Məhkəmə qərarları › İş №2(106)-16/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-16/2024

04.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-16/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və zəbt olunmuş torpaq sahəsində aparılmış qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz tikilinin sökülməsi X12 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X8 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və zəbt olunmuş torpaq sahəsində aparılmış qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-73/2020 saylı (hakim Rəşad Məmmədov) qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdaki qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və zəbt olunmuş torpaq sahəsində aparılmış qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli qərarı ilə ailə üzvlərinin mülkiyyətinə verilmiş, ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0,64 ha torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş hissəsinin zəbtdən azad edilməsi, zəbt edilmiş torpaq sahəsindəki qanunsuz tikililərin sökülərək torpaq sahəsinin istifadələrinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə altı nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Osaküçə kənd ərazisində 0,64 ha torpaq sahəsi verilmişdir. Onun və ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə JN-149 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunaraq onlara təqdim olunmuşdur. Lənkəran rayonu, Osaküçə kəndində yerləşən 0.64 ha torpaq sahəsinə İddiaçı, X2, X3, X4, X5 mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində **********89 nömrə ilə qeydə alınmışdır. Həmin torpaq sahəsi kənd təsərüfatı təyinatlı torpaq sahəsidir. Bu torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etmişlər. Mülkiyyətlərinə verilmiş torpaq sahəsinin bir hissəsi qanunsuz olaraq zəbt olunmuşdur. Onlara məxsus torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuş, zəbt olunmuş torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparılaraq yaşayış evi tikilmişdir. Mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı 0.64 ha torpaq sahəsinin zəbt olunması ilə bağlı müxtəlif orqanlara müraciət etmişlər. ƏMDK yanında DƏDRX-nin xx.xx.2018-ci il tarixli cavab məktubunda mülkiyyətlərində olan torpaq sahəsinə texniki baxış zamanı torpaq sahəsinin bir tərəfdən 0.16 ha, digər tərəfdən 0.10 ha hissəsinin kənar şəxslər tərəfindən zəbt olunaraq fərdi yaşayış evinin tikildiyi göstərilmişdir. Cavabdehə torpaqlarının zəbt etdiyini, qanunsuz fərdi yaşayış evini tikdiyini bildirirək zəbt etdiyi torpaq sahəsinin boşaldılmasını tələb etmişlər. Cavabdeh fərdi yaşayış evini tikdirdiyi torpaq sahəsinə hüquqlarını təsdiq edən sənədlərinin olduğunu bildirmişdir. Mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla eyni torpaq sahəsinə iki müxtəlif sənədlərin verilməsinin mümkün olmadığını, daşınmaz əmlakın reyestr xidməti mütəxəssislərinin rəyinə əsasən yaşayış evini qanunsuz olaraq mülkiyyətlərində olan torpaq sahəsində tikdiyini cavabdehə bildirmiş, zəbt etdiyi torpaq sahəsini boşaltmağı tələb etsə də cavabdeh bundan imtina etmişdir. Bundan sonra torpaq mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, Cavabdeh onun oğludur. Oğlunun inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bələdiyyə tərəfindən oğluna satılmışdır. Lənkəran rayon Osaküçə Bələdiyyəsinin 02 oktyabr 2022-ci il tarixli, 34 saylı qərarı ilə Osaküçə bələdiyyəsinin mülkiyyətində olan kəndin perspektiv inkişaf fondundan həyətyanı sahə üçün 0,06 ha torpaq sahəsi satılmışdır. Bundan sonra bələdiyyə tərəfindən ona ayrılmış 0,06 ha torpaq sahəsinin harada yerləşməsi ona göstərilmiş və həmin vaxtdan da torpaq sahəsindən istifadə etməyə başlamışdır. Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 31 iyul 2022-ci il tarixli, 243 saylı sərəncamı ilə ona həmin torpaq sahəsində 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bundan sonra o, həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmişdir. Həmin torpaq sahəsinin yerləşdiyi yer bələdiyyət tərəfindən oğluna göstərildiyindən torpaq sahəsinin İddiaçı məxsus olmasını bilməmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-73/2020 saylı qətnaməsi ilə (sədrlik edən R.Məmmədov) iddia tələbi təmin edilmiş, İddiaçı və onun ailə üzvlərinin paylı mülkiyyətində olan Lənkəran rayonu, Osaküçə kəndində yerləşən 0,64 ha torpaq sahəsinin Cavabdeh tərəfindən tutulmuş 0,167 ha hissəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, Cavabdeh tərəfindən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh aid edilməklə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat. İşə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Samir Mayılov, İlham Əsədov, Nüsrət Mirzəyev) 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat İşə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər İsmayıl Xəlilov, Ələsgər Əliyev, Mehparə Əhmədova) 30 noyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəmə baxışına göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-73/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi ədalət mühakiməsini həyata keçirərkən onun iştirakını təmin etmədiyi üçün heç bir çəkişmə prinsipinə əməl edilməmiş, maddi hüquq normaları pozulmuş, iş tam və hərtərəfli araşdırılmadan qərəzli, qeyri-obyektiv və əsassız qətnamə qəbul edilmişdir. İş üzrə 2 dəfə ekspertiza təyin edilmiş, məhkəmə ikinci rəy əsasında qətnamə qəbul etmişdir. İkinci dəfə ekspertiza keçirilərkən bu barədə onun nümayəndəsinə heç bir xəbər verilməmiş və ikinci dəfə ekspert tərəfindən mübahisəli torpaq sahəsi tədqiq edilərkən nə onun nümayəndəsi, nə bələdiyyənin üzvü, nə də icra nümayəndəsi iştirak etməmişlər. Əgər onun istifadə etdiyi torpaq sahəsi iddiaçıya və onun ailə üzvlərinə məxsus olsaydı, onda bələdiyyə həmin torpaq sahəsini ona satmazdı və bundan sonra da Lənkəran Şəhər icra Hakimiyyətinin Başçısı həmin torpaq sahəsinin sənədlərinə baxaraq həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə ona sərəncam verməzdi. İstəyir ki, apellyasiya məhkəməsi tərəfindən təkrar ekspertiza təyin edilsin və ekspert tərəfindən mübahisəli torpaq sahəsi tədqiq edilərkən onun nümayəndəsinin, bələdiyyənin və icra nümayəndəsinin iştirakı təmin edilsin. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı öz etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının; 60-cı maddəsinin 1 -ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. ... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə аlqı-sаtqı, ipoteka, bаğışlаmа müqаvilələri, torpaqla bаğlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kаdаstrındа və dövlət torpaq reyestrində qeydiyyata аlınmаlıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququnа dair dövlət аktı, torpаqdаn dаimi istifadə hüququnа dair dövlət аktı, torpаqdаn müvəqqəti istifadə hüququnа dair şəhadətnamə, torpаğın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpağa yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hаkimiyyəti orqаnındа dаşınmаz əmtakın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonra yaranmış hesab edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqların müdafiəsinə və toxunulmаzlığınа təminat vermir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbi təmin olunmamalıdır. Belə ki, işdəki hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın sürətindən görünür ki, Lənkəran rayonu, Osaküçə kəndində yerləşən 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X2, X3, X4, X5 İddiaçı, adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdəki Lənkəran rayonu Osaküçə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 34 saylı qərarının surətindən görünür ki, Lənkəran rayonu, Osaküçə qəsəbə sakini Cavabdeh aqlısatqı əsasında Osaküçə bələdiyyəsinin mülkiyyətində olan kəndin perespektiv inkişaf fondundan həyətyanı sahə üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. İşdəki Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 243 saylı sərəncamının surətindən görünür ki, Lənkəran rayonu, Osaküçə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 34 saylı qərarına əsasən Cavabdeh Osaküçə kəndində öhdəsində olan 600 kv.m həyətyanı torpaq sahəsində ümumi sahəsi 186.5 kv.m, yaşayış sahəsi 51.3 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 10708 saylı ekspert rəyində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.64 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh naturada istifadə vəziyyətinin sənəddəki koordinatları arasında uyğunsuzluq olduğundan birinin digərinin torpağından istifadəsinin müəyyən edilməsinin mümkün olmadığı, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.64 ha torpaq sahəsinin koordinatları müəyyən olunmadığı üçün Cavabdeh tərəfindən hər-hansı bir tikilinin inşa edilməsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 1422 saylı ekspert rəyi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********89 saylı çıxarış və torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 0.64 ha pay torpaq sahəsinin 0.167 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********89 saylı çıxarış və torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 0.64 ha pay torpaq sahəsinin Cavabdeh istifadə etdiyi 0.167 ha hissəsində tikilillərin mövcud olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********79 saylı məktubu ilə təqdim olunmuş Cəlilabad LTİ-nin mütəxəssis rəyi əsasında aparılmışdır. İş hazırda Ali Məhkəmə tərəfindən yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki;

1. İlk növbədə kollegiya qeyd edir ki, məhkəmə qətnaməsinin qət etdi hissəsi elə tərtib edilməlidir ki, onun icrası mümkün olsun. Torpaq sahəsindən çıxarma işləri üzrə icra sənədi verilərkən torpağı zəbt etmiş şəxsin iddiaçıya məxsus olan torpaq sahəsinin hansı istisqamətindən, hansı ölçüdə torpaq sahəsindən çıxarılması, hansı hissədə inşa edilmiş tikilinin sökülməsi ilə bağlı dəqiq məlumatlar qeyd edilməlidir. Apelyasiya Məhkəməsinin qüvvədə saxladığı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində İddiaçı və onun ailə üzvlərinin paylı mülkiyyətində olan Lənkəran rayonu, Osaküçə kəndində yerləşən 0,64 ha torpaq sahəsinin Cavabdeh tərəfindən tutulmuş 0,167 ha hissəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, Cavabdeh tərəfindən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi qət edilmişdir.

2. Daha sonra qeyd edilmişdir ki, qətnamədən aydın deyil ki, cavabdeh hansı tikililəri sökməli, torpaq sahəsinin hansı istiqamətindən çıxarılmalıdır. Əgər məhkəmə cavabdehin inşa etdiyi bütün tikililərin sökülməsi və onun həmin ərazidən ümumiyyətlə çıxarılmasını qət etmişdirsə, onda müvafiq ekspertin tərtib etdiyi cizgiyə uyğun olaraq (işdə olan ekspert rəylərində belə cizgi yoxdur) qətnaməsini həmin qaydada əsaslandırmalıdır.

3. Cavabdeh tərəf torpağın ayrılması və evin inşası ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının razılığına dair sənədlər təqdim etdiyi təqdirdə (işdə belə sənədlər mövcuddur) həmin sənədlərin mübahisəli sahəyə aid olmaması barədə bəyanat xarakterli qənaət əsaslı hesab oluna bilməz.

4. Həmçinin Ali Məhkəmə göstərmişdir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 10708 saylı ekspert rəyində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.64 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh naturada istifadə vəziyyətinin sənəddəki koordinatları arasında uyğunsuzluq olduğundan birinin digərinin torpağından istifadəsinin müəyyən edilməsinin mümkün olmadığı, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.64 ha torpaq sahəsinin koordinatları müəyyən olunmadığı üçün Cavabdeh tərəfindən hər-hansı bir tikilinin inşa edilməsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir.

5. İşdə olan Lənkəran rayonu Osaküçə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 34 saylı qərarı ilə cavabdehə 0,06 ha torpaq sahəsi ayrılmışdır. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 243 saylı sərəncamı ilə həmin sahədə cavabdehə fərdi evin inşasına razılıq verilmişdir. Məhkəmələrin tədqiq etdiyi müvafiq İH-i orqanlarının işdə olan digər sənədləri ilə təsdiq olunur ki, cavabdeh həmin vaxtdan qeyd olunan torpaq sahəsində fərdi ev inşa etmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda sadalanan faktiki halları fonunda heç bir sübuta əsaslanmadan cavabdehin adına olan sənədlərin həmin sahəyə deyil, başqa sahəyə aid olması ilə bağlı qənaətə gəlmişdir. Məhkəmənin həmin qənaəti torpaq sahələrinin kordinatlarına uyğun olaraq bu sahədə xüsusi biliyə malik olan mütəxəssis rəyinə istinad etməklə formalaşmamışdırsa, belə qənaət əsaslı hesab oluna bilməz. Cavabdehə ayrılmış torpaq sahələrinin kordinatları işə əlavə edilmişdir. Bu sahədə xüsusi biliyə malik olan mütəxəssis tərəfindən xüsusi CPS aparatından istifadə etməklə torpaq sahəsinin tamamilə başqa ərazidə yerləşməsi halını müəyyən etmək çətinlik yaratmamalı idi.

7. İşin faktiki halları qeyd olunan halların aydınlaşdırılmasını zəruri edirdi. Çünki cavabdeh uzun illərdir fərdi yaşayış evi, köməkçi sahələr inşa etmiş, iddiaçı tərəf buna etiraz etməmişdir. Özü də belə məskunlaşma özbaşına aparılmamış, müvafiq bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmış, müvafiq icra hakimiyyəti tərəfindən tikintiyə icazə verilmişdir. Hansıki həmin qərarların qanunsuz olması mübahisələndirilməmişdir. Deməli, cavabdeh qeyd olunan qərarların mövcudluğu fonunda o halda həmin ərazidən çıxarıla bilər ki, həmin qərarların (torpağın ayrılması və tikintiyə icazə verilməsi barədə) həmin əraziəyə aid olmaması təsdiq olunsun. Ali Məhkəmənin yuxarıda sadalanan göstərişləri üzrə iş üzrə apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 22 yanvar 2024-cü il tarixli rəyindən müəyyən olunur ki; Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3008/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla ilkin hüquqmüəyyənedici sənəd JN-662 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) X2, X3, X4, X5, İddiaçı Lənkəran rayonunun Osaküçə kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları yerində müəyyən edilmişdir. Həmin torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0.4647 ha ölçüdə oz əksini tapması müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3008/2023 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-oİ il tarixli ********** qeydiyyat nömrəli X1, X3, X4, X5, İddiaçı ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu Osaküçə kəndi ərazisində yerləşən 0.64 ha (faktiki 0.4647 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Araşdırma zamanı həmin 0.4647 ha torpaq sahəsinin 0.1767 ha hissəsinin mülki işdə adı çəkilməyən şəxs və ya şəxslər tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3008/2023 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli X1, X3, X4, X5, İddiaçı ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu Osaküçə kəndi ərazisində yerləşən 0.64 ha (faktiki 0.4647 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən tikililərin inşa edilməməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən tikilən tikililərin iddiaçıların mülkiyyətlərində olan 0.4647 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin 25,10.2023-cü il tarixli, 3-21-3-43/2-3008/2023 saylı mütəxəssis rəyinə əsasən, iddiaçıların ümumi birgə mülkiyyətlərində olan, Lənkəran rayonu Osaküçə kəndində yerləşən 0.65 ha ( faktiki 0.4647 ha) torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən rayonunun Osaküçə bələdiyyəsinin 02 oktyabr 2002-ci il tarixli 34 saylı qərarı ilə həyətyanı sahə üçün Cavabdeh ayrımış 0.06 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi sxematik tərtib olunduğundan və yaxud da torpaq sahəsinin ayrıc aktı (qonşu torpaq sahələri əks olunan hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcüd olmadığından həmin 0.06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Faktiki vəziyyətdə isə Cavabdeh istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.18 ha olması müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3008/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonunun Osaküçə bələdiyyəsinin 02 oktyabr 2002-ci il tarixli 34 saylı qərarı ilə həyətyanı sahə üçün Cavabdeh ayrımış 0.06 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi sxematik tərtib olunduğundan və yaxud da torpaq sahəsinin ayrıc aktı (qonşu torpaq sahələri əks olunan hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcüd olmadığından həmin 0.06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Faktiki vəziyyətdə isə Cavabdeh istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.18 ha olması müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3008/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonunun Osaküçə bələdiyyəsindən 02 oktyabr 2002-ci il tarixli 34 saylı qərarı ilə həyətyani sahə üçün Cavabdeh ayrımış 0.06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından həmin 0.06 ha torpaq sahəsi ilə iddiaçıların mülkiyyətlərində olan 0.65 ha ( faktiki 0.4647 ha) torpaq ahəsinin qonşu torpaq sahələri olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Faktiki vəziyyətdə isə həmin torpaq sahələrinin qonşu torpaq sahələri olması müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3008/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonunun Osaküçə bələdiyyəsindən 02 oktyabr 2002-ci il tarixli 34 saylı qərarı ilə həyətyani sahə üçün Cavabdeh ayrımış 0.06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından həmin 0.06 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il tarixli ********** qeydiyyat nömrəii Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-662 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasinda) X2, X3, Mahmudova llhamə Ədalət qızının, X5, İddiaçı ümumi birgə mülkiyyətində olan 0.64 ha (faktiki 0.4647 ha) torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3008/2023 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı İddiaçı mülkiyyətində olan 0.64 ha (faktiki 0.4647 ha) torpaq sahəsinin mülki işdə adı çəkilməyən şəxs və ya şəxslər tərəfindən istifadə edilən 0.1767 ha hissəsində tikililərin (fərdi yaşayış evinin daş hasarın) mövcud olması müəyyən olunmuşdur. Eyni zamanda cavabdeh X6 faktiki istifadəsində olan 0.18 ha torpaq sahəsi üzərində də tikililərin (fərdi yaşayış evinin tövlənin sarayın daş hasarın) mövcud olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi əsasında demək olar ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapdığından, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməlidir. Belə ki, keçirilmiş ekspertiza nəticəsində ********** qeydiyyat nömrəli X1, X3, X4, X5, İddiaçı ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu Osaküçə kəndi ərazisində yerləşən 0.64 ha (faktiki 0.4647 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Ekspert müəyyən etmişdir ki, həmin 0.4647 ha torpaq sahəsinin 0.1767 ha hissəsinin mülki işdə adı çəkilməyən şəxs və ya şəxslər tərəfindən istifadə edilir. Həmçinin müəyyən edilmişdir ki, ********** qeydiyyat nömrəli X1, X3, X4, X5, İddiaçı ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu Osaküçə kəndi ərazisində yerləşən 0.64 ha (faktiki 0.4647 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən tikililər inşa edilməmişdir. Həmin rəylə aydınlaşdırılmışdır ki, Cavabdeh tərəfindən tikilən tikililər iddiaçıların mülkiyyətlərində olan 0.4647 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşir. Məhkəmə kollegiyası ekspert rəyini sübut mənbəyi kimi qəbul edir. Belə ki, ekspert rəyində iddiaçının torpaq sahəsinin cavabdeh yox başqa şəxs və yaxud şəxslər tərəfindən zəbt edildiyi müəyyən edilir. Belə olan halda da, hazırkı cavabdehə qarşı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edildiyindən və iddia rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Eyni zamanda apellyasiya və kassasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumlarının əvəzi 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti də İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-73/2020 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və zəbt olunmuş torpaq sahəsində aparılmış qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Apellyasiya və kassasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumlarının əvəzi 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar