Məhkəmə qərarları › İş №2(106)-1595/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1595/2024

06.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1595/2024 06.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X1 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə gedən avtomobil yolunun açılması və torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-131/2024 saylı, 24 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun açılması və zəbt olunmuş 0,12 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(048)-131/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Atabəy Kiçibəyov) iddia təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları özünə aid edilmiş, əlavə olaraq İddiaçı ekspertiza tədqiqatlarının dəyəri olan 50 manatın tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lerik Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(048)-131/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, İddiaçı Lerik Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(048)- 131/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməmiş, dövlət rüsumunun ödənilməsinə dair hər hansı qəbz təqdim etməmişdir. Hazırda iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verdiyi apellyasiya şikayətində rüsumdan azad olunduğunu qeyd etmiş, rüsumdan azad olunma əsası kimi isə “Bu ödəniş rüsumdan azaddır - əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar” bəndi seçilmişdir. Lakin hazırkı işin mahiyyətindən görünür ki, iddiaçının tələbi əməyin ödənilməsi və ya əmək fəaliyyəti ilə əlaqədar olmayıb, avtomobil yolunun açılmasına və torpaq sahəsinin zəbtdən azad edilməsinə yönəlmiş qiymətləndirilməyən iddiadır. Ona görə də iddiaçının seçmiş olduğu həmin bənd onun apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumunun azad edilməsinə əsas vermir. Eyni zamanda, iddiaçı apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunmasına dair hər hansı təsdiqedici sənəd təqdim etməməklə yanaşı, iş materiallarından görünür ki, o, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 21 dekabr 2022-ci ildə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətinin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, ümumiyyətlə, hər hansı məbləğdə dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. MPM-in 363.1.2-ci maddələrinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin 2(048)-131/2024 saylı, 24 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Lerik Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar