Məhkəmə qərarları › İş №2(106)-1592/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1592/2024

23.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1592/2024 23.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadə hüququna xitam verilməsi, evdən və torpaq sahəsindən çıxarılma və əmlakların boşaldılaraq təhvil verilməsi” tələbi ilə bağlı mülki iş üzrə Açar sözlər : istifadə hüququna xitam verilməsi, evdən və torpaq sahəsindən çıxarılma, əmlakın boşaldılaraq təhvil verilməsi X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı "Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadə hüququna xitam verilməsi, evdən və torpaq sahəsindən çıxarılma və əmlakların boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 2(017)-1182/2024 saylı qətnaməsindən (hakim E.Quliyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək cavabdehlərin Ağcabədi rayonu, Qiyaməddinli kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evindən "istifadə hüququna xitam verilməsi, evdən və torpaq sahəsindən çıxarılma və əmlakların boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Ağcabədi rayonu, Qiyaməddinli kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evi "Accessbank” qapalı səhmdar cəmiyyətinin mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı mülkiyyət hüququ əldə etmişdir. Həmin əmlak hazırda iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdehlər əmlakların boşaldılmasından imtina edirlər. Dəfələrlə edilən xəbərdarlıqlara isə cavabdehlər tərəfindən heç bir məhəl qoyulmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağcabədi rayonu, Qiyaməddinli kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi; cavabdehlərin Ağcabədi rayonu, Qiyaməddinli kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evindən çıxarılması və əmlakların boşaldılaraq "Accessbank” QSC-yə təhvil verilməsi və iddia qaldırılması üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun cavabdehlərdən alınaraq "Accessbank” QSC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 2(017)-1182/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağcabədi rayonu, Qiyaməddinli kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağcabədi rayonu, Qiyaməddinli kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evidən çıxarılması və həmin əmlakların boşaldılaraq "Accessbank” QSC-yə təhvil verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi birtərəfli qaydada aparmaqla düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəməni qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir.” Qeyd etmişdir ki, mənzil hüququnu əks etdirən Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsi mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Bununla da birinci instansiya məhkəməsinin qəbul etmiş olduğu 12 iyul 2024-cü il tarixli, 2(017)-1182/2024 saylı qətnaməsi ilə bir ailənin hüquq və azadlıqlarının kobudcasına pozulduğunun aşkar şahidi oluruq. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını nəzərə almamışdır, bununlada hüquq və azadlıqlarımızı pozan qətnamə qəbul etmişdir. Həmçinin qeyd etmişlər ki, məhkəmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla mübahisəli qətnamə qəbul edilmişdir. Qəbul edilmiş qətnaməni əsassız sayırlar və həmi qətnamə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmilşdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən tam olaraq apellyasiya qaydasında mübahisələndirildiyindən, qətnamənin əsaslılığı Cavabdeh2 münasibətdə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllənin) 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Qiyaməddinli kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evi (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021) iddiaçı "Accessbank” ASC-nin adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh1 və Zeynalov X2 rayonu, Qiyaməddinli kəndində qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 əmlakların könüllü olaraq boşaldılması və banka təhvil verilməsi barədə xəbərdarlıq olunmuşlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Şərh olunan qanunvericilik aktı normaları baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi hüquqi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, hazırkı halda bank mülkiyyətçidir və o mülkiyyətçi olaraq artıq öz mülkiyyətində olan əmlakı özgəsinin qeyri-qanuni sahibliyindən tələb etmək hüququnun reallaşdırılmasını istəyir. Bu isə bankın, yəni mülkiyyətçinin konstitusion hüququdur və bu hüquq əngəllənə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla onlara münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 2(017)-1182/2024 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar