Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1599/2024 17.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lerik Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(048)-419/2024 saylı qərardadından ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən birgə verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Qüdrətova (Muradova) Firuzə Sahil qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonunun Hamarmeşə kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26 sentyabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 mülkiyyətinə verilmiş və Lerik rayonunun Hamarmeşə kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 04 iyun 2014-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı2 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə gedən avtomobil yolunun üzərində cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş tikilinin sökülməsi, Lerik-Lənkəran yolunun 30-cu km-dən keçən hissəsindən yeni elektrik transformatorunun yanından evlərinə qalxan yolda cavabdehlər tərəfindən yaradılmış və yaradılacaq maneələrin aradan qaldırılması və həmin yolun zəbtdən azad edilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıların xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçılar Qüdrətova (Muradova) Firuzə Sahil qızı, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, ilk iddiaçıların tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Lerik rayonunun Hamarmeşə kəndində yerləşən Cavabdeh1 qanuni istifadəsində və sahibliyində olan həyətyanı torpaq sahəsinin eni 5 metr və uzunluğu 35 metr olan hissəsinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 qanunsuz zəbtindən azad edilməsi, sökülmüş təndirxananın və torpaq sahəsinin çəpərinin cavabdehlərin vəsaiti hesabına əvvəlki vəziyyətinə bərpa edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Lerik Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(048)-419/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Atabəy Kiçibəyov) iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizasının təyin edilməsi və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Qüdrətova (Muradova) Firuzə Sahil qızı, Cavabdeh2 və Cavabdeh3 birgə şikayət vermiş, şikayətdə Lerik Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(048)-419/2024 saylı qərardadının iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsini və mülki iş üzrə icraatın təzələnməsi barədə müvafiq qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin sözügedən qərardadı mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsi və işin icraatının təzələnməsi, həmçinin ilk iddia üzrə mülki işin icraatına xitam verilməsi və qarşılıqlı iddia üzrə işə baxılması barədə müvafiq qərar qəbul edilməlidir. Mülki işin müəyyən edilmiş faktiki hallarından və işdə olan sübutlardan məlum olur ki, iddiaçıların iddia etdiklərinin əksinə olaraq mübahisəli torpaq sahəsi Lerik rayonunun keçmiş Fridrix Engels adına sovxozun 01 mart 1990-cı il tarixli, 79 nömrəli əmrinə əsasən Cavabdeh2 yaşayış evi tikmək məqsədilə sovxozun Lerik rayonunun 30-cu kilometr kəndində yerləşən (hazırda Hamarmeşə kəndi adlanır) ehtiyat torpaq sahəsindən X5 həyətyanı torpaq sahəsi ilə bitişik olan ərazidə, aşağı tərəfdən Lənkəran-Lerik avtomobil yolu, sağ tərəfdə elektrik cərəyanlı transformatorun X5 evinə tərəf olan hissəsində eni 20 metr, uzunluğu 35 metr olmaqla həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi dəmir torla qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən çəpərə alınmış və torpaq sahəsində bir mərtəbəli ev və təndirxana inşa etmişlər. Cavabdeh2 1995-ci ildə Rusiya Federasiyasına köçdüyündən Lerik RİHB-nin Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1995-ci ilin 13 nömrəli təsərrüfat başına kitabın 536 nömrəli şəxsi hesabda həmin torpaq sahəsi onun həyat yoldaşı X2 adına keçirilmişdir. Hal-hazırda torpaq sahəsi F.Qüdrətovanın qanuni sahibliyində və istifadəsindədir. İlkin torpaqayırma sənədlərinə əsasən yaşayış evi tikmək məqsədilə Cavabdeh2 ayrılmış mübahisəli torpaq sahəsindən heç bir istiqamətə hər hansı bir qonşu üçün nə piyada, nə də maşın yolunun nəzərdə tutulmamasına baxmayaraq, İddiaçı2 və Ağayev X1 Firuzə Sahil qızının müvəqqəti olaraq Rusiya Federasiyasına həyat yoldaşının yanına getməsindən istifadə edərək, sonuncunun qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsinə qanunsuz müdaxilə edərək, torpaq sahəsinin eni 5 metr və uzunluğu 35 metr olan, cəmi 0,02 ha hissəsinin çəpərinin dəmir torunu və orada inşa etdikləri təndirxananı sökərək həmin torpaq sahəsini zəbt etmiş və bugünə kimi həmin torpaq sahəsindən qanunsuz olaraq ailə üzvləri ilə birlikdə avtomobil və piyada yolu kimi istifadə edirlər. O da məlumdur ki, iddiaçılar öz qanunsuz hərəkətlərini ört-basdır etmək və zəbt etdikləri torpaq sahəsindən diqqəti yayındırmaq məqsədilə əsassız olaraq onlara qarşı iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə davam edirlər. İlk dəfə 2017-ci ildə İddiaçı2 tərəfindən X3 qarşı “maşın yolunun zəbtdən azad edilməsi və yolun üstündə tikilmiş tikililərin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizaları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 aprel 2017-ci il tarixli və 11 oktyabr 2017-ci il tarixli ekspert rəyləri ilə İddiaçı2 mülkiyyətinə verilmiş 0,65 ha həyətyanı torpaq sahəsinin onun göstərdiyi ərazidən, DWG baza məlumatlarına əsasən avtomobil yolunun nəzərdə tutulmadığı müəyyən edildiyindən, həmçinin 02 iyun 2017-ci ildə Lerik Rayon Məhkəməsinin sabiq hakimi Firdovsi Əliyevin, iclas katibi Fərahim Dadaşovun, İddiaçı2 nümayəndəsi Arif Fətullayevin, Firuzə Qüdrətovanın nümayəndəsi Cavabdeh3, Lerik RİHB-nin Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Aslanovun, Vizəzəmin kənd bələdiyyəsinin sədr müavini Bəxtiyar Mehdiyevin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı Ünvan Reyestri Xidmətinin mütəxəssisi Etibar Həsənovun iştirakı ilə mübahisəli yerə baxış keçirilən zaman Daşınmaz Əmlakın Kadastrı Ünvan Reyestri Xidmətinin mütəxəssisi Etibar Həsənovun göstərdiklərinə əsasən İddiaçı2 mülkiyyətində 0,10 ha torpaq sahəsinin olması və həmin torpaq sahəsinin kəndarası yolun sol tərəfində yerləşməsi və İddiaçı2 həmin torpaq sahəsindən 0,035 ha sahəsini (yola çıxış hissəsini) həmkəndlisi İddiaçı1 satması və İddiaçı1 isə həmin sahədə özünə məxsus yaşayış evi tikməsi və maneəsiz yola çıxış-girişin olması və İddiaçı2 tələb etdiyi sahədən avtomobil yolunun DWG baza məlumatlarına əsasən nəzərdə tutulmaması müəyyən edildiyindən, həmin işə baxılmış və Lerik Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli, 2(048)- 15/2017 saylı qətnaməsi ilə İddiaçı2 iddiası əsassız hesab edilərək təmin edilməmişdir. Həmin qətnamədən şikayət verilmədiyi üçün qətnamə qanuni qüvvəsini almışdır. O da məlum olmuşdur ki, İddiaçı2 həmin qətnamə ilə kifayətlənməyərək, 31 may 2019-cu ildə eyni iddia tələbi ilə X3 və Lerik rayon Vizəzəmin bələdiyyəsinə qarşı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Həmin işə də baxılmış, İddiaçı2 eyni tələb üzrə cavabdehə qarşı 2-ci dəfə məhkəməyə müraciət etməsi müəyyən edilmiş və MPM-in 261.0.6-cı maddəsinin tələbləri rəhbər tutularaq Lerik Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(048)-08/2021 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Qeyd edilənlərə baxmayaraq, iddiaçılar öz qanunsuz hərəkətlərindən əl çəkməmiş, zəbt etdikləri torpaq sahələrini qarşılıqlı iddia üzrə iddiaçılara qaytarmamış və 3-cü dəfə hazırkı iddia tələbi ilə onlara qarşı məhkəməyə yenidən müraciət etmişlər. Lakin hazırkı iddiaya baxılarkən bu hallar nəzərə alınmamış, əvvəlki qərarlar şübhə altına alınıb mülki prosessual qanunvericiliyin, həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarının tələblərini pozaraq, eyni iddia tələbi üzrə iddia ərizəsini icraata qəbul etmək barədə qərardad çıxarmaqla, ciddi qanun pozuntusuna yol vermişdir. Bütün bunlar iş üzrə icraatın dayandırılması barədə qəbul edilən qərardadın birbaşa ləğv edilməsi üçün əsas hesab olunmalıdır. Lerik Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(048)-419/2024 saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin 2(048)-419/2024 saylı mülki iş üzrə çıxarmış olduğu 24 iyun 2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X4 tərəfindən verilən şikayət təmin edilməmiş, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(048)-419/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırda mübahisələndirilən Lerik Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(048)-419/2024 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizasının təyin edilməsi və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar isə şikayət verərək, həmin qərardadın icraatın dayandırılması hissəsində ləğv edilməsini xahiş etmişlər. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi mübahisəli məsələlərin aydınlaşdırılması üçün məhkəmə-torpaqşünaslıq ekspertizası təyin etməsi səbəbindən işin icraatını dayandırmışdır. Hazırkı halda isə təyin edilmiş ekspertizanın nəticələrini gözləmədən iş üzrə icraatın təzələnməsi qanunvericiliklə nəzərdə tutulmuş işə baxılmasının prosessual müddətlərini pozacağı kimi, həm də iş üzrə hərtərəfli və tam araşdırmanın həyata keçirilməsinə mane olacaqdır. Bundan başqa, şikayətçilərin dəlillərindən görünür ki, onların istəyi icraatın dayandırılması haqqında qərardadın ləğv edilərək, icraatın təzələnməsindən sonra iş üzrə icraata xitam verilməsindən ibarətdir. Lakin məhkəmə kollegiyası bildirir ki, iş üzrə icraata xitam verilib-verilməməli olması məsələsi birinci instansiya məhkəməsinin araşdırmanın yekununda gələcəyi nəticə ilə əlaqədardır. Hazırda isə iş üzrə icraatın dayandırılması məsələsindən şikayət verildiyindən, məhkəmə kollegiyası tərəfindən iş üzrə icraata xitam verilib-verilməməsi məsələsinə hüquqi qiymət verilməsi mümkün deyil. Həmçinin, bu cür hüquqi qiymətin verilməsi birinci instansiya məhkəməsinə iş üzrə araşdırmanın hansı istiqamətdə yekunlaşdırılmasına dair göstəriş verilməsi xarakteri daşıya bilər. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən 24 iyun 2024-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də məhkəmənin 24 iyun 2024-cü il tarixli, 2(048)-419/2024 saylı qərardadı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(048)-419/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən birgə verilmiş şikayət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(048)-419/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1599/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1599/2024
17.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver