Məhkəmə qərarları › İş №2(106)-1605/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1605/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1605/2025 20.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehə verdiyi 23.000 manat, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli, 13-xx-xx-2015-AF-X1 nömrəli kredit müqaviləsinə əlavə üzrə banka ödədiyi 40.000 manat, habelə vəkilə etdiyi kömək üçün ödədiyi 1.000 manat və iddia tələbi üzrə dövlət rüsumu kimi ödədiyi 280 manat olmaqla ümumilikdə 64.280 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması dövründə Cavabdeh vəsatət təqdim edərək işin Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qərardadı ilə həmin vəsatət rədd olunmuşdur. Cavabdeh 28 avqust 2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinet vasitəsilə qərardaddan şikayət vermiş, lakin şikayət Azərbaycan Respublikası MPM-nin tələblərinə cavab vermədiyinə görə eyni Məcəllənin 363.1.3-cü maddəsinə əsasən 01 sentyabr 2025-ci il tarixli qərardadla geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-in 135.6-cı maddəsi elektron kabinetdə yerləşdirmə ilə yanaşı bu barədə məlumatın elektron qaydada (e poçt, SMS və s.) çatdırılmasını da tələb edir. Birinci instansiya məhkəməsinin qərardadında SMS/e poçt bildirişinin göndərilməsi və çatdırılması barədə heç bir sübut (log, hesabat, bildiriş qeydi) göstərilməmişdir. Yalnız elektron kabinetə yerləşdirmənin qeyd olunması məlumatın çatdırılması tələbinin yerinə yetirildiyini sübut etmir. Bu halda 10 günlük müddətin “rəsmi verilmə”dən başlaması mümkün deyil. Mülki işlərdə elektron çatdırılma mümkündür, lakin hamı üçün məcburi deyil. MPM-in 10.1.4-cü maddəsinə görə elektron məhkəmə sistemi tətbiq olunan məhkəmələrdə mülki işlər üzrə sənədlərin proses iştirakçılarına elektron vasitə ilə çatdırılması həyata keçirilə bilər (imperativ deyil). Ümumi qayda isə MPM-in 135.1-ci maddəsinə görə sifarişli poçt göndərişidir. O, adi vətəndaşdır, elektron kabinetdən mütəmadi istifadə etmir. Bu reallıq nəzərə alınmadan yalnız elektron yerləşdirmə əsasında “rəsmi verilmə”nin baş verməsi kimi yanaşma, xüsusilə də bildirişin faktiki çatdırılması sübuta yetirilmədən həddindən artıq formalizmdir. MPM-in 268.1 ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün ərzində verilir. MPM-nin 128.3-cü maddəsi isə müddətin hadisədən sonrakı gündən başladığını müəyyən edir. Rəsmi verilmə sübuta yetirilməyibsə, müddət axınının başladığından danışmaq olmaz. Bundan əlavə, MPM-nin 133-cü maddəsi üzrlü səbəblə buraxılmış prosessual müddətin bərpasını nəzərdə tutur. Elektron kabinetdən müntəzəm istifadə etməyən sadə vətəndaşın yalnız elektron yerləşdirmə ilə məlumatlandırılmaması üzrlü səbəb kimi qiymətləndirilməlidir, xüsusən də məhkəmə poçt göndərişi qaydasını (MPM 135.1) tətbiq etməyibsə. Birinci instansiya qərardadda “qərardaddan verilmiş şikayətin geri qaytarılmasını birbaşa tənzimləyən norma yoxdur” deyərək MPM-in 363-cü maddəsini analogiya ilə tətbiq etmişdir. Halbuki MPM-in 130.3-cü maddəsi açıq şəkildə deyir: “Prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə baxılmır və onları verən şəxsə qaytarılır” – bu, elə qaytarma mexanizmidir və analogiyaya ehtiyac yoxdur. Həm də 130.3 tətbiq edilərkən məhkəmə müddətin həqiqətən keçdiyini və bərpa barədə ərizənin olubolmadığını yoxlamalıdır. Bu tələblər yerinə yetirilmədən verilmiş qaytarma qərardadı əsassızdır. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli şikayətin geri qaytarılması barədə qərardadın ləğv edilməsini və şikayət ərizəsinə baxılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2(053)-753/2025 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-753/2025 nömrəli iş üzrə 01 sentyabr 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Neftçala Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 2(053)-753/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in: 130-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd olunan prosessual müddətin əsassız bərpa edilməsi və ya bu cür şəraitin yaradılması iş üzrə qarşı tərəfin (burada iddiaçıya münasibətdə başa düşülməlidir) hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, tərəfin elektron kabineti olduğu halda məhkəmə sənədlərinin elektron kabinetə yerləşdirilməsi MPM-in 135.5-ci maddəsinə əsasən sənədin rəsmi qaydada verilməsi hesab olunur və bu halda sənədlərin əlavə olaraq kağız variantında poçtla göndərilməsinə zərurət yoxdur. İş materiallarından da görünür ki, Neftçala Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qərardadı 24 iyul 2025-ci ildə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, sonuncu isə həmin qərardaddan şikayəti 01 ay 04 gün sonra, yəni 28 avqust 2025-ci ildə vermiş, eyni zamanda, şikayət vermə müddətinin üzrlü səbəbdən buraxılması barədə vəsatət verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və Cavabdeh tərəfindən verilmiş şikayət üzrə şikayət vermə müddəti ötürüldüyündən birinci instansiya məhkəməsinin şikayəti geri qaytarması qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in: 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir; 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268, 400- 402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 2(053)-753/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar