Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1596/2023 19.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X15 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdə yaşamağına maneçilik edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(032)-882/2023 saylı qətnaməsindən (hakim S.Məmmədova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin evdə yaşamağına maneəçilik edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu Nümayəndə ilə 09 oktyabr 1992-ci ildə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. 1999-cu ildə cavabdehin atası mərhum Qadir Səlimov mübahisəli, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı yolu ilə əldə etdikdən sonra həmin ildə də qeyd edilən evə köçmüşlər. Bütün cehiz əmlakı hal-hazırda da qeyd edilən ünvandadır. Cavabdehin oğlu ilə nikah münasibətləri Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1373/2019 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikah münasibətləri pozulduqdan sonra mübahisəli evdən onu qovublar və həmin evə buraxmırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə artıq ailə münasibətlərinə son qoyulub, özü yeni evlənib, onların bir evdə yaşaması mümkün deyil. Şirvan Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(032)-882/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanına köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, “İnsan hüquqları və azadlıqların müdafiəsi haqqında”Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin pozuntusuna yol vermişdir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, 15 aprel 1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, X2 Bayramlı şəhəri TİB-in reyestr kitabı No 04-08, inventar işi Ne 2288, 13 aprel 1999-cu il tarixli, 120 saylı arayışına əsasən özünə məxsus Əli-Bayramlı şəhəri Şəhidlər küçəsi 7 saylı evi X1. Qeyd edir ki, ev cavabdehin həyat yoldaşıma məxsus olub, həyat yoldaşım vəfat edəndən sonra cavabdehə vərəsəlik qaydasında keçmişdir. Hesab edir ki, iddiaçının həmin evə heç bir hüququ yoxdur və onun həmin evə köçürülməsi əsassızdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini xahiş etmişdir. Qeyd etmişdir ki, bütün cehiz əşyaları hələ də həmin evdə qalmaqdadır. Yaşayış yeri yoxdur, kirayədə qalır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, qətnamənin qanunauyğunluğu cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 15 aprel 1999-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 Bayramlı şəhəri TiB-in reyestr kitabı № 04-08, inventar işi № 2288,13aprel 1999-cu il tarixli 120 saylı arayışına əsasən özünə məxsus Əli-Bayramlı şəhəri Şəhidlər küçəsi7 saylı evi X1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində fərdi yaşayış evinə dair mülkiyyət hüququ ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi ilə Səlimov Qadir Nurəddin oğlunun adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, 2V-116 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və eyni tarixli, 3M-316 nömrəli "Miras payın bağışlanması müqaviləsi” əsasında Cavabdeh miras əmlak olan həmin fərdi yaşayış evindən tam hissədə pay almaq hüququ yaranmışdır. xx.xx.2022-ci il tarixində isə fərdi yaşayış evinə dair mülkiyyət hüququ ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4, yeni qaydalarla AZ 1800, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısını 1 nömrəli sahə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında Nümayəndə, Cavabdeh, X8, İddiaçı qeydiyyatdadırlar. Hal-hazırda göstərilən ünvanda Nümayəndə, Cavabdeh, X10, X9 yaşayırlar. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-299/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Nümayəndə qarşı evə köçürülmə və evdə yaşamağına maneçilik etməsinin cavabdehə qadağan edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Şirvan şəhəri Şəhidlər küçəsi 7 saylı evə köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1320/2022 saylı qətnaməsi ilə cavabdeh Nümayəndə apellyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-299/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Cavabdeh qarşı "evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5332/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1320/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göstərilən qərarda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası öz qərarında hüquqi mövqeyini onunla izah etmişdir ki, İddiaçı əri və uşaqları ilə 2000-ci ilin may ayında həmin evə köçmüş, mübahisəli yaşayış evinə köçməsi ümumi mülkiyyətçilər olan ər-arvad Qədir Səlimov və Cavabdeh razılığı ilə baş vermişdir. Qədir Səlimov 14 fevral 2002-ci il tarixdə vəfat etsə də, digər mülkiyyətçi Lətafət Qədirova hal-hazıra kimi həmin evdə yaşamaqda davam edir və yaşayış evin onun ayrıca mülkiyyəti kimi 14 iyun 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi iddiaçının yaşayış sahəsindən istifadə 01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan mülki və mənzil qanunvericiliyinin tələblərinə görə həmin tarixədək yaranmışdır. Yaşayış evinin üçüncü şəxs Cavabdeh ayrıca mülkiyyəti kimi dövlət qeydiyyatına alınması bu hüququna xitamına əsas vermir. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iş üzrə cavabdeh kimi Nümayəndə göstərilmişdir. Lakin Nümayəndə heç vaxt mübahisənin predmeti olan yaşayış evinin mülkiyyətçisi olmamış, iddiaçı ilə eyni hüquqi statusla mülkiyyətçilərin razılığı ilə 2000-ci ilin may ayında həmin evə köçürülmüş, iddiaya cavab verməli şəxs deyildir və iddia tələbi ona qarşı yönələ bilməzdi. İşə baxan apellyasiya məhkəməsi iddianı təmin etməyərək bu hal nəzərə almamış, iddianın rədd olunması əsası kimi həmin halı göstərməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-425/2023 saylı qətnaməsi ilə cavabdeh Nümayəndə tərəfindən verilmiş apellyasya şikayəti təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-299/2022 saylı qətnaməsi ləğv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz mərhum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı əri və uşaqları ilə 2000-ci ilin may ayında mübahisəli mənzilə köçmüş, köçməsi ümumi mülkiyyətçilər olan ər-arvad Qədir Səlimov və Cavabdeh razılığı ilə baş vermişdir. Qədir Səlimov 14 fevral 2002-ci il tarixdə vəfat etsə də, digər mülkiyyətçi Lətafət Qədirova hal- hazıra kimi həmin evdə yaşamaqda davam edir və yaşayış evin onun ayrıca mülkiyyəti kimi 14 iyun 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi iddiaçının yaşayış sahəsindən istifadə 01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan mülki və mənzil qanunvericiliyinin tələblərinə görə həmin tarixədək yaranmışdır. Yaşayış evinin üçüncü şəxs Cavabdeh ayrıca mülkiyyəti kimi dövlət qeydiyyatına alınması bu hüququna xitamına əsas vermir. Mülki Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. - Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. -İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. - Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi qanunvericilikdə də müəyyən edildiyi kimi, iddiaçının cavabdehin oğlu ilə nikahı pozulsa belə, o, həmin evdə onun istifadə hüququ digər ailə üzvləri kimi qalır. Belə olan halda iddiaçının cavabdehə məxsus fərdi yaşayış evinə köçürülməsi qanunidir. Birinci instansiya məhkəməsi də, iddianı bu hissədə əsaslı hesab edərkən, doğru qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin digər hissəsində hesab etmişdir ki, iddiaçının yaşayış sahəsində yaşamağına maneçilik törətməsinin cavabdehə qadağan edilməsi tələbinə gəldikdə, məhkəmə hesab edir ki, İddiaçı köçdüyü evdə yaşamağına cavabdeh tərəfindən sonradan maneçilik törədilməsi məsuliyyətə səbəb olduğundan, bu məsələnin həlli «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi ilə tənzimləndiyinə görə bu hissədə iddia təmin olunmamalıdır. Bu hissədə də, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Cavabdeh şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, öz tələbini konkret əsaslandırmamış, buna dair məhkəməyə əlavə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(032)-882/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1596/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1596/2023
19.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver