. Lakin hesab edir ki, cavabdeh qətnamənin icrasının süni şəkildə uzatmaq məqsədilə qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh izahatında bildirdi ki, ailə quran vaxtdan o evə köçmüşdür. Yoldaşı orada vəfat etmiş, yas mərasimi orada olmuşdur. Əri vəfat edənə qədər iddiaçı heç bir tələb irəli sürməmiş, vəfat etdikdən sonra evə dair müvafiq Çıxarışı almışdır. Apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada apellyasiya baxışı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəməyə ünvanlamış olduğu ərizədə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir və apellyasiya şikayətində göstərilən arqumentlər həmin qətnamənin ləğvi üçün hüquqi əsas vermir. Mülkiyyət hüququ insan cəmiyyətinin ən qədim və fundamental institutlarından biridir. Bu hüquq fərdin malik olduğu əşyaya öz iradəsinə uyğun şəkildə sahib olmasını, ondan istifadə etməsini və ona dair sərəncam verməsini təmin edir. Hüquq nəzəriyyəsində mülkiyyət hüququ yalnız iqtisadi münasibətləri deyil, eyni zamanda şəxsi azadlığın və müstəqil subyekt kimi mövcud olmağın əsas şərtlərindən biri hesab edilir. Mülkiyyətin toxunulmazlığı prinsipi hüquqi dövlətin dayaqlarındandır: əmlak üzərində sərbəst sahiblik mülki dövriyyənin sabitliyini, şəxslərin sərbəst iradə azadlığını və mülki münasibətlərin proqnozlaşdırıla bilməsini təmin edir. Bu səbəbdən hüquq elminin klassikləri mülkiyyəti insanın xarici dünyaya yönəlmiş azadlığının davamı kimi qiymətləndirir və onu hüquqi nizamın mərkəzi elementi sayırlar. Mülkiyyət hüququnun mühüm nəzəri komponenti ondadır ki, bu hüquq sadəcə əmlaka sahib olmaq deyil, eyni zamanda həmin əmlaka dair kənar müdaxilələrdən qorunma imkanı yaradan kompleks müdafiə mexanizmidir. Hüquqi dövlət mülkiyyətin mənbəyini, əldə edilmə qaydasını, onun sərhədlərini və müdafiə üsullarını dəqiq müəyyən etməklə mülkiyyətçiyə həm müsbət (sahibliyin həyata keçirilməsi), həm də mənfi (başqalarının müdaxiləsinə yol verilməməsi) səlahiyyətlər verir. Buna görə də mülkiyyət hüququ yalnız əşya üzərində faktiki hakimiyyət deyil, dövlət tərəfindən tanınan və müdafiə olunan hüquqi hökmranlıqdır; hər bir müdaxilə isə yalnız qanunla, legitim məqsədlə və proporsionallıq çərçivəsində mümkündür. Bu konsepsiya həm milli hüquq sistemlərində, həm də beynəlxalq hüquqda — xüsusilə də Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunda — öz əksini tapmışdır və müasir hüquqi düşüncənin əsasını təşkil edir. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, Sabirabad şəhəri, Muğan prospekti, döngə 5, ev 19 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki fərdi yaşayış evi xx.xx.1996-cı il tarixli, 3m.1k-01 reyestr nömrəli notarial qaydada təsdiqlənmiş alqısatqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında mövcud mübahisənin predmeti məhz iddiaçıya məxsus olan bu əmlakdan cavabdehin və onun övladının çıxarılması ilə bağlı tələbin qanuniliyinin qiymətləndirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüquqları tam rəsmiləşdirilmiş, dövlət qeydiyyatına alınmış və qanunla qorunur. Cavabdeh tərəfin həmin əmlak üzərində mülkiyyət, sahiblik və ya istifadə hüququnu təsdiq edən heç bir hüquqi sənəd və ya hüquqi fakt təqdim edilməmişdir. Apellyasiya şikayətində cavabdeh bildirmişdir ki, mübahisələndirilən ev əslində onun mərhum ərinə məxsus olub, lakin alqı-satqı rəsmiləşdirilmədiyi üçün evə dair sənədlər əldə olunmayıb və əmlak faktiki olaraq onların ailəsinin istifadəsində olub. Bu arqument məhkəmə tərəfindən araşdırılmış, lakin hüquqi əhəmiyyətə malik olmadığı müəyyən edilmişdir. Mülkiyyət hüququnun əldə edilməsinin qanuni üsulları Mülki Məcəllə ilə müəyyən olunmuşdur və bu üsullardan heç biri cavabdehin iddia etdiyi "faktiki sahiblik" kimi qeyri-rəsmi hallarla təsbit edilmir. Mülkiyyətin əldə edilməsi yalnız qanunda müəyyən edilmiş əsaslar və xüsusilə notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinin dövlət qeydiyyatı yolu ilə mümkündür. Bu mənada cavabdehin "ev əslində mərhum ərimindir" iddiası hüquqi nəticə doğurmur və sübut dəyərinə malik deyil. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh və onun ailəsi 2017-ci ildə Rusiyadan qayıtdıqdan sonra iddiaçının mülkiyyətində olan evə iddiaçının razılığı ilə müvəqqəti olaraq yerləşmişlər. Cavabdeh tərəf isə bu halı təkzib edəcək sübutları təqdim etməmişdir. Deməli, cavabdeh həmin evə heç bir mülkiyyət iddiası olmadan, yalnız iddiaçının icazəsi ilə daxil olmuş, onun müvəqqəti yaşamasına şifahi razılıq əsasında yol verilmişdir. Mülkiyyətçinin belə razılıq verməsi isə həmin şəxslərdə mülkiyyət və ya istifadə hüququ yaratmır və tərəflər arasında heç bir mülki-hüquqi münasibət formalaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi mülkiyyətçiyə öz əmlakından sərbəst istifadə etmək, ona dair sərəncam vermək və özgələrinin bu əmlakdan istifadəsinə yol verməmək hüququnu tanıyır. Bununla yanaşı, həmin əmlakdan istifadə hüququnun yaranması yalnız mülkiyyətçinin iradəsinə və qanunun tələb etdiyi rəsmiyyətə bağlıdır. Mülkiyyətçi tərəfindən verilmiş müvəqqəti icazə isə mülkiyyət hüququnun məzmununu dəyişmir və başqasına hər hansı daimi istifadə və ya sahiblik hüququ vermir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, o və mərhum əri evdə uzun müddət yaşamışlar və bu fakt onların həmin əmlak üzərində hüquqa malik olmalarını göstərir. Məhkəmə kollegiyası bu arqumenti də əsassız hesab edir, çünki uzun müddət yaşamaq özü-özlüyündə mülkiyyət hüququ yaratmır. Mülkiyyət hüququ yalnız qanunla nəzərdə tutulmuş əsaslarla, yəni mülkiyyətçinin iradəsini təcəssüm etdirən müqavilə ilə və bunun dövlət qeydiyyatı ilə rəsmiləşməsi nəticəsində əldə edilir. Heç bir halda faktiki yaşayış müddəti mülkiyyətin mənsubiyyətini dəyişdirən hüquqi əsas rolunda çıxış edə bilməz. Mülki qanunvericilikdə məşkunlaşma və ya müvəqqəti istifadə nəticəsində mülkiyyətin keçməsi institutu mövcud deyildir. Cavabdehin apellyasiya baxışında digər arqumenti ondan ibarətdir ki, mərhum yoldaşının vəfatına qədər iddiaçı hər hansı tələb irəli sürməmişdir və bu, guya cavabdeh tərəfin həmin ev üzərində hüququnun tanınması anlamına gəlir. Məhkəmə kollegiyası bu fikri də qəbul etmir, çünki mülkiyyətçinin bir müddət ərzində öz hüququndan istifadə etməməsi həmin hüququn itirilməsi və ya başqasına keçməsi demək deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi mülkiyyət hüququnun toxunulmaz olduğunu müəyyən edir və mülkiyyətçinin öz hüququnu istədiyi vaxt reallaşdırmasına hüquqi maneə yoxdur. Mülkiyyətçinin öz hüququndan istifadə etməməsi həmin hüququ aradan qaldırmır və başqasına yeni hüquq yaratmır. İddiaçının mülkiyyət hüquqlarının mövcudluğu, həmin hüquqların dövlət qeydiyyatından keçməsi, cavabdeh və onun övladının evdə heç bir hüquqi və qanuni əsas olmadan yaşaması və mülkiyyətçinin razılıq əsasında verdiyi müvəqqəti istifadənin artıq ləğv edilməsi nəzərə alınaraq, iddianın təmin olunması birinci instansiya məhkəməsi tərəfindən tam əsaslı olaraq həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi mülkiyyətçiyə özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ verir və hazırkı iş üzrə cavabdehin həmin evdə yaşaması artıq iddiaçının iradəsinə zidd olaraq davam etdirildiyindən, mülkiyyətçi öz hüququnu həyata keçirərək evin boşaldılmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cavabdeh tərəf apellyasiya şikayətində öz iddialarını sübut etmək üçün heç bir hüquqi əhəmiyyətli sübut təqdim etməmiş, onun əsas arqumentləri yalnız subyektiv fikirlərə və hüquqi qüvvəsi olmayan “faktiki sahiblik” iddiasına əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi hər bir tərəfin öz tələblərinin əsasını sübut etmək vəzifəsini müəyyən edir. Cavabdeh tərəf isə nə mərhum ərinin evin alıcısı olması barədə sübut təqdim etmiş, nə də evin iddiaçı tərəfindən formal alındığını təsdiq edən hər hansı sənəd və ya hüquqi fakt göstərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2(056)-578/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2(056)-578/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar