Məhkəmə qərarları › İş №2(106)-1607/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1607/2023

10.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1607/2023 10.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2(022)-142/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası, müəyyənetdi: Biləsuvar Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(022)-142/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Puşkin (Biləsuvar) rayon XDS İcraiyyə Komitəsinin 27 iyul 1989-cu il tarixli, 08 nömrəli iclas protokoluna istinadən Səməd Vurğun adına kolxozun, 09 fevral 1989-cu il tarixli 01 nömrəli ümumi iclas protokoluna əsasən mərhum anası X1 fərdi ev tikintisi üçün ayrılmış 0.06 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti müddətin ötürülməsi ilə verildiyindən geri qaytarılmışdır. Sonuncu qərardaddan iddiaçı şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, qətnamənin surəti imza etməklə ona təqdim edilməmişdir və onu almamışdır. Qəbzdəki imza iddiaçının imzası deyildir, kimin imzası olmasından xəbəri yoxdur. Biləsuvar Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 10 oktyabr 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsinin surəti tərəflərə rəsmi qaydada göndərilmişdir. İş materiallarında olan xəbərnamədən (i/v səh 50) görünür ki, qətnamənin surəti 07 iyun 2021-ci il tarixdə İddiaçı təqdim edilmişdir. İddiaçı məhkəməyə apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş 1 ay müddətində deyil, 2 ildən çox müddət keçdikdən sonra məhkəməyə təqdim etmiş, məhkəməyə müddətin bərpasına dair ərizə də, əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, prosessual müddət ötürülməklə verildiyindən, apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiyha məhkəməsi işə baxarkən doğru qənaətə gəlmişdir. İddiaçı şikayətində qətnamənin surətini almadığını, xəbərnaməyə başqa şəxsin imza etdiyini bildirsə də, bu tələblərini şikayətində əsaslandırmamış, buna dair müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1, 397, 398.0.1, 399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2(022)-142/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar