Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1599/2025 27.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və üzərində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-24/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq,, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və üzərində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi” tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********33) çıxarışa əsasən Lənkəran şəhəri, 43-cü məhəllədə xüsusi mülkiyyətində olan 0.1725 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunan hissəsinin azad olunması və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilililərin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonu, Girdəni kəndində yaşayır. Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********33) çıxarışa əsasən Lənkəran şəhəri, 43-cü məhəllədə 0.1725 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Lakin, ona məxsus torpaq sahəsinin bir hissəsi həmkəndlisi-Cavabdeh tərəfindən zəbt olunaraq orada mənfəət əldə etmək məqsədilə tikililər tikilmişdir. İddiaçı həmin tikililərin cavabdehin öz hesabına sökülməsi və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını dəfələrlə cavabdehə şifahi olaraq bildirsə də, o, hər dəfə bir bəhanə gətirərək, ona vaxt verməyini bildirərək tikililəri sökəcəyini və torpaq sahəsini boşaldacağını bildirmişdir. Lakin sonuncu dəfə cavabdehə müraciət edəndən sonra o, torpaq sahəsinin ona məxsus olduğunu və orada yerləşən tikililəri də sökməyəcəyini bildirmişdir. Cavbdehlə aralarında 2019-2021-ci illərdə torpağın zəbtdən azad olunmasına dair məhkəmə çəkişmələri olmuşdur. Lakin, həmin dövrdə iddianın predmeti torpağın zəbtdən azad olunması olmuşdur və hazırki mübahisə torpaq sahəsi ilə bağlı olsa da, zəbt olunan torpaq sahəsi həmin dövrlə indiki dövrə münasibətdə mülkiyyətində olan torpaq sahəsinin müxtəlif əraziləri olmuş və həmin dövrdə təkcə torpağın zəbtdən azad olunması tələbi ilə məhkəməyə müraciət etdiyi halda, iddiaçı, hazırki iddia ilə həmin predmetlə yanaşı torpaq üzərində tikilən tikililərin də cavabdehin hesabına sökülməsini xahiş edir. Yəni, tərəflərin 2019-2021-ci illər arasında olan məhkəmə çəkişmələri və mövcüd olan müvafiq qətnamələri ( İ instiansiyada iddiası təmin olunmuş və zəbt olunmuş torpaq sahəsinin boşaldılması qət edilmiş, apellyasiya və Ali Məhkəməsinin müvafiq qərarları ilə İ instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır) MPM-nin 261.0.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında eyni predmetlə bağlı müvafiq məhkəmə qətnamələri anlamına gəlməməlidir. Çünki, yuxarıda da qeyd etdiyi kimi tərəflər eyni olsa da, predmetlər ayrıdır (zəbt olunmuş hissəyə münasibətdə və tikilmiş tikiliyə münasibətdə). İddiaçı 10 saylı Lənkəran Ərazi İdarəsinə müvafiq çıxarışla mülkiyyətində olan torpaq sahəsinin naturada yerinin iddiaçıya göstərilməsi ilə bağlı müraciət etmişdir və xx.xx.2024- cü il tarixli iddiaçıya ünvanlanmış məktubdan da görünür ki, həmin ərazinin naturada yeri iddiaçıya göstərilmişdir. Həmin ərazi naturada iddiaçıya göstərilərkən də tikililərin mövcud olduğu sahənin zəbt olunduğu müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında idia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, sözügedən torpaq sahəsi ilə əlaqadar İddiaçı ona qarşı iddia tələbinə 2019-cu ildə Lənkəran rayon Məhkəməsində baxılaraq qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir və Lənkəran rayon İcra Şöbəsinin icra məmurlarınını və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşının iştirakı ilə icra edilmişdir. Bu barədə müvafiq akt da tərtib edilmişdir. Sonradan İddiaçı tərəfindən torpaq sahəsinin koordinatlarında dəyişiklik edilərək, yenidən ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni mübahisəyə bir dəfə baxılmış və yekun məhkəmə qərarı qəbul edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən plan və ölçüdə torpaq sahəsinin koordinatları və dönmə nöqtələri qanunsuz olaraq dəyişdirilmişdir. Həmçinin Lənkəran Rayon Məhkəməsinin icraatında 2019-cu ildə olmuş mülki iş üzrə hazırki mülki iş üzrə verilmiş mütəxəssis rəyləri arasında olduqca ziddiyyətli məqamlar vardır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında və məhkəməyə təqdim etdiyi ərizədə bildirmişdir ki, Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən və iddiaçının mülkiyyətdə olan torpaq sahələri ilə bağlı 2018-ci ildən 2021-ci ilədək Cavabdeh ilə İddiaçı arasında torpaq mübahisəsi olmuş, nəticədə uzun sürən məhkəmə çəkişmələrindən sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2056/2021 saylı qərarı ilə həmin mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma” barədə iddia ilə 2018-ci ildə Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(049)-426/2019 saylı qətnaməsi ilə (hakim T.Məmmədov) iddia qismən təmin edilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllə ünvaninda yerləşən 0,1725 ha torpaq sahəsinin 0,033 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin İddiaçı qızma təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə həm apelyasiya, həm də kassasiya icraatı zamanı qüvvədə qalmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-24/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsi ilə (X5) iddia tələbinin təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, 43-cü məhəllə ünvanında yerləşən 0,1725 ha ölçüdə həyətyanı torpaq sahəsinin 0,0196 ha hissəsindən çıxarılması və həmin hissədə Cavabdeh tərəfindən inşa edilmiş tikililərin onun hesabına sökülməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, Cavabdeh mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, cəmi 195 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir Kollegiya iş materiallarını tədqiq edərək müəyyən edir ki, iddiaçı eyni tələb üzrə eyni cavabdehə qarşı eyni əsasla və eyni predmet barəsində məhkəmədə iddia qaldırmış, bu hal isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmiş, nəticədə prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olması üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə araşdırma aparılmasından öncə bu iddianın verilməsinə əsas olan işin hallarının tərəflərin qarşılıqlı münasibətinə uyğun aydınlaşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin hallarından müəyyən edilir ki, hazırki İddiaçı Cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllə ünvanında yerləşən 0,1725 ha torpaq sahəsinin zəbt olunan hissəsinin zəbtdən azad olunması tələbi ilə Lənkəran rayon məhkəməsində iddia qaldırmışdır. Lənkəran rayon məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə tikinti və torpaqşünasıq ekspertizası təyin edilmişdir. Həmin rəyə əsasən müəyyən edilir ki, Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisləri Qiyas Quliyevin və Rafiq Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri 43cü məhəllədə yerləşən **********33 reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü”-nə əsasən 0,1725 ha torpaq sahəsinin koordinatları və ölçüləri müəyyənləşdirilmişdir. İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən **********33 Reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü”-nə əsasən 0,1725 ha torpaq sahəsinin koordinatları və ölçüləri faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən **********33 Reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü”-nə əsasən 0,1725 ha torpaq sahəsinin 0,033 ha hissəsini Cavabdeh tərəfindən istifadə edilir. Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(049)- 426/2019 saylı qətnaməsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllə ünvanında yerləşən 0,1725 ha torpaq sahəsinin 0,033 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin İddiaçı qızma təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə həm apelyasiya, həm də kassasiya icraatı zamanı qüvvədə qalmışdır. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir və Lənkəran rayon İcra Şöbəsinin icra məmurlarını və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşının iştirakı ilə icra edilmişdir. Bu barədə müvafiq akt da tərtib edilmiş və 0,1725 ha torpaq sahəsinin 0,033 ha zəbt olunan hissədən cavabdeh çıxarılaraq torpaq sahəsi iddiaçı təhvil verilmişdir. Sonradan İddiaçı tərəfindən torpaq sahəsinin zəbtdən azad olunan hissəsi səhvən iddiaçı tərəfindən düzgün müəyyən edilmədən daş hasarla hasarlanmış və cavabdeh icradan sonra ona düşən öz sahəsi hesab edərək həmin hissədə tikililər aparılmışdır. Daha sonra İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ölçüləri aparılarkən müəyyən etmişdir ki, məhkəmə qətnaməsi düzgün icra edilməmişdir. İddiaçı bunun aradan qaldırılması üçün qüvvədə olan qətnamənin yenidən icra edilməsini tələb etmək əvəzinə, Lənkəran rayon məhkəməsində yenidən eyni tərəf eyni əsas və eyni predmet barəsində hazırki iddianı qaldırmışıdr. Lənkəran rayon məhkəməsi mülki iş üzrə icraata xitam vermək əvəzinə verilmiş iddia üzrə araşdırma aparmış, yenidən iş üzrə ekspertiza təyin etmiş və müəyyən olunmuşdur ki, iddiaçının 0,17525 ha torpaq sahəsinin 0,196 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmiş və həmin hissədə iddianı təmin etmişdir. Məhkəmə nəzərə almamışdır ki, hazırda müəyyən edilən 0,17525 ha torpaq sahəsinin 0,196 ha hissəsi əvvəlki qətnamə ilə müəyyən edilən zəbtin 0,033 ha hissəsinin tərkib hissəsidir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddiaçının predmet, əsas və tərəf etibarilə eyni iddianı təkrar məhkəməyə təqdim etməsi iddia ərizəsini qəbul etməkdən imtina üçün əsasdır. Üstəlik məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi də bildirmişdir ki, eyni torpaqla bağlı yenidən iddia qaldırılmışdır və tərəflərdən heç biri sərhədi dəyişməmiş, əksinə iddiaçıya qətnamənin icra olunaraq icra qaydasında təhvil verdiyi sahədə daş hasarla hasarın çəkilməsindən sonra cavabdeh özünə aid hissədə tikinti işləri aparmışdır. Halbuki aparılan tikinti işləri yuxarıda da qeyd edildiyi kimi Məhkəmənin qətnaməsi ilə müəyyən edilən və cavabdehin çıxarılması qət edilən torpaq sahəsində (0,1725 ha torpaq sahəsinin 0,033 ha zəbt olunan hissədə) icra qaydasında torpaq sahəsi tərəflərə təhvil verildikdən sonra aparılmışdır. Ona görə də iddiaçı əvvəlki məhkəmənin qətnaməsi ilə zəbt oldunduğu müəyyən edildiyi 0,033 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını və tikililərin sökülməsini yeni iddia qaldırmaq yolu ilə deyil, əvvəlki məhkəmə qətnaməsinin icrasının tələb etmək yolu ilə hüququnun həyata keçirilməsinə nail ola bilər. Digər tərəfdən kollegiya cavabdeh tərəfindən tikilən tikililərə münasibətdə qeyd edir ki, qətnamə düzgün icra olunduğu halda sökülməsi tələb olunan tikililər iddiaçının mülkiyyətində olan sahəsində qalmış olur və cavabdehin tikiliyə sərf etdiyi xərcin iddiaçıdan Mülki Məcəllənin 157.6-cı maddəsinə əsasən tələb hüququ yaranmış olur. Belə ki, Mülki Məcəllənin 157.6-cı maddəsində qeyd olunur ki, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Göründüyü kimi cavabdeh məhkəmədə iddia qaldırmaq yolu ilə ona yanlış təhkim edilmiş və iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikililərə çəkilən zəruri xərcin ödənilməsini cavabdehdən tələb edə bilər. Kollegiya mülki iş üzrə icraata xitam verilmənin əsası kimi göstərilmiş eyni tərəf, eyni predmet və eyni əsas üzrə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: ● birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ● ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; ● üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir.(Konstitusiya Məhkəməsi: 12 iyul 2016-cı il tarixli qərar) Göründüyü kimi iddiaçı eyni tələb üzrə eyni cavabdehə qarşı eyni əsasla və eyni predmet barəsində məhkəmədə iddia qaldırmış bu isə prosessual qanunvericiliyə görə yol verilən hesab olunmur. Qanunvericiliyin mübahisələrin həllinə bu cür yanaşmasının məqsədi tərəflərin əsassız məhkəmə çəkişməsinə şərait yaratmasının qarşısını almağa xidmət edir. Əks yanaşma, yəni iddiaçının iddia tələbinə yenidən baxılması və bu barədə qətnamə çıxarılması, qətnamə qəbul olunduqdan sonra bu halın dəfələrlə təkrar olunması, hər dəfə yeni iddia qaldırmaq yolu ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməklə yeni qətnamə qəbul edilməsi, eyni tərəflər, eyni predmet, eyni əsasla əvvəllər qəbul edilmiş qətnamənin əhəmiyyətsizliyinə gətirib çıxara bilər ki, bu da qüvvəyə minmiş məhkəmə aktının xəyali bir sənədə, lazımsız kağız parçasına, boş bir illüziyaya çevirə bilər. Hansı ki, prosessual məcəllənin tələblərinə əsasən belə olan halda işə mahiyyəti üzrə baxılması deyil, eyni tərəf, eyni predmet və eyni əsasla verilmiş iddia kimi qiymətləndirilməklə ya iddia ərizəsi icraata qəbul edilməməli, qəbul olunduğu halda isə iddia üzrə icraata xitam verilməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunların və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, qeyd edilən faktlara və hüquq normalarına əsasən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-24/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və üzərində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.4-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsassdır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384,400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-24/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və üzərində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, cəmi 195 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1599/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1599/2025
27.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver