Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1596/2025 15.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2186/2025 saylı, 09 sentyabr 2025-ci il tarixli qərardadından ərizəçi Resmiye Ağralının nümayəndəsi və vəkili Vəkil Çıraq oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Resmiye Ağralı "doğum akt qeydinin bərpa edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-2186/2025 nömrəli qərardadı ilə ərizəçi Resmiye Ağralının "doğum akt qeydinin bərpa edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verililmişdir Ərizəçi Resmiye Ağralının nümayəndəsi Vəkil Çıraq oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-2186/2025 nömrəli qərardadının ləğv olunmasını və ərizəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 qeyd olunan sənədi yəni doğum aktı barədə qeyd işğal zonasında qaldığı üçün başqa formada aktın bərpasını hansısa dövlət orqanının üzərinə qoymaq və yaxud əldə etmək mümkün deyildir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-2186/2025 saylı qərardadının ləğv edilməsi, iş yenidən icraata götürülərək, iddiatələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-2186/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)- 2186/2025 nömrəli qərardadından ərizəçi Resmiye Ağralının nümayəndəsi Vəkil Çıraq oğlu tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(017)-2186/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 4.-cü bəndində Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 1.4.-cü bəndinə əsasən Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6.-ci bəndinə əsasən Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. MPM-in 308-ci maddəsinə əsasənMəhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 261.0.1.-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 1.4 və 1.6-cı bəndlərinə əsasən, “lazımi sənədin alınmasının mümkünsüzlüyü” anlayışı yalnız aşağıdakı hallarda tətbiq edilir: -faktın qeydiyyatı üçün nəzərdə tutulmuş inzibati qaydadan istifadə etməyin hüquqi və ya faktiki olaraq qeyri-mümkün olması (məsələn, icra hakimiyyəti orqanlarının imtinası); -sənədin itməsi və ya məhv olması nəticəsində dublikatın verilməsinin mümkün olmaması; -ərizəçinin qeyd olunan imkansızlığı təsdiq edən sübutları təqdim etməsi (imtina məktubu, arxiv arayışı və s.). Hazırkı iş üzrə ərizəçi sənədin bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş inzibati prosedurlardan istifadə etməmiş, arxiv sənədinin mövcud olmadığını sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Ərizəçi özü məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, 1999-cu ildən Türkiyə Cumhuriyyətinə getmiş, orada ailə qurub yaşamış, artıq Azərbycan Respublikasına qayıtmış, daimi olaraq burda yaşamaq istəyir. Təxminən 2024-ü ilin iyun ayında hələ Türkiyə Cumhuriyyətində olan zaman Azərbaycan Respubliyasına qayıdacağı üçün burda aldığı doğum haqqında şəhadətnaməni yaşadığı ünvanda tapa bilməmişdir. Beləliklə, doğum haqqında şəhadətnaməni itirdiyi üçün sənədlərini və şəxsiyyət vəsiqəsini bərpa etmək məqsədilə Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Sadəcə “doğum haqqında şəhadətnaməni itirdiyi” kimi ümumi arqument təqdim edilməsi, faktın müəyyən edilməsinin hüquqi zərurətini təsdiq etmir. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən mülki işin icraatına xitam verilməsi qanunauyğun hesab edilir. Ərizəçinin nümayəndəsi Vəkil Çıraq oğlunun “işin mahiyyəti üzrə baxılması” barədə şikayət dəlilləri əsassızdır, çünki ərizənin baxılması üçün tələb olunan ilkin hüquqi şərtlər ərizəyə əlavə edilməmişdir. Nəticə etibarilə, ərizəçi sənədinin itirdiyini bildirdiyi halda, həmin sənədin dublikatının alınması üçün səlahiyyətli orqanlara müraciət etməli, imtina cavabını və ya sənədin bərpasının obyektiv mümkünsüzlüyünü təsdiq edən sübutu məhkəməyə təqdim etməli idi. Bu tələblər yerinə yetirilmədiyi üçün Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, ona görə də şikayət təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2025ci il tarixli, 2(017)-2186/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi Remiye Ağalının nümayəndəsi və vəkili Vəkil Çıraq oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(017)-2186/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1596/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1596/2025
15.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver